Məhkəmə qərarları › İş №2-1(122)-60/2022

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-60/2022

04.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-60/2022 04.04.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və iddiaçının vəkili Vəkil iştirakları ilə, cavabdeh Culfa Rayon Polis Şöbəsinin nümayəndəsinin və üçüncü şəxs X5 iştirakları olmadan, İddiaçı cavabdeh Culfa Rayon Polis Şöbəsinə qarşı “X5 İddiaçı mülkiyyətində olan Culfa şəhəri, M.Əsgərov küçəsində 600.0 kv.m. torpaq sahəsində yerləşən 67 nömrəli fərdi yaşayış evinin pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X5 İddiaçı mülkiyyətində olan Culfa şəhəri, M.Əsgərov küçəsində 600.0 kv.m. torpaq sahəsində yerləşən 67 nömrəli fərdi yaşayış evinin pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdeh Culfa Rayon Polis Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Culfa şəhəri, M.Əsgərov küçəsində 600.0 kv.m. torpaq sahəsində yerləşən 67 nömrəli fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Bu hüququnun qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ona çıxarış verilmişdir. Həmin mənzildə sabiq gəlini X8 pasport qeydiyyatında durur. İddiaçı qeyd edir ki, X8 ilə oğlu X14 2012-ci ildə nikah qeydiyyatından keçməklə ailə qurmuşdurlar. Aralarındakı nikah Culfa Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(089)-148/2021 saylı qətnaməsi əsasında pozulmuşdur. İddiaçı bildirir ki, sabiq gəlini X8 oğlu X9 boşanmamışdan əvvəl Bakı şəhərinə köçüb, orada atasının yanında yaşamışdır. Sifariş edilməsinə baxmayaraq, ona məxsus mənzilin qeydiyyatından çıxmamışdır. X5 onun mülkiyyətində olan Culfa şəhəri, M.Əsgərov küçəsində 600.0 kv.m. torpaq sahəsində yerləşən 67 nömrəli fərdi yaşayış evinin qeydiyyatından çıxarılması üçün Culfa Rayon Polis Şöbəsinə müraciət etmiş, müvafiq müraciətinin həyata keçirilməsindən imtina olunmuşdur. İddiaçı qeyd olunanlara əsasən məhkəmədən X5 İddiaçı mülkiyyətində olan Culfa şəhəri, M.Əsgərov küçəsində 600.0 kv.m. torpaq sahəsində yerləşən 67 nömrəli fərdi yaşayış evinin pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdeh Culfa Rayon Polis Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri sərəncamla cavabdeh Culfa Rayon Polis Şöbəsinə göndərilmişdir. Cavabdeh Culfa Rayon Polis Şöbəsi iddiaya dair 17 mart 2022-ci il tarixli, 7/372 nömrəli məktubla məhkəməyə ünvanlanan yazılı münasibətini onunla əsaslandırmışdır ki, X5 ünvan 1 ünvanının qeydiyyatından çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş əsaslara uyğun olmadığından İddiaçı ərizəsi icra edilə bilməz. Məhkəmənin 23 fevral 2022-ci il tarixli, 2-1(122)-60/2022 nömrəli qərardadı ilə X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 14 mart 2022-ci il tarixli, 2-1(122)-60/2022 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 04 aprel 2022-ci il tarixə təyin edilmişdir. Cavabdeh Culfa Rayon Polis Şöbəsi məhkəməyə 17 mart 2022-ci il tarixli, 7/372 nömrəli məktub göndərərək 04 aprel 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasının onların iştirakı olmadan keçirilib müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X8 məhkəməyə 29 mart 2022-ci il tarixli, AZ1048/********** nömrəli teleqram göndərərək hazırda Bakı şəhərində olduğuna görə 04 aprel 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilmədiyi üçün onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən X5 İddiaçı mülkiyyətində olan Culfa şəhəri, M.Əsgərov küçəsində 600.0 kv.m. torpaq sahəsində yerləşən 67 nömrəli fərdi yaşayış evinin pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdeh Culfa Rayon Polis Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və iddiaçının vəkilinin izahatlarını dinləyib, məhkəmədə tədqiq edilən sübutlara hüquqi qiymət verərək aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarında olan: - Culfa Rayon Polis Şöbəsinin Culfa rayonu, Camaldın kəndində qeydiyyatda olan İddiaçı ünvanladığı 13 yanvar 2022-ci il tarixli, 7/21-N-2 nömrəli məktubdan görünür ki, X5 ünvan 1 ünvanının pasport qeydiyyatından çıxarılması tələbindən imtina edilmişdir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 17 avqust 2007-ci il tarixli, MH seriyalı, ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən məlum olur ki, Culfa şəhəri, M.Əsgərov küçəsində mülkiyyətində olan 600.0 kv.m. torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 44.0 kv.m. yaşayış, 44.0 kv.m. köməkçi sahədən ibarət 67 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 1425 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Culfa Rayon İcra Hakimiyyətinin Camaldın kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 18 yanvar 2022-ci il tarixli, 24 nömrəli arayışdan məlum olur ki, İddiaçı Culfa rayonu, Camaldın kəndində pasport qeydiyyatında durur, Camaldın kəndində yaşayır. - Culfa Rayon İcra Hakimiyyətinin Culfa şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 21 yanvar 2022-ci il tarixli, 93 nömrəli arayışdan məlum olur ki, X1 şəhəri, M.Əsgərov küçəsi, ev 67 ünvanında pasport qeydiyyatındadır. Halhazırda Culfa şəhərində yaşamır. - Culfa Rayon Polis Şöbəsi tərəfindən 03 fevral 2014-cü il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx xxxxxx 1963-cü il tarixdə Naxçıvan Muxtar Respublikası, Culfa şəhərində doğulmuş İddiaçı Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Camaldın kəndində pasport qeydiyyatındadır. - 11 fevral 1986-cı il tarixli, Xİ-ЖГ seriyalı, 290262 nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X14 15 yanvar 1986-cı ildə Culfa rayonu, Camaldın kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 11 fevral 1986-ci il tarixdə 4 nömrə ilə qeydiyyat aparılmışdır. - Culfa Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(089)-148/2021 nömrəli qətnaməsindən aydın olur ki, X8 və X14 arasında 10 sentyabr 2012-ci il tarixdə Culfa Rayon İcra Hakimiyyətinin Camaldın kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində bağlanmış, həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 08 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. - Üçüncü şəxs X8 tərəfindən məhkəməyə ünvanlanmış 09 mart 2022-ci il tarixli iddia tələbinə etiraz məktubundan aydın olur ki, üçüncü şəxs iddia tələbini qeyri-qanuni və əsassız hesab edərək aşağıdakı faktlara əsasən iddianın rədd olunmağını istəyir. O, iddiaçının oğlu X14 ilə 10 sentyabr 2012-ci ildə rəsmi nikaha daxil olmuş və birgə nikahdan iki övladı anadan olmuşdur. Rəsmi nikaha daxil olduqdan sonra iddiaçının razılığı ilə daimi yaşamaq üçün mübahisəli yaşayış sahəsinə bir ailə üzvü kimi köçmüş və qanunvericiliyin tələbinə riayət edilməklə qeydiyyata düşmüşdür. Üçüncü şəxs hesab edir ki, belə halda iddiaçı cavabdehə qarşı hazırkı iddia tələbi ilə inzibati məhkəməyə deyil, mülki məhkəməyə müraciət etməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2ci maddəsində göstərilir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Üçüncü şəxs qeyd edir ki, iddiaçı məhkəmə qaydasında bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə onun mübahisəli yaşayış sahəsində hüquqlarına xitam verilməsi barədə mülki məhkəməyə iddia tələbi ilə müraciət edə bilərdi. X8 hal-hazırda müvəqqəti olaraq valideynlərinin yanına, Bakı şəhərinə getdiyini və bayramı burada keçirdikdən sonra Naxçıvana, qeydiyyatda olduğu ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə qayıdacağını bildirərək hal-hazırda müvəqqəti Bakı şəhərində olduğu üçün məhkəmə proseslərində iştirak edə bilmədiyindən işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Yuxarıda qeyd olunanlara əsasən üçüncü şəxs iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. - Culfa Rayon Polis Şöbəsi tərəfindən 08 avqust 2016-cı il tarixdə verilmiş AZE seriyalı, 10578428 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 17 iyun 2013-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Culfa şəhərində doğulmuş X3 rayonu, Camaldın kəndində pasport qeydiyyatındadır. - Culfa Rayon Polis Şöbəsi tərəfindən 11 avqust 2016-cı il tarixdə verilmiş AZE seriyalı, 10578429 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 23 dekabr 2015-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Culfa şəhərində doğulmuş X2 rayonu, Camaldın kəndində pasport qeydiyyatındadır. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, mübahisənin həllində tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin yuxarıda şərh olunan faktiki hallarından müəyyən olunur ki, həmin ev İddiaçı xüsusi mülkiyyətindədir. Üçüncü şəxs özünə ayrı yaşayış yeri seçdiyinə görə onun həmin evin pasport qeydiyyatında olması formal xarakter daşıyır və bu da mülkiyyətçi İddiaçı öz mülkiyyəti barəsində sərbəst surətdə sərəncam vermək hüququnu məhdudlaşdırır. Yeni yaşayış yeri haqqında qeydiyyat orqanlarının məlumatlandırılması üçüncü şəxs X5 həm hüququ, həm də vəzifəsidir. Məhkəmə belə qənaətə gəlir ki, üçüncü şəxs X5 yeni yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı hərəkətsizliyi İddiaçı mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd edilmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1-ci və 6.1.4-cü maddələrinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda - müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında. Hazırkı mübahisədə, həqiqətən, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyil. Lakin həmin Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına maneə olmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Qeyd olunan Qərarla müəyyən olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1996-cı il tarixli, 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində, 9-cu maddəsinin birinci hissəsinin birinci abzasında və 1-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifat”ına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. Məhkəmə işin faktiki hallarını nəzərə alıb, maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Məhkəmənin qənaətinə görə üçüncü şəxs X5 iddiaçıya məxsus evin qeydiyyatından çıxarılmaması qanunazidd və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Culfa Rayon Polis Şöbəsinə qarşı “X5 İddiaçı mülkiyyətində olan Culfa şəhəri, M.Əsgərov küçəsində 600.0 kv.m. torpaq sahəsində yerləşən 67 nömrəli fərdi yaşayış evinin pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4, 34.1, 58.7, 68, 69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X5 İddiaçı mülkiyyətində olan Culfa şəhəri, M.Əsgərov küçəsində 600.0 kv.m. torpaq sahəsində yerləşən 67 nömrəli fərdi yaşayış evinin pasport qeydiyyatından çıxarılması öhdəliyi cavabdeh Culfa Rayon Polis Şöbəsinin üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar