Məhkəmə qərarları › İş №2-1(122)-597/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-597/2025

15.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-597/2025 15.09.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "İddiaçı ilə mərhum arvadı X5 arasında xx.xx.1980-ci il tarixli, 14 nömrə ilə qeydiyyata alınmış nikahın pozulması barədə xx.xx.1993-cü il tarixli, 12 nömrəli akt qeydinin ləğv edilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla mərhum arvadı X5 arasında bağlanmış nikahın pozulması ilə bağlı əsassız aparılmış akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdeh Şərur Rayon Nikah Evinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o,1979-cu ildə mərhum arvadı X5 ilə nikaha girərək ailə qurmuş, bu nikahlarından üç övladları doğulmuşdur. Ölkədə aparılan islahat zamanı, ailə tərkibilərinin böyük olması ilə əlaqədar əlavə torpaq sahəsinin alınması məqsədilə boşanmaq məqsədilə məhkəməyə müraciə etmişdirlər. Lakin sonradan boşanma baş tutmamış və fikirlərindən daşınmışdılar ki, məhkəməyə verdiyi iddianı unutmuş və onunla heç maraqlanmamışdırlar. Həmçinin həmin dövrlərdə nikah şəhadətnamələrinə də sənəd olaraq heç bir ehtiyac olmadığından, onun harada olması barədə maraqlanmamış, vaxtı ilə məhkəməyə təqdim etdiklərini də unutmuşdurlar. Qeyd etdiyi kimi məhkəməyə boşanma ərizəsi versələr də mərhum arvadı D.Əliyeva ilə birlikdə yaşamış və rəsmi evli olaraq birgə təsərrüfat aparmışdırlar. Arvadı D.Əliyeva xx.xx.1955-ci il təvəllüd olmaqla pensiya yaşınadək "Əməkdar müəllim" kimi Şərur rayon Düdəngə kənd məktəbində dil-ədəbiyyat müəllimi vəzifəsində çalışmış, 2020-ci ildə pensiya yaşı çatması səbəbindən pensiyaya çıxmaqla xx.xx.2024-cü ildə vəfat etmişdir. Vəfat edən günədək o, Dövlət Sosial Müdafiə Fondundan 500 (beş yüz) manat məbləğində pensiya alırdı ki, onun aldığı pensiya məbləği onun pensiyasından xeyli artıq idi. Bu niyyətlə qanunvericiliyə uyğun olaraq onun pensiyası ilə öz pensiyasıı əvəzləşdirmək qərarına gələrək müvafiq orqana müraciət edtdikdə ona zəruri zənədləri topladıqdan sonra yenidən müraciət etməli olduğu bildirilmişdir. Bu zaman ilk öncə isə onlar arasında bağlanmış nikaha dair sənədin alınması zəruri idi. Şərur rayon Nikah Evinə müraciət etdiyində aralarındakı nikahın ləğv edildiyi məlum olmuş, bununla bağlı müvafiq çıxarış verilmişdir. X7 əldə etdiyi Şərur rayon Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli qərardadına əsasən nikahın pozulması ilə bağlı iddia tələbinin baxılmamış saxlanıldığı qərara alınmışdır. Qeyd etdiyi qərara əsaslanıb, mərhum arvadı ilə onun arasındakı nikahın pozulması ilə bağlı əsasız aparılmış akt qeydinin ləğv edilməsinə dair Şərur rayon Nikah Evinə etdiyi müraciət isə nəticəsiz olmuş və müvafiq tələblə bağlı aidiyyəti məhkəməyə müraciət oluması tövsiyyə edilmişdir. Qeyd etdiyi kimi, hazırda mərhum arvadı ilə onun arasında bağlanmış nikahın pozulması ilə bağlı əsasız aparılmış akt qeydinin ləğvinə zərurət yaranmışdır ki, bu səbəbdən də o, müvafiq tələblə məhkəməvə müraciət etmək məcburiyyətindədir. Hesab edir ki, ərizəsində göstərilənlər nəzərə alınmaqla mərhum arvadı X5 ilə onun arasında bağlanmış nikahın pozulmasına dair əsassız aparılmış akt qeydi ləğv edilməli, bununla bağlı Şərur rayon Nikah Evinin üzərinə öhdəlik qoyulmalıdır. İddiaçı göstərilənlərə əsasən məhkəmədən onunla mərhum arvadı X5 arasında bağlanmış nikahın pozulması ilə bağlı əsassız aparılmış akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdeh Şərur Rayon Nikah Evinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Şərur Rayon Nikah Evi iddiaya dair məhkəməyə ünvanlanan 23 dekabr 2025-ci il tarixli, 3-16-5/8-13-618/2024 nömrəli məktubla iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, Şərur rayon Nikah Evi İddiaçı müraciətinə əsasən nikahın pozulması haqqında akt qeydinin ləğv edilməsi mümkün olmadığından Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət etməsini məsləhət görmüşdür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanı (AR Ədliyyə Nazirliyinin və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) tərəfindən icra edilir. 02 iyun 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı cavabdeh Şərur Rayon Nikah Evinə qarşı "onunla mərhum arvadı X5 arasında bağlanmış nikahın pozulması ilə bağlı əsassız aparılmış akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia qaldırdığını bildirib, iddia tələbini dəqiqləşdirərək, “İddiaçı ilə mərhum arvadı X5 arasında xx.xx.1980-ci il tarixli, 14 nömrə ilə qeydiyyata alınmış nikahın pozulması barədə xx.xx.1993-cü il tarixli, 12 nömrəli akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbi kimi oxunmasını xahiş edərək bu barədə yazdığı 02 iyun 2025-ci il tarixli ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmənin 02 iyun 2025-ci il tarixli, 2-1(122)-597/2025 nömrəli qərardadı ilə İddiaçı tərəfindən dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 15 sentyabr 2025-ci il tarixə təyin edilmişdir. Cavabdeh məhkəməyə 21 iyun 2025-cü il tarixli, 3-16-5/8-13-327/2025 nömrəli məktub göndərərək 15 sentyabr 2025-ci il tarixdə məhkəmə prosesində işlərinin çoxluğunu nəzərə alıb işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. 24 iyul 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı Cavabdehnə qarşı iddia tələbini dəqiqləşdirərək İddiaçı ilə mərhum arvadı X5 arasında xx.xx.1980-ci il tarixli, 14 nömrə ilə qeydiyyata alınmış nikahın pozulması barədə xx.xx.1993-cü il tarixli, 12 nömrəli akt qeydinin ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin protokol qərardadı ilə iddiaçı tərəfindən dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: - Şərur Rayon Nikah Evi tərəfindən Şərur rayon Düdəngə kəndində yaşayan İddiaçı ünvanlanmış 29 noyabr 2024-cü il tarixli, 3-16-5/8-15-539/2024 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanı (AR Ədliyyə Nazirliyinin və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) tərəfindən icra edilir. Göstərilənlərlə əlaqədar ilkin akt qeydinin ləğv edilməsi Şərur rayon Nikah Evi tərəfindən mümkün olmadıqda məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxx 1954-cü il tarixdə doğulmuşdur. - Şərur rayon Düdəngə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 03 dekabr 2024-cü il tarixli, 442 nömrəli arayışdan görünür ki, Qabilov X1 yaşayır və qeydiyyatda durur. - Şərur Rayon Nikah Evi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 20 fevral 2025-ci il tarixli, 3-16-5/8-xx-xx/2025 nömrəli məktubla məhkəməyə göndərilmiş: - Nikahın bağlanması haqqında akt qeydindən çıxarışdan məlum olur ki, xx xxxxx 1954-cü il təvəllüdlü İddiaçı ilə 21 fevral 1955-ci il təvəllüdlü X5 29 avqust 1980-ci il tarixdə nikah bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 14 nömrə ilə qeyd edilmişdir. - Şərur Rayon Nikah Evi tərəfindən 06 dekabr 2024-cü il tarixdə tərtib edilmiş AZ-İİ seriyalı, 674544 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X5 18 oktyabr 2024-cü il tarixdə Şərur rayon Düdəngə kəndində dilaltı vəzin bədxassəli yenitörəməsi səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 05 dekabr 2024-cü il tarixdə 412 nömrə ilə qeyd edilmişdir. - Şərur Rayon Nikah Evi tərəfindən verilmiş nikahın pozulması haqqında akt qeydindən çıxarışdan məlum olur ki, İddiaçı ilə X4 arasındakı nikah pozulmuşdur. Bu barədə 15 mart 1993-cü ildə qeydiyyat aparılmışdır. Nikah pozulduqdan sonra soyadları kişinin “Qabilov”, qadının “Əliyeva” qeyd edilmişdir. - Məhkəmənin sorğusuna cavab olaraq Naxçıvan MR Dövlət Arxivi tərəfindən xx.xx.2025 -ci il tarixdə təqdim edilmiş Şərur Rayon Xalq Məhkəməsinin 25 avqust 1993cü il tarixli, 2-57/1994 nömrəli qərardadının təsdiq edilmiş surətindən aydın olur ki, İddiaçı X2 boşanmasına dair iddia sənədləri baxılmamış saxlanmışdır. - Boşanma haqqında akt qeydindən çıxarışdan məlum olur ki, xx xxxxx 1954-cü il təvəllüdlü İddiaçı ilə 21 fevral 1955-ci il təvəllüdlü X5 15 mart 1993-cü ildə il tarixdə boşanmışdırlar. Bu barədə boşanma haqqında haqqında akt qeydləri kitabında həmin tarixdə 12 nömrə ilə qeyd edilmişdir. Akt qeydinin əsası kimi Şərur Rayon Xalq Məhkəməsinin 26 fevral 1993-cü il tarixli qərardadı göstərilmişdir. - Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 02 may 2025-ci il tarixli, 3-16-5/8-13-237/2025 nömrəli məktubdan görünür ki, İddiaçı ilə mərhum X3 arasındakı nikahın pozulması haqqında Şərur rayon Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli qətnaməsi Cavabdeh arxivində aşkar edilmədi. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 27 may 2025-ci il il tarixli, 3-48-NDA/1-2-779/2025 nömrəli məktubla İddiaçı və X6 arasında nikahın pozulması ilə bağlı məhkəməyə göndərilmiş Şərur Rayon Xalq Məhkəməsinin 26 fevral 1993-cü il tarixli, 2-xx-xx/1993 nömrəli qərardadının surətindən məlum olur ki, tərəflərə gələcəkdə barışıb birgə yaşamaqları üçün 3 ay vaxt verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Nikah və Ailə Məcəlləsinin (28 dekabr 1999-cu il tarixədək qüvvədə olmuşdur) 38-ci maddəsinə görə ər arvadın sağlığında nikah ərin və ya arvadın yaxud da hər ikisinin ərizəsinə əsasən boşanma yolu ilə pozula bilər. 39-cu maddəsinə əsasən nikahın pozulması haqqındakı işlər mülki mühakimə icraatının ümumi qaydalarına əsasən rayon (şəhər) xalq məhkəməsi tərəfindən həll edilir. 40-cı maddəsinə görə rayon (şəhər) xalq məhkəməsi nikahın pozulması barədə ərizənin verilməsi səbəblərini müəyyən etməyə və ər arvadı barışdırmaq üçün tədbirlər görməyə borcludur. Məhkəmə boşanmaq haqqında işə baxılmasını təxirə salıb barışmaq üçün ər arvada üç aydan çox olmayan vaxt təyin edə bilər. 41-ci maddəsinə əsasən ər arvadın birgə yaşamasının və ailənin saxlanılmasının daha mümkün olmadığı məhkəmə tərəfindən müəyyən edildikdə nikah pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 21.1.-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ərarvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. 23.1-ci maddəsinə əsasən nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. 163.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. 163.2-ci maddəsinə əsasən bu Məcəllənin 24.1-ci maddəsi ilə nəzərdə tutulmuş hallarda nikahın pozulması haqqındakı qeydin ləğv olunması nikahı pozmuş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın: - 1.4 Qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - 5.1. Ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir. Bu halda nikahın pozulmasının dövlət qeydiyyatı aparılmır. Ərin (arvadın) və ya onların hər ikisinin ərizəsi əsasında, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında nikah pozula bilər. 5.2. Ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikah onların razılığı əsasında Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən pozula bilər. 5.3. Yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikahın pozulması aşağıdakı hallarda Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən aparılır: 5.3.1. ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə; 5.3.2. ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə; 5.4. Bu Qaydanın 5.3-cü bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərarvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda, nikah məhkəmə qaydasında pozulur. 5.5. Ər-arvadın razılığı olduqda, lakin onlardan biri Qeydiyyat şöbəsi və konsulluq idarəsində nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. 5.6. Ərizə əsasında nikahın pozulması ər-arvadın və ya onlardan birinin seçdiyi, məhkəmə qətnaməsi əsasında nikahın pozulması isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi və konsulluq idarəsində dövlət qeydiyyatına alınır. 5.8. Nikahın pozulmasının dövlət qeydiyyatı: 5.8.1. nikahın pozulması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə; 5.8.2. yetkinlik yaşına çatmayan ümumi uşaqları olmayan ər-arvadın nikahın pozulması haqqında birgə verdikləri ərizəyə; 5.8.3. məhkəmə qaydasında itkin düşmüş hesab edilən, məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslə nikahın pozulması haqqında ər-arvaddan birinin ərizəsinə; 5.8.4. məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsinə əsasən həyata keçirilir. 5.9.1. məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında nikahın pozulmasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 23.3-cü maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə daxil olmuş məhkəmə qətnaməsindən çıxarışa əsasən, habelə həm ər ilə arvadın hər ikisinin, həm də onlardan birinin ərizəsi üzrə Qeydiyyat şöbəsi və konsulluq idarəsi qeydə alır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: - 23-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. - 26-cı bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv olunması haqqında ərizələr maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. - 28-ci bəndinə əsasən ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. - 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. - 10.3-cü maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. - 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 28.1 və 28.1.1-ci maddələrinə əsasən fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, mübahisənin həllində tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı tərəf subyektiv hüquqa malik olmuşdur. Hazırkı iş üzrə mübahisənin predmeti İddiaçı ilə mərhum arvadı X5 arasında xx.xx.1980-ci il tarixli, 14 nömrə ilə qeydiyyata alınmış nikahın pozulması barədə xx.xx.1993-cü il tarixli, 12 nömrəli akt qeydinin ləğv edilməsi ilə bağlıdır. Məhkəmə icraatı gedişində İddiaçı ilə mərhum X3 aralarındakı nikahın pozulması haqqında akt qeydinin tərtib edilməsinə əsas olmuş Şərur rayon Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli qərarının surətinin məhkəməyə təqdim edilməsi ilə bağlı məhkəmə sorğusu göndərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş Şərur Rayon Xalq Məhkəməsinin 26 fevral 1993-cü il tarixli, 2-xx-xx/1993 nömrəli qərardadından aydın olur ki, həmin qəradadla tərəflərə gələcəkdə barışıb birgə yaşamaq üçün 3 ay vaxt verilmişdir. Şərur Rayon Xalq Məhkəməsinin iddiaçıya münasibətdə 25 avqust 1993-cü il tarixli, 2-57/1994 nömrəli qərardadından isə aydın olur ki, İddiaçı həyat yoldaşından boşanmasına dair iddia sənədləri baxılmamış saxlanmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının ləğv edilməsini tələb etdiyi akt qeydinin aparılmasına əsas olmuş sənəd qismində Şərur rayon Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli qərardadına istinad olunsa da, həmin qərardadın nəticə hissəsindən görünür ki, iddiaçı ilə mərhum Əliyeva (Qabilova) Dunay Həsənalı qızının arasında mövcud olan nikah pozulmamış, əksinə tərəflərə gələcəkdə barışıb birgə yaşamaları üçün 3 ay vaxt verilmişdir. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının əsas məqsədlərindən biri də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etmək olmaqla yanaşı, həm də dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Bu baxımdan qeyd olunmalıdır ki, qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq, göstərilən Qərarda nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, vətəndaşın müraciətinə imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. Halbuki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının ləğv edilməsini tələb etdiyi xx.xx.1993-cü il tarixli, 12 nömrəli akt qeydinin aparılması üçün hüquqi əsas iş materialları ilə müəyyən edilmədiyindən cavabdeh inzibati orqan tərəfindən nikahın pozulması haqqında akt qeydinin aparılması qanunsuz olmuşdur. Beləliklə, İddiaçı Cavabdehnə qarşı "İddiaçı ilə mərhum arvadı X5 arasında xx.xx.1980-ci il tarixli, 14 nömrə ilə qeydiyyata alınmış nikahın pozulması barədə xx.xx.1993-cü il tarixli, 12 nömrəli akt qeydinin ləğv edilməsi tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 34.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. İddiaçı ilə mərhum arvadı X5 arasında xx.xx.1980-ci il tarixli, 14 nömrə ilə qeydiyyata alınmış nikahın pozulması barədə xx.xx.1993-cü il tarixli, 12 nömrəli akt qeydi ləğv edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar