Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-593/2025 04.12.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı "Şahbuz qəsəbə icra nümayəndəliyi tərəfindən 07 mart 1995-ci il tarixdə 7 nömrəli sərəncamla Şahbuz qəsəbəsində fərdi yaşayış evi tikmək üçün ona ayrılmış 800 kv.metr torpaq sahəsinə münasibətdə Cavabdeh 05 dekabr 2012-ci il tarixli, 12 nömrəli protokolunun ləğv edilməsi tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdehnə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şahbuz Rayon İcra Hakimiyyəti başçısının Şahbuz qəsəbə icra nümayəndəliyinin 1995-ci il 07 mart tarixli sərəncamı ilə Şahbuz qəsəbəsində yaşayan fəhlə və qulluqçulara ayrılmış həyətyanı torpaq fondundan fərdi yaşayış evi tikmək üçün iddiaçıya ayrılmış 800 kv.metr torpaq sahəsinin Nəqşicahan Holdinq şirkətlər qrupunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin daimi istifadəsinə verilməsinə dair Cavabdeh 05 dekabr 2012-ci il tarixli, 12 nömrəli protokolunun ləğv edilməsini barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şahbuz rayon İcra Hakimiyyəti başçısının Şahbuz qəsəbə icra nümayəndəsinin 1995-ci il 07 mart tarixli sərəncamı ilə Şahbuz qəsəbəsində yaşayan fəhlə va qulluqçulara ayrılmış həyatyanı torpaq fondundan 800 kv.metr torpaq sahasi fərdi yaşayış evi tikmək üçün ona ayrılmışdır. O, hərbi qulluqçu olduğuna görə hərbi xidmdətdə olmuş və pensiyaya çıxdıqdan sonra Abşeron rayonu, Masazır kəndinə köçmüş və hal-hazırda da orada qeydiyyatda olmaqla yaşayır. Ona fərdi yaşayış evi tikmək üçün həyətyanı torpaq sahəsi kimi ayrılmış torpaq sahəsində abadlıq işləri apararaq, əkib becərmiş, sonradan isə yaşadığı ünvana köçdüyündən nəzarət edə bilməmişdir. Həmin torpaq sahəsini sənədləşdirmək üçün Şahbuz rayon İcra Hakimiyyəti başçısına müraciət etmişdir. Şahbuz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, ona ayrılmış 800 kv.m torpaq sahasi 2012-ci ildə Cavabdeh tərəfindən səhvən "xxxx" MMC-yə müqavilə əsasında icarəyə verilmişdir. Cavabda icarə müqaviləsinin tarixi daqiq göstərilməmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq göstərilən səbəbdən məhkəməyə müraciət etmişdir. İddiaçı göstərilənlərə əsasən məhkəmədən Şahbuz Rayon İcra Hakimiyyəti başçısının Şahbuz qəsəbə icra nümayəndəliyinin 1995-ci il 07 mart tarixli sərəncamı ilə Şahbuz qəsəbəsində yaşayan fəhlə və qulluqçulara ayrılmış həyətyanı torpaq fondundan fərdi yaşayış evi tikmək üçün iddiaçıya ayrılmış 800 kv.metr torpaq sahəsinin Nəqşicahan Holdinq şirkətlər qrupunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin daimi istifadəsinə verilməsinə dair Cavabdeh 05 dekabr 2012-ci il tarixli, 12 nömrəli protokolunun ləğv edilməsi xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 2-1(118)-6433/2024 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.6-cı maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq, iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 23 yanvar 2025ci il tarixə təyin edilmişdir. Məhkəmə tərəfindən iddiaçı tərəfə yardım məktubları ünvanlanaraq, iddia tələbinin və cavabdeh inzibati orqanın dəqiqləşdirilməsi təklif olunmuşdur. İddiaçı vəkili və nümayəndəsi vasitəsilə məhkəməyə xx.xx.2024-cü il tarixli yeni iddia ərizəsi təqdim edərək 07 mart 1995-ci il tarixdə 7 nömrəli sərəncamla Şahbuz qəsəbəsində fərdi yaşayış evi tikmək üçün ona ayrılmış 800 kv.metr torpaq sahəsinin Nəqşicahan Holdinq şirkətlər qrupunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin daimi istifadəsinə verilməsinə dair Cavabdeh 05 dekabr 2012-ci il tarixli, 12 nömrəli protokolunun ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 23 yanvar 2025-ci il tarixli iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclasında protokol qərardadı ilə iddiaçı tərəfindən təqdim edilmiş yeni iddia ərizəsi icraata qəbul edilmişdir. İddianın mümkünlüyünün yoxlanılması ilə bağlı növbəti məhkəmə iclası 04 dekabr 2025-ci il tarixə təyin edilmiş, məhkəmə tərəfindən iddiaçı tərəfə yardım məktubları ünvanlanaraq qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti buraxılmaqla məhkəmədə iddia qaldırıldığı bildirilmiş, Cavabdeh 05 dekabr 2012-ci il tarixli, 12 nömrəli protokolunun ona məlum olduğu anı müəyyən etməyə imkan verən müvafiq sübutların məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdirlər. İddiaçının vəkili Vəkil1 “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə daxil olmuş 03 dekabr 2025-ci il tarixli ərizə göndərərək xx.xx.2025-ci il tarixə, saat 14:45-ə təyin edilmiş məhkəmə hazırlıq iclasında xəstə olduğu ücün iştirak edə bilmədiyini bildirib, məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.4-cü maddəsinə əsasən isə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 24.5-ci maddəsinə əsasən ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. 24.6-cı maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarında əks olunan hüquqi mövqe aşağıdakı kimidir: 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 5.1., 5.2., 6.1., 6.2., 7., 8.5-ci bəndlərində qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 3.4-cü bəndində göstərilmişdir ki, birinci instansiya məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsi ilə də yerinə yetirə bilər. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı Şahbuz qəsəbə icra nümayəndəliyi tərəfindən 07 mart 1995-ci il tarixdə 7 nömrəli sərəncamla Şahbuz qəsəbəsində fərdi yaşayış evi tikmək üçün ona ayrılmış 800 kv.metr torpaq sahəsinə münasibətdə Cavabdeh 05 dekabr 2012-ci il tarixli, 12 nömrəli protokolunun ləğv edilməsini xahiş etməklə mübahisələndirmə haqqında iddia qaldırmışdır. İnzibati məhkəmə icraatı qaydasında mübahisələndirmə haqqında iddia şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsindən (ləğv olunmasından və ya dəyişdirilməsindən) ibarətdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Məhkəmə qeyd edir ki, Şahbuz Rayon Cavabdeh xx.xx.2012-ci il tarixli, 12 nömrəli protokolu “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən birbaşa inzibati akt hesab edilməsə də, bələdiyyənin inzibati orqan olaraq həyata keçirdiyi inzibati fəaliyyətə aiddir və protokol bələdiyyənin qərarını rəsmi şəkildə ehtiva edən sənəd olduğundan hüquqi baxımdan inzibati akt hesab etmək olar. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı hazırki iş üzrə iddia müddətini ötürmüşdür. Məhkəmə belə qənaətə gəlir ki, İddiaçı mübahisələndirilən protokoldan xəbərdar olmuşdur. Belə ki, iddiaçı iddia ərizəsində də qeyd edir ki, həyətyanı torpaq sahəsi kimi ayrılmış torpaq sahəsində abadlıq işləri apararaq, əkib becərmiş, sonradan isə yaşadığı ünvana köçdüyündən nəzarət edə bilməmişdir. Lakin iddiaçı məhkəməyə 12 il sonra müraciət etməklə İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Həmçinin Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2025-ci il tarixli, 04/1537 nömrəli məktubda qeyd olunur ki, İddiaçı iddia etdiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bəhs edilən torpaq sahəsi kadastr uçotuna alınmadığından, həmçinin Xidmətin informasiya bazasında həmin torpaq səhəsinin dəqiq yerini müəyyənləşdirməyə imkan verən sənədlər olmadığından iddia olunan torpaq sahəsinin Cavabdeh 05 dekabr 2012-ci il tarixli, 12 nömrəli qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (hazırda "xxxx" MMC) istifadəsinə ayrılmış torpaq sahəsinin sərhədləri daxilində yerləşib-yerləşməməsini dəqiqləşdirmək mümkün olmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında iddia müddətinin tətbiqinin əhəmiyyəti barədə aşağıdakılar göstərilmişdir: Konstitusiya Məhkəməsinin Plenumu özünün “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında əksini tapan hüquqi mövqeyini təkrarlayaraq qeyd edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: Birinci o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir. İkinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Üçüncü, iddia müddətləri tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”. Avropa İnsan Hüquqları Məhkəməsi analoji hüquqi mövqedən çıxış edərək “Miraqali Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həmçinin Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 2021) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə İddiaçı Cavabdehnə qarşı "Şahbuz qəsəbə icra nümayəndəliyi tərəfindən 07 mart 1995-ci il tarixdə 7 nömrəli sərəncamla Şahbuz qəsəbəsində fərdi yaşayış evi tikmək üçün ona ayrılmış 800 kv.metr torpaq sahəsinə münasibətdə Cavabdeh 05 dekabr 2012-ci il tarixli, 12 nömrəli protokolunun ləğv edilməsi tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 32.1, 35, 38.1, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdehnə qarşı "Şahbuz qəsəbə icra nümayəndəliyi tərəfindən 07 mart 1995-ci il tarixdə 7 nömrəli sərəncamla Şahbuz qəsəbəsində fərdi yaşayış evi tikmək üçün ona ayrılmış 800 kv.metr torpaq sahəsinə münasibətdə Cavabdeh 05 dekabr 2012-ci il tarixli, 12 nömrəli protokolunun ləğv edilməsi tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Əliyev
Məhkəmə qərarları › İş №2-1(122)-593/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-593/2025
04.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver