Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-584/2024 19.02.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Ali Məclisinə qarşı “ona dəymiş 526 milyon 944349 min manat köhnə Azərbaycan manatı məbləğində maddi zərərin indeksasiya edilərək, mənəvi zərərə görə isə 20.000 manatın cavabdehdən tutularaq ona ödənilməsi tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək cavabdeh Naxçıvan Muxtar Respublikası Ali Məclisinə qarşı ona dəymiş 526 milyon 944349 min manat köhnə Azərbaycan manatı məbləğində maddi zərərin indeksasiya edilərək, mənəvi zərərə görə isə 20.000 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 1993-cü ildə Şərur rayonu Dəmirçi kəndinin sakini X2 müstəqil "xxxx" Kiçik Müəssisəsi (KM) təsis etmişdir. Şərur rayon XDM İK-nin 09 noyabr 1993-cü il tarixli 487 saylı qərarı ilə müəssisə qeydiyyatdan keçmiş və 08 avqust 1997-ci ildə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Kiçik müəssisəsinin əsas məqsədini tikinti materiallarının istehsalı ilə məşğul olmaq, onların tədarükü və satışını təşkil etmək, tikinti materialları istehsal edən sexlər yaratmaq, onların fəaliyyətini təmin etmək üçün lazım olan xammal və materialları ayrı-ayrı müəssisə, təşkilat və vətəndaşlardan nəzərdə tutulmuş qaydada nağd və köçürmə yolu ilə tədarük etmək, kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, tədürükü və satışı ilə məşğul olmaq, bitkiçilik, heyvandarlıq sahələrini yaratmaq, baramaçılığın, arıçılığın və balıqçılığın inkişafı ilə məşğul olmaq, istehsal olunmuş məhsulların satışını təşkil etmək üçün ayrı-ayrı yerlərdə özünün yeməkxanalarını, çayçılarını, spirtsiz sərinləşdirici içkilərin satışını təşkil etmək və o cümlədən, qanunla qadağa olunmayan fəaliyyət növləri ilə məşğul olmaq təşkil etmişdir. Müəssisənin təsisçisi X2, direktoru isə İddiaçı olmuşdur. Şərur rayon X3 rəisi R.Qarayevin xx.xx.1994-cü il tarixli, 205 saylı rəyi ilə sözügedən müəssisəyə Nizami kolxozunun qış otlaq sahəsinin 3 hektar maldarlıq kompleksinin yanı adlanan yerdən, 3 hektar isə “Ağanın kəhrizi” adlanan yerdən cəmi 6 (altı) hektar ayrılmasına Şərur rayon X4 etiraz etməmişdir. 10 iyun 1994-cü il tarixdə Şərur rayon Nizami rayon kolxozun komissiya üzvləri Akt tərtib etmiş, Şərur rayon XDM İK-nın 07 iyun 1994-cü il tarixli 226 №-li sərəncamı ilə Nizami kolxoz ərazisindən "xxxx" kiçik müəssisəsinə torpaq sahəsi ayrılmaq üçün baxış keçirilmiş, və baxış zamanı komissiya üzvləri Ağanın kəhrizi adlanan sahədən 3 (üç) hektar, Şərur kanalının üstü kompleks tövlələrin yaxınlığında olan sahədən isə 3 (üç) hektar, cəmi 6 (altı) hektar sahənin ayırılmasını məsləhət görmüşlər. Şərur rayon İK-nın 12 iyul 1994-cü il tarixli 189 saylı Sərəncamı ilə Nizami adına kolxozun rəhbərliyinə ayrılmış 6 hektar torpaq sahəsinin "xxxx" KM-nə verilməsini təmin etmək tapşırılmışdır. 1997-ci ildə iddiaçı həmin topraq sahəsində öz vəsaiti hesabına hotel, yanacaq doldurma stansiyası, avto-yuma, avto-təmir sexləri, qazanxana, həyatyanı tualet, texniki-yardımçı binaların tikintisinə başlamışdır. Tikinti təxminən bir il davam etmiş və 1998-ci ilin əvvəlində başa çatmışdır. Müəssisə 28 oktyabr 1997-ci ildə Azərbaycan Respublikası Baş X1 Vergi ödəyicilərinin Dövlət Reyestrinin aparılması qaydalarına Əlavə 3-ə müvafiq olaraq vergi ödəyicisi kimi uçota alınmışdır. 2016-cı ilin yay aylarında müəssisəyə məxsus hotel, avto-yuma və avto-təmir sexləri, "Titanik" adlı restoran və daş hasar Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin həmin vaxt sədri olan Vasif Talıbovun qanunsuz göstərişi ilə sökülmüşdür və hətta söküntü nəticəsində mişar daşları belə qanuni sahibi kimi ona verilməmiş, mənimsənilmişdir. "Könül-petrol" YDM isə 28 dekabr 2020-ci ildə yenə Vasif Talıbovun qanunsuz göstərişi əsasında yerlə yeksan edilmiş və müəssisəyə məxsus olan transformator, digər qiymətli avadanlıqlar sökülüb, aparılmışdır. İddiaçı 08 sentyabr 2023cü ildə cavabdeh inzibati orqana yazılı müraciət edərək, rəhbəri olduğu "xxxx" kiçik müəssisəsinə məxsus əmlaklarının məhv edilməsi nəticəsində ona vurulmuş 526 milyon 944349 manat pulun Mərkəzi Bankın uçot dərəcəsi nəzərə alınaraq indeksasiya edilməklə, ona geri qaytarılmasını təmin etməyi xahiş etmişdir. Sözügedən məktub 15 sentyabr 2023cü ildə cavabdeh inzibati orqana çatmış, lakin bu vaxtadək cavabdeh inzibati orqan tərəfindən onun məktubuna hər hansı bir cavab verilməmişdir. İddiaçı qeyd olunanları nəzərə alaraq, ona dəymiş 526 milyon 944349 min manat köhnə Azərbaycan manatı məbləğində maddi zərərin indeksasiya edilərək, mənəvi zərərə görə isə 20.000 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilərək şifahi icraat qaydasında mümkünlük iclası 19 fevral 2024-cü il tarixə təyin edilmiş və bu barədə iddiaçıya məlumat verilmişdir. Həmçinin, İddiaçı 21 dekabr 2023-cü il tarixli və 22 yanvar 2024-cü il tarixli yardım məktubları ünvanlanaraq iddia tələbinin dəqiq və aydın ifadə olunmadığı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin inzibati orqan kimi "İnzibati orqanların Təsnifatın"da öz əksini tapmadığı və cavabdeh qismində göstərilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinə hazırki tələb üzrə edilmiş müraciət və orqan tərəfindən müraciətə verilmiş cavab məktubunun iddia ərizəsinə əlavə edilmədiyi bildirilmiş və iddiaçıya tələbin dəqiqləşdirilməsi, cavabdehin müəyyən olunması və hazırki tələb üzrə edilmiş müraciət və orqan tərəfindən müraciətə verilmiş cavab məktubunun iddia ərizəsinə əlavə edilməsi üçün iddiaçıya 10 (on) gün (məktubu aldıqdan sonra) müddət təyin edilmiş və iddiaçı əks halda iddia tələbinin İPM-nin 35.1-ci maddəsinə əsasən mümkünsüz sayılacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmənin yardım məktubları iddiaçı tərəfindən 30 dekabr 2023-cü il tarixdə və 29 yanvar 2024-cü il tarixdə imza edilərək alınmış, lakin məktublarda nəzərdə tutulan hallarla bağlı heç bir tədbir görülməmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikası Ali Məclisi 06 fevral 2024-cü il tarixli, 2-1- 5/2-19/2024 nömrəli məktubu ilə iddianın mümkünlüyünə münasibət bildirərək göstərmişdir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı Naxçıvan Muxtar Respublikası Ali Məclisinə qarşı qaldırmış olduğu iddia ona dəymiş zərərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin söküntü ilə əlaqədar hansısa inzibati akt qəbul etməsi ilə bağlı olduqda mümkün iddia ola bilər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsinin İddiaçı aid müəssisənin və ya obyektlərin söküntüsünə dair normativ hüquqi və ya qeyri-normativ hüquqi aktlarının olmadığını, həmçinin belə göstərişin verilməsini təsdiq edən müşavirə və ya iclas protokolu aşkar edilmədiyini qeyd edərə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsini nəzərə alaraq məhkəmədən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı 19 yanvar 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak etmiş və ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının vəsatətini təmin edərək, iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclasını 19 fevral 2024-cü il tarixə təyin etmişdir. İddiaçı məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmişdir. Odur ki, məhkəmə İPM-nin tələbinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq belə hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. 45.2-ci maddəsinə əsasən proses iştirakçılarının sayına görə iddia ərizəsinin və digər sənədlərin surətləri iddia ərizəsinə əlavə olunmalıdır. 46.1-ci maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları, iddiaçının (ərizəçinin) tələbi göstərilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: 1.1, 1.2, 1.3-ci bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, işin faktiki hallarından görünür ki, İddiaçı ona dəymiş 526 milyon 944349 min manat köhnə Azərbaycan manatı məbləğində maddi zərərin indeksasiya edilərək, mənəvi zərərə görə isə 20.000 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə məhkəmədə iddia qaldırmışdır. İnzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçının hazırkı iddianın qaldırılmasında olan hüquqi marağı cavabdeh orqan tərəfindən ona dəymiş 526 milyon 944349 min manat köhnə Azərbaycan manatı məbləğində maddi zərərin indeksasiya edilərək, mənəvi zərərə görə isə 20.000 manatın cavabdehdən tutularaq ona ödənilməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılması üçün tərəflərdən biri inzibati orqan olmalı və tərəflər arasında yaranmış hüquq münasibətləri inzibati xarakterli olmalıdır. Yəni göstərilən şərtlər məcmu yaratdığı halda mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin yönəldiyi orqanın inzibati orqan olub-olmamasından asılı olmayaraq, həmin orqana tələb üzrə edilmiş müraciət və orqan tərəfindən müraciətə verilmiş cavab məktubu iddia ərizəsinə əlavə edilməlidir. Göründüyü kimi iddiaçı tərəfindən bu tələbə də əməl edilməmiş, cavabdeh qismində göstərilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinə hazırki tələb üzrə edilmiş müraciət və orqan tərəfindən müraciətə verilmiş cavab məktubu iddia ərizəsinə əlavə edilmiş sənədlər içərisində öz əskini tapmamışdır. Hazırkı mübahisədə cavabdeh Naxçıvan Muxtar Respublikası Ali Məclisi olsa da, o, inzibati orqan kimi təsnif olunmamış və hazırkı mübahisə onun inzibati fəaliyyətinin nəticəsi deyildir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan sayılmadığından işə inzibati məhkəmə icraatında baxıla bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli Qərarı ilə təsdiq olunmuş “İnzibati orqanların Təsnifatı”nda Naxçıvan Muxtar Respublikası Ali Məclisi inzibati orqan kimi göstərilməmişdir. İşin yuxarıda qeyd edilən hallarına görə iddia mümkün sayılmadığından, iddiaçıya izah edilir ki, həmin tələb üzrə ümumi yurisdiksiyalı məhkəmədə iddia qaldıra bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Ali Məclisinə qarşı “ona dəymiş 526 milyon 944349 min manat köhnə Azərbaycan manatı məbləğində maddi zərərin indeksasiya edilərək, mənəvi zərərə görə isə 20.000 manatın cavabdehdən tutularaq ona ödənilməsi tələbi”nə dair iddiası mümkün sayılmmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Ali Məclisinə qarşı “ona dəymiş 526 milyon 944349 min manat köhnə Azərbaycan manatı məbləğində maddi zərərin indeksasiya edilərək, mənəvi zərərə görə isə 20.000 manatın cavabdehdən tutularaq ona ödənilməsi tələbi”nə dair iddiası mümkün sayılmır. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-584/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-584/2024
19.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver