Məhkəmə qərarları › İş №2-1(122)-60/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-60/2023

24.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-60/2023 24.06.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X4 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “İddiaçı (şəxsiyyət vəsiqəsi: AA*******) giriş-çıxış və qeydiyyat idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində sərhədkeçməyə məhdudiyyət siyahısında aktiv statusunun dəyişdirilərək ölkədən gedişinə qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı barəsində Azərbaycan Respublikasına gedib-gəlməyə icazə verilməməsi hərəkətlərinin qanunsuz hesab edilməsi və ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1980-ci il tarixdə Sədərək rayonu, Sədərək kəndində anadan olmuşdur. 26 iyun 2022-ci il tarixdə Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasına keçərkən Sədərək gömrük məntəqəsində onu saxlayaraq X2 gətirmişdirlər. Orada iddiaçıya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən saxla əmri verildiyini bildirmişdirlər. Onu bir neçə saat Polis şöbəsində saxlamış və barəsində heç bir həbs qərarı və s. olmadığından onu azad buraxmışdırlar. xx.xx.2022-ci ildə o, Naxçıvandan Türkiyə Respublikasına təyyarə ilə uçmaq istəyərkən onu xaricə buraxmayaraq, xaricə buraxılmağına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən qadağa qoyulduğunu bildirmişdirlər. Buna görə də iddiaçı DİN-in 102 xidmətizəng mərkəzinə zəng edərək bu barədə ona məlumat verilməsini xahiş etmişdir. Çox keçmədən Azərbaycan Respublikası DİN-in BMCMİ-dən rəsmi məktub almışdır. Bu məktubda ona bildirilmişdir ki, Azərbaycan Respublikası DİN-in BMCMİ-də ərizəsinə baxılmış və ona heç bir məhdudiyyət olmadığı bildirilmişdir. Bundan sonra iddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə məktubla müraciət etmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin xx.xx.2022-ci il tarixli, 33/311/Ə- 1051 nömrəli rəsmi məktubla bildirilmişdir ki, ona DİN tərəfindən məhdudiyyət qoyulmuşdur. Bu barədə o, dəfələrlə rəsmi olaraq DİN-ə müraciət etsə də, bu günə qədər heç bir cavab verilməmişdir. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsinə dair Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət etsə də, xx.xx.2022-ci il tarixli, 2-1(112)-12820/2022 nömrəli qərardadla aidiyyəti üzrə Naxçıvan MR İnzibati Məhkəməsinə verilməsi göstərilmişdir. Ona görə də aidiyyəti üzrə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı yuxarıda göstərilənləri rəhbər tutaraq, məhkəmədən Cavabdeh İddiaçı barəsində Azərbaycan Respublikasına gedib-gəlməyə icazə verilməməsi hərəkətlərinin qanunsuz hesab edilməsi və ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. 09 yanvar 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında İddiaçı Cavabdehnə qarşı iddia tələbini dəqiqləşdirərək hazırki iddia tələbinin “İddiaçı (şəxsiyyət vəsiqəsi: AA*******) giriş-çıxış və qeydiyyat idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində sərhədkeçməyə məhdudiyyət siyahısında aktiv statusunun dəyişdirilərək ölkədən gedişinə qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” olduğunu bildirib, həmin tələb üzrə işə baxılmasını xahiş edərək bu barədə yazdığı 09 yanvar 2023-cü il tarixli ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmənin 09 yanvar 2023-cü il tarixli, 2-1(122)-60/2023 nömrəli qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmiş, yenidən sərəncam qəbul edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət bildirilməsi tələb olunmuşdur. Lakin Cavabdeh iddiaya dair yazılı münasibəti (etiraz məktubu) məhkəməyə təqdim edilməmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 24 iyun 2023-cü il tarixə təyin olunmuşdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tərəflərin izahatı: İddiaçı iddia ərzəsində qeyd olunanlara uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 04 avqust 2022-ci il tarixli, 007-10042-1222 nömrəli, 01 oktyabr 2022ci il tarixli, 007-12594-12 nömrəli, 07 oktyabr 2022-ci il tarixli, 007-68708Ə-32 nömrəli məktublarından görünür ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi tərəfindən İddiaçı ölkədən çıxışına əsassız olaraq məhdudiyyət tətbiq edilməsi ilə bağlı DİN-in «102» Xidməti-Zəng mərkəzi sistemindən daxil olmuş müraciətə BMCMİ-də baxılmışdır. Müraciətdə göstərilən xüsusatlar yoxlama zamanı təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 31 avqust 2022-ci il tarixli, 33/311/Ə-1051 nömrəli məktubundan aydın olur ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Giriş-çıxış və qeydiyyat idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi haqqında Əsasnamə”nin 12.6.1.2-ci bəndinin (şəxsin sərhədkeçməsinə icazə verilməməsi və geri qaytarılması) icrası ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada aidiyyəti dövlət orqanları tərəfindən məhdudiyyət qoyulan şəxslərin sərhədkeçməsinə icazə verilmir. Əsasnamənin 12.6.1.2.-ci bəndinin icrası Dövlət Sərhəd Xidmətinə tapşırıldığı üçün İddiaçı xx.xx.2022-ci il tarixdə ölkəni tərk edərkən Dövtət Sərhəd Xidməti tərəfindən saxlanılaraq qanunvericiliklə müəyyən olunmuş qaydada məhdudiyyət tətbiq edən aidiyyəti dövlət orqanlarının (Daxili İşlər Nazirliyi) tələbi ilə dövlət sərhədindən buraxılmayaraq ölkə ərazisinə geri qaytarılmışdır. Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinə müraciət edilməsi tövsiyə olunmuşdur. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı xx xxxxxx 1980-ci il tarixdə doğulmuşdur. Sədərək Rayon İcra Hakimiyyətinin Sədərək kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 14 dekabr 2022-ci il tarixli, 239 nömrəli arayışdan görünür ki, Əliyev X1 rayonu, Sədərək kəndində yaşayır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 15 fevral 2023-cü il tarixli, 3-37/2-37xx-xx/2023 nömrəli məktubdan məlum olur ki, Azərbaycan Respublikasının vətəndaşı İddiaçı ölkədən getmək hüququ Dövlət Miqrasiya Xidməti tərəfindən məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 28 fevral 2023-cü il tarixli, 33/807 nömrəli və 01 may 2023-cü il tarixli, 3-38-33/2-1526/23 nömrəli məktublarından aydın olur ki, xx.xx.1980-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının hüdudlarından hərəkətinə Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyət tətbiq olunmamışdır. Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 10 mart 2023-cü il tarixli, **********084100 nömrəli məktubdan aydın olur ki, vətəndaş İddiaçı (şəxsiyyət vəsiqəsi: AA*******) Naxçıvan Muxtar Respublikasının yerli vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyatda deyil və həmin şəxsin ölkədən getmək hüququ, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsi tərəfindən məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 15 aprel 2023-cü il tarixli, 3- 33/2-006909/2023 nömrəli məktubdan məlum olur ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1980-ci il təvəllüdlü İddiaçı “Sərhədkeçməyə məhdudiyyət siyahısı”nda və “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”nda aktiv məhdudiyyəti müəyyən edilməmişdir və onun sərhədkeçməsinə gömrük orqanları tərəfindən hər hansı məhdudiyyət yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik idarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 26 aprel 2023-cü il tarixli məktubdan görünür ki, Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik idarəsi tərəfindən İddiaçı ölkə hüdudlarından kənara çıxmasına məhdudiyyət qoyulmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 28-ci maddəsinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: 9.3-cü maddəsinə əsasən vətəndaşın ölkədən getmək hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: 9.3.1. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq tutulduqda və ya barəsində hər hansı qətimkan tədbiri seçildikdə - azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək; 9.3.2. məhkum edildikdə – Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş əsas cəzasını çəkib qurtaranadək və ya bu Məcəllənin 9.3.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, cəzadan azad edilənədək; 9.3.3. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə – tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edilənədək; 9.3.4. üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vəzifələr qoyulmaqla şərti məhkum edildikdə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə – müvafiq olaraq sınaq müddəti və ya cəzanın çəkilməmiş hissəsi başa çatanadək və ya şərti məhkumetmə, yaxud üzərinə qoyulmuş vəzifələr vaxtından əvvəl tamamilə ləğv edilənədək; 9.3.4-1. hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər barəsində cəzanın çəkilməsi təxirə salındıqda - məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edənədək və ya məhkum edilmiş şəxs əsas cəzasının qalan hissəsini çəkib qurtaranadək; 9.3.5. müddətli həqiqi hərbi xidmətə çağırıldıqda – müddətli həqiqi hərbi xidmət keçənədək və ya qanuna uyğun olaraq ondan azad edilənədək; 9.3.6. məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək; 9.3.6-1. vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək; 9.3.7. beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəliş zamanı - profilaktik peyvəndlər edilənədək. 9.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə qulluq edən hərbi qulluqçular (hərbi attaşelər, hərbi nümayəndələr və onların köməkçiləri istisna olmaqla), habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda beynəlxalq hərbi təlimlərə, antiterror, xilasetmə və xidməti zərurətlə bağlı digər tədbir və ya əməliyyatlara cəlb olunan müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycan Respublikasından gedə bilərlər. 9.5-ci maddəsinə əsasən dövlət sirri ilə işləməyə buraxılmış şəxslərin tanış olmağa buraxıldığı məlumatın məxfilik müddəti bitənədək, lakin 5 ildən çox olmamaq şərti ilə, xarici ölkəyə daimi yaşamağa getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. 9.6-cı maddəsinə əsasən ölkədən getmək və ölkəyə gəlmək hüququ məhdudlaşdırılan vətəndaşlar barədə məlumatlar “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahılarına daxil edilməli və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusu dəyişdirilməlidir. “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamənin: 1-ci bəndinə əsasən bu Əsasnamə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsindən, "Pasportlar haqqında", "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında", "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının qanunlarından və bu sahədə digər normativ hüquqi aktlardan irəli gələn vəzifələrin həyata keçirilməsini təmin edən "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin aidiyyəti dövlət orqanları və qurumları (bundan sonra – dövlət orqanları) tərəfindən əlaqələndirilmiş qaydada istifadəsinin, informasiya resurslarının formalaşdırılmasının, uzlaşdırılmasının, aparılmasının, inkişaf etdirilməsinin və informasiya təhlükəsizliyinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir. 2-ci bəndinə əsasən "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (bundan sonra - Sistem) - xüsusi təyinatlı dövlət informasiya resursudur. Sistemin əsas təyinatı hüquq mühafizə və digər aidiyyəti dövlət orqanlarının səlahiyyətləri çərçivəsində fəaliyyətinin informasiya təminatından, aşağıdakı məsələlər ilə bağlı sənədləşmə, yoxlama, sorğu və təhlil işlərinin avtomatlaşdırılmasının həyata keçirilməsi vasitəsilə elektron xidmətlərin göstərilməsindən ibarətdir. 8.1.12-ci və 8.1.14-cü bəndlərinə əsasən axtarışda olan, barəsində tutulma haqqında qərar qəbul edilən, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən, barəsində qətimkan tədbiri seçilən şəxslər haqqında məlumatların "Sərhədkeçməyə məhdudiyyət siyahısı"na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi, öz səlahiyyətləri daxilində “Sərhədkeçməyə məhdudiyyət siyahısı”nın aparılması, bu sahədə informasiya proseslərinin idarə və mühafizə edilməsi Cavabdeh sistem çərçivəsində qanunvericiliyə uyğun olaraq həyata keçirilən vəzifələrinə aiddir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Göstərilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci bəndinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 106.2-ci maddəsinə görə digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. “Xlyustov Rusiya Federasiyasına qarşı” işdə Avropa Məhkəməsi 11 iyul 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, “şübhəsiz ki, hazırkı işdə ərizəçinin ölkədən çıxma hüququnu məhdudlaşdıran məhkəmə icraçılarının qərarları onun maraqlarına toxunur və beləliklə, bu qərarlar qətnamə formasında qəbul edilməlidir. Lakin hazırkı işdə olan məhdudiyyətlərin əksəriyyəti “tələb” və “tapşırıq” formasında verilmişdir və məhkəmə icraçıları xidməti tərəfindən Daxili İşlər İdarəsinə və sərhəd nəzarəti xidmətinə ünvanlamış, ölkə məhkəmələri də tətbiq edilən məhdudiyyətlərin qanuniliyini bu sənədlərə əsasən yoxlamışdır (98-ci bənd) Avropa Məhkəməsi bu cür qərara gəlir ki, ölkə hökuməti işin konkret hallarında bütün müddət ərzində vətəndaşların ölkəni tərk etmək hüququna müdaxilənin əsaslı və mütənasib olması üzrə öz öhdəliklərini icra etməmişdir (102-ci bənd). Avropa Məhkəməsi bu kateqoriya işlərlə bağlı qərarlarında vurğulamışdır ki, bütün hallarda daxili hakimiyyət orqanları şəxsin ölkəsini tərk etmək hüququna qoyulan məhdudiyyəti əvvəlcədən və tətbiq edildiyi müddətdə əsaslandırmalı, işin hallarına nəzərən mütənasib olmasına nəzarət etməlidir. Daxili hakimiyyət orqanları şəxsin sərbəst hərəkət etmə hüququnu məhdudlaşdıran tədbirlərin əsaslandırılmış olub-olmadığını vaxtaşırı nəzərdən keçirmədən onları uzun müddət tətbiq edə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun X3 (X5) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 26 may 2017-ci il tarixli Qərarında formalaşdırılan hüquqi mövqeyə görə: Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Bu normada təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olmaqla şəxsin inkişafı üçün vacib şərtdir. Onların əsassız məhdudlaşdırılması isə şəxsin digər konstitusiya hüquq və azadlıqlarının pozulmasına səbəb ola bilər. Bu hüquqlar həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqların məzmununu müəyyən edərkən Konstitusiyanın 12-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarını, habelə müvafiq beynəlxalq orqanların təcrübəsini nəzərə alır. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 12-ci maddəsində göstərilmişdir:

1. Hər hansı bir ölkənin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yer dəyişmək və yaşayış yeri seçmək hüququ var.

2. Hər bir insanın, öz ölkəsi də daxil olmaqla, hər hansı bir ölkəni tərk etmək hüququ var.

3. Yuxarıda xatırlanan hüquqlar qanunda nəzərdə tutulan, dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, yaxud mənəviyyatının, yaxud başqalarının hüquq və azadlıqlarının və bu Paktda tanınan hüquqlara uyğun digər hüquqların qorunması üçün zəruri olan məhdudiyyətlərdən başqa, məhdudiyyət obyekti ola bilməz.

4. Heç kəs özbaşına öz ölkəsinə gəlmək hüququndan məhrum edilə bilməz. Habelə Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinə əsasən, qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı hazırkı iş üzrə Daxili İşlər Nazirliyinə qarşı iddia irəli sürməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 31 avqust 2022-ci il tarixli, 33/311/Ə-1051 nömrəli məktubundan aydın olur ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ölkəni tərk edərkən Dövtət Sərhəd Xidməti tərəfindən saxlanılaraq qanunvericiliklə müəyyən olunmuş qaydada məhdudiyyət tətbiq edən Daxili İşlər Nazirliyinin tələbi ilə dövlət sərhədindən buraxılmayaraq ölkə ərazisinə geri qaytarılmış və məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinə müraciət edilməsi iddiaçıya tövsiyə olunmuşdur. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “İddiaçı (şəxsiyyət vəsiqəsi: AA*******) giriş-çıxış və qeydiyyat idarələrarası avtomatlaşdırılmış məlumataxtarış sistemində sərhədkeçməyə məhdudiyyət siyahısında aktiv statusunun dəyişdirilərək ölkədən gedişinə qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4, 34.1, 58.7, 68, 69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə r a r a a l d ı:

İddia təmin edilsin. İddiaçı (şəxsiyyət vəsiqəsi: AA*******) giriş-çıxış və qeydiyyat idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində sərhədkeçməyə məhdudiyyət siyahısında aktiv statusunun dəyişdirilərək ölkədən gedişinə qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar