Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-6/2021 27.05.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və cavabdeh Babək Rayon Naxışnərgiz Bələdiyyəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Babək Rayon Naxışnərgiz Bələdiyyəsinə qarşı “Babək rayonu, Naxışnərgiz kəndində inşa etdiyi tövlənin yerləşdiyi 198 kv.m. torpaq sahəsinin ona satılması ilə bağlı bələdiyyə qərarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Babək rayonu, Naxışnərgiz kəndində inşa etdiyi tövlənin yerləşdiyi 198 kv.m. torpaq sahəsinin mülkiyyətinə verilməsi ilə bağlı bələdiyyə qərarının verilməsi öhdəliyinin cavabdeh Babək Rayon Naxışnərgiz Bələdiyyəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Naxçıvan Muxtar Respublikasında torpaq islahatı aparılarkən Babək Rayon Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999cu il tarixli qərarına əsasən ona və ailə üzvlərinə hazırda yaşadığı yerdə 0.38 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Ona torpaq sahəsi verildikdən sonra həmin yerdə yaşayış sahələri və digər yardımçı binalar tikmişdir. İddiaçı qeyd edir ki, 2013-cü ildən başlayaraq həmkəndlisi, əvvəllər Babək Rayon İcra Hakimiyyəti başçısının müavini olmuş Əbdülhüseyn Zamanov və daha sonra onun diktəsi əsasında bibisioğlu Qəzənfər Qurbanov ondan əsassız olaraq istifadəsində olan torpağın bir hissəsini özlərinin şəxsi ehtiyacları üçün istəmişlər, o, vermək istəmədikdə həmin vaxtdan başlayaraq İnzibati- İqtisadi Məhkəmədə və digər məhkəmələrdə iddia qaldırmışdırlar. Torpaq mübahisələri ilə bağlı çoxsaylı məhkəmə prosesləri bir neçə il davam etmiş, bütün hallarda ədalətli olaraq onun və ailə üzvlərinin xeyrinə məhkəmə qərarları çıxarılmışdır. 2015-ci ildə yekun məhkəmə qərarından sonra onun və ailə üzvlərinin faktiki istifadə etdiyi torpaq sahəsi daxilində mövcud olan tikililərin daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçirilib, müvafiq sənədlərin verilməsi ilə bağlı dəfələrlə aidiyyəti üzrə əvvəlcə Komitənin Babək Rayon İdarəsinə müraciət etmiş, həmin sənədləri ala bilmədiyindən 2016-cı ilin avqust ayında isə Komitəyə müraciət etmişdir. Komitə tərəfindən ona Komitənin Babək Rayon İdarəsinə müraciət etməli olduğu bildirilmiş, həmin vaxtdan başlayaraq bir neçə dəfə oraya yenə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. İddiaçı bildirir ki, haliyədə bələdiyyə ərazisi olan 198 kv.m. tövləsini Babək rayon Naxışnərgiz Bələdiyyəsi mülkiyyətinə vermək istəmir. Həmin tövləni 1982-ci ildə tikmişdir və həmin vaxtdan da istifadə edir. Tövlə inşa olunan zaman bələdiyyələr yaranmamışdır. O, tövləni adına keçirməklə bağlı Naxışnərgiz Bələdiyyəsinə müraciət etmişdir. Babək rayon Naxışnərgiz Bələdiyyəsi tərəfindən 20 oktyabr 2020-ci il tarixli, 2/63 nömrəli məktubla Babək rayonu, Naxışnərgiz kənd sakini İddiaçı icazəsiz və qanunsuz bələdiyyə mülkiyyətinə aid olan torpağı zəbt etdiyinə görə həmin torpağın azad olunması üçün Babək Məhkəməsinə müraciət olunduğu, tövlə ilə bağlı məsələyə görə Babək Torpaq İdarəsinə müraciət etməyi məsləhət görülərək tövləni sənədləşdirməkdən imtina edilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 29 iyun 2001-ci il tarixli Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. İddiaçı qeyd olunanlara əsasən Babək rayonu, Naxışnərgiz kəndində inşa etdiyi tövlənin yerləşdiyi 198 kv.m. torpaq sahəsinin mülkiyyətinə verilməsi ilə bağlı bələdiyyə qərarının verilməsi öhdəliyinin cavabdeh Babək Rayon Naxışnərgiz Bələdiyyəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri sərəncamla cavabdeh Babək Rayon Naxışnərgiz Bələdiyyəsinə göndərilmişdir. Naxçıvan Muxtar Respublikası Babək rayonu Naxışnərgiz Bələdiyyəsi tərəfindən iddiaya dair məhkəməyə ünvanlanmış 16 noyabr 2020-ci il tarixli, 2/64 nömrəli və 15 yanvar 2021-ci il, 03 nömrəli etiraz məktublarının məzmununda İddiaçı Naxışnərgiz Bələdiyyəsinə qarşı 198 kv.m. tövlə yerinə protokol tələbinin tamamilə əsassız olduğu, İddiaçı mütəmadi olaraq Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsini pozaraq torpaq zəbtinə yol verdiyi, aidiyyəti orqanlar tərəfindən aşkar edilərək zəbt edilmiş torpağın aidiyyəti üzrə geri qaytarılaraq zəbtdən azad edildiyi, İddiaçı torpaq islahatından sonrakı illərdə ümumi istifadəyə aid bələdiyyə mülkiyyətinə məxsus olan 182 kv.m. və 198 kv.m. torpaq sahəsini bilərəkdən zəbt etdiyi, 198 kv.m. torpaq sahəsinin üzərində yardımçı tikililər tikdiyi, həmin yardımçı tikililərin bir hissəsini 2017-2018-ci illərdə tikdiyi, 2017-2018-ci illərdə tikililəri tikən zaman ona rayon rəhbərliyi tərəfindən tikililərin dayandırılması dəfələrlə deyilsə də, onun əhəmiyyət verməyərək tikililəri davam etdirdiyi, İddiaçı hakimiyyət orqanlarına bilərəkdən hörmətsizliyinin göz qarşısında olduğu, İddiaçı öz səhvini başa düşüb, zəbt etdiyi torpağı aidiyyəti üzrə qaytardığından və qanunu bir daha pozmayacağı barədə üzərinə öhdəlik götürdüyündən onun barəsində torpaq zəbtinə görə rayon prokurorluğu tərəfindən başlanılmış cinayət işinin rədd edildiyi, torpaq islahatından bir neçə il sonra zəbt etdiyi 182 kv.m. torpaq sahəsinin azad edilərək 2014-cü ildə ümumi istifadəyə qaytarıldığı, bir daha Naxışnərgiz Bələdiyyəsi tərəfindən İddiaçı icazəsiz və qanunsuz zəbt etdiyi 198 kv.m. ərazinin azad olunması və ümumi istifadəyə qaytarılmasına görə Babək Rayon Məhkəməsində iddia qaldırıldığı, 2(079)-368/2020 nömrəli işin məhkəmənin icraatında olduğu, İddiaçı qaldırdığı iddianın əsassız olduğu və ümumi istifadəyə aid olan torpağa mülkiyyət hüququ verilməsinin qanunazidd olduğu göstərilmişdir. Cavabdeh həmçinin torpaq islahatından əvvəl mövcud olan İddiaçı həyətyanı torpaq sahəsinin sxem və layihəsini, İddiaçı bir daha torpaq zəbtinə yol verməyəcəyi barədə izahatını, Babək Rayon Prokurorluğunun 27 oktyabr 1987-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarını, İddiaçı torpaqdan çıxarılması barədə əmri, Naxçıvan Şəhər Məhkəməsinin 02 iyul 2018-ci il tarixli, 2(078)-119/2018 nömrəli qərardadını, Naxışnərgiz kəndində elektron taxometr vasitəsilə ölçülmüş həyətyanı torpaq sahələrinin planını, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 07 yanvar 2021-ci il tarixli, 2(108)-51/2021 nömrəli bildirişinin surətini etiraz məktubuna əlavə etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2- 1(122)-126/2020 nömrəli qərardadı ilə işin icraatı Babək Rayon Naxışnərgiz Bələdiyyəsinin İddiaçı qarşı “bələdiyyə mülkiyyətinə aid olan torpağın zəbtdən azad edilərək ümumi istifadəyə qaytarılması” ilə bağlı Babək Rayon Məhkəməsinin icraatında olan mülki işə baxılıb yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılmış, məhkəmənin 02 dekabr 2020-ci il tarixli, 2-1(122)-126/2020 nömrəli qərardadı ilə inzibati iş üzrə icraat təzələnmişdir. Məhkəmənin 15 fevral 2021-ci il tarixli, 2-1(122)-6/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. İddiaçı tərəfindən hazırda qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) Babək rayonu, Naxışnərgiz kəndində yerləşən 198 kv.m. torpaq sahəsi üzərindəki tikili təxminən nə vaxt inşa olunmuşdur? 2. Haliyədə Babək Rayon Naxışnərgiz Bələdiyyəsinin mülkiyyətində olan mübahisəli torpaq sahəsinin bələdiyyə qərarı ilə İddiaçı mülkiyyətinə verilməsi bələdiyyəyə və qonşuluqda yaşayan sakinlərə məxsus olan torpaq sahələri ilə bağlı mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə olurmu? 3. İddiaçı tərəfindən hazırda qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpağı geri alınması mümkün olmayan torpaq sahəsidirmi? Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 31 mart 2021-ci il tarixli, 45 nömrəli məktubu ilə məhkəmə ekspertizasının rəyi məhkəməyə daxil olmuş, hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 30 aprel 2021-ci il tarixə təyin olunmuşdur. 30 aprel 2021-ci il tarixə təyin olunmuş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə 30 aprel 2021-ci il tarixli ərizə təqdim edərək məhkəmədən ilkin olaraq Babək rayonu, Naxışnərgiz kəndində inşa etdiyi tövlənin yerləşdiyi 198 kv.m. torpaq sahəsinin mülkiyyətinə verilməsi ilə bağlı bələdiyyə qərarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdiyini, iddia tələbini dəqiqləşdirərək hazırki tələbinin “Babək rayonu, Naxışnərgiz kəndində inşa etdiyi tövlənin yerləşdiyi 198 kv.m. torpaq sahəsinin satılması ilə bağlı bələdiyyə qərarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” olduğunu bildirib məhkəmədən həmin tələb üzrə işə baxılıb nəticə verilməsini xahiş etmişdir. Məhkəmənin 30 aprel 2021-ci il tarixli, 2-1(122)-6/2021 nömrəli qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 27 may 2021-ci il tarixə təyin olunmuşdur. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Babək Rayon Naxışnərgiz Bələdiyyəsinin nümayəndəsi X5 izahat verərək İddiaçı torpaq islahatından sonrakı illərdə ümumi istifadəyə aid bələdiyyə mülkiyyətinə məxsus olan 182 kv.m. və 198 kv.m. torpaq sahəsini bilərəkdən zəbt etdiyini, 198 kv.m. torpaq sahəsinin üzərində yardımçı tikililər tikdiyini, iddiaçının həmin yardımçı tikililərin bir hissəsini 2017-2018-ci illərdə tikdiyini, həmin vaxt ona rayon rəhbərliyi tərəfindən tikililərin dayandırılması barədə dəfələrlə xəbərdarlıq edilsə də, onun bunlara əhəmiyyət verməyərək tikinti işlərinə davam etdiyini, İddiaçı öz səhvini başa düşüb, zəbt etdiyi torpağı aidiyyəti üzrə qaytardığından və qanunu bir daha pozmayacağı barədə üzərinə öhdəlik götürdüyündən onun barəsində torpaq zəbtinə görə rayon prokurorluğu tərəfindən başlanmış cinayət işinin rədd edildiyini, 2014-cü ildə torpaq islahatından bir neçə il sonra zəbt etdiyi 182 kv.m. torpaq sahəsinin azad edilərək ümumi istifadəyə qaytarıldığını, Naxışnərgiz Bələdiyyəsi tərəfindən İddiaçı icazəsiz və qanunsuz zəbt etdiyi 198 kv.m. ərazinin azad olunması və ümumi istifadəyə qaytarılması barədə Babək Rayon Məhkəməsində iddia qaldırıldığını, həmin torpaq sahəsinin məktəbin yanında yerləşdiyini, rayonun abadlaşdırılması ilə bağlı aparılan işlər nəticəsində mübahisəli torpaq sahəsində də yaşıllıq zolağının salınmasının nəzərdə tutulduğunu, lakin İddiaçı tikilisinin buna maneə olduğunu, həmin torpaq sahəsi ümumi istifadəyə aid olduğundan onun iddiaçıya satılmasının mümkün olmadığını, iddianın əsassız və qanunazidd olduğunu bildirib məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Babək Rayonu Naxışnərgiz Bələdiyyəsinin Babək rayonu, Naxışnərgiz kənd sakini İddiaçı ünvanladığı 20 oktyabr 2020-ci il tarixli, 2/63 nömrəli məktubundan aydın olur ki, icazəsiz və qanunsuz bələdiyyə mülkiyyətinə aid olan torpağı zəbt etdiyinə görə həmin torpağın azad olunması üçün Babək Rayon Məhkəməsinə müraciət olunmuş, tövlə ilə bağlı yazılan məsələyə görə Babək Torpaq İdarəsinə müraciət etməyi məsləhət görülmüşdür. - Babək Rayon İcra Hakimiyyətinin Naxışnərgiz Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 26 oktyabr 2020-ci il tarixli, 2/148 nömrəli arayışdan aydın olur ki, Məmmədov X8 Muxtar Respublikası, Babək rayonu, Naxışnərgiz kəndində qeydiyyatdadır və orada yaşayır. - Naxçıvan Şəhər Məhkəməsinin 30 iyul 2018-ci il tarixli, 2(078)-119/2018 nömrəli qətnaməsinin surətindən məlum olur ki, X3 İddiaçı qarşı İddiaçı Ələsgərin əmlakına zərər dəyməməsinə görə yağış sel-sularını bir tərəfə çəkib aparması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. - Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli, 2(108)-175/2018 nömrəli qətnaməsinin surətindən aydın olur ki, apellyasiya şikayətinin təmin edilməməsi, Naxçıvan Şəhər Məhkəməsinin 30 iyul 2018-ci il tarixli, 2(078)- 119/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili H.N.Kərimova ünvanlanmış 17 yanvar 2014-cü il tarixli, 14 nömrəli məktubdan görünür ki, Naxışnərgiz kəndində müəyyən həyətyanı torpaq sahələrinin sərhədləri torpaq islahatı zamanı tərtib olunmuş yerquruluşu planında düzgün əks olunmadığından elektron avadanlıqlarla dəqiqləşmə aparılmış və İddiaçı, X3, X1 faktiki istifadəsində olan həyətyanı torpaq sahələrinin yeni planı hazırlanmışdır. - X6 tərəfindən Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Babək Rayon İdarəsinə ünvanlanmış 21 oktyabr 2016cı il tarixli, 10 nömrəli məktubdan məlum olur ki, Naxışnərgiz kənd sakini İddiaçı ərizə ilə müraciət edərək həyətyanı sahəsinin yuxarı hissəsində yerləşən 198 kv.m. torpaq sahəsinin onun adına işlənməsini xahiş etdiyinə görə həmin sahənin sənədləşməsi üçün rəy verilməsi xahiş edilmişdir. - 27 oktyabr 2020-ci il tarixli, 66823 nömrəli qəbzdən məlum olur ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 (on) manat dövlət rüsumu ödəmişdir. - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən verilmiş 01 mart 2021-ci il tarixli mütəxəssis rəyindən aydın olur ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Babək Rayon Naxışnərgiz Bələdiyyəsinə qarşı Babək rayon Naxışnərgiz kəndində inşa etdiyi tövlənin yerləşdiyi 198 kv.m. torpaq sahəsinin mülkiyyətinə verilməsi ilə bağlı bələdiyyə qərarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə əlaqədar iddia olunan ərazinin naturada yenidən ölçülməsini, bununla bağlı plan və mütəxəssis rəyinin təqdim edilməsi üçün Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət olunmuşdur. 15 fevral 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin hakimi Səxavət Novruzovun, X7 və Xəritəçəkmə Layihə İnstitunun mütəxəssisinin, Babək Rayon Naxışnərgiz Bələdiyyəsi sədrinin, İddiaçı iştirakları ilə iddia olunan əraziyə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq islahatı aparılan zaman mübahisə olunan tikililər və 198 kv.m. torpaq sahəsi İddiaçı istifadəsində olmasına baxmayaraq, uçota alınmamış, tərtib olunmuş mülkiyyət sənədində öz əksini tapmamışdır. Haliyədə həmin torpaq sahəsi tikililər ilə birlikdə İddiaçı istifadəsində olsa da, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi kimi uçota alınmışdır. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 15 mart 2021-ci il tarixli, 03/111 nömrəli məktubundan məlum olur ki, Qahab kəndində torpaq islahatı aparılan zaman 198 kv.m. torpaq sahəsi Babək rayon Naxışnərgiz kənd sakini İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi kimi uçota alınmadığından “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16-cı maddəsinə əsasən qeyri-qanuni istifadə edilən və geri qaytarılması mümkün olmayan bələdiyyə torpaq sahəsi kimi qeydə alınmayıb. İddia edilən 198 kv.m. torpaq sahəsi qonşuluqda yaşayan sakinlərə məxsus olan torpaq sahələri ilə bağlı mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə olmur. - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 23 aprel 2021-ci il tarixli, 04/261 nömrəli məktubdan aydın olur ki, Babək rayon Naxışnərgiz kənd sakini İddiaçı iddia etdiyi 198 m2 torpaq sahəsi Qahab kəndində torpaq islahatı aparılan zaman onun faktiki istifadəsində uçota alınmadığından Naxışnərgiz Bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsi kimi saxlanılmışdır. - Məhkəmə ekspertizasının 31 mart 2021-ci il tarixli, 45 nömrəli rəyinin nəticə hissəsindən məlum olur ki, qərardadın birinci sualı üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə və baxış zamanı əldə olunmuş məlumatlara əsasən İddiaçı tərəfindən hazırda qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) Babək rayonu, Naxışnərgiz kəndində yerləşən 198 kv.m. torpaq sahəsi üzərindəki tövlə təyinatlı tikili öz xüsusiyyətlərinə, konstruksiyalarına, eləcə də “X12” proqramının orta foto görüntülərinə əsasən 29 avqust 2008-ci il tarixlərə dair görüntülərdə öz əksini tapdığı, eləcə də həmin tikilinin köhnə tikili olmaqla uzun müddət öncə inşa olunduğu müəyyən edilmişdir. Lakin hazırda metodika olmadığından, həmin tikilinin dəqiq hansı illərdə inşa olunmasını müəyyən etmək mümkün deyildir. Qərardadın ikinci və üçüncü sualları üzrə rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən baxış zamanı əldə olunmuş məlumatları və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və X10 Xidmətinin Babək Rayon İdarəsinin müdiri R.Həsənovun möhürü və həmin idarənin baş məsləhətçisi E.Abdullayevin imzası ilə təsdiq edilmiş məktubuna, eləcə də mütəxəssis rəyinin məlumatlarına əsasən həmin mübahisə olunan 198 kv.m. torpaq sahəsi Babək Rayon X6nin mülkiyyətinə aiddir. Həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olmasına baxmayaraq, faktiki olaraq İddiaçı istifadəsindədir və istifadə olunan torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16-cı maddəsinə əsasən qeyri-qanuni istifadə edilən və geri qaytarılması mümkün olmayan bələdiyyə torpaq sahəsi kimi qeydə alınmamışdır. Eyni zamanda həmin torpaq sahəsi qeyri-qanuni istifadə edilən və geri qaytarılması mümkün olmayan bələdiyyə torpaq sahəsi kimi qeydə alınmadığından iddia edilən 198 kv.m. torpaq sahəsinin qonşuluqda yaşayan sakinlərə məxsus olan torpaq sahələri ilə bağlı mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə olmadığı müəyyən edilmişdir. Hazırki iş üzrə iddiaçı tərəfindən mübahisəli torpaq sahəsində yerləşən tövlənin Babək rayonunda həyata keçirilən aqrar islahatlardan əvvəl və ya islahatlar başa çatdıqdan dərhal sonra tikilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş, həmçinin iddiaçı bələdiyyələr yarananadək həmin torpaq sahəsinin onun istifadəsində olması faktını əsaslandıra bilməmişdir. Məhkəmə araşdırması nəticəsində də bu faktı müəyyən etmək mümkün olmamışdır. Belə ki, aqrar islahatlar nəticəsində şəxslərin mülkiyyətinə verilmiş torpaq sahələrindən başqa yerdə qalan torpaq sahələri yeni yaradılmış bələdiyyələrin mülkiyyətinə verilmiş, bələdiyyələr isə öz növbəsində həmin torpaq sahələrinin üzərində olan sərəncam hüquqlarını “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun tələblərinə əsasən həyata keçirməyə başlamışdırlar. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh Babək Rayon Naxışnərgiz Bələdiyyəsi İddiaçı qarşı “bələdiyyə mülkiyyətinə aid olan torpağın zəbtdən azad edilərək ümumi istifadəyə qaytarılması” barədə ümumi məhkəmədə iddia qaldırmışdır. Yəni, cavabdeh torpaq sahəsinin iddiaçıya satılmasından imtina etməklə yanaşı, öz mülkiyyətində olan torpaq sahəsinin zəbtdən azad edilməsini tələb edir. Göründüyü kimi Naxışnərgiz Bələdiyyəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun tələblərinə əsasən üzərinə düşən vəzifələri həyata keçirmişdir. Həmçinin cavabdehin nümayəndəsinin məhkəmədə verdiyi izahatdan belə aydın olur ki, mübahisəli torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsidir. Həmçinin həmin torpaq sahəsində rayonun abadlaşdırılması ilə bağlı görülən işlər zamanı yaşıllıq zolağının salınması nəzərdə tutulduğundan onun İddiaçı satılması qeyri-mümkündür. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı hazırda bələdiyyənin mülkiyyətində olan torpaq sahəsindən qeyri-qanuni istifadə etməklə inzibati orqanın qanunla qorunan hüquqlarını pozduğundan cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində təsbit olunmuşdur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd edilmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 47.6-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. 49.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. 56.2-ci maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 56.6-cı maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 4.0.1, 4.0.2, 4.0.3, 4.0.6-cı maddələrinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək, müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək, yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanmasını və həyata keçirilməsini öz səlahiyyətləri daxilində təşkil etmək, bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq, təsdiq etmək və onları həyata keçirmək torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətlərinə aid edilmişdir. 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. 7.3-cü maddəsinə əsasən xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq haqqı ödənilməklə fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına, fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına və onların kooperativlərinə, sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə verilir. 16.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə və ya icarəsinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə bələdiyyəyə məxsus olan torpaq sahəsinin iddiaçının xüsusi mülkiyyətinə verilməsi üçün “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. İş materiallarından, o cümlədən ekspert rəyindən aydın olur ki, mübahisəli 198 kv.m. torpaq sahəsi fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün istifadə olunmamaqla yanaşı geri qaytarılması mümkün olmayan bələdiyyə torpaq sahəsi kimi qeydə alınmamışdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, bələdiyyələr qanunvericiliyin tələbinə əsasən diskresion səlahiyyətlərə malikdir. İnzibati orqana verilən bu səlahiyyətlərə görə onun torpaq sahəsinin ayrılması məqsədəuyğun olmadığı təqdirdə həmin torpaq sahəsinin ayrılmasından imtina etmək hüququ vardır. Belə ki, qanunvericiliyin tələbinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Torpaq sahəsinin satılması barədə Naxışnərgiz Bələdiyyəsinin qiymətləndirmə azadlığı mövcud olduğundan məhkəmə hesab edir ki, bu məsələdə bələdiyyə qərarının verilməsi ilə bağlı inzibati orqanın diskresion səlahiyyəti mövcuddur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.7-ci maddəsinə əsasən qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi diskresion səlahiyyətlərdir. 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.3.1, 73.3.2, 73.3.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə, inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə, inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Bələdiyyə özünə məxsus olan torpaq sahəsinin ayrılmasında xüsusi hüquqa malikdir və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanununda göstərilmiş torpaq sahəsinin ayrılması zamanı imperativ xarakterli normalar yalnız bələdiyyələr tərəfindən "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin müddəaları ilə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu müəyyən edildikdən sonra məcburi xarakter daşıyır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Babək Rayon Naxışnərgiz Bələdiyyəsinə qarşı “Babək rayonu, Naxışnərgiz kəndində inşa etdiyi tövlənin yerləşdiyi 198 kv.m. torpaq sahəsinin ona satılması ilə bağlı bələdiyyə qərarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə ödənilmiş dövlət rüsumu məsələsini müzakirə edərək hesab edir ki, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4.1, 33.1, 58.7, 68, 69, 75, 81, 85 və 110.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Babək Rayon Naxışnərgiz Bələdiyyəsinə qarşı “Babək rayonu, Naxışnərgiz kəndində inşa etdiyi tövlənin yerləşdiyi 198 kv.m. torpaq sahəsinin ona satılması ilə bağlı bələdiyyə qərarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV
Məhkəmə qərarları › İş №2-1(122)-6/2021
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-6/2021
27.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver