Məhkəmə qərarları › İş №2-1(122)-604/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-604/2025

10.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-604/2025 10.12.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı "Naxçıvan şəhəri, 57-ci məhəllədə yerləşən 9 №-li-600 kv.m torpaq sahəsinin daşınmaz əmlakın uçot qeydləri kitabında Naxçıvan bələdiyyəsinin adına aparılmış uçot qeydinin ləğv olunması, həmin torpaq sahəsinin müvafiq sənədlər (order, plan-cizgi) əsasında daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan şəhər XDM İK-nin (indiki Naxçıvan Şəhər İcra Hakimiyyətinin) 20 mart 1993-cü il tarixli, 87 nömrəli qərarına əsasən Naxçıvan şəhər 57-ci məhəllədə, 2 hektar ölçüdə ona verilmiş torpaq sahəsinə dair hüquqları Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, ona Naxçıvan şəhər XDM İK-nın (indiki Naxçıvan şəhər İcra Hakimiyyətinin) 20 mart 1993-cü il tarixli, 87 nömrəli qərarına əsasən Naxçıvan şəhər 57-ci məhəllədə, 2 hektar ölçüdə torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi rəsmi olaraq ona verildiyi 1993-cü il tarixindən etibarən onun mülkiyyətində olmuşdur. Hazırda Bakı şəhərində yaşadığı və bir sıra şəxsi ehtiyacları olduğundan bəhs edilən torpaq sahəsini satmaq qərarına gələrək torpağın sənədləşdirilməsi üçün tələb olunan Naxçıvan Şəhər İcra Hakimiyyətinin 20 mart 1993-cü il tarixli, 87 nömrəli qərarının kötüyünü əldə etmək məqsədilə Naxçıvan MR Dövlət Arxivinə müraciət etmişdir. Lakin Naxçıvan MR Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda sözügedən qərarda İddiaçı adı ilə bağlı hər hansı məlumatın olmadığı bildirilmişdir. Daha sonra Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət edilsə də, Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən Xidmətin sisteminə belə bir qərar barədə məlumat göndərilmədiyi şifahi şəkildə bildirilmiş, ümumiyyətlə, müraciət zamanı tərəfindən tələb edilməsinə baxmayaraq, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən yazılı cavab məktubunun verilməsindən də qəti şəkildə imtina edilmişdir. Yuxarıda qeyd edildiyi kimi, 2 hektarlıq verildiyi sənəddə 9 nömrə ilə qeyd olunmuş torpaq sahəsi 1993-cü ildən bu günədək onun istifadəsində və mülkiyyətində olmuşdur. Torpaq sahəsinin qonşu sərhədləri müəyyəndir. Aqrar islahat komissiyası tərəfindən hər hansı bir ölçü işləri aparılmamışdır. Qeyd olunan torpaq sahəsinin verildiyini təsdiq edən, keçmiş adıyla XDM İK (indiki Naxçıvan şəhər İcra Hakimiyyəti) tərəfindən verilmiş sənəddə dövrün sədr müavini Ə.Hüseynov və baş memar Q.Cəfərovun imzaları ilə yanaşı, idarənin möhürünün də mövcudluğu sözügedən sənədin sərəncamverici xüsusiyyət daşıdığının göstəricisidir. Onu da qeyd edir ki, o, sözügedən torpaq sahəsi üçün müəyyən edilmiş torpaq vergisini də mütəmadi olaraq ödəmişdir. Ona verilmiş, 1993-cü il tarixindən bəri öz mülkiyyətində olan torpaq sahəsinin sənədlərinin olmaması, alqı-satqı prosesinə, habelə torpaq sahəsinə olan digər hüquqlarını sərbəst şəkildə həyata keçirməyinə mane olduğundan, o cümlədən, müvafiq qurum tərəfindən sənədləşmənin icra edilməsindən imtina edildiyindən məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı göstərilənləri rəhbər tutaraq, məhkəmədən Naxçıvan şəhər XDM İK-nin (indiki Naxçıvan Şəhər İcra Hakimiyyətinin) 20 mart 1993-cü il tarixli, 87 nömrəli qərarına əsasən Naxçıvan şəhər 57-ci məhəllədə, 2 hektar ölçüdə ona verillmiş torpaq sahəsinə dair hüquqları Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə 02 may 2025-ci il tarixli yeni iddia ərizəsi təqdim edərək, Naxçıvan şəhər XDM İK-nın (indiki Naxçıvan Şəhər İcra Hakimiyyətinin) 20 mart 1993-cü il tarixli, 87 nömrəli qərarına əsasən Naxçıvan şəhər 57-ci məhəllədə, 9 №-li - 600 m2 (altı yüz kvadrat metr) ona verilmiş torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alaraq torpaq sahəsinə dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 02 may 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında protokol qərardadı ilə yeni iddia ərizəsi icraata qəbul edilmiş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Lakin cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin iddiaya dair yazılı münasibəti (etiraz məktubu) məhkəməyə təqdim edilməmişdir. Sonradan İddiaçı yenidən 24 oktyabr 2025-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə göndərərək, cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia tələbini dəqiqləşdirərək iddia tələbinə "Naxçıvan şəhəri, 57-ci məhəllədə yerləşən 9 №-li-600 kv.m torpaq sahəsinin daşınmaz əmlakın uçot qeydləri kitabında Naxçıvan bələdiyyəsinin adına aparılmış uçot qeydinin ləğv olunması, həmin torpaq sahəsinin müvafiq sənədlər (order,plan-cizgi) əsasında daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi” kimi baxılaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 24 oktyabr 2025-ci il tarixli, 2-1(122)-604/2025 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmiş, eyni tarixli, eyni nömrəli digər qərardadı ilə isə Naxçıvan şəhəri Naxçıvan bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 10 dekabr 2025-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəməyə 05 dekabr 2025-ci il tarixli, AZ1119/********** nömrəli teleqram göndərərək 10 dekabr 2025-ci il tarixdə saat 10:00-da təyin edilmiş məhkəmə iclasının səhhəti ilə əlaqədar onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə daxil olmuş 09 dekabr 2025-ci il tarixli ərizə göndərərək xx.xx.2025-ci il tarixdə saat 10:00-a təyin olunmuş məhkəmə iclası Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə təyin olunmuş məhkəmə iclası ilə eyni vaxta təsadüf etdiyindən məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ünvan 1 ünvanında yaşayan İddiaçı ünvanlanan 09 dekabr 2024-cü il tarixli, 06/7-H-299/1-1/2024 nömrəli məktubdan aydın olur ki, onun 20 oktyabr 2024-cü il tarixli müraciətinə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Müraciətdə qeyd edilən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyənləşdirilmiş hüquqmüəyyənedici sənədlərdən hər hansı birini Naxçıvan regional “ASAN xidmət” mərkəzinə təqdim etməyi tövsiyə olunmuşdur. - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanan 29 oktyabr 2024-cü il tarixli, 06/7-H-222/1- 4/2024 nömrəli məktubdan məlum olur ki, Naxçıvan şəhər XDM İK-nın xx.xx.1993-cü il tarixli 87 nömrəli qərarı Xidmətin məlumat bazasında mövcud deyildir. - Bakı-Nizami Rayon Polis İdarəsi tərəfindən 15 may 2012-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxxx 1961-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında pasport qeydiyyatındadır. - Asan-2 tərəfindən 12 dekabr 2024-cü il tarixdə verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan aydın olur ki, İddiaçı 16 may 2012-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 10 sentyabr 2024-cü il tarixli, 13/1330 nömrəli məktubundan görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan şəhər İcra Hakimiyyətinin 1993-cü ilə dair qərarlar kitabında xx.xx.1993-cü il tarixli, 87 №-li qərarda İddiaçı adına rast gəlinmədi. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 29 may 2025-ci il tarixli, 3-48-NDA/1-2-796/2025 nömrəli məktubdan aydın olur ki, Naxçıvan Muxtar Respublikası X3 Şəhər XDM İcraiyyə Komitəsinin 20 mart 1993-cü il tarixli 87 nömrəli sərəncamına rast gəlinmədi. Naxçıvan Şəhər XDM İcraiyyə Komitəsinin 20 mart 1993-cü il tarixli, 87 nömrəli qərarının və Naxçıvan Şəhər XDM İcraiyyə Komitəsinin 15 fevral 1993-cü il tarixli, 87 nömrəli sərəncamının surətləri məhkəməyə təqdim olunmuşdur. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 10 iyun 2025ci il tarixli, 04/801 nömrəli və 17 iyun 2025-ci il tarixli, 04/838 nömrəli məktublardan görünür ki, Naxçıvan şəhəri, 58-ci məhəllə 2/16 (əvvəlki 57 məhəllə) ünvanında yerləşən torpaq sahəsi Xidmətin informasiya bazasında Naxçıvan şəhər ərazi vahidinin sərhədləri daxilində, İddiaçı istifədəsində, bələdiyyə mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsi kimi uçota alınmışdır. İddia olunan torpaq sahəsi üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Qeyd olunan torpaq sahəsinin sxematik planı məhkəməyə göndərilmişdir. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hüquq sektorunun müdiri R.Məmmədov, DƏDRX-nin baş məsləhətçisi B.Hüseynov, iddiaçı F. Həsənovun, qonşular Ə.Baxışəliyev və A.Quliyevin iştirakları ilə tərtib edilmiş 16 iyul 2025-ci il tarixli aktdan görünür ki, İnzibati Məhkəmənin icraatında olan 2-1(122)-604/2025 nömrəli işlə əlaqədar iddiaçının vəsatəti əsasında mübahisəli torpağa yerində baxış keçirildi. Baxış zamanı ölçmə işləri görüldü. Mübahisəli ərazinin iddiaçının istifadəsində olduğu, hasara alındığı, hasarın içərisində 2 otaqlı evin him hissəsinin olduğu, sərhədləri daxilində çoxlu meyvə ağaclarının olduğu və kommunal xətlərin olduğu müəyyən olundu. Mübahisəli torpaq sahəsi həmin ərazidə yerləşən heç bir üçüncü şəxslərin mülkiyyətində və istifadəsində olan həyətyanı torpaq sahəsi ilə üst-üstə düşmür və hüquqi mənafeyinə toxunmur. Aktın tərtibatı zamanı iddiaçının yan qonşusu olan Əli Baxşəliyev də öz ifadələrində bildirdi ki, o da bura Firuzla eyni ildə gəlmişdir. O vaxt mənzil növbəsinə durmuşlar, onlara növbə çatanda dövlətdə ara qarışmış, onlara mənzil əvəzinə torpaq təklif eləmişdirlər. Onlar da götürmüşdür. Ona da bu cür xəritəli sənəd veriblər. Digər qonşu Akif Quliyev də münasibət bildirərək demişdir ki, o, 2008-ci ildən burda yaşayır. Buranı Firuzun istifadəsində görmüşdür. Əvvəllər hətta bu torpağı əkib becərmiş, indi yaşlanıb deyə baxa bilmir. Sonda iddiaçı münasibət bildirərək demişdir ki, artıq qocaldığından öz yurdunda yaşamaq istəyir və torpağını sənədləşdirməyə köməklik edilməsini xahiş etmişdir. Mübahisəli torpaq sahəsi həmin ərazidə yerləşən heç bir həyətyanı torpaq sahəsi ilə üst-üstə düşmür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: -13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0.4-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsas hesab olunur. - 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. - 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”: 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlərin sırasına-yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış da daxil edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı və məqsədi Naxçıvan şəhəri, 57-ci məhəllədə yerləşən 9 №-li-600 kv.m torpaq sahəsinin daşınmaz əmlakın uçot qeydləri kitabında Naxçıvan bələdiyyəsinin adına aparılmış uçot qeydinin ləğv olunması, həmin torpaq sahəsinin müvafiq sənədlər (order, plan-cizgi) əsasında daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış 09 dekabr 2024-cü il tarixli məktubda torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinanın səbəbləri göstərilməmiş, iddiaçıya hüquqmüəyyənedici sənədlərdən hər hansı birini Naxçıvan regional “ASAN xidmət” mərkəzinə təqdim etməyi tövsiyə olunmuşdur. Həmçinin məhkəmə icraatı zamanı cavabdeh orqanın iddiaya dair yazılı münasibəti (etirazı) daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər XDS İK-nin 20 mart 1993-cü il tarixli, 87 nömrəli qərarı əsasında verilmiş order-baş planın surətindən görünür ki, Həsənov X2 şəhəri, 57-ci məhəllədə yerləşən, 9 nömrəli 600 kv.m torpaq sahəsi ilə təmin olunmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçıya torpaq sahəsinin ayrıldığını, onun həmin sahəyə hüququnun yarandığını müəyyən edən əsas hüquqmüəyyənedici sənəd qismində məhz həmin qərar çıxış edir. Naxçıvan şəhər XDS İK-nin 20 mart 1993-cü il tarixli, 87 nömrəli qərarı əsasında torpaq sahəsi ilə təmin olunan subyektlərin siyahısında İddiaçı adının qeyd olunmaması iddiaçının təqsirindən baş verməmişdir. Belə ki, həmin qərar əsasında İddiaçı order-baş plan verilmişdir. Yuxarıda qeyd edilən inzibati akt ləğv olunmadığından hazırda qüvvədədir və onun ləğv olunmasına dair məhkəməyə heç bir sübut təqdim olunmamış, eyni zamanda məhkəmə araşdırması zamanı da bu hal müəyyən edilməmişdir. İnzibati aktın dəyişdirilməsi barədə, yəni onun qüvvədə olmasını şübhə altına alan hər hansı sübut olmadığından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələbinə əsasən həmin inzibati akt iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır. Məhkəmə qeyd etməyi zəruri hesab ki, inzibati akt sayılan hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, cavabdeh hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Həmçinin məhkəmənin sorğusuna əsasən tərtib edilmiş 16 iyul 2025-ci il tarixli aktdan aktından görünür ki, mübahisəli ərazinin iddiaçının istifadəsində olduğu, hasara alındığı, hasarın içərisində 2 otaqlı evin him hissəsinin olduğu, sərhədləri daxilində çoxlu meyvə ağaclarının olduğu və kommunal xətlərin olduğu müəyyən olundu. Mübahisəli torpaq sahəsi həmin ərazidə yerləşən heç bir üçüncü şəxslərin mülkiyyətində və istifadəsində olan həyətyanı torpaq sahəsi ilə üst-üstə düşmür və hüquqi mənafeyinə toxunmur. Aktın tərtibatı zamanı iddiaçının yan qonşusu olan Əli Baxşəliyev də öz ifadələrində bildirdi ki, o da bura Firuzla eyni ildə gəlmişdir. O vaxt mənzil növbəsinə durmuşlar, onlara növbə çatanda dövlətdə ara qarışmış, onlara mənzil əvəzinə torpaq təklif eləmişdirlər. Onlar da götürmüşdür. Ona da bu cür xəritəli sənəd veriblər. Digər qonşu Akif Quliyev də münasibət bildirərək demişdir ki, o, 2008-ci ildən burda yaşayır. Buranı Firuzun istifadəsində görmüşdür. Əvvəllər hətta bu torpağı əkib becərmiş, indi yaşlanıb deyə baxa bilmir. Sonda iddiaçı münasibət bildirərək demişdir ki, artıq qocaldığından öz yurdunda yaşamaq istəyir və torpağını sənədləşdirməyə köməklik edilməsini xahiş etmişdir. Mübahisəli torpaq sahəsi həmin ərazidə yerləşən heç bir həyətyanı torpaq sahəsi ilə üst-üstə düşmür. Hazırkı işin halları üzrə iddiaçıya məxsus, yəni qanuni istifadəçi kimi ona verilmiş 600 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün əsaslar mövcud deyil. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, inzibati orqan tərəfindən mübahisəli torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışın verilməsindən imtina edilməsi qanunun güddüyü məqsədə mütənasib olmamamaqla, iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb olmuşdur. Odur ki, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı "Naxçıvan şəhəri, 57-ci məhəllədə yerləşən 9 №-li-600 kv.m torpaq sahəsinin daşınmaz əmlakın uçot qeydləri kitabında Naxçıvan bələdiyyəsinin adına aparılmış uçot qeydinin ləğv olunması, həmin torpaq sahəsinin müvafiq sənədlər (order, plan-cizgi) əsasında daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 35, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. Naxçıvan şəhəri, 57-ci məhəllədə yerləşən 9 №-li-600 kv.m torpaq sahəsinin daşınmaz əmlakın uçot qeydləri kitabında Naxçıvan bələdiyyəsinin adına aparılmış uçot qeydinin ləğv olunması, həmin torpaq sahəsinin müvafiq sənədlər (order, plan-cizgi) əsasında daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar