Məhkəmə qərarları › İş №2-1(122)-617/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-617/2024

13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-617/2024 13.06.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “onun xx.xx.2023-cü il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) uyğun olaraq Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin cavabdehə həvalə olunması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xx.xx.2023-cü il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) uyğun olaraq Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin Cavabdehnə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1989-cu ildə Şuşa şəhərində anadan olmuş, 20N-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə daxil olmuşdur. 2011-ci il tarixindən təhsilini Hərbi tibb fakültəsində kursant kimi davam etdirmişdir. xx.xx.2013-cü ildən zabit kimi Silahlı Qüvvələrdə, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək N nömrəli hərbi hissənin Anesteziologiya, reanimatologiya və intensiv terapiya şöbəsinin ordinatoru, xx.xx.2019-cu il tarixdən bu günə qədər N nömrəli hərbi hissədə Anesteziologiya, reanimatologiya və intensiv terapiya şöbəsinin baş ordinatoru vəzifəsində xidmət edir. O, ilk dəfə xx.xx.2023-cü il tarixdə Azərbavcan Respublikası Silahlı Oüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 6-cı maddəsinin tələblərinə uyğun olaraq komanda üzrə N nömrəli hərbi hissə komandirinin adına raport yazaraq “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndində (öz arzusu ilə) əsasən Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə yuxan komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Raportuna hərbi hissə komandiri tərəfindən cavab yazılaraq müraciətinin məqsədə uyğun hesab edilmədiyi göstərilmişdir. xx.xx.2023-cü il tarixdə komanda üzrə yuxarı instansiyaya Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini - X3 Komandanına şikayət ərizəsi ilə müraciət etmiş, lakin X2 Şəxsi Heyət İdarəsinin Kadrlar şöbəsi rəisi Anar Səfərov tərəfindən ona cavab yazılaraq müraciətinin məqsədəuyğun hesab edilmədiyi göstərilmişdir. Nəticə olaraq məktubla etdiyi müraciətinə imtina cavabı verilmişdir. İddiaçı göstərilənləri rəhbər tutaraq, məhkəmədən onun xx.xx.2023-cü il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) uyğun olaraq Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin Cavabdehnə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdeh orqandan iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh iddiaya dair məhkəməyə ünvanlanan 15 fevral 2024-cü il tarixli məktubla yazılı münasibətini onunla əsaslandırmışdır ki, aşağıdakı səbəblərə görə İddiaçı iddiasını əsassız hesab edilir: İddiaçı N nömrəli hərbi hissədə xidmət edərkən N noyabr 2023-cü ildə hərbi hissə komandirinə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” (öz arzusu ilə) bəndinə əsasən Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaq üçün komandanlıq qarşısında vəsatət qaldırılması barədə müraciət etmiş və müraciəti yazılı olaraq cavablandırılaraq ona ehtiyata buraxılmasının məqsədəuyğun hesab edilmədiyi bildirilmişdir. 20 noyabr 2023-cü ildə Müdafiə nazirinin müavini-X4 Komandanına eyni məzmunlu raport yazmış və həmin raportu da cavablandırılaraq Azərbaycan Ordusunda tibb ixtisaslı zabitlərə ehtiyac olduğundan onun ehtiyata buraxılmasının məqsədəuyğun olmadığı bildirilmişdir. Nəticədə, iddiaçının bütün müraciətlərinə baxılmış və cavablandırılmışdır. İddiaçı 20N-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə qəbul olunmuş, 2011-ci ildən təhsilini Hərbi Tibb fakültəsində kursant kimi davam etdirmişdir. 2013-cü ildən bu günədək müxtəlif hərbi hissələrdə xidmət etmiş, müəyyən vəzifələr və kurslar keçərək təcrübə toplamışdır. 2019cu ildən isə N nömrəli hərbi hissədə (Mərkəzi Hospital) “Anesteziologiya, reanimatologiya və intensiv terapiya şöbəsinin baş ordinatoru” vəzifəsində xidmət edir. Qeyd olunanlardan da göründüyü kimi İddiaçı uzun illər hərbi həkim ixtisası üzrə təcrübə toplamış, müxtəlif vaxtlarda Ordumuz üçün zəruri olan sahədə təhsil almışdır. Komandanlıq İddiaçı uzun müddət xidmətini, peşəkar bir zabit kimi xidmət dövründə əldə etdiyi bilik və bacarığını, Azərbaycan Ordusunda aparılan təkmilləşdirmə işlərini, ixtisaslı kadrlara olan ehtiyacı nəzərə alaraq onun ehtiyata buraxılmasını məqsədəuyğun hesab etməmişdir. Yuxarıda qeyd olunanları və hazırda Azərbaycan Ordusunda həkim ixtisaslı zabit heyətinə olan tələbatı nəzərə alaraq İddiaçı iddiasınin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 13 iyun 2024-cü il tarixə təyin olunmuşdur. Cavabdeh inzibati orqana məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Anesteziologiya, reanimatologiya və intensiv terapiya şöbəsinin baş ordinatorureanimatol İddiaçı tərəfindən N nömrəli hərbi hissənin komandirinə ünvanlanmış N noyabr 2023-cü il tarixli raportdan aydın olur ki, o, Azərbaycan Ordusunda 10 ildən artıq zabit vəzifələrində xidmət etməyini nəzərə alıb “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. - Anesteziologiya, reanimatologiya və intensiv terapiya şöbəsinin baş ordinatorureanimatoloq İddiaçı tərəfindən Azərbaycan Respublikası Müdafiə nazirinin müavini-X4 Komandanı general-polkovnik Kərəm Mustafayevə ünvanlanmış 13 noyabr 2023-cü il tarixli şikayət ərizəsindən aydın olur ki, o, ehtiyata buraxılmağı üçün müvafiq göstəriş verilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən tibb xidməti kapitanı İddiaçı ünvanlanmış 13 noyabr 2023-cü il tarixli, 120 nömrəli məktubdan aydın olur ki, hal-hazırda Azərbaycan Ordusunda həkim ixtisaslı kadr heyətinə olan ehtiyacı nəzərə alaraq onun ehtiyata buraxılmağı məqsədəuyğun hesab edilməmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən tibb xidməti kapitanı İddiaçı ünvanlanmış 22 noyabr 2023-cü il tarixli, 492 nömrəli məktubdan məlum olur ki, hazırda Azərbaycan Ordusunda kadr zabit heyətinə olan ehtiyacı, peşəkar həkim kimi xidmətini, xidmət dövründə əldə etdiyi bilik və bacarığı nəzərə alıb komandanlıq onun həqiqi hərbi xidmətdə qalıb xidmət etməyini tövsiyə etmişdir. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1989-cu ildə doğulmuşdur. - 25 iyun 2013-cü il tarixdə verilmiş, MN seriyalı, ******* nömrəli şəxsi vəsiqənin surətinin 10-cu səhifəsindən məlum olur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin baş qərargah rəisinin 13 sentyabr 2019-cu il tarixli, 0379 nömrəli əmri ilə N nömrəli hərbi hissədə baş ordinator vəzifəsinə təyin edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən verilmiş N mart 2024-cü il tarixli arayışdan aydın olur ki, tibb xidməti kapitanı İddiaçı xx.xx.2011-ci il tarixdən Azərbaycan Respublikası Silahlı qüvvələrində həqiqi hərbi xidmətdədir və xx.xx.2013-cü il tarixdən Azərbaycan Ordusunda zabit kimi aşağıda qeyd olunan tarixlərdə həqiqi hərbi xidmət keçmişdir, həmçinin N nömrəli hərbi hissədə xx.xx.2019-cu il tarixdən hal hazırki vaxtadək anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin baş ordinatoru (reanimatoloq) vəzifəsində xidmət edir. Arayışda həmçinin İddiaçı Azərbaycan Ordusunda zabit kimi həqiqi hərbi xidmətdə olduğu dövrü əks etdirən cədvəl göstərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.3-cü maddəsinə əsasən heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın; buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. - 18.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. - 40.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. - 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. - 43.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdən buraxılmış hərbi qulluqçular (bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla), habelə həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş vətəndaşlar (xəstəliyə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilənlər istisna olmaqla) ehtiyata keçirilirlər. Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: 156-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. 160-cı maddəsinə əsasən dinc dövrdə hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları aşağıdakı qaydada həyata keçirilir: ... zabitlər (ali rütbəli zabitlərdən başqa) — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən buraxılırlar. Azərbaycan Respublikası Silahlı X1: - 118-ci maddəsinə əsasən hərbi qulluqçunun təklifləri (ərizə və şikayətləri) birləşmələrdə, Silahlı Qüvvələr növlərinin və müvafiq icra hakimiyyəti orqanının idarələrində — daxil olduğu vaxtdan N gün ərzində; hərbi hissələrdə və idarələrdə (müəssisələrdə) — təxirə salınmadan, lakin daxil olduğu vaxtdan 7 gündən gec olmayaraq, baxılıb həll edilməlidir. - 121-ci maddəsinə əsasən komandir (rəis) tabeliyində olan hərbi qulluqçunun verdiyi şikayətinə (ərizəsinə) görə ona qarşı ədalətsizlik və ya qeyri-qanuni hərəkət edərsə, ciddi məsuliyyət daşımalıdır. - 122-ci maddəsinə əsasən verilən bütün təkliflər (ərizələr, şikayətlər) hər bir hərbi hissədə (gəmidə, idarədə, müəssisədə) olan xüsusi kitaba yazılmalıdır. - 123-cü maddəsinə təkliflər, ərizələr və şikayətlər kitabında hər bir təklif, ərizə və şikayətə dair qəbul olunmuş qərarlar barəsində qeydlər edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. -14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. -14.3-ci maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 52.1-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. - 52.5-ci maddəsinə əsasən inzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. - 66-cı maddəsinə əsasən maraqlı şəxsin ərizəsi üzrə bu Qanunun 52-ci maddəsində müəyyən edilmiş müddət ərzində inzibati orqan tərəfindən inzibati aktın qəbul olunmadığı hallarda maraqlı şəxs məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı mübahisədə iddiaçının əsas hüquqi marağı Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasıdır. Göründüyü kimi, yuxarıda qeyd edilmiş qanunvericilik aktları müvafiq vəzifələrdə zabit kimi azı 10 il xidmət etmiş hərbi qulluqçulara öz arzusu ilə ehtiyata buraxılmaq hüququ nəzərdə tutur və qanuna görə bu hüquqa o, hərbi xidmətdə olmağın son yaş həddinə çatmasa da malik olur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 6-cı bəndinə əsasən hərbi qulluqçu xidmət məsələlərinə dair özünün bilavasitə rəisinə və ancaq onun icazəsi ilə komanda üzrə daha böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu şəxsi məsələlərə dair, bir qayda olaraq, özünün bilavasitə rəisinə, xüsusi hallarda isə böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu rəisə yazılı surətdə müraciət etdikdə, raportu yalnız komanda üzrə verə bilər. Hərbi qulluqçu təklif, ərizə və şikayət verdikdə, İntizam nizamnaməsinin müddəalarını rəhbər tutmalıdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 10 ildən artıq müddətdə zabit kimi xidmət etmiş hərbi qulluqçu kimi öz arzusu ilə ehtiyata buraxılması barədə raportunu xx.xx.2023-cü il tarixdə müvafiq komanda üzrə rəhbərliyinə təqdim etmişdir. İş materiallarından aydın olur ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində təqvim hesabı ilə təxminən 12 ildən artıq xidmət etmiş İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılma hüququ vardır. İddiaçı N nömrəli hərbi hissənin komandirinə və Müdafiə nazirinin müavini-X4 Komandanına raportla müraciət edərək Azərbaycan Ordusunda ehtiyata buraxılması barədə vəsatət qaldırılmasını xahiş etmişdir. Lakin Azərbaycan Ordusunda kadr zabit heyətinə olan ehtiyacı, xidmət dövründə əldə etdiyi bilik və bacarığı nəzərə alaraq onun həqiqi hərbi xidmətdə qalıb xidmət etməyini tövsiyə etmişdir. Məhkəmə cavabdeh inzibati orqanın hüquqi mövqeyi ilə razılaşmayaraq hesab edir ki, iddiaçının ehtiyata buraxılmasından imtina edilməsi üçün cavabdeh inzibati orqan tərəfindən gətirilən arqument əsassız olmuşdur. Çünki qanunvericiliyin yuxarıda qeyd olunan normalarında yuxarı komandanlığın hərbi qulluqçunu ehtiyata buraxmamaq kimi diskression səlahiyyətləri müəyyən edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən etirazda irəli sürülən arqumentə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, bu hala əsasən iddiaçının xx.xx.2023-cü il tarixdə N nömrəli hərbi hissənin komandirinə ünvanlanan raportuna əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmasından imtina edilməsinin hüquqi əsası mövcud deyildir. Belə olan təqdirdə də cavabdehin əsas gətirdiyi dəlillər iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılmasına maneə ola bilməz. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında gəlinən nəticə həmin səlahiyyətin məqsədinə uyğun olmamış, bununla da, “İnzibati icraat haqqında” Qanunun 11 və 14-cü maddələrinin tələbləri pozulmuşdur. Beləliklə, iddiaçının öz arzusu ilə ehtiyata buraxılması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcud olmasına baxmayaraq, hərbi qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə hazırki mübahisə üzrə riayət olunmaması, cavabdehin hərəkətsizlikdə ifadə olunan imtinasının qanunazidd olması və iddiaçının hüquqlarını pozması iş üzrə təsdiqini tapmışdır. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “onun xx.xx.2023cü il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) uyğun olaraq Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin cavabdehə həvalə olunması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4, 34.1, 58.7, 68, 69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) uyğun olaraq Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsi Cavabdehnə həvalə olunsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar