Məhkəmə qərarları › İş №2-1(122)-618/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-618/2025

01.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-618/2025 01.05.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi ilə, İddiaçı cavabdeh Culfa rayon Bənəniyar bələdiyyəsinə qarşı "400 m2 torpaq sahəsinin onun mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 400 m2 torpaq sahəsinin onun mülkiyyətinə verilməsi öhdəliyinin cavabdeh Culfa rayon Bənəniyar bələdiyyəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Naxçıvan-Göydərə yolunun şimal, Bənəniyar kəndindən 1 km məsafədə yerləşən 400 m2 və 1.3 km məsafədə yerləşən Bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid kənd təsərrüfatına tamamilə yararsız 400 m2 torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi və sənaye nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid edilməsi ilə bağlı xx.xx.2024-cü il Naxçıvan MR Culfa rayonu Bənəniyar Bələdiyyəsinin iclası keçirilmişdir. Qərar № 08 qəbul edildi. Qərara Bələdiyyə sədri X2 və 8 nəfər bələdiyyə üzvləri imza etdi. Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyi Bənəniyar Bələdiyyəsinə müraciətə baxılması haqqında 03 may 2024-cü ildə məktub göndərib. Bildirilir ki, müraciətinizdə qeyd olunan torpağın təyinatının dəyişdirilməsinə etiraz edilməmişdir. Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 23 may 2024-cü ildə Culfa rayonu Bələdiyyəsinə məktub göndərib, bildirilir ki, qaydalara riayət olunmaqla sənaye nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına keçirilməsinə etiraz etmirlər. Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi etiraz etmədiyi barədə məktub vermişdir. Naxçıvan MR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Culfa rayon Rabitə İdarəsi Bənəniyar Bələdiyyəsinə bildirib ki, həmin ərazinin telekommunikasiya şəbəkələrinin vasitə və yerquruşlarının yerləşdiyi mühafizə zonasına aid olmadığı müəyyən olunmuşdur. Onun məqsədi 400 m2 torpaq sahəsində avtomobil təmir sexi tikməkdir. Əvvəlki adı Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa rayon idarəsi xx.xx.2023-cü ildə Bənəniyar Bələdiyyəsinin məktubuna cavab olaraq bildirib ki, Culfa rayon Bənəniyar Bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid torpaq sahəsi yerquruluşu planından çıxarış Miqyas 1:1000, ayrılmış sahə göstərilib. Bənəniyar Bələdiyyəsi xx.xx.2024-cü il Naxçıvan MR Nazirlər Kabinetinə məktub, Protokol № 08 göndərib. Bildirib ki, Bənəniyar Bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatlı təyinatlı torpaqlar kateqoriyasına aid olsa da kənd təsərrüfatına yararsız ərazidir. Sahibkarlıq fəaliyyətinin gücləndirilməsi, eləcə də kənddə məşğulluğun artırılmasını nəzərə alaraq verilən təklifə tərəfdar olduğunu bildirmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyindən bildirilir ki, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və s. məqsədlə üçün hüquqi və fiziki şəxslərin icazəsinə və mülkiyyətinə verilməsi üçün torpaq sahəsi ayırırlar. xx.xx.2024-cü ildə Ekologiyanın hesabına 395.0 manat, xx.xx.2024-cü ildə Bənəniyar Bələdiyyəsinin hesabına 186 manat, xx.xx.2024-cü ildə 25.000 manat bankdan pul ödəmişdir. Bu nazirlik və idarələrə Bənəniyar Bələdiyyəsi bildirib o da ödənişlər aparmışdır. 21 avqust 2024-cü ildə Bənəniyar Bələdiyyəsinin 12 saylı iclas protokolu üzrə qəbul edilmiş qərardan çıxarışda bildirilmişdir ki, İddiaçı Əbülfəz oğlunun 400 m2 bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin onun mülkiyyətinə ayrılması ilə bağlı müraciəti təmin edilməsin. Naxçıvan MR İnzibati Məhkəməsinə şikayət vermək hüquqları izah olunsun. İddiaçı göstərilənlərə əsasən məhkəmədən 400 m2 torpaq sahəsinin onun mülkiyyətinə verilməsi öhdəliyinin cavabdeh Culfa rayon Bənəniyar bələdiyyəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 01 may 2025-ci il tarixə təyin olunmuşdur. Məhkəmə tərəfindən iddiaçıya yardım məktubları ünvanlanaraq 400 m2 torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair müraciətininin təmin edilməməsi haqqında Culfa rayon Bənəniyar bələdiyyəsinin 21 avqust 2024-cü il tarixli qərarının mövcud olduğu, 400 m2 torpaq sahəsinin mülkiyyətinə verilməsi üçün ilk öncə həmin qərarın mübahisələndirilməsinin məqsədəmüvafiq olduğu bildirilmiş, iddia tələbinin dəqiqləşdirilməsi təklif olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının: - 1.1, 1.2, 1.3-ci bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. - 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. - 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. - 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. - 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. - 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. - 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd edir ki, iddiaçıya məhkəmə tərəfindən hüquqi yardım edilməsinə baxmayaraq, o, iddia tələbini hüquqi marağına uyğun dəqiqləşdirməmiş və mümkünlük məsələsinin məhkəmə iclaslarında müzakirə edilməsi məqsədilə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmişdir. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizələrinin məzmunundan aydın olur ki, iddia tələbi iddiaçının hüquqi marağının təmin edilməsinə yönəlməmişdir. Bu hal isə hazırki tələb üzrə mümkünlük şərtlərini istisna edir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Culfa rayon Bənəniyar bələdiyyəsinin 12 saylı iclas protokulu üzrə qəbul edilmiş 21 avqust 2024-cü il tarixli qərardan çıxarışdan aydın olur ki, İddiaçı Əbülfəz oğlunun 400 kv.m bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin onun mülkiyyətinə ayrılması ilə bağlı müraciəti təmin edilməmiş, İddiaçı Əbülfəz oğlu bələdiyyənin qərarı ilə razı olmadığı təqdirdə, qərarın ona təqdim edildiyi vaxtdan 30 gün müddətində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana (Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinə) və ya Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə şikayət vermək hüquqları izah olunmuşdur. Belə olan təqdirdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçının əsas hüquqi marağının təmin edilməsi, yəni 400 m2 torpaq sahəsinin onun mülkiyyətinə verilməsi üçün ilkin olaraq Culfa rayon Bənəniyar bələdiyyəsinin İddiaçı Əbülfəz oğlunun 400 m2 bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin onun mülkiyyətinə ayrılması ilə bağlı müraciətinin təmin edilməməsi ilə əlaqədar 12 saylı iclas protokolu üzrə qəbul edilmiş 21 avqust 2024-cü il tarixli qərarının mübahisələndirilməsi (ləğv edilməsi) məqsədəmüvafiqdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Məhkəmə qeyd edir ki, Culfa rayon Bənəniyar bələdiyyəsinin 12 saylı iclas protokulu üzrə qəbul edilmiş 21 avqust 2024-cü il tarixli qərarından çıxarışı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən bir başa inzibati akt hesab edilməsə də, bələdiyyənin inzibati orqan olaraq həyata keçirdiyi inzibati fəaliyyətə aiddir və protokol bələdiyyənin qərarını rəsmi şəkildə ehtiva edən sənəd olduğundan hüquqi baxımdan inzibati akt hesab etmək olar. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, Quliyev X1 rayon Bənəniyar bələdiyyəsinin 12 saylı iclas protokulu üzrə qəbul edilmiş 21 avqust 2024-cü il tarixli qərarından çıxarışın mübahisələndirilmiş olsaydı belə, həmin qərardan çıxarışın mübahisələndirilməsi üçün iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Bənəniyar bələdiyyəsinin 12 saylı iclas protokolu üzrə qəbul edilmiş 21 avqust 2024-cü il tarixli qərarından çıxarışına qərarın çıxarıldığı gün, yəni xx.xx.2024-cü il tarixdə “təhvil aldım” qeydi edilməklə İddiaçı tərəfindən imza edilmişdir. Beləliklə müəyyən olunur ki, İddiaçı Əbülfəz oğlu mübahisələndirilən qərardan (protokoldan) xəbərdar olmuşdur. Lakin iddiaçı bu günədək qeyd olunan qərardan çıxarışı mübahisələndirmədiyindən İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yalnış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin halların müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən iddiaçının ünvanına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən yardım məktubları göndərilərək ona zəruri hüquqi yardım göstərilmişdir. Lakin iddiaçı tərəfindən yardım məktubunda göstərilən hallarla bağlı tədbir görülməmişdir. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərtin yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə İddiaçı cavabdeh Culfa rayon Bənəniyar bələdiyyəsinə qarşı "400 m2 torpaq sahəsinin onun mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Culfa rayon Bənəniyar bələdiyyəsinə qarşı "400 m2 torpaq sahəsinin onun mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar