Məhkəmə qərarları › İş №2-1(122)-6/2022

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-6/2022

27.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-6/2022 27.01.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “onun N iyul 2021-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsinin cavabdehə həvalə olunması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun N iyul 2021-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, hazırda tibb xidməti kapitanı hərbi rütbəsində N nömrəli hərbi hissədə xidmət edir. O, N iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 6-cı maddəsinin tələblərinə uyğun olaraq komanda üzrə N nömrəli hərbi hissə komandirinin adına raport yazaraq "Hərbi Xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Belə ki, o artıq 11-ci ildir ki, zabit kimi xidmət edir. Raportunun cavablandırılmamasını görərək, o, 16 iyul 2021-ci il tarixdə yuxarı instansiyaya - N nömrəli hərbi hissə komandirinə (X2 Ordu Komandanına) və Azərbaycan Respublikası Müdafiə Nazirinə şikayət ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən bugünə qədər müraciəti cavablandırılmamışdır. N nömrəli hərbi hissə komandanlığı tərəfindən isə müraciətinə 2869 nömrəli, 24 iyul 2021ci il tarixli məktubla imtina cavabı verilmişdir. İmtina cavabı onunla əsaslandırılmışdır ki, 44 günlük Vətən müharibəsindən sonra perspektivli zabitlərə ehtiyac yarandığından, komandanlıq onun uzun müddət zabit kimi xidmətini, xidmət dövründə əldə etdiyi bilik və bacarığını nəzərə alıb, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağını deyil, xidməti davam etməyini məqsədəuyğun hesab etmişdir. İddiaçı imtina cavabını qanunsuz və əsassız hesab edir. Belə ki, bu gün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bütün hərbi hissələrindən, o cümlədən Naxçıvan birləşməsinin hərbi hissələrindən zabitlərin ehtiyata buraxılması müntəzəm olaraq həyata keçirilir. İddiaçı hesab edir ki, onun Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hüququ kobud şəkildə pozulmuşdur. İddiaçı yuxarıda göstərilənlərə əsasən məhkəmədən N iyul 2021-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri sərəncamla cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya dair məhkəməyə ünvanlanan 18 oktyabr 2021-ci il tarixli, 4083 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsində N nömrəli hərbi hissədə xidmət edərkən N iyul 2021-ci ildə hərbi hissə komandirinə "Hərbi Xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" (öz arzusu ilə) bəndinə əsasən Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaq üçün müraciət etdiyini, lakin müraciətinin cavablandırılmadığını görərək X4 Komandanına müraciət etdiyini, müraciətinə imtina cavabı verildiyini qeyd etmişdir. Bildirilir ki, N nömrəli hərbi hissədə iddiaçının müraciətinə hərbi hissə komandanlığı tərəfindən baxılmış, tabeliyində olduğu komandanlıq onun müraciətini şifahi qaydada cavablandıraraq müharibədən sonra Azərbaycan Ordusunda ixtisaslı zabit və həkim heyətinə tələbatı nəzərə alıb, onun ehtiyata buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını məqsədəuyğun hesab etmədiyini bildirmişdir. Nəticədə, İddiaçı müraciətinə baxılaraq raportu yazılı qaydada yox, şifahi qaydada cavablandırılmışdır. Eyni ilə, X4 Komandanına etdiyi yazılı müraciətinə də baxılmaqla Şəxsi Heyət üzrə müavin vəzifəsini icra edən şəxs tərəfindən müraciəti cavablandırılmışdır. Komandanlıq tərəfindən İddiaçı uzun müddət zabit kimi xidməti, şəxsi keyfiyyətləri, peşəkar bir həkim kimi xidmət dövründə əldə etdiyi bilik və bacarığı, "Vətən müharibəsi"ndən sonra ixtisaslı kadrlara olan ehtiyac nəzərə alınaraq onun ehtiyata buraxılması məqsədəuyğun hesab edilməmişdir. Yuxarıda qeyd olunanları və hazırda Azərbaycan Ordusunda kadr zabit heyətinə olan tələbatı nəzərə alaraq, məhkəmədən iddianın əsassız hesab edilərək rədd olunması xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 06 yanvar 2022ci il tarixli, 2-1(122)-6/2022 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 27 yanvar 2022-ci il tarixə təyin edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək 24 iyun 2011-ci il tarixdə tibb xidməti leytenantı hərbi rütbəsini alaraq N nömrəli hərbi hissənin motoatıcı taborunun tibb məntəqəsinin rəisi kimi fəaliyyətə başladığını, 13 noyabr 2017-ci il tarixdə N nömrəli hərbi hissənin travmatoloqu, ordinator vəzifəsində xidmət etdiyini, 01 yanvar 2016cı il tarixdən 01 yanvar 2021-ci il tarixə kimi, həmçinin 02 oktyabr 2018-ci il tarixdən 02 oktyabr 2019-cu il tarixədək Müdafiə Nazirliyinin göndərişi ilə Gülhanə Hərbi Tibb Akademiyasında “travmatologiya” kurslarında iştirak etdiyini, övladı X3 uzun müddətli və yüksək ixtisaslı mərkəzlərdə müalicə almasını tələb edən xəstəliyi olduğundan və 11 il zabit kimi xidmət etdiyindən ehtiyata buraxılmaq istədiyini bildirib, onun N iyul 2021-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan: - N nömrəli hərbi hissənin travmatologiya bölməsinin ordinatoru tibb xidmət kapitanı İddiaçı N nömrəli hərbi hissə komandirinə ünvanladığı N iyul 2021-ci il tarixli raportdan məlum olur ki, o, "Hərbi Xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən tibb xidmət kapitanı İddiaçı ünvanlanan 24 iyul 2021-ci il tarixli, 2869 nömrəli məktubdan məlum olur ki, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin başçılığı ilə 8 noyabr tarixini Zəfər Günü kimi qızıl hərflərlə tariximizə yazdı. Vətən müharibəsi başlandığı ilk gündən Azərbaycan Ordusunun hər bir hərbi qulluqçusu işğal altında olan torpaqlarımızın azadlığı və Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizədə hərbi anda sadiq qalaraq vəzifə borclarını layiqincə yerinə yetirmişdirlər. Bu müharibədə döyüş şücaəti göstərərək qəhrəmanlıq və Şəhidlik zirvəsinə ucalan hərbiçi yoldaşlarımız bizim hər birimizə bir örnəkdir. Xalqımız yaşadıqca onlar da qəlblərdə əbədi olaraq yaşayacaqlar. 44 günlük Vətən müharibəsindən sonra perspektivli peşəkar zabitlərə, xüsusən də tibb ixtisaslı zabitlərə ehtiyac yarandığından, komandanlıq 10 ildən artıq zabit kimi xidmətini, xidmət dövründə əldə etdiyi bilik və bacarığını nəzərə alıb, http://cms.justice.loc/Cases/Default.aspx?caseId=1621489İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağını deyil, xidməti davam etməyini məqsədəuyğun hesab etmişdir. - N nömrəli hərbi hissənin travmatologiya bölməsinin ordinatoru tibb xidmət kapitanı İddiaçı tərəfindən Azərbaycan Respublikası Müdafiə nazirinə və Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - X4 Komandanına ünvanlanmış 16 iyul 2021-ci il tarixli şikayət ərizəsinin məzmunundan aydın olur ki, o, N iyul 2021-ci il tarixli raportuna əsasən "Hərbi Xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Lakin raportu cavablandırılmamış və nəticəsiz qalmışdır. İddiaçı N iyul 2021-ci il tarixli raportuna əsasən "Hərbi Xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı üçün müvafiq göstəriş verilməsini xahiş etmişdir. - Bakı Şəhər Nəsimi Rayon Polis İdarəsi tərəfindən 23 iyun 2015-ci il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1988-ci il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında pasport qeydiyyatındadır. - İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış 02 oktyabr 2021-ci il tarixli ərizədən məlum olur ki, o, ehtiyata buraxılma istəyini övladı X1 ilə əlaqələndirir. Belə ki, oğlu 10 iyun 2016-cı il təvəllüdlü X5 "diqqətin çatışmamazlığının hiperaktiv pozuntusu, nitqin artikulyasiyanın spesifik pozuntuları" xəstəliklərindən əziyyət çəkir. O, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş və onun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2008-ci il 14 mart tarixli, 123 nömrəli əmri ilə qüvvəyə minmiş Təlimatın 158-ci maddəsinə əsasən “ixtisaslaşdırılmış tibb müəssisəsində uzunmüddətli (12 aydan çox) müalicəyə ehtiyacı var" qərarı verilmişdir. Hazırda xidmət etdiyi Naxçıvan Muxtar Respublikasında övladının müalicə alması üçün belə bir ixtisaslaşmış tibb müəssisəsi mövcud deyil. Yuxarıda göstərilənlərə əsasən onun ehtiyata buraxılmağı vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin iddiaçı ərizəsinə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 19487 nömrəli, 07 sentyabr 2021-ci il tarixli “Xəstəlik haqqında Şəhadətnamə”nin təsdiq edilmiş surətini, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X6 tərəfindən verilmiş 7218 nömrəli, 25 avqust 2021-ci il tarixli sağlamlıq haqqında arayışın təsdiqlənmiş surətini, “Nəfəs” Psixonevroloji Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 202 nömrəli, 07 avqust 2021-ci il tarixli xəstəlik haqqında arayışın surətini əlavə etmişdir. - Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsi tərəfindən 28 iyun 2011-ci il tarixdə verilmiş MN seriyalı, ******* nömrəli şəxsi vəsiqənin təsdiq olunmuş surətindən aydın olur ki, 20 mart 1998-ci il tarixdə Bakı şəhəri, Buzovna kəndində anadan olmuş http://cms.justice.loc/Cases/Default.aspx?caseId=1621489İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 24 iyun 2011-ci il tarixli, 0258 nömrəli əmri ilə 181-ci MABB-nın 1814-cü motoatıcı taborunun QB tibb məntəqəsinin rəisi vəzifəsinə təyin edilməklə tibb xidməti leytenantı hərbi rütbəsi, Azərbaycan Respublikası Müdafiə nazirinin Şəxsi Heyət üzrə müavini, Şəxsi Heyət Baş İdarəsi rəisinin 26 iyun 2014-cü il tarixli, 082 nömrəli əmri ilə tibb xidməti baş leytenantı hərbi rütbəsi, Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, X4 Komandanının 26 iyun 2018-ci il tarixli, 0172 nömrəli əmri ilə tibb xidməti kapitanı hərbi rütbəsi verilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən İddiaçı verilmiş 27 yanvar 2022-ci il tarixli, N nömrəli arayışdan məlum olur ki, o, həqiqətən 28 avqust 2009-cu il tarixdən Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdədir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hazırda tutduğu vəzifədən N iyul 2021-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etməklə məcburetmə haqqında iddia qaldırmışdır. Məhkəmə hesab edir ki, ilkin sübutetmə yükü qanunvericilikdə nəzərdə tutulmuş qaydada iddiaçının üzərinə düşür. İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən ehtiyata buraxılması tələbi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirir. Həmçinin bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlər mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir - 40.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. - 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. - 43.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdən buraxılmış hərbi qulluqçular (bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla), habelə həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş vətəndaşlar (xəstəliyə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilənlər istisna olmaqla) ehtiyata keçirilirlər. Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 52.1-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. - 52.5-ci maddəsinə əsasən inzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. - 66-cı maddəsinə əsasən maraqlı şəxsin ərizəsi üzrə bu Qanunun 52-ci maddəsində müəyyən edilmiş müddət ərzində inzibati orqan tərəfindən inzibati aktın qəbul olunmadığı hallarda maraqlı şəxs məhkəməyə müraciət edə bilər. Məhkəmə cavabdeh inzibati tərəfindən gətirilən arqumentləri araşdıraraq hesab edir ki, iddiaçının ehtiyata buraxılmasından imtina edilməsi üçün cavabdeh inzibati orqan tərəfindən gətirilən arqumentlər əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 10 ildən artıq müddətdə xidmət etdiyindən onun qanunvericilikdə nəzərdə tutulmuş qaydada öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılma hüququ vardır. Beləliklə, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən aydın olur ki, zabitin öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması üçün yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etməsi zəruri şərt kimi müəyyən edilmişdir. Məhkəmə http://cms.justice.loc/Cases/Default.aspx?caseId=1621489İddiaçı xidmət dövründə əldə etdiyi bilik və bacarığı, perspektivli peşəkar zabitlərə ehtiyac yaranması ilə bağlı cavabdeh orqan tərəfindən etirazda irəli sürülən arqumentlərə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, sadalanan hallara əsasən iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmasından imtina edilməsinin heç bir hüquqi əsası mövcud deyildir. Belə olan təqdirdə cavabdehin əsas gətirdiyi dəlillər iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılmasına maneə ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “onun N iyul 2021-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsinin cavabdehə həvalə olunması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4.1, 33.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı N iyul 2021-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə olunsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar