Məhkəmə qərarları › İş №2-1(122)-593/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-593/2023

15.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-593/2023 15.08.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Əliyev Adəm Qurban oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə qarşı "ərizəsinə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizəsinə cavab verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş, işin hazırlıq icraatına başlanaraq hazırlıq iclası 09 iyun 2023-cü il tarixə təyin edilmiş və məhkəmənin 18 may 2023-cü il tarixli, 2-1(122)-593/2023 nömrəli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəməyə 27 may 2023-cü il tarixli ərizə göndərərək, işə onun iştirakı olmadan baxılmasını və qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə iddiaçının iştirakı olmadan hazırlıq icraatı ilə bağlı məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. 09 iyun 2023-cü il tarixə təyin olunmuş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X1 vəsatət verərək, iddiaçının Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə ünvanladığı ərizəyə yazılı cavab verilib, bu barədə məhkəməyə sübut təqdim etməyi üçün məhkəmə iclasını təxirə salınmasını xahiş etmişdir. Məhkəmə cavabdeh inzibati orqanın nümayəndəsinin vəsatətini təmin edərək, hazırlıq icraatı ilə bağlı məhkəmə iclasını təxirə salaraq 06 iyul 2023-cü il tarixə təyin etmişdir. İddiaçı məhkəməyə 16 iyun 2023-cü il tarixli ərizə göndərərək cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə qarşı ərizəsinə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəmədə iddia qaldırdığını, 14 iyun 2023-cü il tarixdə ərizəsində göstərilən tələblərin yarısına cavab verildiyini qeyd etmişdir. Həmin ərizəyə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Culfa şəhəri, M.Hüseynzadə küçəsi, bina 30, ev 17-də yaşayan İddiaçı ünvanlanan 12 iyun 2023-cü il tarixli, 2/662 nömrəli məktubdan görünür ki, iddiaçının ərizəsinə cavabdeh inzibati orqan tərəfindən cavab verilmişdir. 06 iyul 2023-cü il tarixə təyin olunmuş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X1 İddiaçı ərizəsinə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 12 iyun 2023-cü il tarixli məktubla cavab verildiyini, lakin iddiaçının Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə ərizə ünvanlayaraq ərizəsinə tam cavab verilmədiyini bildirdiyini və ərizəsinə yenidən cavab verilməsini xahiş etdiyini, iddiaçının xahişinin nəzərə alınması məqsədi ilə onun Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə ünvanladığı ərizəsinə yenidən yazılı cavab verilib, bu barədə məhkəməyə sübut təqdim etmələri üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə cavabdeh inzibati orqanın nümayəndəsinin vəsatətini təmin edərək, hazırlıq icraatı ilə bağlı məhkəmə iclasını təxirə salaraq 15 avqust 2023-cü il tarixə təyin etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş lakin İddiaçı dəftərxana vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxilmasını və cavabdehin üzərinə ərizəyə tam cavab verilməsi öhdəliyinin qoyulmasını xahiş etmiş, cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi məhkəməyə 07 avqust 2023-cü il tarixli, 10/835 nömrəli məktub ünvanlayaraq 15 avqust 2023-cü il tarixli məhkəmə iclasında cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılıb qərar verilməsini xahiş etmişdir. Odur ki, məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə hazırlıq icraatı iclasının keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi məhkəməyə ünvanladığı 07 avqust 2023-cü il tarixli, 10/835 nömrəli məktuba Culfa şəhəri, M.Hüseynzadə küçəsi, bina 30, ev 17-də yaşayan İddiaçı ünvanlanan 26 iyul 2023-cü il tarixli, 2/808 nömrəli məktubunu da əlavə etmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Culfa şəhəri, M.Hüseynzadə küçəsi, bina 30, ev 17-də yaşayan İddiaçı ünvanladığı 26 iyul 2023-cü il tarixli, 2/808 nömrəli məktubundan görünür ki, iddiaçının ərizəsinə cavabdeh inzibati orqan tərəfindən tam cavab verilmişdir. Məhkəmə iş materiallarını və iş materiallarına əlavə olunan sənədləri nəzərdən keçirərək belə hesab edir ki, aşağıdakı əsaslara görə iş üzrə icraata xitam verilməlidir. Belə ki, İPM-də iş üzrə icraata xitam verilməsinin hüquqi əsasları 39.3, 55.5 və 67.3-cü maddələri ilə məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 39.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. - 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İddia tələbinin məzmunundan aydın olur ki, iddiaçının tələbi və hüquqi marağı onun tərəfindən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə ünvanlanmış 27 mart 2023-cü il tarixli müraciətinin cavablandırılması ilə bağlıdır. Hazırki işin hallarından, cavabdehin nümayəndəsinin məhkəmədəki izahatından, məhkəməyə təqdim etdiyi sübutlardan və iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış 16 iyun 2023-cü il tarixli ərizədən də görünür ki, iddiaçının tələbi cavabdeh inzibati orqan tərəfindən icra edilmişdir. Belə ki, iddiaçının ərizəsinə əlavə etdiyi sənədlər bunu bir daha sübut edir. Bu da onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbi təmin edilmiş və mübahisə məhkəmədənkənar həll edilmişdir. Buna görə də hazırkı vəziyyətdə iddiaçının heç bir tələbi yoxdur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının tələbi təmin edildiyi və hazırda heç bir tələb mövcud olmadığı üçün hazırkı vəziyyətdə işin icraatına İPM-in 67.3-cü maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.3 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə qarşı "ərizəsinə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu (elan olunduğu) vaxtdan 10 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar