Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-6/2023 06.02.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X5, üçüncü şəxs X7 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Babək rayonu, Cəhri qəsəbəsində yerləşən Babək Rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1999-cu il tarixli, 99 nömrəli qərarı əsasında X7 və onun ailə üzvlərinin adına verilmiş JN-1074A nömrəli (kod: ********) 0.25 hektar ərazi barədə torpaq sahəsinə verilmiş qeydiyyatın ləğv edilməsi, 0.25 hektar ərazinin X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı vəkili və nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Babək rayonu, Cəhri qəsəbəsində yerləşən Babək Rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1999-cu il tarixli, 99 nömrəli qərarı əsasında X7 və onun ailə üzvlərinin adına verilmiş 2546.49 kv.m. və 3737.43 kv.m. olan iki həyətyanı torpaq sahəsindən faktiki olaraq X2 ailə üzvlərinin yaşadığı ərazi barədə torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında şəhadətnamənin ləğvi, həmin ərazinin və yaşayış evinin X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum Babək rayonu Cəhri kənd sakini X13 adına Babək Rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1999-cu il tarixli, 99 nömrəli qərarı əsasında Babək rayonu Cəhri qəsəbəsində 3740,8 kv.m. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, onun oğlu X7 adına ailə üzvləri ilə birlikdə (5 nəfər) 1505.11 kv.m. kənd təsərrüfatı təyinatlı, sahəsi 2546.49 kv.m. və 3737.43 kv.m. olan iki həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır. X2 adına Cəhri kəndində 1977-2000-ci illərə aid təsərrüfatbaşına kitabında 0.23 hektar həyətyanı torpaq sahəsinin qeydiyyata alınmasına baxmayaraq, Fitatın və onun ailə üzvlərinin yaşadığı ev və onun həyətyanı torpaq sahəsi Rusiya Respublikasının vətəndaşı X7 adına qeydiyyata alınmışdır. X13 və onun ailə üzvlərinin adına isə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır. X1 adına olan həyətyanı torpaq sahəsinin biri təsərrüfatbaşına kitabda X13 gəlini X8 adına qeydiyyata alınmışdır və onun həyat yoldaşı vəfat etməklə oğlu X21 təsərrüfatındadır. Haliyədə onlar həmin torpaq sahəsində yerləşən evdə yaşayırlar. X29 21 avqust 2020-ci il tarixdə vəfat etmişdir. Onun oğlu X14 01 noyabr 1989-cu il tarixdə faciəvi şəkildə həlak olmuşdur. X14 ilə X8 nikahları 19 mart 1987-ci il tarixdə Cəhri kənd İcra Nümayəndəliyində 32 nömrə ilə qeydə alınmışdır. X21 07 fevral 1988-ci il tarixdə RSFSR Çita vilayəti Krasnokamsk şəhərində anadan olmuş, haliyədə Babək rayonu, Cəhri kəndində yaşayır. Bununla bağlı olaraq, yəni X9 miras qalmış yaşayış evinin yerləşdiyi torpaq sahəsinə verilmiş şəhadətnamənin ləğvi və torpaq sahəsinin mərhumun və onun ailə üzvlərinin adına işlənməsi xahişi ilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə ünvanlanmış məktuba verilən 17 iyun 2022-ci il tarixli, 04/351 nömrəli cavabda hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edildiyindən aidiyyəti üzrə müraciət edilməsi tövsiyə edilmiş və tələb təmin edilməmişdir. İddiaçı bir sıra qanunvericilik aktlarına istinad edərək qeyd olunanlara əsasən məhkəmədən Babək rayonu, Cəhri qəsəbəsində yerləşən Babək Rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1999-cu il tarixli, 99 nömrəli qərarı əsasında X7 və onun ailə üzvlərinin adına verilmiş 2546.49 kv.m. və 3737.43 kv.m. olan iki həyətyanı torpaq sahəsindən faktiki olaraq X2 ailə üzvlərinin yaşadığı ərazi barədə torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında şəhadətnamənin ləğvi, həmin ərazinin və yaşayış evinin X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 03 avqust 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqan iddiaya dair 01 avqust 2022-ci il tarixli, 04/443 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, Cəhri kəndində torpaq islahatı aparılan zaman yerli aqrar islahat komissiyasının təqdim etdiyi torpaq istifadəçilərinin və torpaq payı almaq hüququ olan subyektlərin siyahısında və Xidmətin məlumat bazasında X13 adına hüquqi torpaq sahəsi qeyd edilməmiş və kəndin yerquruluşu planı tərtib olunarkən faktiki istifadəsində torpaq sahəsi uçota alınmamışdır. İddia edilən torpaq sahəsi Babək Rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1999-cu il tarixli, 99 nömrəli qərarı ilə X22 və ailə üzvlərinin adına qeydiyyata alınmışdır. İddiaçının vəkili Vəkil 20 may 2022-ci il tarixdə Xidmətə müraciət edərək Babək rayon Cəhri qəsəbəsində yerləşən, Babək Rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1999-cu il tarixli, 99 nömrəli qərarı ilə X22 və ailə üzvlərinin adına qeydiyyata alınan 2546,49 m2 və 3737,49 m2 həyətyanı torpaq sahələrinin X2 adına qeydiyyata alınmasını xahiş etmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edildiyindən ona aidiyyəti üzrə müraciət etməsi tövsiyə olunmuşdur. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2- 1(122)-179/2022 nömrəli qərardadı ilə X22 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2- 1(122)-179/2022 nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək “Babək rayonu, Cəhri qəsəbəsində yerləşən Babək Rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1999-cu il tarixli, 99 nömrəli qərarı əsasında X7 və onun ailə üzvlərinin adına verilmiş JN-1074A nömrəli (kod: ********) 0.25 hektar ərazi barədə torpaq sahəsinə verilmiş qeydiyyatın ləğv edilməsi, 0.25 hektar ərazinin X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi kimi icraata qəbul edilmiş və cavabdehə 08 dekabr 2022-ci il tarixli, 2-1(122)-179/2022 nömrəli sərəncam göndərilərək dəyişdirilmiş iddia tələbinə münasibət bildirilməsi tələb olunmuşdur. Cavabdehin dəyişdirilmiş iddiaya qarşı yazılı münasibəti (etirazı) 21 dekabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqan dəyişdirilmiş iddiaya dair 20 dekabr 2022-ci il tarixli, 04/740 nömrəli eyni məzmunlu yazılı münasibətini məhkəməyə ünvanlamışdır. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 13 yanvar 2023cü il tarixli, 2-1(122)-06/2023 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 06 fevral 2023-cü il tarixə təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək Babək rayonu, Cəhri qəsəbəsində yerləşən 0.25 hektar ərazinin Babək Rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1999-cu il tarixli, 99 nömrəli qərarı əsasında səhvən X7 və onun ailə üzvlərinin adına verildiyini, buna görə də həmin torpaq sahəsinə münasibətdə qeydiyyatın ləğv edilməli olduğunu, torpaq sahəsinin mərhum X6nın adına işlənilməli olduğunu, bundan sonra vərəsəlik əsasında mərhum anasının mülkiyyətinin övladları arasında bölüşdürüləcəyini bildirərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X15 cavabdeh inzibati orqan tərəfindən məhkəməyə ünvanlanan iddiaya qarşı yazılı münasibətə uyğun izahat verərək, Babək rayonu, Cəhri qəsəbəsində yerləşən JN-1074A nömrəli (kod: ********) 0.25 hektar ərazinin texniki səhvlik nəticəsində X7 və onun ailə üzvlərinin adına işlənildiyini, torpaq islahatının aparılması ilə əlaqədar icra nümayəndəliyinin yerli aqrar islahat komissiyasına təqdim etdiyi torpaq almaq hüququ olan subyektlərin adlı siyahısında X13 adının göstərildiyini, islahat zamanı hansı səbəbdən onun adına həyətyanı torpaq sahəsinin işlənilməməsinin məlum olmadığını, X13 yaşamış olduğu və hazırda ailə üzvlərinin yaşadığı mübahisəli torpaq sahəsinin hansı əsasla X7 adına işlənilməsi barədə hər hansı sübutun olmadığını bildirərək, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X4 rayonu, Cəhri qəsəbəsində yerləşən JN- 1074A nömrəli (kod: ********) 0.25 hektar ərazinin hansı əsasla onun adına işlənilməsinin ona məlum olmadığını, uzun illərdə ölkə xaricində yaşadığını, onun adına işlənmiş mübahisəli torpaq sahəsi barədə qeydiyyatın ləğv edilərək mərhum X6nın adına qeydiyyata alınmasına onun da hər hansı etirazının olmadığını, vərəsəlik əsasında özünə çatası payı alacağını bildirərək, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına cavabdehin məktublarını, arxiv arayışını, icra nümayəndəliyinin arayışlarını, ölüm və doğum haqqında şəhadətnamələrin surətlərini, doğum və ölüm akt qeydindən çıxarışları, şəxsiyyət vəsiqəsinin surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırki tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Həmçinin iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddia mümkünlük iddia olmaqla yanaşı, mahiyyəti baxımından da əsaslıdır. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Vəkil ünvanlanan 17 iyun 2022-ci il tarixli, 04/351 nömrəli cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya qarşı yazılı münasibət ilə eyni məzmunlu məktubdan görünür ki, aidiyyəti üzrə müraciət edilməsi tövsiyə olunmuşdur. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Vəkil ünvanlanan 16 fevral 2022-ci il tarixli, 04/77 nömrəli məktubdan görünür ki, X13 adına Babək Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 99 nömrəli qərarı əsasında Babək rayon Cəhri qəsəbəsində 3740,8 m2 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, X7 adına ailə üzvləri ilə birlikdə (5 nəfər) 1605,11 m2 kənd təsərrüfatı təyinatlı, sahəsi 2546,49 m2 və 3737,43 m2 olan iki həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır. - Babək Rayon Dövlət Arxivi tərəfindən mərhum X23 verilmiş 11 yanvar 2022-ci il tarixli, 07 nömrəli arayışdan görünür ki, Babək Rayon Dövlət Arxivində mühafizə olunan Cəhri qəsəbəsinin 1977-2000-ci illərə dair təsərrüfatbaşına kitablarına baxdıqda X2 adına 0,23 ha torpaq sahəsi olmasının qeyd edildiyi məlum olmuşdur. - Babək Rayon İcra Hakimiyyətinin Cəhri Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 09 fevral 2022-ci il tarixli, 08 nömrəli arayışdan görünür ki, Babək rayonu, Cəhri Qəsəbəsində yaşayan və qeydiyyatda olan X16 məxsus olan təsərrüfatda X21-xx.xx.1988 (oğlu) vardır. - Babək Rayon İcra Hakimiyyətinin Cəhri Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 09 fevral 2022-ci il tarixli, 09 nömrəli arayışdan görünür ki, Babək rayonu, Cəhri Qəsəbəsində qeydiyyatda olan X22 uzun müddətdir ailəliklə ərazidə yaşamırlar və onun təsərrüfatında aşağıda adları göstərilən ailə üzvləri qeydiyyatdadırlar: 1. X24-həyat yoldaşı; 2. X25-oğlu-xx.xx.1986; 3. X26-oğlu-xx.xx.1988;
4. X27-oğlu-xx.xx.1990. - 21 avqust 2020-ci il tarixli, İV-YR 539103 nömrəli ölüm haqqında şəhadətnamənin rus dilindən Azərbaycan dilinə tərcümə edilmiş surətindən görünür ki, 01 iyul 1938-ci ildə doğulmuş X29 21 avqust 2020-ci ildə, saat 05:30-da Rusiya Federasiyası, Samara vilayəti, Tolyatti şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə ********************1 saylı qeydiyyat aparılmışdır. - 03 mart 1988-ci il tarixli, İİİ-СП 353735 nömrəli doğum haqqında şəhadətnamənin rus dilindən Azərbaycan dilinə tərcümə edilmiş surətindən görünür ki, X21 07 fevral 1988ci ildə RSFSR, Çita vilayəti, Krasnokamsk şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydiyyatı kitabında 1988-ci ilin mart ayının 03-də 201 nömrəli qeyd aparılmışdır. X3, anası X10, valideynlərinin milliyyəti azərbaycanlı olaraq göstərilmişdir. - 28 mart 2022-ci il tarixli, İV-JQ 333909 nömrəli nikah akt qeydindən çıxarışdan görünür ki, Babək rayonu, Cəhri KİN nikah kitabının 32-ci səhifəsindən xx.xx.1987-ci il tarixli səhifəsindən görünür ki, X14 ilə X28 nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra qadına İsmayılova soyadı verilmişdir. - 07 fevral 2022-ci il tarixli, 424933 nömrəli doğum akt qeydindən çıxarışdan görünür ki, X36 rayonu, Cəhri kəndində xx xxxxxxxx 1957-ci ildə anadan olmuşdur. Bu barədə doğum kitabında xx.xx.1957-ci ildə 148-ci səhifəsində qeydiyyat aparılmışdır. X6, anasının milliyyəti azərbaycanlı olaraq göstərilmişdir. - AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1957-ci il tarixdə Naxçıvan rayonu, Cəhri kəndində doğulmuş və ünvan 4 ünvanında yaşayır. İş materiallarına əlavə olunmuş: - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 12 oktyabr 2022-ci il tarixli, 04/586 nömrəli məktubdan görünür ki, X7 və onun ailə üzvlərinin adına verilmiş JN-1074A və JN-1074B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələrin surəti məhkəməyə göndərilmiş və X13 ailə üzvlərinin iddia etdikləri yaşayış evinin sahəsi 2546,49 m2 olan JN- 1074A nömrəli torpaq sahəsinin üzərində yerləşdiyi qeyd edilmişdir. JN-1074A nömrəli şəhadətnamədən görünür ki, X11, X12, X17, X18 və X19 Babək Rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1999-cu il tarixli, 99 nömrəli qərarına əsasən Babək rayonu, Cəhri kəndində 0.25 hektar, JN-1074B nömrəli şəhadətnamə ilə isə 0.37 hektar torpaq sahəsi verilmişdir. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 29 noyabr 2022-ci il tarixli, 06/680 nömrəli məktubdan görünür ki, Cəhri kəndində torpaq islahatı aparılan zaman yerli aqrar islahat komissiyasının təqdim etdiyi torpaq istifadəçilərinin və torpaq payı almaq hüququ olan subyektlərin siyahısında və Xidmətin məlumat bazasında X13 adına hüquqi torpaq sahəsi qeyd edilməmiş və kəndin yerquruluşu planı tərtib olunarkən faktiki istifadəsində torpaq sahəsi uçota alınmamışdır. İddia edilən torpaq sahəsi Babək Rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1999-cu il tarixli, 99 nömrəli qərarına əsasən JN-1074A və JN- 1074B nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə ilə X22 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. - 05 noyabr 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İnzibati Məhkəmənin göstərişi əsasında Babək rayon Cəhri kəndində iddiaçının yaşadığı torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki iddiaçının yaşadığı ev 1074A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamədə olan torpaq sahəsində yerləşir. Torpaq sahəsi 2547 m2, üzərindəki yaşayış sahəsi isə 207 m2 təşkil edir. Həmin torpaq sahəsinin plan və ölçüsü məktuba əlavə edilmişdir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 06 yanvar 2023-cü il tarixli, 06-01/33 nömrəli məktubdan görünür ki, Naxçıvan Muxtar Respublikası, Babək rayon Cəhri kəndində anadan olmuş xx.xx.1968-ci il təvəllüdlü X7 “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olduğu və müxtəlif dövrlərdə ona 00352441 və 15405626 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinin, həmçinin XP0643048, P1925781 və C01387328 nömrəli Azərbaycan Respublikasının ümumvətəndaş pasportlarının verildiyi müəyyən edilmişdir. - Babək Rayon Dövlət Arxivi tərəfindən verilmiş 02 sentyabr 2022-ci il tarixli, 15 nömrəli arxiv arayışından görünür ki, Babək Rayon Dövlət Arxivində mühafizə olunan Cəhri qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 1991-2000-ci illərə dair təsərrüfatbaşına kitablarına baxdıqda X2 adına 0,23 ha torpaq sahəsi və evin ümumi sahəsi 48 m2 olan, o cümlədən yaşayış sahəsi 1991-1995-ci illərdə 32 m2 və 1996-2000-ci illərdə 24 m2 yaşayış evi olması haqqında qeyd edildiyi məlum olmuşdur. Eyni məzmunlu 28 noyabr 2022-ci il tarixli, 20 nömrəli arxiv arayışının qeyd hissəsində Cəhri qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 2001-2005-ci illərə dair təsərrüfatbaşına kitablarında X2 ailə üzvləri haqqında heç bir məlumata rast gəlinmədiyi qeyd olunmuşdur. - Babək Rayon Dövlət Arxivi tərəfindən verilmiş 02 sentyabr 2022-ci il tarixli, 16 nömrəli arxiv arayışından görünür ki, Babək Rayon Dövlət Arxivində mühafizə olunan Cəhri qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 1991-2000-ci illərə dair təsərrüfatbaşına kitablarına baxdıqda X7 adına 0,06 ha torpaq sahəsinin qeyd edildiyi müəyyən olunmuşdur. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 11 yanvar 2023-cü il tarixli, 04/17 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş Babək Rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1999-cu il tarixli, 99 nömrəli qərarının surətindən və torpaq islahatının aparılması ilə əlaqədar icra nümayəndəliyinin yerli aqrar islahat komissiyasına təqdim etdiyi torpaq almaq hüququ olan subyektlərin adlı siyahısından çıxarışdan görünür ki, siyahının 3786-cı sırasında X13 adı göstərilərək 1 nəfər ailə üzvünə görə 1007 təsərrüfat nömrəsi ilə 0.23 ha torpaq sahəsi, 4200-cü sırada isə X22 ailə başçısı olaraq göstərilməklə 5 nəfər ailə üzvünə görə 1075, 1074, 1418 təsərrüfat nömrəli 0.25=0.19 və 0.37 ha torpaq sahəsi nəzərdə tutulmuşdur. - 14 dekabr 1988-ci il tarixli, XİV-ЖГ 256880 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X30 xx xxxxxxxx 1957-ci ildə Naxçıvan rayonu, Cəhri kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1957-ci ilin oktyabr ayının 15-ci günündə 148 nömrə ilə qeyd edilmişdir. X6, anasının milliyyəti azərbaycanlı olaraq göstərilmişdir. - 05 may 1994-cü il tarixli, V-ЖГ 418926 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X37 ilə X30 05 may 1994-cü ildə nikahlarını bağlamışlar. Bu barədə 1994-cü ilin may ayının 05-ci günündə 184 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra qadına Məmmədova soyadı verilmişdir. Beləliklə, iddia ərizəsinin məzmunundan, iddiaçının, onun vəkili və nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatlardan aydın olur ki, iddiaçı tərəf Babək Rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1999-cu il tarixli, 99 nömrəli qərarı əsasında X23 həyətyanı torpaq sahəsinin verilmədiyinə istinad edərək, həmin qərar əsasında X13 yaşamış olduğu və hazırda ailə üzvlərinin yaşadığı torpaq sahəsinin səhvən X7 adına işləndiyini, buna görə də bu cür texniki səhvliyin aradan qaldırılmalı olduğunu bildirərək, həmin torpaq sahəsinin X13 adına işlənilməsini tələb edirlər. Cavabdeh inzibati orqan isə öz imtinasının onunla əsaslandırır ki, X13 ailə üzvlərinin yaşadığı torpaq sahəsinin hansı əsasla X7 adına işlənilməsi barədə onlarda hər hansı məlumat yoxdur və aqrar islahat aparılan zaman təsərrüfatbaşına kitablarda qeyd edilsə də, X23 həyətyanı torpaq sahəsi verilməmişdir. Hazırkı inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X22 mübahisəli torpaq sahəsinin hansı əsasla onun adına işlənilməsinin ona məlum olmadığını bildirərək, qeydiyyatın ləğv edilərək, X2 adına işlənilməsinə etiraz etmədiyini bildirərək, iddianın təmin olunmasına etiraz etmir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında İPM-in 68.1-ci maddəsinə əsasən sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunsuzdur. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti baxımından da əsaslıdır. Bu səbəbdən də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. -146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 154.1-ci maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 8.0.9-cı maddəsinin tələblərinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 8.0.10 maddəsinin tələblərinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. - 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. - 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını hazırkı işin hallarına tətbiq edərək qeyd edir ki, hazırkı iş üzrə mübahisə doğuran məsələ Babək Rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1999-cu il tarixli, 99 nömrəli qərarı əsasında JN-1074A nömrəli şəhadətnamə ilə X7 və onun ailə üzvlərinin adına işlənmiş 0.25 hektar torpaq sahəsi ilə bağlıdır. Belə ki, Babək rayonunda aqrar islahat aparılmadan əvvəl və bundan sonra təsərrüfatbaşına kitablarda X13 adına 0.23 hektar torpaq sahəsinin olduğu qeyd edilmişdir. Həmçinin torpaq islahatının aparılması ilə əlaqədar icra nümayəndəliyinin yerli aqrar islahat komissiyasına təqdim etdiyi torpaq almaq hüququ olan subyektlərin adlı siyahısında 3786-cı sırada X13 adına 0.23 hektar torpaq sahəsi qeyd edilmişdir. Lakin sonradan torpaq islahatı aparılarkən cavabdeh inzibati orqanın nümayəndəsinin də bildirdiyi kimi, X13 adına həyətyanı torpaq sahəsi qeyd edilməmişdir. Bu hal isə iddiaçının mərhum X6nın hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasına səbəb olmuşdur. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş məktublarda və nümayəndəsinin ilkin olaraq məhkəmə iclaslarında verdiyi izahatlarda aqrar islahat aparılarkən torpaq payı almaq hüququ olan şəxslərin siyahısında X13 adının qeyd edilmədiyini bildirsə də, sonradan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin müvafiq məktubu ilə məhkəməyə göndərilmiş aqrar islahat aparılarkən torpaq payı almaq hüququ olan şəxslərin siyahısında X13 adının qeyd edildiyi öz əksini tapmışdır. X13 torpaq payı almaq hüququ olan şəxslərin siyahısında adının göstərilməsinə baxmayaraq, ona torpaq sahəsinin ayrılmaması mübahisəli olaraq qalmaqdadır. Hazırkı işin hallarına əsasən üçüncü şəxs qismində cəlb edilmiş X11 münasibətdə isə qeyd edilməlidir ki, torpaq islahatının aparılması ilə əlaqədar icra nümayəndəliyinin yerli aqrar islahat komissiyasına təqdim etdiyi torpaq almaq hüququ olan subyektlərin adlı siyahısında 4200-cü sırada X20 adına 0.25 və 0.37 hektar torpaq sahələri qeyd edilmişdir. Ümumilikdə siyahıya nəzər saldıqda hər bir torpaq payı almaq hüququ olan şəxsin adına 1 həyətyanı torpaq sahəsi qeyd edilsə də, X7 və onun ailə üzvlərinin adına hansı əsasla 2 həyətyanı torpaq sahəsinin yazılması və bunun əsasında da 1074A və 1074B nömrəli şəhadətnamələr əsasında 0.25 və 0.37 hektar torpaq sahəsinin verilməsi məlum deyil. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin müvafiq məktublarından da aydın olur ki, 1074A nömrəli şəhadətnamə əsasında üçüncü şəxs X7 adına işlənmiş 0.25 hektar torpaq sahəsi faktiki olaraq X13 ailə üzvlərinin istifadəsindədir. Bu hal isə X13 adına işlənilməli olan 0.23 hektar torpaq sahəsinin səhvən X7 adına işlənildiyini demək üçün əsas verir. Buna görə də, hazırkı vəziyyətdə məhkəmə hesab edir ki, iddiaçının tələbi cavabdeh inzibati orqan tərəfindən icra edilməlidir. İnzibati məhkəmə icraatı qaydasında baxılan mübahisələrdə əsas məsələ məhkəmə tərəfindən cavabdehin hərəkət və ya hərəkətsizliyinin qanunvericiliyin tələblərinə uyğun olub-olmadığını yoxlamaqdan ibarətdir. Məhkəmə hazırkı iş üzrə cavabdehin imtinasına hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbindən imtina edilməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, mübahisəli torpaq sahəsi texniki səhvlik nəticəsində üçüncü şəxs X7 adına qeydiyyata alındığından və bu hal iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasına səbəb olduğundan 1074A nömrəli şəhadətnamə əsasında üçüncü şəxs X7 və onun ailə üzvlərinin adına aparılmış 0.25 hektar torpaq sahəsinə münasibətdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilməli və həmin torpaq sahəsi X13 adına qeydiyyata alınmalıdır. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı onun tələb etdiyi öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Buna görə də onun tələbi cavabdeh inzibati orqan tərəfindən icra edilməlidir. Beləliklə, məhkəmə yuxarıda şərh olunanları nəzərə alaraq qeyd edir ki, iddia tələbi təmin edilməli və Babək rayonu, Cəhri qəsəbəsində yerləşən Babək Rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1999-cu il tarixli, 99 nömrəli qərarı əsasında X7 və onun ailə üzvlərinin adına verilmiş JN-1074A nömrəli (kod: ********) 0.25 hektar ərazi barədə torpaq sahəsinə verilmiş qeydiyyatın ləğv edilməsi, 0.25 hektar ərazinin X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. - 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. - 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilir. Babək rayonu, Cəhri qəsəbəsində yerləşən Babək Rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1999-cu il tarixli, 99 nömrəli qərarı əsasında X7 və onun ailə üzvlərinin adına verilmiş JN-1074A nömrəli (kod: ********) 0.25 hektar ərazi barədə torpaq sahəsinə verilmiş qeydiyyatın ləğv edilməsi, 0.25 hektar ərazinin X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
SƏDRLİK EDƏN: HİCRAN MURADOV