Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-60/2024 02.02.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və cavabdeh Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə qarşı "Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023-cü il tarixli, 08k nömrəli əmrinin ona aid hissədə ləğv edilərək onun işə yenidən bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023-cü il tarixli, 08k nömrəli əmrinin ləğv edilərək onun işə yenidən bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o,1996-cı il tarixdən 2023-cü il tarixədək Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyində baş məsləhətçi-hüquqşunas vəzifəsində işləmişdir. O, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1.1, 4.1.6, 4.1.7, 4.1.8-ci maddələrinin, 18.0.1, 18.0.4, 18.0.12-ci maddələrinin və 25.3-cü maddələrinin tələblərinə əməl etmədiyi üçün 19 aprel 2023-cü il tarixdə “08k” nömrəli əmrlə işdən azad olunmuş, onunla bağlanmış əmək müqaviləsinə və dövlət qulluğuna xitam verilmişdir. O, 24 il fasiləsiz olaraq Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyində hüquqşünas vəzifəsində işləmiş, daha sonra 2003-cü il tarixdə ona Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli fərmanı ilə baş məsləhətçi –hüquqşünas 1-ci dərəcəli dövlət qulluqçusu adı verilmişdir. 2023-cü il tarixdə heç bir nöqsanı olmadan onu işdən azad etmişdirlər. İddiaçı yuxarıda qeyd olunanlara əsasən Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023-cü il tarixli, 08k nömrəli əmrinin ləğv edilərək onun işə yenidən bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 22 iyun 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin məhkəməyə ünvanlandığı 22 iyun 2023-cü il tarixli iddiaya qarşı yazılı münasibət onunla əsaslandırılmışdır ki, İddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını lazımi səviyyədə icra etməmişdir. İddiaçı işə qəbul edilən, eyni zamanda ixtisas dərəcələri verilən əməkdaşlarla bağlı hazırlanmış əmr layihələrinin hüquqi ekspertizasını keçirtmədən (razılaşmışdır) vizalamışdır ki, nəticədə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydalar’nın tələbləri pozulmuşdur. Qanunvericiliyin tələblərinin pozulması nəticəsində 5 əməkdaş dövlət qulluğuna qəbul edilmiş və onlara müvafiq ixtisas dərəcələri verilmişdir. Həmin əməkdaşların qanunsuz olaraq işə qəbul edilməsi faktı Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Naxçıvan Muxtar Respublikası X4 ünvanladığı məktuba cavab olaraq Naxçıvan Muxtar Respublikasının X5 tərəfindən təqdim edilən 2023-cü il 7 aprel tarixli 01/422 nömrəli cavab məktubunda öz əksini tapmışdır. Qanunvericiliyin tələbinə zidd dövlət qulluğuna qəbul edilmiş və ixtisas dərəcələri verilmiş şəxslərə görə dövlət büdcəsindən 192136,68 manat pul vəsaiti xərclənmişdir. Dövlət büdcəsindən xərclənilmiş vəsaitlə bağlı məsələlərin araşdırılaraq hüquqi qiymət verilməsi üçün Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 2023-cü il 3 may tarixli 1/66 nömrəli məktubu ilə Naxçıvan Muxtar Respublikasının Prokurorluğuna müraciət edilmişdir. İddiaçı 2023-cü il 5 aprel tarixində Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyində verilmiş tapşırıqlarla bağlı keçirilmiş iclasda ona söz verilmədən yüksək səslə aqressiv şəkildə iclasa müdaxilə edərək Nazirliyin rəhbərliyinə qarşı etik davranış qaydalarını pozmuşdur. Onu sakitləşdirməyə çalışan iş yoldaşına qarşı isə kobudluq etmişdir. Nazirliyin rəhbərliyi tərəfindən ondan sakitləşməyi tələb olunsa da o bu tələbədə fikir verməyərək səsini daha da ucaltmışdır. Sözügedən məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi də məlumatlıdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinin tələbinə görə, dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.1-ci (qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli), 18.0.2-ci (rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli), 18.0.3-cü (dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli), 18.0.6-cı (lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli) və 18.0.12-ci (etik davranış qaydalarına əməl etməli) maddələrinin tələblərini pozduğundan onun sözügedən Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edilməsi qərara alınmışdır. G.M.Hacıyevə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını lazımi səviyyədə icra etmədiyindən, eyni zamanda etik davranış qaydalarını pozduğuna görə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 2023-cü il 19 aprel tarixli 08“k” nömrəli əmri ilə onun əmək müqaviləsinə və dövlət qulluğuna xitam verilmişdir. İddiaçı əmək müqaviləsinə və dövlət qulluğuna xitam verilərkən Nazirlik tərəfindən qanunvericiliyin tələblərinə tam əməl edilmiş və hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Həmçinin, Nazirliyin rəhbərliyi tərəfindən İddiaçı digər vəzifə təklif olunmuş, lakin o, rəhbərliyə və kollektivə qarşı etik davranış qaydalarını pozmaqla bu təklifdən imtina etmişdir. İddiaçı etik davranış qaydalarını pozması halı əmək müqaviləsinə xitam verildikdən sonra da davam etmişdir. Belə ki, o, onlayn mediada siyasi vəzifə tutan şəxs barədə yalan məlumat vermişdir. Cavabdeh orqan qeyd edilənləri nəzərə alaraq, İddiaçı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 30 may 2023-cü il tarixdə keçirilən hazırlıq iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia tələbini dəqiqləşdirərək, hazırkı tələbinin “Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023-cü il tarixli, 08k nömrəli əmrinin ona aid hissədə ləğv edilərək onun işə yenidən bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” olduğunu bildirərək, həmin tələb üzrə işə baxılmasını xahiş etmişdir. İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı iddia tələbi “Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023-cü il tarixli, 08k nömrəli əmrinin ona aid hissədə ləğv edilərək onun işə yenidən bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” variantında icraata qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı iclası 02 fevral 2024-cü il tarixə təyin edilmişdir. Şifahi məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi X3 məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı iş materiallarına Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin 19 aprel 2023-cü il tarixli, 08“k” əmrinin surətini, yaşayış yeri haqqında arayışı, əmək kitabçasının və şəxsiyyət vəsiqəsinin surətlərini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Məhkəmə, ilk növbədə, verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İPM-nin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş və iddia qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti tələblərinə riayət edilməklə qaldırılmışdır. İddianın mümkünlük şərtlərinə əməl edilsə də, iddia mahiyyəti baxımdan əsaslı deyildir. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin 19 aprel 2023-cü il tarixli, 08“k” əmrinin 3-cü bəndindən görünür ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə zidd şəkildə bu əmrin 2-ci hissəsində adları çəkilən şəxslərin bilə-bilə dəfələrlə ixtisas dərəcəsininin verilməsinə səbəb olan, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1.1, 4.1.6, 4.1.7, 4.1.8-ci maddələrinin, 18.0.1, 18.0.4, 18.0.12-ci maddələrinin və 25.3-cü maddəsinin tələblərinə əməl etmədiyi üçün Nazirliyin baş məsləhətçi-hüquqşünası İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı bəndinə əsasən 19 aprel 2023cü il tarixdən dövlət qulluğundan azad edilmiş, o cümlədən onunla bağlanmış əmək müqaviləsinə və dövlət qulluğuna xitam verilmişdir. - ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1.1, 4.1.6, 4.1.7, 4.1.8-ci maddələrinin, 18.0.1, 18.0.4, 18.0.12-ci maddələrinin və 25.3-cü maddəsinin tələblərinə əməl etmədiyi üçün “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsinə əsasən 19 aprel 2023-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə və dövlət qulluğuna xitam verilmişdir. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 26 aprel 2023-cü il tarixli, 171 nömrəli arayışdan görünür ki, Hacıyeva X2 şəhəri, İstiqlal küçəsi, bina 97, mənzil 18 ünvanında qeydiyyatdadır. - AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1977-ci il tarixdə doğulmuşdur. İş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin 03 aprel 2023-cü il tarixli, 07 “k” nömrəli “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 25.3-cü maddəsinə uyğun araşdırma tədbirlərinin görülməsi haqqında əmrinin surətindən görünür ki, dövlət qulluğuna qəbul və ixtisas dərəcələrinin verilməsi ilə bağlı əmrlərin razılaşdırılmasına rəy verən Nazirliyin baş məsləhətçi hüquqşünası İddiaçı izahatının verilməsi təmin edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə bu barədə yazılı izahat vermiş və izahat özü tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsində təsbit olunmuşdur ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. - 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.1.1-ci maddəsinə əsasən dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmətdir. - 1.1.3-cü maddəsinə əsasən dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir. - 18-ci maddəsinə əsasən dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli; rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli; lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli; dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən dövlət qulluğuna xitam verildikdən sonra da saxlamalı; vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli; qulluq keçdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməli; qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə qulluq keçməli və ya başqa vəzifələri icra etməli; qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli; etik davranış qaydalarına əməl etməlidir. - 25.1-ci maddəsinə əsasən dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. - 25.2.6-cı maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: (-) - 25.2.6. dövlət qulluğundan azad edilməsi. - 25.3-cü maddəsinə əsasən bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. - 25.4-cü maddəsinə əsasən xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 25.5-ci maddəsinə əsasən dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. - 25.6-cı maddəsinə əsasən bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. - 25.7-ci maddəsinə əsasən bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər. - 25.10-cu maddəsinə əsasən dövlət qulluqçusu onun təqsiri üzündən dəymiş zərər üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyır. Dövlət qulluqçusunun qanuna uyğun hərəkətləri nəticəsində dəymiş zərərin əvəzi tam həcmdə Azərbaycan Respublikasının dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının büdcəsinin, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsinin vəsaiti hesabına ödənilir. - 33.1.6-cı maddəsinə əsasən Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə dövlət qulluğuna xitam verilə bilər. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 4.2.-ci maddəsinə əsasən dövlət qulluqçusu bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. - 5.1.-ci maddəsinə əsasən dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. - 7.1-ci maddəsinə əsasən dövlət qulluqçusu Azərbaycan Respublikasının, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur. - 9-cu maddəsinə əsasən dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbrli olmalıdır. - 11.1-ci maddəsinə əsasən dövlət qulluqçusu xidməti vəzifəsini yerinə yetirərkən və ya qərar qəbul edərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməlidir. - 23.1-ci maddəsinə əsasən etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara, iddiaçının, iddiaçının vəkilinin izahatlarına və mülahizələrinə, həmçinin cavabdehin etirazına əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olmadığından İddiaçı iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcud deyil. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” 10 aprel 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6- cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçının əsas hüquqi marağı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023-cü il tarixli, 08k nömrəli əmrinin ona aid hissədə ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır. İş materialları üzrə tədqiq olunan sənədlərlə müəyyən edilən hallardan görünür ki, iddiaçı etik davranış qaydalarını pozmuşdur. Məhkəmə hesab edir ki, yuxarıda sadalanan normaların tələblərinə uyğun olaraq iddiaçı xidməti vəzifələrinin icrası zamanı nöqsanlara yol verərək mövcud olan qanunvericiliyin tələblərini pozması halı barəsində qəbul olunmuş əmrdə ətraflı şəkildə əsaslandırılmışdır. Həmçinin, iddiaçı 2023-cü il 5 aprel tarixində Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyində verilmiş tapşırıqlarla bağlı keçirilmiş iclasda ona söz verilmədən yüksək səslə aqressiv şəkildə iclasa müdaxilə edərək, Nazirliyin rəhbərliyinə qarşı etik davranış qaydalarını pozmuş, onu sakitləşdirməyə çalışan iş yoldaşına qarşı kobudluq etmiş, Nazirliyin rəhbərliyi tərəfindən ondan sakitləşməyi tələb olunmuş, o bu tələbə də fikir verməmiş, Nazirliyin rəhbərliyi tərəfindən ona digər vəzifə təklif olunsa da, o, rəhbərliyə və kollektivə qarşı etik davranış qaydalarını bir daha pozmuş, ona edilən təklifdən imtina etmişdir (Həmin iclasın protokolu İddiaçı tərəfindən imzalanmışdır). İddiaçının işdən azad edilməsinin hüquqi əsaslarından biri “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsidir. Həmin Qanunun 25.2 və 25.2.6-cı maddələrinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində “dövlət qulluğundan azad edilmə” intizam tənbeh tədbiri tətbiq edilə bilər. Qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinin tələbinə görə, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Eyni zamanda, İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinin mənasına görə inzibati akt o halda ləğv oluna bilər ki, qanuna zidd olduğu sübuta yetirilsin. Mübahisələndirilən əmrdə istinad edilən “Dövlət qulluğu haqqında” Qanunun 18.0.1, 18.0.4 və 18.0.12-ci maddələrinin tətbiqinə gəldikdə, bu normalarda göstərilən hallar həmin Qanunun 25.2-ci maddəsində intizam tənbeh tədbirlərinin tətbiqinin əsaslarından biri kimi çıxış etməklə, Qanunun məhz 25.2.6-cı maddəsində nəzərdə tutulmuş tədbirin (dövlət qulluğundan azad edilmənin) seçilməsi haqqında qərarın qəbul edilməsi cavabdehin (inzibati orqanın) diskresion səlahiyyətlərinə aid məsələ olmuşdur. Bununla da, cavabdehin mübahisələndirilən əmrinin iddiaçıya dair hissədə ləğv edilməsi üçün əsaslar müəyyən olunmur. Məhkəmə hesab edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddialara aid olduğundan göstərilən normanın məzmununa uyğun olaraq cavabdeh inzibati orqan İddiaçı barəsində Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi xx.xx.2023-cü il tarixli, 08k nömrəli əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Odur ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə qarşı "Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023cü il tarixli, 08k nömrəli əmrinin ona aid hissədə ləğv edilərək onun işə yenidən bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 4.1, 14.1, 32.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə qarşı "Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023-cü il tarixli, 08k nömrəli əmrinin ona aid hissədə ləğv edilərək onun işə yenidən bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası rədd edilir. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Hicran Muradov
Məhkəmə qərarları › İş №2-1(122)-60/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-60/2024
02.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver