Məhkəmə qərarları › İş №2-1(122)-6/2020

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-6/2020

14.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-6/2020 14.02.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin hakimi Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, X2liyi, İddiaçı iştirakı ilə, cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin nümayəndəsinin və üçüncü şəxs X3 iştirakları olmadan, İddiaçı cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə qarşı “X3 ünvan 1 ünvanının pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 ünvan 1 ünvanının pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında 129 kv.m. torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 37.25 kv.m. yaşayış evi tam mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 2929 nömrəli vərəqində qeydiyyata alınmışdır.2005-ci ildə cavabdeh X6 onun oğlu ilə faktiki evlənib 18 iyul 2006-cı ildə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurduqdan sonra mülkiyyətində olan evdə yaşamağa başlamışlar. Onların birgə nikahdan iki övladları doğulmuşdur. Tərəflər yola getmədiklərindən Naxçıvan Şəhər Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar anasının yanında qalmaqla Hüseynin qazancından aliment alınıb verilməsi müəyyən edilmişdir. Gülcamalla Hüseyn boşandıqdan sonra Gülcamal uşaqları ilə bərabər atasının mülkiyyətində olan ünvan 2 ünvanında yaşamağa başlamışdır. Qeydiyyatda formal olaraq qalan X6 tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ona məxsus evin qeydiyyatından çıxmamışdır. İddiaçı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən ilkin olaraq onun qeydiyyatdan çıxarılması üçün Daxili İşlər orqanına müraciət etmişdir. Cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 02 sentyabr 2010cu il tarixli, 550 nömrəli əmrinin 5-ci bəndinə əsasən, yaşayış yeri dəyişdikdə - yəni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə - Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin məlumatına əsasən; məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında şəxs yalnız ömürlük azadlıqdan məhrum edildikdə; öldükdə və ya məhkəmə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatını aparan orqanın məlumatı əsasında; məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri üzrə qeydiyyata alınması və çıxarılması mümkün olduğundan həmin şəxsin Naxçıvan şəhəri, İ.Həmzəyev küçəsi, döngə 1, ev 1 ünvanından qeydiyyatdan çıxarılması barədə ərizənin icra edilməsinin mümkün olmadığı bildirilmişdir. İddiaçı yuxarıda göstərilənlərə əsasən məhkəmədən X3 ünvan 1 qeydiyyatından çıxarılması öhdəliyinin cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri sərəncamla cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə göndərilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 2-1(087)-141/2019 nömrəli qərardadı ilə X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 14 fevral 2020-ci il tarixə təyin edilmişdir. Cavabdeh Naxçıvan Şəhər Polis İdarəsi şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə, həmçinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmiş, lakin Naxçıvan Şəhər Polis İdarəsi məhkəmədən nümayəndəsinin iştirakı olmadan işə baxıb müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X3 qeydiyyatda olduğu ünvana məhkəmə bildirişi göndərilmiş, lakin üçüncü şəxs həmin ünvanda yaşamadığından məhkəmə bildirişi geri qaytarılmış, sonra məhkəmə Gülcamalİbrahimovanın haliyədə hansı ünvanda faktiki yaşamasının müəyyən olunaraq ona məhkəmə iclasının keçiriləcəyi yer və vaxtı barədə məlumat verilməsi üçün müvafiq tədbirlər görmüşdür. Belə ki, üçüncü şəxs X3 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonu müəyyən edilmiş, həmin telefon nömrəsinə zəng vurularaq ona məhkəmə iclasının 14 fevral 2020-ci il tarixdə, saat 1000-da keçiriləcəyi barədə məlumat verilərək, bu barədə rəsmi telefonoqrama tərtib edilərək işə əlavə olunmuşdur. Buna baxmayaraq üçüncü şəxs məhkəmə iclasının keçiriləcəyi yer və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da məhkəməyə gəlməmiş və gəlməməsi barədə heç bir üzrlü səbəb göstərməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, məhkəmədən X3 ünvan 1 ünvanının pasport qeydiyyatından çıxarılması öhdəliyinin Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Naxçıvan şəhəri, İ.Həmzəyev küçəsi, döngə 1-də olan 129.0 kv.m. torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 37.25 kv.m. yaşayış, 9.31 kv.m. qeyri-yaşayış, 24.39 kv.m. köməkçi sahədən ibarət 1A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 2929 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Naxçıvan Muxtar Respublikası İnzibati- İqtisadi Məhkəməsinə ünvanlanmış 13 noyabr 2019-cu il tarixli, 01/3260 nömrəli arayışdan görünür ki, X1 şəhəri, İ.Həmzəyev küçəsi, döngə 1, ev 1A ünvanında pasport qeydiyyatındadır. İş materiallarında olan Naxçıvan Şəhər Polis İdarəsinin 01 noyabr 2019-cu il tarixli, 7/3283-İ-1250 nömrəli məktubundan məlum olur ki, X3 ünvan 1 ünvanının pasport qeydiyyatından çıxarılması tələbindən imtina edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 202589 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətinə əsasən müəyyən olur ki, X11 ilə X6 arasında olan nikah 19 noyabr 2019-cu il tarixdə ləğv edilmişdir. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxxxx 1955-ci ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan TT **********52110 nömrəli, 15 noyabr 2019-cu il tarixli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün X17 Muxtar Respublikası İdarəsi Filialına 10 (on) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli, 2(078)-699/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, X11 ilə X6 arasında 18 iyul 2006-cı il tarixdə Naxçıvan Şəhər Nikah Evində bağlanmış və 203 nömrə ilə qeydə alınmış nikahın pozulması, iş üzrə tərəflərin uşaqları - 02 noyabr 2005-ci il tarixdə doğulmuş X7 və 14 noyabr 2008-ci il tarixdə doğulmuş X10 anaları X3 yanında qalmaları, 31 oktyabr 2018ci il tarixdən hesablanmaqla, X8 aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq, 02 noyabr 2005-ci il tarixdə doğulmuş X7 və 14 noyabr 2008-ci il tarixdə doğulmuş X10 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün X4 ödənilməsi qət edilmişdir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu tam sübuta yetirmişdir. İşin yuxarıda şərh olunan faktiki hallarından müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Beləliklə, həmin ev İddiaçı xüsusi mülkiyyətindədir. Evin pasport qeydiyyatında olan X6 özünə ayrı yaşayış yeri seçdiyinə görə onun həmin evin pasport qeydiyyatında olması formal xarakter daşıyır və bu da mülkiyyətçinin öz mülkiyyəti barədə sərbəst surətdə sərəncam vermək hüququnu məhdudlaşdırır. Yeni yaşayış yeri haqqında qeydiyyat orqanlarının məlumatlandırılması isə üçüncü şəxs X3 həm hüququ, həm də vəzifəsidir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, üçüncü şəxs X3 yeni yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı hərəkətsizliyi, İddiaçı mülkiyyət hüquqlarının məhdudlaşdırılması üçün əsas ola bilməz. Üçüncü şəxs X3 faktiki olaraq özünə başqa daimi yaşayış yeri seçdiyi halda iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanınınqeydiyyatında qalması iddiaçının hüquqlarını məhdudlaşdırmış olur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin normanın İİİ hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci və 6.1.4-cü maddələrinə əsasən mülki qanunvericiliyinin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. İddianın qanuni əsasını “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Daimi və ya müvəqqəti yaşayış yeri haqqında qeydiyyat orqanlarının məlumatlandırması vətəndaşın həm hüququ, həm də vəzifəsidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun müddəalarından göründüyü kimi qanunverici hər hansı bir şəxsin yaşayış və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində qeyd edilmişdir ki, yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Beləliklə, qanunvericilik qeydiyyatın aparılmasının iki qaydasını müəyyən etmişdir: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin iradə ifadəsi. Göründüyü kimi, Qanunun 5-ci maddəsində vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün əsaslardan biri hesab edildiyi halda, bu hal müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas verən halların sırasına daxil edilməmişdir. Bundan əlavə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması halı kimi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi isə yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə olduğu halda nəzərə alınır. İstifadə hüququ olmayan və faktiki olaraq həmin mənzildə yaşamayan şəxslərin qeydiyyatdan çıxarılmaları barəsində əsaslar və hallar qanunvericilikdə nəzərə alınmamışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müddəalarının şərh olunması barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2003-cü il tarixli Qərarında göstərilir ki, Konstitusiyanın 28-ci maddəsinin İİ hissəsinə görə qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən gedə bilər. Sərbəst hərəkət etmək və özünə yaşayış yerini azad seçmək hüququ sözsüz ki, beynəlxalq hüquqi aktlarda, o cümlədən Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 12-ci maddəsində və İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 4 saylı Protokolunun 2-ci maddəsində də göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına əsasən sərbəst hərəkət etmək və özünə yaşayış yerini azad seçmək hüququ insanın azadlıq hüququndan irəli gəlir. Geniş mahiyyətinə görə azadlıq isə öz mülahizəsinə uyğun olaraq hərəkət etmək imkanıdır. Bunları nəzərə alan Azərbaycan Respublikasının qanunvericiliyi keçmiş sovet qanunvericiliyindən fərqli olaraq yaşayış yeri üzrə qeydiyyatın aparılmasını insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına deyil, onların reallaşdırılmasına yönəltmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda - müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən şəxsin yaşayış yerini dəyişməsi onun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri hesab olunur. Mənzilə istifadə hüququ mövcud olmayan və həmin mənzildə faktiki yaşamayan şəxsin həmin mənzildə formal olaraq qeydiyyatda qalması mülkiyyətçinin əmlak hüquqlarını məhdudlaşdırır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14.06.1996-cı il tarixli, 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu bəndində (birinci abzasında və birinci bəndində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunu vətəndaşlıq hüququnu təsdiq edən sənədə və onun verilməsinə həsr olunmuşdursa, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun predmeti isə tamamilə fərqlidir. Adından da göründüyü kimi, bu Qanunun tənzimlədiyi məsələlər vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın aparılması ilə bağlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə qarşı X3 ünvan 1 ünvanının pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 58, 68-69, 73.1, 75.4, 81, 85.1, 110.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanının pasport qeydiyyatından X3 çıxarılması öhdəliyi cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulsun. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar