Məhkəmə qərarları › İş №2-1(122)-574/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-574/2023

22.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-574/2023 22.12.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X15 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı “İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina barədə "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında 07 aprel 2023-cü il tarixli, 76 nömrəli qərarının ləğv edilməsi və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina barədə "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında 07 aprel 2023-cü il tarixli, 76 nömrəli qərarının ləğv edilməsi və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1958-ci ildə Şərur (indiki Kəngərli) rayon Qarabağlar kəndində doğulmuş, əmək fəaliyyətinə 11 oktyabr 1976-cı ildə başlamışdır. 2022-ci ildə o, güzəştli şərtlərlə pensiyaya çıxmağı üçün tələb olunan sənədləri hazırlayıb "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinə təqdim etmişdir. Lakin həmin orqan tərəfindən araşdırma aparılaraq ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasından imtina olunmuşdur. Onun xx.xx.1979-cu il tarixdən xx.xx.1985-ci il tarixədək “Soyuzsteklomontaj” Trestinin Bakı İxtisaslaşdırılmış Quraşdırma İdarəsində işləməyi əmək kitabçasında öz təsdiqini tapır. Həmin idarənin arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməməsi onun günahı deyildir. Həmin idarə ittifaq tabeliyində olduğundan sənədlər Rusiya dövlətinin Arxiv idarəsində saxlanılır. İddiaçı bu işlərə nəzarət etmək səlahiyyətinə malik olmamışdır. İddiaçı yuxarıda göstərilənlərə əsasən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina barədə "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında 07 aprel 2023-cü il tarixli, 76 nömrəli qərarının ləğv edilməsi və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 13 sentyabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iddiaçı məhkəməyə vəsatət verərək Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi cavabdeh qismində qəbul edilərək iddia ərizəsinin nəticəvi hissəsində qeyd olunan "Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinə sözünün Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə sözü ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqanın nümayəndəsi məhkəməyə verdiyi izahatında bundan sonra eyni nazirliyin tabeliyində olan Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin pensiya təyinatına və digər pensiya əməliyyatlarına dair səlahiyyətli olduğunu bildirib cavabdehin adının dəyişdirilməsini məhkəmədən xahiş etdi. Həmçinin "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsi tərəfindən iddiaya qarşı verilmiş etirazın hazırkı cavabdehin etirazı kimi qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin protokol qəradadı ilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi cavabdeh qismində qəbul edilməklə iddia ərizəsinin nəticəvi hissəsində qeyd olunan "Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinə sözü Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə sözü ilə əvəz edilmişdir. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin 12 iyun 2023-cü il tarixli, 02/586 nömrəli və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 22 dekabr 2023-cü il tarixli iddia tələbinə dair yazılı münasibəti onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1958-ci il tarixdə Şərur rayon Qarabağlar kəndində anadan olmuş, Naxçıvan şəhər, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması barədə 07 aprel 2023-cü il tarixli ərizə ilə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinə müraciət etmişdir. Fondun Naxçıvan Şəhər İdarəsinin pensiya təyin edən komissiyasının 23 aprel 2023-cü il tarixli, 76 nömrəli qərarı ilə ona pensiya təyin olunmasından imtina edilmişdir. İmtinanın səbəbi iddiaçının tələb olunan 25 il ümumi və 12 il 6 ay xüsusi iş stajına malik olmamasıdır. Belə ki, İddiaçı təqdim etdiyi MT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətində qeyd olunan məlumatlara əsasən o, xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək X5 X10 elektrik montyoru işləmiş, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçdikdən sonra, xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək (“Soyuzsteklomontaj”) Bakı İxtisaslaşdırılmış Quraşdırma İdarəsində çilingər, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Vayxır Su Tikinti Quraşdırma İdarəsində betonçu, xx.xx.1982-ci il tarixdən xx.xx.1985-ci il tarixədək təkrar Bakı İxtisaslaşdırılmış Quraşdırma İdarəsində 3-cü dərəcəli çilingər, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək X11 4-cü dərəcəli zaboyçu, xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək 102 saylı Təmir Quraşdırma İdarəsinin 5 nömrəli Trestində 4-cü dərəcəli betonçu, xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Naxçıvan Kompleksləşdirmə və Təchizat İdarəsinin nəzdində olan beton plitə sexində 3-cü dərəcəli kərpic kəsən, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək X2 Təmir Quraşdırma İdarəsində 3-cü dərəcəli betonçu, xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək X1 Dəstədə bənna, xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək Naxçıvan Kompleksləşdirmə və Təchizat İdarəsinin beton plitə sexində betonçu, xx.xx.1989-cu il tarixdən xx.xx.1996-cı il tarixədək X4 4-cü dərəcəli betonçu vəzifələrində işləmişdir. İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2023-cü il tarixədək isə “Cahan Pen" daha sonra “X12”ndə qaynaqçı vəzifəsində işləmişdir. Beləliklə iddiaçının hərbi xidmətdə olduğu və işlədiyi müddətləri cəmlədikdə əmək kitabçasında olan qeydlərə əsasən 30 il 4 ay 2 gün ümumi, 12 il 6 ay 13 gün xüsusi iş stajı yaranmış olur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə Fondun Naxçıvan Şəhər İdarəsi tərəfindən ünvanlanmış sorğuya 14 mart 2023-cü il tarixli, 3-48-4/2-533/2023 nömrəli cavab məktubunda göstərilmişdir ki, ləğv olunmuş “Soyuzsteklomontaj” Trestin Bakı İxtisaslaşdırılmış Quraşdırma İdarəsinin arxiv sənədlərinin Azərbaycan Respublikasının Milli Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 13/686 nömrəli arayışda İddiaçı xx.xx.1985-ci il tarixli 39 nömrəli əmrlə X14 “zaboyçu” qəbul edilməsi əmr kitabında göstərilsə də, 1986-cı ilin sentyabr ayına dair əmr kitabı olmadığından işdən azad olması haqqında məlumat verməyin mümkün olmadığı göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2014cü il tarixli, 13/666 nömrəli arayışdan görünür ki, iddiaçı Naxçıvan Su Tikinti İdarəsində işlədiyi 1976-il tarixdə 9 ay və 1977-ci il tarixdə 8 ay olmaqla, ümumilikdə 17 ay əmək haqqı almamışdır. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, 13/666 nömrəli arayışdan görünür ki, iddiaçı Mütəlov X8 Duz Mədənində işlədiyi 1985-1986-cı il tarixlərində hər il 3 ay olmaqla, ümumilikdə 6 ay əmək haqqı almamışdır. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 13/666 nömrəli arayışdan görünür ki, iddiaçı 102 nömrəli MSD-də işlədiyi 1988-ci il tarixdə 8 ay əmək haqqı almamışdır. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, 13/666 nömrəli arayışdan görünür ki, İddiaçı X4 işlədiyi 1990-1995-ci illərdə ümumilikdə 25 ay əmək haqqı almamışdır. Arxiv arayışlarına əsəsən İddiaçı işlədiyi illərdə almadığı əmək haqqının cəmi 56 ay, yəni 4 il 8 ay təşkil etmişdir. Beləliklə, iddiaçının əmək kitabçasında əmək fəaliyyətinə dair müvafiq qeydlər olmasına baxmayaraq, əmək kitabçası üzrə işlədiyi illərin dövlət arxivinin arayışları əsasında təsdiqlənməsi mümkün olmadığı üçün həmin dövrlərin sosial siğorta stajı kimi nəzərə alınması mümkün hesab edilməmiş və 25 il ümumi, 12 il 6 ay xüsusi sosial siğorta stajı tamamlanmadığı üçün ona pensiya təyin olunmasından imtina edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinə qarşı qaldırdığı iddia əsassız olduğundan, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 22 dekabr 2023-cü il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında 07 aprel 2023-cü il tarixli, 76 nömrəli qərarından məlum olur ki, İddiaçı əmək kitabçasında qeyd olunan (2006-cı il tarixədək 19 il 01 ay 28 gün) stajların arxiv arayışları ilə qarşılıqlı yoxlanması zamanı təsdiq olunan staj xx.xx.2006-cı il tarixədək 09 il 09 ay 13 gün təşkil etmişdir. Vətəndaşın xx.xx.2022-ci il tarixədək təsdiq olunan ümumi stajı 20 il 09 ay 13 gün müəyyən olunmuşdur. İddiaçı tələb olunan 25 il ümumi stajı təsdiq olmadığına və Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 nömrəli qərarının 4.1.20-ci bəndinə əsasən 2 nömrəli əlavəni təqdim etmədiyi üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə Fondun Naxçıvan Şəhər İdarəsi tərəfindən ünvanlanmış sorğuya 14 mart 2023-cü il tarixli, 3-48-4/2-533/2023 nömrəli cavab məktubunda göstərilmişdir ki, ləğv olunmuş “Soyuzsteklomontaj” Trestin Bakı İxtisaslaşdırılmış Quraşdırma İdarəsinin arxiv sənədlərinin Azərbaycan Respublikasının Milli Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 13/666 nömrəli arayışdan görünür ki, iddiaçı Naxçıvan Su Tikinti İdarəsində işlədiyi 1976-cı il tarixdə 9 ay və 1977-ci il tarixdə 8 ay olmaqla, ümumilikdə 17 ay əmək haqqı almamışdır. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 13/666 nömrəli arayışdan aydın olur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Vayxır Su Tikinti idarəsinin sənədlərində İddiaçı xx.xx.1982-ci il tarixli, 85 k №-li əmrlə fəhlə qəbul edilməsi, xx.xx.1982-ci il tarixli, 108 №-li əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 13/666 nömrəli arayışdan məlum olur ki, Naxçıvan Komplektləşdirmə və Təchizat İdarəsinin sənədlərində İddiaçı xx.xx.1989-cu il tarixli, 92 №-li əmrlə betonçu qəbul edilməsi, xx.xx.1989-cu il tarixli, 125 №-li əmrlə işdən azad olunması əmr kitabında göstərilmişdir. X6nın xx.xx.1989-cu il tarixli, 133/k №-li əmrlə fəhlə qəbul edilməsi əmr kitabında göstərilmişdir. Lakin yuxarı illərə dair əmr kitabları Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyindən işdən azad olunması haqqında məlumat yoxdur. Naxçıvan Komplektləşdirmə və Təchizat İdarəsinin 1988-ci ilə dair əmr kitabları və 1988-1989-cu illərə dair əmək haqqı cədvəlləri Naxçıvan MR Dövlət Arxivinə təhvil verilməmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 13/666 nömrəli arayışlarda İddiaçı 1987-1988-ci illərdə 102 nömrəli MSD-də və 1990-1995-ci illərdə X4 işlədiyi dövrdə aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 13/686 nömrəli arayışlarından aydın olur ki, Naxçıvan Duz mədəninin sənədlərində İddiaçı xx.xx.1985-ci il tarixli, 39 №-li əmrlə İİİ dərəcəli “zabovşik-şaxtaçı” qəbul edilməsi əmr kitabında göstərilmişdir. 1986-cı ilin sentyabr ayına dair əmr kitabı olmadığından işdən azad olunması haqqında məlumat vermək mümkün olmamışdır. Eyni tarixli digər arayışda İddiaçı X11 işlədiyi 1985-1986-cı il tarixlərdə aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. - "xxxx" MMC tərəfindən verilmiş şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışdan məlum olur ki, İddiaçı "xxxx" MMC-də qaynaqçı vəzifəsində işləməklə onun əmək stajı 8 il 5 ay 2 gün təşkil edir və işlədiyi vəzifə xüsusilə zərərli və xüsusilə ağır olmaqla AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş siyahının 23200000-19906 vəzifə koduna uyğundur. - “X12” MMC tərəfindən verilmiş şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışdan məlum olur ki, İddiaçı “X12” MMC-də qaynaqçı vəzifəsində işləməklə onun əmək stajı 3 il 1 ay 28 gün təşkil edir və işlədiyi vəzifə xüsusilə zərərli və xüsusilə ağır olmaqla AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş siyahıya 1 №-li əlavənin 23200000-19906 vəzifə koduna uyğundur. - ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətində qeyd olunan məlumatlara əsasən o, xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək X5 X10 elektrik montyoru işləmiş, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçdikdən sonra, xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək (“Soyuzsteklomontaj”) Bakı İxtisaslaşdırılmış Quraşdırma İdarəsində çilingər, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Vayxır Su Tikinti Quraşdırma İdarəsində betonçu, xx.xx.1982-ci il tarixdən 12.01.1 985-ci il tarixədək təkrar Bakı İxtisaslaşdırılmış Quraşdırma İdarəsində 3-cü dərəcəli çilingər, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək X11 4-cü dərəcəli zaboyçu, xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək 102 saylı Təmir Quraşdırma İdarəsinin 5 nömrəli Trestində 4-cü dərəcəli betonçu, xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Naxçıvan Kompleksləşdirmə və Təchizat İdarəsinin nəzdnində olan beton plitə sexində 3-cü dərəcli kərpic kəsən, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək X2 Təmir Quraşdırma İdarəsində 3-cü dərəcəli betonçu, xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək X1 Dəstədə bənna, xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək Naxçıvan Kompleksləşdirmə və Təchizat İdarəsinin beton plitə sexində betonçu, xx.xx.1989-cu il tarixdən xx.xx.1996-cı il tarixədək X4 4-cü dərəcəli betonçu vəzifələrində işləmişdir. İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2023-cü il tarixədək isə “Cahan Pen" daha sonra “X12”ndə qaynaqçı vəzifəsində işləmişdir. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 6 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 06 may 2023-cü il tarixli, 01/0640 nömrəli arayışdan görünür ki, Mütəlov X8 şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. - Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən 22 oktyabr 2010-cu il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1958-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Qarabağlar kəndində doğulmuş Mütəlov X8 şəhəri, ünvan 1 ünvanında pasport qeydiyyatındadır. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin 05 iyul 2023-cü il tarixli, 02/356 nömrəli məktubu ilə məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş arxiv arayışından aydın olur ki, Naxçıvan Su Tikinti trestinin əmr kitablarında İddiaçı işə qəbul edilməsi haqqında məlumata rast gəlinmədi. Lakin, əməkhaqqı cədvəllərində oktyabr ayından əməkhaqqı alması göstərilmiş, xx.xx.1977-ci il tarixli, 31 №-li əmrlə isə işdən azad olunması əmr kitablarında qeyd olunmuşdur. Vayxır Su Tikinti idarəsinə xx.xx.1982-ci il tarixli, 85/k №-li əmrlə “fəhlə” qəbul edilməsi, xx.xx.1982-ci il tarixli,108 №-li əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. X14 xx.xx.1985-ci il tarixli, 39 №-li əmrlə İV dərəcəli “yeraltı şaxtaçı” qəbul edilməsi əmr kitabında göstərilmişdir. Lakin, işdən azad olunması haqqında məlumata rast gəlinməmişdir. Naxçıvan 102 №-li MSD-ə xx.xx.1986-cı il tarixli, 129 №-li əmrlə İİİ dərəcəli “betonçu fəhlə“ qəbul edilməsi, xx.xx.1988-ci il tarixli, 48a №-li əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. X6na xx.xx.1989-cu il tarixli, 133/k №-li əmrlə İİ dərəcəli "fəhlə” qəbul edilməsi, xx.xx.1994-cü il tarixli, 24 k №-li əmrlə işçilərə ehtiyac olduğundan xx.xx.1994-cü il tarixdən öz hesabına məzuniyyətdən geri çağırılaraq işdə hesab edilməsi əmr kitablarında göstərilmişdir. 1995-ci ilə dair əmr kitabları Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyinə görə işdən azad olunması haqqında məlumat mövcud deyil. Məktuba həmçinin İddiaçı əməkhaqqı alması barədə arxiv arayışlarının və arxiv arayışlarında qeyd edilmiş əmrlərin təsdiq edilmiş surətləri əlavə edilmişdir. - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 08 avqust 2023-cü il tarixli, 02/150 nömrəli məktubdan məlum olur ki, vətəndaş İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2019-cu il tarixədək güzəştli şərtlərlə fərdi uçotunda olan sosial sığorta stajı 5 il 3 ay, xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək fərdi uçotunda olan sığorta stajı 3 il 7 ay 22 gün təşkil edir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin 17 avqust 2023-cü il tarixli, 02/435 nömrəli məktubu ilə məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş arxiv arayışından görünür ki, xx.xx.1991-ci il tarixli, 1i №-li əmr, 16 i №-li əmrinə əsasən kombinatın nəzdində olan Avtonəqliyyat üzrə kiçik dövlət müəssisəsi yaradıldığından xx.xx.1991-ci il tarixdən avtomexanizasiya sahəsinin işçilərinin köçürülmə yolu ilə həmin müəssisəyə keçirilməsi siyahısında İddiaçı adının olması, xx.xx.1992-ci il tarixdən 7k №-li əmrlə kombinatın 02 №-li, xx.xx.1992-ci il tarixli əmrinə əsaslanaraq DBM üzrə KDM-da işlərin tam qaydasında işləməsi üçün Qum-çınqıl karxanasının işçilərinin köçürülmə yolu ilə DBM üzrə KDM-da göndərilməsi siyahısında adının olması əmr kitablarında göstərilmişdir. 1993, 1995, 1996-cı illərə dair əmr kitabları Naxçıvan MR Dövlət Arxivinə təhvil verilməmişdir. Məktuba həmçinin İddiaçı X4 işləməsi və əməkhaqqı alması barədə arxiv arayışlarını, X6 Avtonəqliyyat üzrə Kiçik Dövlət müəssisəsinin 26 fevral 1991-ci il tarixli, 1/i və 22 yanvar 1992-ci il tarixli, 7/k nömrəli əmrlərinin təsdiq edilmiş surətləri əlavə edilmişdir. - X13 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 28 avqust 2023-cü il tarixli, 24 nömrəli məktubdan aydın olur ki, zaboyçu (Duz mədənlərində şaxtadan duz çıxaran fəhlə) vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" nın 1.2.1-ci bəndinin a) yarımbəndinə uyğundur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1ci maddəsi ilə əhatə edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. - 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. - 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2 və 21.2.1-ci maddələrinə əsasən bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti sığortaolunanın sığorta stajına daxil edilir. - 31.2-1-ci maddələrinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun (xx.xx.2006-cı il tarixədək qüvvədə olmuşdur): - 13-cü maddəsinin b)bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. - 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997ci il tarixli, 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. xx.xx.2007-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa,qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı: Dağ Mədən işləri. kod: 2011000a-119645. Qazmaçılar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı:

35. Ümumi peşələr: əl ilə qaynaq aparan elektrik qaynaqçıları. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin: 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə”1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaların: - 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında qeydlər işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə), uyğun aparılır. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 saylı Qərarına əsasən: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; ”Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli Qanunun: 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. 2-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İddiaçının mübahisələndirilən dövrlərdəki əmək fəaliyyəti işə əlavə edilmiş əmək kitabçası ilə təsdiq olunur. İddiaçının əmək kitabçasında aparılmış qeydlərin həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmiş və işə baxılarkən də belə hallar müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyincə, mötəbər hesab olunur. İş materiallarından aydın olur ki, iddiaçının əmək kitabçası və arayışlara əsasən 2011-ci ildən 2023-cü ilədək “Cahan Pen"də 8 il 5 ay, 2 gün “X12”ndə 3 il 1 ay 28 gün qaynaqçı vəzifəsində, 1 il 5 ay isə X7maçı (zaboyçu) vəzifəsində işləmişdir. Bununla da iddiaçının əmək kitabçasına əsasən 26 ildən çox ümumi, 13 il isə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən xüsusi iş stajı mövcuddur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs qanunun 7-ci maddəsində nəzərdə tutulan müvafiq yaşa çatmalı, 25 il sığorta stajı olmalı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmalıdır. İş üzrə müəyyən edilmiş hallarından görünür ki, əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Cavabdehin iddiaçıya pensiya təyinatı barədə müraciətinə imtinasının əsas dəlili əmək kitabçası üzrə işlədiyi illərin dövlət arxivinin arayışları əsasında təsdiqlənməməsidir. Bununla bağlı məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən maliyyə sənədlərini qoruyub saxlamaq, onları dövlət arxiv idarələrinə təhvil vermək, məcburi dövlər sosial sığorta ödənişlərini ödəmək işçinin deyil, işəgötürənin vəzifəsi hesab olunduğundan sosial sığorta ödənişlərinin aparılmaması belə iddiaçının konstitusion hüququ olan sosial təminat almaq hüququnun pozulmasına səbəb ola bilməz. Həmçinin ”Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli Qanununa əsasən 2006-cı ilin 01 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclar tam məbləğdə silinmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın vətəndaşın pensiya təyinatı barədə müraciətindən imtinası qanunazidd olduğuna görə, ona yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı “İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina barədə "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında 07 aprel 2023-cü il tarixli, 76 nömrəli qərarının ləğv edilməsi və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 4.1, 14.1, 32.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə r a r a a l d ı:

İddia təmin edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina barədə "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında 07 aprel 2023-cü il tarixli, 76 nömrəli qərarı ləğv edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar