Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-603/2024 14.05.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə qarşı "Naxçıvan MR DİN-nin onun barəsində, 01 sentyabr 2017-ci ilin tarixdə, ş/h 301 saylı əmrlə onun xəbəri olmadan Ordubad RPŞ-nə sahə inspektoru vəzifəsinə təyin edilməyi və 20 sentyabr 2017-ci il tarixdə ş/h 316 saylı əmrlə işdən azad olmağı barədə olan qanunsuz və ədalətsiz əmrlərinin ləğv edilməsi və həmin əmrlərə qədər o, hansı vəzifədə işləmişdirsə, o vəzifənin əmək haqqısı ilə, yəni Naxçıvan MR DİN-nin XƏATŞ-nin baş əməliyyat müvəkkilinin aldığı əmək haqqına uyğun şəkildə ona pensiya təyin olunması tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 2017-ci ilin sentyabr ayında onun barəsində xəbəri olmadan verdiyi qanunsuz əmrlərin ləğv edilməsi və onun təqaüdünün yenidən qanuni şəkildə hesablanaraq pozulmuş hüquqlarının bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 28 il, 10 ay, 4 gün daxili işlər orqanlarında xidmət etmişdir. Bunun 9 il 4 ay müddətini Şərur rayon Polis şöbəsinin rəisi vəzifəsində işləmişdir. 2017-ci ilin fevral ayından avqust ayınadək Naxçıvan MR DİN-nin XƏATŞ-nin rəisi əvəzi vəzifəsində işləmişdir. Həmin vaxt Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin yeni rəhbəri tərəfindən üzləşdiyi dözülməz şəraitdə işləmişdir. Dəfələrlə təqaüdə buraxılmağı ilə əlaqədar yazılı müraciət etmiş, amma buraxmamışdırlar. 2017-ci ilin 01 sentyabrından özünə xəbərdarlıq etmədən və bildirmədən Ordubad rayon PŞ-nə sahə inspektoru vəzifəsinə təyin etməklə hüquqlarını kobud sürətdə pozmuşlar. Həmin ilin sentyabrın 20-də isə xəbərim olmadan onu xidmətdən xaric etmişlər və rütbəni polkovnikdən polkovnik-leytinant rütbəsinə endirmişdirlər. O, sahə inspektoru təyin edilməzdən əvvəl aylıq zəhmət haqqısı 1400 manat və 200 manat məxfiçiliyə görə təklif edilmişdir. Ona pensiya təyin edərkən isə cəmi 700 manat məbləğində hesablamışlar. Bildiyinə görə onun rütbəsi azaldılarkən və aşağı təsnifat vəzifəyə keçirilərkən guya onun raportla özü müraciət etmişdir. O, belə bir raportlar yazmamış, belə bir müraciətlər etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, iddiaçıya yardım məktubu ünvanlanaraq iddia tələbinin dəqiqləşdirilməsi, mübahisələndirilən əmrlərin məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Məhkəmənin 02 aprel 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iddiaçı məhkəməyə yeni iddia ərizəsi təqdim edərək Naxçıvan MR DİN-nin onun barəsində, 01 sentyabr 2017-ci ilin tarixdə, ş/h 301 saylı əmrlə onun xəbəri olmadan Ordubad RPŞ-nə sahə inspektoru vəzifəsinə təyin edilməyi və 20 sentyabr 2017-ci il tarixdə ş/h 316 saylı əmrlə işdən azad olmağı barədə olan qanunsuz və ədalətsiz əmrlərinin ləğv edilməsi və həmin əmrlərə qədər o, hansı vəzifədə işləmişdirsə, o vəzifənin əmək haqqısı ilə, yəni Naxçıvan MR DİN-nin XƏATŞ-nin baş əməliyyat müvəkkilinin aldığı əmək haqqına uyğun şəkildə ona pensiya təyin olunmasını xahiş etmişdir. Məhkəmənin protokol qərardadı ilə iddiaçı tərəfindən təqdim edilmiş yeni iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmənin iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı növbəti məhkəmə iclası 14 may 2024-cü il tarixə təyin edilmiş, məhkəmə tərəfindən iddiaçıya yenidən yardım məktubu ünvanlanaraq iddia tələbinin dəqiqləşdirilməsi və mübahisələndirilən əmrlərin ona məlum olduğu anı müəyyən etməyə imkan verən müvafiq sübutların məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı mübahisələndirilən əmrlərin ona 27 sentyabr 2017-ci il tarixində məlum olduğunu, lakin müəyyən səbəblərdən məhkəməyə müraciət edə bilmədiyini, mübahisələndirilən əmrlərin ona məlum olduğu anı müəyyən etməyə imkan verən əlavə sübutların olmadığını bildirib, hazırkı tələb üzrə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.5-ci maddəsinə əsasən ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. 24.6-cı maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarında əks olunan hüquqi mövqe aşağıdakı kimidir: 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 5.1., 5.2., 6.1., 6.2., 7., 8.5-ci bəndlərində qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 3.4-cü bəndində göstərilmişdir ki, birinci instansiya məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsi ilə də yerinə yetirə bilər. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmunundan aydın olur ki, iddia tələbi qeyri-müəyyən ifadə olunmuşdur. Belə olan halda məhkəmə tərəfindən iddiaçının cavabdehə qarşı konkret tələbinin nədən ibarət olduğunu müəyyən etmək mümkün olmamışdır. Bu hal isə hazırki tələb üzrə mümkünlük şərtlərini istisna edir. Həmçinin iddiaçı Naxçıvan MR DİN-nin onun barəsində, 01 sentyabr 2017-ci ilin tarixdə, ş/h 301 saylı əmrlə onun xəbəri olmadan Ordubad RPŞ-nə sahə inspektoru vəzifəsinə təyin edilməyi və 20 sentyabr 2017-ci il tarixdə ş/h 316 saylı əmrlə işdən azad olmağı barədə olan qanunsuz və ədalətsiz əmrlərinin ləğv edilməsini xahiş etməklə mübahisələndirmə haqqında iddia qaldırmışdır. İnzibati məhkəmə icraatı qaydasında mübahisələndirmə haqqında iddia şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsindən (ləğv olunmasından və ya dəyişdirilməsindən) ibarətdir. İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 26 yanvar 2024-cü il tarixli, 3-13-43/2-1176/2024 nömrəli məktubdan aydın olur ki, İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.2017-ci ilədək DİO-da müxtəlif vəzifələrdə işləmiş, 07 aprel 2017-ci il tarixdə baş əməliyyat müvəkkli vəzifəsinə təyin olunmuşdur. Həmin vəzifədə işləyərkən 13 iyul 2017-ci il tarixdə Nazirliyin rəhbərliyinə raportla müraciət edərək DİN-in sərəncamına götürülməsini xahiş etmiş və xx.xx.2017-ci il tarixli, 186 ş/h nömrəli əmrlə DİN-in sərəncamına götürülmüşdür. İddiaçı xidmətdə olarkən məxfilik rejimi qaydalarını kobudcasına pozduğuna görə barəsində Naxçıvan MR DİN tərəfindən xx.xx.2017-ci il tarixdə “Şiddətli töhmət” intizam cəzası tətbiq edilmişdir. O, 01 sentyabr 2017-ci il tarixdə DİN-in sərəncamından Ordubad RPŞ-nin polis sahə inspektoru vəzifəsinə təyin edilmiş və həmin gündən davamlı olaraq xidməti intizam qaydalarını pozmaqla, üzrlü səbəb göstərmədən xidməti işinə çıxmamışdır. Buna görə də X1 xx.xx.2017-ci il tarixli rəyinə əsasən barəsində “xüsusi rütbənin bir pillə aşağı salınması” intizam tənbehi tədbiri tətbiq edilmişdir. İddiaçı xidməti və icra intizamını il ərzində yenidən kobudcasına pozduğu üçün “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 10-cu bəndinə (intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda) müvafiq olaraq xx.xx.2017-ci il tarixdə daxili işlər orqanlarından xaric olunmuşdur. - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 01 sentyabr 2017-ci il tarixli, 301 ş/h nömrəli əmrindən çıxarışdan məlum olur ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin sərəncamında olan polis-polkovniki İddiaçı 01 sentyabr 2017-ci il tarixdən Ordubad rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə inspektoru vəzifəsinə təyin edilmişdir. - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 20 sentyabr 2017-ci il tarixli, 316 ş/h nömrəli əmrindən çıxarışdan məlum olur ki, Ordubad rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə inspektoru polis-polkovniki İddiaçı “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 10-cu bəndinə (intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda) müvafiq olaraq xx.xx.2017-ci il tarixdə daxili işlər orqanlarından xaric olunmuşdur. Məhkəmə araşdırması zamanı məlum olur ki, iddiaçı hazırda mübahisələndirdiyi inzibati aktların, yəni əmrlərin ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Hazırki işin faktiki hallarından görünür ki, mübahisələndirilən əmrlərin rəsmi daşıyıcı vasitəsi ilə iddiaçıya hansı tarixdə təqdim olunmasını müəyyən etmək mümkün olmamışdır. Lakin, məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, iddiaçı həmin əmrlərindən qəbul edildiyi vaxtdan xəbərdar olmuşdur. Belə ki, məhkəmə iclasında iddiaçının özünün də etiraf etdiyi kimi sözügedən əmrlərdən 27 sentyabr 2017-ci il tarixdən məlumatı olmuş və həmin tarixdən etibarən xidmət illərinə görə əmək pensiyası aldığını qeyd etmişdir. Beləliklə məhkəmə hesab edir ki, mübahisəli məsələyə münasibətdə inzibati aktın ləğv edilməsinə dair tətbiq edilən 30 gün müddətinin axımı iddiaçının inzibati aktdan məlumatlı olduğu 27 sentyabr 2017-ci il tarixindən başlamış, lakin iddiaçı həmin inzibati aktın mübahisələndirilməsi ilə bağlı 25 dekabr 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisə üzrə qanunvercilikdə nəzərdə tutulmuş müddət ötürüldükdən sonra (6 ildən artıq müddət) məhkəmədə iddia qaldırdığından bununla da qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük prosessual müddəti ötürmüşdür. İddiaçının ləğv edilməsini tələb etdiyi əmrlərin verilməsi zamanı onu yazılı şəkildə xəbərdar etmədiklərinə münasibətdə məhkəmə qeyd edir ki, İPM-in 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Hazırkı iddia tələbinə dair məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, əmrlərin ləğv edilməsi barədə iddia mümkünsüz olduğundan, hüquqi müqəddəratı həmin tələblə bağlı mübahisənin həllindən bilavasitə asılı olan digər tələblər də belə bir hüquqi zərurət olmadığı üçün müzakirə edilmədən mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında iddia müddətinin tətbiqinin əhəmiyyəti barədə qeyd olunur ki, Konstitusiya Məhkəməsinin Plenumu özünün “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında əksini tapan hüquqi mövqeyini təkrarlayaraq qeyd edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: Birinci o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir. İkinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Üçüncü, iddia müddətləri tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”. Avropa İnsan Hüquqları Məhkəməsi analoji hüquqi mövqedən çıxış edərək “Miraqali Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsini və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə qarşı "Naxçıvan MR DİN-nin onun barəsində, 01 sentyabr 2017-ci ilin tarixdə, ş/h 301 saylı əmrlə onun xəbəri olmadan Ordubad RPŞ-nə sahə inspektoru vəzifəsinə təyin edilməyi və 20 sentyabr 2017-ci il tarixdə ş/h 316 saylı əmrlə işdən azad olmağı barədə olan qanunsuz və ədalətsiz əmrlərinin ləğv edilməsi və həmin əmrlərə qədər o, hansı vəzifədə işləmişdirsə, o vəzifənin əmək haqqısı ilə, yəni Naxçıvan MR DİN-nin XƏATŞ-nin baş əməliyyat müvəkkilinin aldığı əmək haqqına uyğun şəkildə ona pensiya təyin olunması tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 32.1, 35, 38.1, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə qarşı "Naxçıvan MR DİN-nin onun barəsində, 01 sentyabr 2017-ci ilin tarixdə, ş/h 301 saylı əmrlə onun xəbəri olmadan Ordubad RPŞ-nə sahə inspektoru vəzifəsinə təyin edilməyi və 20 sentyabr 2017-ci il tarixdə ş/h 316 saylı əmrlə işdən azad olmağı barədə olan qanunsuz və ədalətsiz əmrlərinin ləğv edilməsi və həmin əmrlərə qədər o, hansı vəzifədə işləmişdirsə, o vəzifənin əmək haqqısı ilə, yəni Naxçıvan MR DİN-nin XƏATŞ-nin baş əməliyyat müvəkkilinin aldığı əmək haqqına uyğun şəkildə ona pensiya təyin olunması tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Əliyev
Məhkəmə qərarları › İş №2-1(122)-603/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-603/2024
14.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver