Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-59/2024 03.07.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X18 Heydər oğlunun sədrliyi, İbrahimov Əli Allahverdi oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə və Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinə qarşı "Naxçıvan MR Dövlət Arxiv İdarəsinin 03/30 saylı, xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, “informasiya axtarış və beynəlxalq əlaqələr” üzrə baş məsləhətçi vəzifəsinə işə bərpa olunmağı və məcburi iş buraxmaya görə pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsi üzrə 2009-2013-cü ildə bakalavr və 2013-2015-ci illərdə həmin ixtisas üzrə magistratura dərəcəsi üzrə təhsil almışdır. 2014-ci ildə Naxçıvan MR X1 qəbul üzrə müsabiqədən keçdikdən sonra 2015-ci il 05 yanvar tarixindən Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində “informasiya axtarış və beynəlxalq əlaqələr” üzrə baş məsləhətçi vəzifəsi üzrə işlə təmin olunmuşdur. Qulluğa başladığı dövrdən üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışmış, peşə və əmək vərdişlərini formalaşdıraraq daim qanunların tələbləri çərçivəsində işini qurmuşdur. Əmək fəaliyyətinə başlayan gündən, mübahisələndirilən əmrin verilməsinin hazırlanması, işdən çıxarılmağına münbit zəmin formalaşdırıldığı dövrədək heç bir inzibati cəza və ya tənbeh almamış, barəsində yazılı və ya şifahi narazılıqlar olmamışdır. Dövlət qulluğunda ixtisas dərəcəsinin artırılması üçün müraciət etdiyi ərəfədə idarə rəisinin ona verdiyi tapşırıqla “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi” ilə əlaqəli oçerk yazmağı istənilmişdir. xx.xx.2023-cü il tarixdə Mehman Məmmədov onu qəbuluna çağıraraq oçerkə baxış keçirmişdir. İddiaçı tam hazır olmayan materialları ona təqdim etmiş və yazının davamını hazırladığını və tanınmış yazıçı-publisist Elmira Axundovanın “Heydər Əliyev-Şəxsiyyət və zaman” kitabından istifadə etdiyini bildirmiş və həmin kitabda yazılan məqamları sitat gətirmişdir. Kitabda yazılanları ifadə etdiyi anda Mehman Məmmədov ona “Hara qaçıb, o nə sözdü danışırsan? Sənin başın xarab olub? Başın özünü idarə eləyir?” kimi ifadələr işlədərək onu X7rşı guya xoşagəlməz sözlər işlətməklə təqsirləndirib, təhqir etmişdir. Daha sonra ondan izahat tələb olunmuş və komissiya təşkil olunmuşdur. xx.xx.2023-cü il tarixdə onun barəsində müvafiq əmr imzalanmış və işdən azad edilmişdir. İddiaçı barəsində qəbul edilmiş əmrlərin hüquqi cəhətdən əsassız hazırlanmaqla yanaşı heç bir mötəbər sübutlara söykənmədiyini, töhmət almağının və dövlət qulluğuna xitam verilməsinin qanuni olmadığını bildirmişdir. İddiaçı yuxarıda qeyd olunanlara əsasən Naxçıvan MR Dövlət Arxiv İdarəsinin rəisi M.Məmmədovun imzaladığı xx.xx.2023-cü il tarixli, 03/16 saylı əmrinin ləğv edilməsi, barəsində elan olunmuş töhmət intizam tənbehinin götürülməsi və Naxçıvan MR Dövlət Arxiv İdarəsinin 03/30 saylı, xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, “informasiya axtarış və beynəlxalq əlaqələr” üzrə baş məsləhətçi vəzifəsinə işə bərpa olunmağı və məcburi iş buraxmaya görə pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 06 fevral 2024-cü il tarixli, 2-1(122)-59/2024 nömrəli qərardadı ilə İddiaçı prosessual müddətin bərpa olunması barədə 30 yanvar 2024-cü il tarixli ərizəsi təmin olunmamış, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinə qarşı “Naxçıvan MR Dövlət Arxiv İdarəsinin rəisi M.Məmmədovun imzaladığı xx.xx.2023cü il tarixli, 03/16 saylı əmrinin ləğv edilməsi, barəsində elan olunmuş töhmət intizam tənbehinin götürülməsi və Naxçıvan MR Dövlət Arxiv İdarəsinin 03/30 saylı, xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, “informasiya axtarış və beynəlxalq əlaqələr” üzrə baş məsləhətçi vəzifəsinə işə bərpa olunmağı və məcburi iş buraxmaya görə pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi tələbi”nə dair iddiası 1-ci – “Naxçıvan MR Dövlət Arxiv İdarəsinin rəisi M.Məmmədovun imzaladığı xx.xx.2023-cü il tarixli, 03/16 saylı əmrinin ləğv edilməsi, barəsində elan olunmuş töhmət intizam tənbehinin götürülməsi tələbi”nə dair hissədə mümkün sayılmamışdır. İddiaçı tərəfindən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2-1(122)-59/2024 nömrəli qərardadından verilmiş apellyasiya şikayəti baxılması üçün 26 fevral 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına göndərilmişdir. Naxçıvan MR Ali Məhkəməsi İnzibati kollegiyasının 29 mart 2024-cü il tarixli, 2- 1(108)-32/2024 nömrəli qərardadı ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2-1(122)-59/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, Naxçıvan MR İnzibati Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2-1(122)-59/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi məhkəməyə ünvanlanan 25 may 2023-cü il tarixli iddiaya qarşı yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı iddiası aşağıda göstərilən səbəblərə görə rədd edilməlidir: Naxçıvan Muxtar Respublikası Dövlat Arxiv İdarəsinin sabiq işçisi Məmișova Fəridə Tofiq qızı 2015-ci ilin yanvar ayından Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində DQK-nın göndərişi ilə informasiya axtarış və beynəlxalq əlaqələr üzrə baş məsləhətçi vəzifəsinə İdarənin sabiq rəisi F.Cəfərov tarəfindən əmri verilməklə işə qəbul edilmiş və cəmi 10 ay işlədikdən sonra analıq məzuniyyətinə çıxmışdır. İşlədiyi 10 aylıq dövrdə idarə üçün hər hansı bir iş gördüyü barədə hesabatlarda və iş planlarının icrasında iştirak etdiyi barədə heç bir sənəd mövcud deyil. 2018-ci ilin yanvar ayında analıq məzuniyyətindən qayıdarkən hələ də sınaq müddətində olmuşdur. İddiaçı çalışdığı vəzifənin "vəzifə təlimatları"nda xarici dil bilikləri rus dili -C1, ingilis dili -C1 (mükəmməl) səviyyəsi olaraq göstərildiyi halda bu dillərin heç birini bilməməsinə və idarənin rəisi M.Məmmədov tərəfindən vəzifə təlimatlarına uyğun işlərin görülməsi üçün dəfələrlə göstərişlər verilməsinə və onun verilən tapşırıqları yerinə yetirə bilməməsinə baxmayaraq, İddiaçı güzəșt edilərək, 2018-ci ilin oktyabr ayında daimi dövlət qulluğuna qəbul edilmişdir. Lakin bir neçə ay sonra analıq məzuniyyətinə gedəcəyini bildiyindən işinə məsuliyyətsiz yanaşmış və verilən tapşırıqları yerinə yetirməmişdir. Verilən tapşırıqları nə üçün yerinə yetirmədiyi barədə idarə rəisinin izahat tələbinə etiraz etmiş va Dövlət Arxivinin direktoru M.Cəfərovun təqdimatına əsasən intizam tənbehi-töhmət elan edilmişdir. İddiaçı 10 sentyabr 2019-cu il tarixdən yenidən analıq məzuniyyətinə buraxılmış və 01 dekabr 2021ci il tarixdə məzuniyyətindən qayıtmışdır. Öz vəzifə təlimatlarına uyğun İşləri yerinə yetirəcək səviyyədə bilik və bacarıqları olmadığından idarədaxili digər işlərə cəlb olunması üçün ona Dövlət Arxivinin fondlarında işlər tapşırılmış, lakin həmin işlərə də yetərli qədər məsuliyyətlə yanașmadığı, iş saatlarında mütəmadi olaraq mobil telefonu ilə məşğul olması idarənin kameraları vasitəsi ilə müşahidə edilmişdir. İdarə rəisi Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Dövlət Arxivində mövcud olan sənədlər əsasında Ümummilli Lider Heydər Əliyev barəsində məqalə hazırlanması ilə bağlı İddiaçı şifahi göstəriş vermişdir. 01 mart 2023-cü il tarixdə İddiaçı məqalə hazırlanması barədə verilmiş göstərişin icrasının nəticələri barədə idarə rəisinin qəbulunda olarkən Ümummilli X16rşı xoşagəlməz ifadələr işlətmişdir. İdarə rəhbəri tərəfindən ona irad bildirilməsinə baxmayaraq, o, etik davranış qaydalarını pozan hərəkətlər nümayiş etmiş və 06 mart 2023-cü il tarixdə intizam tənbehi- töhmət elan edilmişdir. Lakin İddiaçı aldığı töhmətdən nəticə çıxarmayaraq dövlət qulluqçusuna yaraşmayan hərəkətlərinə davam etmişdir. 07 mart 2023-cü il tarixdə idarə tərəfindan "8 Mart Qadınlar bayramı" münasibəti ilə keçirilmiş tədbirə rəhbərlik tərəfindən dəfələrlə dəvət olunmasına baxmayaraq iclasda iștirak etməkdən imtina etmiş və qadınlar üçün HİK tərəfindən alınmış hədiyyəni istəmədiyini bildirərək idarə rəhbərliyinə hörmətsizlik etmiş va onun işçilər qarşısında nüfuzunu aşağı salacaq hərəkətlər nümayiş etdirmişdir. İddiaçı iş yoldaşları ilə münasibətdə də doğru olmayan hərəkətlərə yol verdiyi, onları təhqir etdiyi və alçaldıcı ifadələr işlətdiyi aydın olmuşdur. Belə ki, Dövlət Arxivində aparıcı mütəxəssis vəzifəsində işləyən H.Fərzəli 27 aprel 2023-cü il tarixdə idarə rəisi M.Məmmədova ərizə ilə müraciət edərək F.Məmișovanın mobil telefonun səs qeydedici proqramı ilə xidməti otaqlarında onun və iş yoldaşlarının şəxsi həyatları barədə danışıqlarını mobil telefona qeyd etdiyini gördüyünü bildirmişdir. İddiaçı "Dövlət qulluğu haqqında Azərbaycan Respublkası Qanunu"nun 25.1, 25.2-ci ve 25.2.6-ci maddələrini nəzərə alaraq, bu Qanunun 18-ci maddəsini təkrar-təkrar kobud şəkildə pozduğundan, bu Qanunun 25.6-cı maddəsinə əsasən idarə rəhbərinə ve ișçilərə qarșı qərəzli münasibətdə olduğundan, arxiv sənədlərinin mühafizəsinin təmin edilməsini də nəzərə alaraq qanunauyğun şəkildə işdən azad edilmişdir. İddiaçı verilmiş intizam tənbehinin ləğvi, işdən azad edilməsi barədə əmrin ləğvi ilə əlaqədar hər hansı qərar qəbul edilməsi nəzərdə tutulmayıb. Məhkəmə prosesində idarənin istənilən işçisi hadisələr barədə şahid qismində dindirilə bilər. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 03 iyul 2024-cü il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin nümayəndəsi X5 məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin 22 aprel 2019-cu il tarixli, 54/k nömrəli əmrinin surətindən görünür ki, informasiya axtarış və beynəlxalq əlaqələr üzrə baş məsləhətçi vəzifəsində işləyən İddiaçı bir il müddətində İdarə rəisi tərəfindən həvalə olunmuş vəzifələri lazımi şəkildə yerinə yetirmədiyinən barəsində intizam tənbehitöhmət elan edilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin 03 mart 2023-cü il tarixli, 01 nömrəli protokolunun surətindən görünür ki, İddiaçı İdarədə işlədiyi vaxtdan idarə rəisinə qarşı dəfələrlə hörmətsizlik etdiyindən, verilən tapşırıqları tam yerinə yetirə bilmədiyindən töhmət verilmiş, şifahi xəbərdarlıq edilmişdir. Lakin bunlardan nəticə çıxarmamış, işçilərin yanında idarə rəisini ona şər atmaqla günahlandıraraq onun nüfuzunu aşağı sala biləcək sözlər sərf etmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin 06 mart 2023-cü il tarixli, 01 nömrəli aktının surətindən görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi M.Məmmədovun əmri ilə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Dövlət Arxivində mövcud olan sənədlər əsasında Ümummilli Lider Heydər Əliyev barəsində məqalə hazırlanması barədə verilmiş göstərişin icrasının nəticələri barədə 01 mart 2023-cü il tarixdə İddiaçı idarə rəisinin qəbulundan olarkən Ümummilli lider haqqında xoşagəlməz ifadələr işlətmişdir. Onun bu danışığı idarə rəisi tərəfindən tənqid edilmiş və ona iradlar bildirilmişdir. Bunun qarşılığında İddiaçı dövlət qulluqçusuna yaraşmayan, etik davranış qaydalarını pozan hərəkətlər nümayiş etmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin 07 mart 2023-cü il tarixli, 02 nömrəli aktının surətindən görünür ki, 07 mart 2023-cü il tarixdə İddiaçı idarənin qəbul otağındakı davamiyyət kitabına vaxtında qol çəkməmiş, qəbul otağında oturan böyük inspektor X4 zəng edərək nə üçün qol çəkmədiyini soruşduqdan sonra işin başlanma vaxtı 9:00 olduğunu bildiyi halda idarənin daxili nizam-intizam qaydalarını pozaraq dəftərə saat 12:30-da qol çəkmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin 07 mart 2023-cü il tarixli, 03 nömrəli aktının surətindən görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində informasiya axtarış və beynəlxalq əlaqələr üzrə baş məsləhətçi vəzifəsındə işləyən İddiaçı 07 mart 2023-cü il tarixdə idarə rəhbərliyi tərəfindən “8 Mart - X14” münasibəti ilə təşkil olunmuş tədbirdə dəvət olunduğu halda iştirak etməkdən və idarənin qadın əməkdaşları üçün alınmış hədiyyədən imtina etmiş, hədiyyəni istəmədiyini bildirmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin 13 mart 2023-cü il tarixli, 05 nömrəli aktının surətindən görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində informasiya axtarış və beynəlxalq əlaqələr üzrə baş məsləhətçi vəzifəsındə işləyən İddiaçı 27 yanvar 2023-cü il tarixli ərizə ilə 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi alması üçün idarənin rəisi Mehman Məmmədova müaciət etmişdir. İdarə rəisi "Dövlət qulluğu haqqında” Azərbaycan Respublkası Qanununun 17.3-cü maddəsini nəzərə alaraq işçinin peşəkarlığının və idarəçilik təcrübəsinin qənaətbəxş olmadığını bidirərək dərəcə verilməsini məsləhət bilməmişdir. İddiaçı idarə rəisinin qəbulunda olarkən idarə rəhbərinin göstərişi ilə razılaşmayaraq yuxarı instansiya orqanlarına və hüquqşünaslara müraciət etdiyini bildirərək, idarə rəhbərinə irad kimi düzgün olmayan intonasiya ilə “yəqin sənin rəhbərin bilmir qanunən dərəcə vaxtın çatıbsa verilməlidir” deyə bildirmişdir. İdarə rəhbəri ona şifahi xəbərdarlıq etmiş və bir daha işində və davranışlarında dönüş etməzsə barəsində daha ciddi tədbirlər görəcəyini bildirmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin 17 mart 2023-cü il tarixli, 06 nömrəli aktının surətindən görünür ki, 16 mart 2023-cü il tarixdə İddiaçı saat 18:00-da işdən çıxarkən idarənin qəbul otağın da olan davamiyyət kitabına qol çəkmədən çıxıb. Qəbul otağında oturan böyük inspektor X6 15 dəqiqə onun qol çəkməsini gözləmiş, qol çəkməyə gəlmədiyini gördükdə isə idarə rəisinə məlumat verib. Səhəri günü 17 mart 2023cü il tarixdə nə üçün qol çəkmədiyini soruşduqda “yadımdan çıxıb, yadıma salmamısınız” demişdir. Daha sonra idarə rəisi idarədaxili nizam-intizam qaydalarını pozduğu üçün ondan bu barədə izahat tələb edilmişdir. - Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi müəssisədənkənar ərazi ilk partiya təşkilatının 06 mart 2023-cü il tarixdə keçirilən yığıncağının 01 nömrəli protokolunun surətindən görünür ki, İddiaçı partiyanın nüfuzunu aşağı salacaq hərəkətlərə yol verilməsi ilə bağlı partiya üzvlərinin çıxışları nəzərə alınaraq, İddiaçı intizam tənbeh tədbirlərinin tətbiq edilməsi Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəhbərliyi qarşısında qaldırılması qərara alınmışdır. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin 06 mart 2023-cü il tarixli, 03/16 nömrəli əmrinin surətindən görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində informasiya axtarış və beynəlxalq əlaqələr üzrə baş məsləhətçi vəzifəsində işləyən İddiaçı etik davranış qaydalarına əməl etmədiyindən barəsində intizam tənbehitöhmət elan edilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin 11 aprel 2023-cü il tarixli, 03/30 nömrəli əmrinin surətindən görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində informasiya axtarış və beynəlxalq əlaqələr üzrə baş məsləhətçi vəzifəsində çalışan X9 dəfələrlə edilmiş şifahi xəbərdarlıqdan, 06 mart 2023-cü il tarixdə barəsində verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq, mütəmadi olaraq kobud şəkildə pozuntulara yol verdiyindən, etik davranış qaydalarını pozduğundan və idarədaxiii nizamintizam qaydalarına əməl etmədiyindən 11 aprel 2023-cü il tarixdən dövlət qulluğuna xitam verilmiş və onunla bağlanılan əmək müqaviləsi ləğv edilmişdir. - ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, X12 “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.6, 25.2.6 və 18-ci maddələrinə əsasən dəfələrlə edilmiş şifahi xəbərdarlıqdan, barəsində verilmiş töhmətdən nəticə çıxarmayaraq, mütəmadi olaraq kobud pozuntulara yol verdiyindən, etik davranış qaydalarını, idarədaxili nizam-intizam qaydalarını pozduğundan 11 aprel 2023-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə və dövlət qulluğuna xitam verilmişdir. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxx 1992-ci il tarixdə doğulmuşdur. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 3 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 27 aprel 2023-cü il tarixli, 621 nömrəli arayışdan görünür ki, Məmişova X8 şəhəri, A.Cəlilov 17, mənzil 40 ünvanında qeydiyyatdadır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsində təsbit olunmuşdur ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.1.1-ci maddəsinə əsasən dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmətdir. 1.1.3-cü maddəsinə əsasən dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir. 18-ci maddəsinə əsasən dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli; rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli; lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli; dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən dövlət qulluğuna xitam verildikdən sonra da saxlamalı; vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli; qulluq keçdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməli; qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə qulluq keçməli və ya başqa vəzifələri icra etməli; qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli; etik davranış qaydalarına əməl etməlidir. 25.1-ci maddəsinə əsasən dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2.6-cı maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: (-) 25.2.6. dövlət qulluğundan azad edilməsi. 25.3-cü maddəsinə əsasən bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. 25.4-cü maddəsinə əsasən xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 25.5-ci maddəsinə əsasən dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. 25.6-cı maddəsinə əsasən bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. 25.7-ci maddəsinə əsasən bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər. 33.1.6-cu maddəsinə əsasən bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə dövlət qulluğuna xitam verilə bilər. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 4.2.-ci maddəsinə əsasən dövlət qulluqçusu bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. 5.1.-ci maddəsinə əsasən dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. 7.1-ci maddəsinə əsasən dövlət qulluqçusu Azərbaycan Respublikasının, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur. 9-cu maddəsinə əsasən dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbrli olmalıdır. 23.1-ci maddəsinə əsasən etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin 03/30 saylı, xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, “informasiya axtarış və beynəlxalq əlaqələr” üzrə baş məsləhətçi vəzifəsinə işə bərpa olunması və məcburi iş buraxmaya görə pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi tələbidir. Dövlət qulluqçunun işgüzar və mənəvi keyfiyyətlərinin qiymətləndirilməsi və bu qiymətləndirmə nəticəsində tətbiq olunan tədbirlər inzibati orqanın (hazırkı halda cavabdehin) diskresion səlahiyyətlərinə aiddir. Formalaşmış məhkəmə təcrübəsinə əsasən, diskresion səlahiyyətlərin icrası nəticəsində qəbul edilmiş inzibati aktların qanuniliyinə qiymət verilərkən inzibati orqanın malik olduğu diskresion səlahiyyəti mövcud qanunvericiliklə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirib-keçirmədiyi yoxlanılmalı, xüsusilə də hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin mövcud olub-olmadığı və bununla bağlı, inzibati orqanın öz qərarını əsaslandırarkən istinad etdiyi halların “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasinin Qanununun müddəaları baxımından mövcud olub-olmadığı araşdırılmalıdır. İş materialları üzrə tədqiq olunan sənədlərlə müəyyən edilən hallardan görünür ki, iddiaçı xidməti fəaliyyətində birbaşa və yuxarı rəhbərin səlahiyyətləri daxilində ona verilmiş tapşırıqları lazımınca yerinə yetirməmiş, etik davranış qaydalarını pozmuşdur. Məhkəmə hesab edir ki, yuxarıda sadalanan normaların tələblərinə uyğun olaraq iddiaçının xidməti vəzifələrinin icrası zamanı nöqsanlara yol verərək mövcud olan qanunvericiliyin tələblərini pozduğu barəsində qəbul olunmuş əmrdə və həmin əmrin verilməsinə əsas olmuş sənədlərdə öz hərəkətləri ilə konkret olaraq qanunvericiliyin müddəalarının pozulması hallarına yol verildiyi və həmin pozuntu hallarının nədən ibarət olduğu ətraflı şəkildə əsaslandırılmışdır. Həmçinin iddiaçının iş fəaliyyəti ilə əlaqədar tənqidi fikirlərdən düzgün nəticələr çıxarmadığı, birbaşa və yuxarı rəhbərinin səlahiyyətləri daxilində verdiyi tapşırıqları yerinə yetirmədiyi müəyyən olunmuşdur. Belə ki, iddiaçı davamiyyət jurnalını imzalamaqdan imtina etmiş, ondan izahat və arayış verməsi tələb olunduğunda izahat yazmaqdan boyun qaçırmış, özünə məxsus mobil telefonla digər işçilərin səs yazılarını qeyd etmiş, etik davranış qaydalarını pozan ifadələr işlətmişdir. Bununla da təsbit olunan məlumatlardan, həmçinin məhkəməyə verilmiş şahid ifadələrindən təsdiq olunur ki, iddiaçı həqiqətən tutduğu vəzifə öhdəliklərinə, subordinasiya və etik davranış qaydalarına uyğun olmayan hərəkətlərə yol vermişdir ki, onun xidmət zamanı yol verdiyi bütün bu hərəkətləri əmək intizamı qaydalarının pozuntularını təşkil edir. İddiaçının işdən azad edilməsinin hüquqi əsaslarından biri “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsidir. Həmin Qanunun 25.2 və 25.2.6-cı maddələrinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində dövlət qulluğundan azad edilməsi intizam tənbeh tədbiri tətbiq edilə bilər. Qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinin tələbinə görə, inzibati akt, inzibati və maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməsi ilə qəbul edildiyi halda qanunsuz sayılır. Eyni zamanda, İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinin mənasına görə inzibati akt o halda ləğv oluna bilər ki, qanuna zidd olduğu sübuta yetirilsin. Mübahisələndirilən əmrdə istinad edilən “Dövlət qulluğu haqqında” Qanunun 18-ci, 25.2.6-cı, 25.6 və 31.6-cı maddələrinin tətbiqinə gəldikdə, bu normalarda göstərilən hallar həmin Qanunun 25.2-ci maddəsində intizam tənbeh tədbirlərinin tətbiqinin əsaslarından biri kimi çıxış etməklə, Qanunun məhz 25.2.6-cı maddəsində nəzərdə tutulmuş tədbirin (dövlət qulluğundan azad edilmənin) seçilməsi haqqında qərarın qəbul edilməsi cavabdehin (inzibati orqanın) diskresion səlahiyyətlərinə aid məsələ olmuşdur. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə görə, qanunvericiliyi və dövlət orqanları tərəfindən qəbul edilmiş başqa normativ hüquqi aktları həyata keçirmək və həmin hüquq normalarının tələblərinə riayət etmək dövlət qulluqçusunun əsas vəzifələrindən biridir. Dövlət qulluqçusu dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməyə borcludur. “Dövlət qulluğu haqqında” Qanunun 25.1-ci maddəsinə görə, dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, intizam məsuliyyətinə səbəb olur. İstinad olunan normalarda dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi nəticəsində ona tətbiq olunan intizam tənbehi tədbirləri nəzərdə tutulmuşdur. Həmin tədbirlər sırasında dövlət qulluğundan azad edilmə növündə intizam tənbehi də təsbit edilmişdir (maddə 25.2.6). Hazırkı mübahisə isə xidməti vəzifələrinin icrası zamanı iddiaçı tərəfindən “Dövlət qulluğu haqqında” Qanunda təsbit olunmuş tələblərin pozulması ilə əlaqədar iddiaçıya münasibətdə tətbiq olunmuş intizam tənbehi tədbiri ilə bağlıdır. Dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb olunması və ona intizam tənbehi tədbirinin tətbiq edilməsi “Dövlət qulluğu haqqında” Qanunun müvafiq normaları ilə tənzimlənir. Bu baxımdan iddiaçının istinad etdiyi dəlillər hazırkı mübahisəyə münasibətdə iddiaçının intizam məsuliyyətini istisna edə bilməz. Bununla da, cavabdehin mübahisələndirilən əmrinin ləğv edilməsi üçün əsaslar müəyyən olunmur. Məhkəmə hesab edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddialara aid olduğundan göstərilən normanın məzmununa uyğun olaraq cavabdeh inzibati orqan iddiaçının barəsində Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi xx.xx.2023-cü il tarixli, 30/30 saylı əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Odur ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinə qarşı "Naxçıvan MR Dövlət Arxiv İdarəsinin 03/30 saylı, xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, “informasiya axtarış və beynəlxalq əlaqələr” üzrə baş məsləhətçi vəzifəsinə işə bərpa olunmağı və məcburi iş buraxmaya görə pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi tələbi"nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 4.1, 14.1, 32.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinə qarşı "Naxçıvan MR Dövlət Arxiv İdarəsinin 03/30 saylı, xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, “informasiya axtarış və beynəlxalq əlaqələr” üzrə baş məsləhətçi vəzifəsinə işə bərpa olunmağı və məcburi iş buraxmaya görə pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi tələbi"nə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-59/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-59/2024
03.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver