Məhkəmə qərarları › İş №2-1(122)-62/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-62/2024

06.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-62/2024 06.03.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “ona 19 fevral 2017-ci il tarixdən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7 və 10-cu maddəsinə əsasən xx.xx.2019-cu il tarixdən yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Babək rayon şöbəsinin 01 yanvar 2022-ci il tarixli, 24 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 19 fevral 2017-ci il tarixdən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7 və 10-cu maddəsinə əsasən xx.xx.2019-cu il tarixdən yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin 01 yanvar 2022-ci il tarixli, 24 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdeh “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona 19 aprel 2019-cu il tarixdə 103 nömrəli qərar ilə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7 və 10-cu maddələrinə əsasən xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. 2022-ci ilin yanvar ayından ona təyin edilmiş pensiya məbləği ödənilməmişdir. Bundan sonra məlum olmuşdur ki, iddiaçıya təyin edilmiş pensiya “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin 01 yanvar 2022-ci il tarixli, 24-nömrəli qərarına əsasən onun 25 il ümumi iş stajının olmaması və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbi ilə ləğv edilmişdir. Beləliklə, iddiaçı yuxarıda göstərilənlərə əsasən məhkəmədən 19 fevral 2017-ci il tarixdən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7 və 10-cu maddəsinə əsasən xx.xx.2019-cu il tarixdən yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin 01 yanvar 2022-ci il tarixli, 24 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 12 iyun 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon idarəsi iddiaya qarşı 12 iyun 2023-cü il tarixli, 03/248 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1955-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonu, Sust kəndində anadan olmuş, Babək rayon Şıxmahmud kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 19 aprel 2019-cu il tarixli, 105 nömrəli qərarına əsasən pensiya hüququnun yarandığı 11 fevral 2019-cu il tarixdən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə 159,73 manat məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçı tərəfindən Fondun Babək Rayon idarəsinə təqdim edilmiş 06 dekabr 1970-ci il tarixli əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən o, xx.xx.1970-ci il tarixdən xx.xx.1971-ci il tarixədək (8 ay 15 gün) Naxçıvan Tikinti Quraşdırma Trestində 2-ci dərəcəli çilingər santexnik, xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək (1 il 2 ay 5 gün) X1 idarəsində çilingər olaraq işləmişdir. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək rayon İdarəsinin xx.xx.2019-cu il tarixli, 72 nömrəli arayışına əsasən İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək (2 il 2 gün) keçmiş Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuş, xx.xx.1975-ci il tarixdən xx.xx.1979-cu il tarixədək (3 il 10 ay 2 gün) Naxçıvan sovxoz texnikumunda sürücü, xx.xx.1979-cu il tarixdən xx.xx.2003-cü il tarixədək (24 il 4 ay 24 gün) 2719 nömrəli X4 müəssisəsində sürücü vəzifələrində işləmişdir. İddiaçının əmək kitabçasındakı qeydlərə əsasən 32 il 1 ay 18 gün ümumi iş stajı vardır. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 15 fevral 2019-cu il tarixli, 13/101 nömrəli arayışda İddiaçı 1995-2003cü illərdə 2719 nömrəli X8 Dəstəsində işlədiyi dövrlərdə əmək haqqı cədvəllərində adına rast gəlinmədiyi, həmin tarixli və həmin saylı digər arxiv arayışında isə X8 dəstəsinin sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyindən İddiaçı 2003-cü il tarixdə işdən azad olunması haqqında məlumatın olmadığı göstərilmişdir. İddiaçının təqdim etdiyi əmək kitabçasındakı qeydlər nəzərə alınaraq onun 32 il 1 ay 18 gün ümumi iş stajı vardır. Lakin vətəndaşın 1992-2003-cü illərdə 2719 nömrəli X8 Dəstəsində işlədiyi dövrə aid əmək haqqı cədvəllərində adının olmadığına görə həmin dövr, yəni 10 il 2 ay 24 gün iş stajından çıxarılmışdır. Nəticədə, iddiaçının iş staj 32 il 1 ay 18 gündən, 10 il 2 ay 24 gün azalaraq 21 il 10 ay 24 gün müəyyən olunmuşdur. Bu səbəbdən də iddiaçının hüququnun yaranmadığına görə ona yaşa görə təyin edilmiş əmək pensiyası 01 yanvar 2022-ci il tarixdən ləğv edilmişdir. Cavabdeh yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmədən İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon idarəsinə qarşı qaldırdığı iddia əsassız olduğundan, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 1(122)-554/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon idarəsinə qarşı “ona 19 fevral 2017-ci il tarixdən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7 və 10-cu maddəsinə əsasən xx.xx.2019-cu il tarixdən yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon şöbəsinin 01 yanvar 2022-ci il tarixli, 24 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 1(122)-554/2023 nömrəli qərardadı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon idarəsi əsl cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz olunmuşdur. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 06 mart 2024-cü il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı iş materiallarına mübahisələndirilən qərarı, qeydiyyatla bağlı arayışı, əmək kitabçasının əslini və şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, ilk növbədə, verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İPM-nin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş və iddia qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti tələblərinə riayət edilməklə qaldırılmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarında olan: - “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 01 yanvar 2022ci il tarixli, 24 nömrəli qərarından görünür ki, xx.xx.1954-cü il tarixdə anadan olmuş, Babək rayon Şıxmahmud kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı 19 aprel 2019-cu il tarixdə 105 nömrəli qərarına əsasən 11 fevral 2019-cu il tarixdən 01 mart 2022-ci il tarixədək olan dövrlər ərzində təyin olunmuş yaşa görə əmək pensiyası 25 il sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün ləğv edilmişdir. - "xxxx"nın Viola MMC-in 18 aprel 2023-cü il tarixli, VA 010 nömrəli arayışından görünür ki, xx.xx.1955 təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdə Avrasiya klinikasında cərrah qəbulunda olmuşdur. - Naxçıvan Muxtar Respublikası Xəstəxanası publik hüquqi şəxsin Ümumi Cərrahiyə şöbəsinin 15 aprel 2023-cü il tarixli, 2693/638/407 nömrəli ambulator, stasionar xəstənin tibbi kartından çıxarışdan görünür ki, xx.xx.1955-ci il tarixdə anadan olmuş, Babək rayon Şıxmahmud kəndində qeydiyyatında olan İddiaçı “döş qəfəsinin küt travması, sol tərəfli hemopnevmotoraksla fəsadlaşma, İV.V.Vİ. Vİİ qabırğaların sınığı” diaqnozu qoyulmuşdur. - 06 dekabr 1970-ci il tarixli əmək kitabçasından görünür ki, İddiaçı 32 il 1 ay 18 gün ümumi iş stajı vardır. - Babək Rayon İcra Hakimiyyətinin Şıxmahmud Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 25 aprel 2023-cü il tarixli, 855 nömrəli arayışdan görünür ki, İddiaçı Babək rayonu, Şıxmahmud kəndində yaşayır. - AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxxxx 1955-ci ildə Naxçıvan rayonu, Sust kəndində doğulmuşdur. İş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Babək rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 19 aprel 2019-cu il tarixli, 105 nömrəli qərarının surətindən görünür ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq İddiaçı 01 mart 2019-cu il tarixdən 159 manat 73 qəpik məbləğində yaşa görə ömürlük pensiya təyin edilmişdir. -Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsinin 22 fevral 2019-cu il tarixli, 72 nömrəli arayışının surətindən görünür ki, 1955-ci il təvəllüdlü istefada olan əsgər İddiaçı 13 may 1973-cu il tarixdən 15 may 1975-ci il tarixədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin 15 fevral 2019-cu il tarixli, 13/101 nömrəli arayışının surətindən görünür ki, İddiaçı adı xx.xx.1996-cı il tarixli, 02 №-li əmrlə Bort yük avtomobil nəqliyyatına keçirilənlərin siyahısında vardır. Lakin, 2003-cü ilin əmr kitabları X7 Respublikası Dövlət Arxivinə təhvil verilmədiyindən işdən azad olması haqqında məlumat yoxdur. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin 19 aprel 2023-cü il tarixli, 13/742 nömrəli arayışının surətindən görünür ki, İddiaçı 2719 №-li X8 dəstəsində işləmiş və 1992,1993,1994 və 1995-ci illərdə əmək haqqı almışdır.1996-2003-cü illərə dair əməkhaqqı cədvəllərində adına rast gəlinməmişdir. Beləliklə, iddia ərizəsinin məzmunundan və iddiaçının, iddiaçının vəkili və nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, İddiaçı 19 aprel 2019-cu il tarixdə 105 nömrəli qərarına əsasən 11 fevral 2019-cu il tarixdən 01 mart 2022ci il tarixədək olan dövrlər ərzində təyin olunmuş yaşa görə əmək pensiyası 25 il sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən pensiyasının ləğv edilməsi barədə müvafiq qərar qəbul edilmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sənədlərə, iddiaçı tərəfin tələbinə və cavabdehin etirazına hüquqi qiymət verərək, iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, Bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: - 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. (çıxarılıb) b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. - 67-ci maddəsinin 3-cü abzasına əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. - 67-ci maddəsinin 8-ci abzasına əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997ci il tarixli, 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli, 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. - 2-ci maddəsinə əsasən bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: - 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; - 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; - 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; -13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. - 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. - 64.3-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.3-ci maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. - 67.4-ci maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. - 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. - 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: - 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. - 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. - 67.8-ci maddəsinə əsasən başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. - 67.9-ci maddəsinə əsasən maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. İşin faktiki hallarından görünür ki, İddiaçı xx xxxxxx 1955-ci ildə anadan olmuş, xx.xx.1970-ci il tarixdən əmək fəaliyyəti ilə məşğul olmuş və xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək ordu sıralarında həqiqi hərbi xidmət keçmişdir. “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin 19 aprel 2019-cu il tarixli, 105 nömrəli qərarına əsasən iddiaçının pensiya hüququnun yarandığı 11 fevral 2019-cu il tarixdən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən ona yaşa görə 159,73 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edilərkən iddiaçının 32 il 1 ay 18 gün ümumi iş stajının olması müəyyən edilmiş, sonradan cavabdeh orqan tərəfindən müvafiq araşdırma aparılmış, İddiaçı 1992-2003-cü illərdə 2719 nömrəli X8 Dəstəsində işlədiyi dövrlərə aid əmək haqqı cədvəllərində adının olmadığına görə həmin dövr, yəni 10 il 2ay 24 gün onun ümumi iş stajından çıxarılmış və nəticədə, iddiaçının iş stajı 21 il 10 ay 24 gün müəyyən olunaraq, ona təyin edilmiş yaşa görə əmək pensiyası 01 yanvar 2022-ci il tarixdən ləğv edilmişdir. Digər tərəfdən, mübahisələndirilən qərarın mətnindən aydın olur ki, qərarda iki məsələ öz əksini tapmışdır:

1. İddiaçı xx.xx.2019-cu il tarixli, 105 nömrəli qərara əsasən yaşa görə təyin edilmiş əmək pensiyasının ləğv edilməsi;

2. Artıq ödənilmiş 8261,82 manat pul məbləğinin qanunvericiliyin tələblərinə uyğun olaraq geri qaytarılması. İddiaçının pensiya işinin ləğv edilməsi barədə “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 24 nömrəli qərarın birinci hissəsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh pensiya ödənişini dayandırmağa haqlıdır. Lakin bu haqqından istifadə edərək pensiya ödənişinin dayandırılması barədə məsələni həll edən zaman, qarşılıqlı iddia üzrə cavabdeh eyni zamanda həm pensiya təminatı haqqında qanunvericiliyin əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilərlə bağlı normalarının, həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması ilə bağlı normasının, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan, həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Həmçinin məhkəmə qeyd edir ki, şəxsə təyin olunmuş əmək pensiyasının ödənişinin dayandırılması ilə bağlı məsələ yalnız yuxarıda qeyd olunmuş qaydada aparılan müvafiq inzibati icraat çərçivəsində həll olunmalıdır. Yəni qeyd olunan icraat zamanı əmək pensiyasının dayandırılması ilə bağlı “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində təsbit edilmiş əsaslardan hər hansı birinin, xüsusilə də bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan halların müəyyən olunduğu təqdirdə, inzibati icraat üzrə yekun qərar qəbul edilənə kimi inzibati orqan tərəfindən şəxsə pensiyanın ödənişinin dayandırılması barədə aralıq qərar qəbul edilə bilər. Yalnız inzibati orqan tərəfindən şəxsə pensiyanın ödənişinin dayandırılması barədə aralıq qərar (aralıq inzibati akt) qəbul edildikdən sonra pensiyanın ödənişi faktiki olaraq dayandırıla bilər. Məhkəmə qeyd edir ki, pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, həmin aktın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydada təzələmədən və təzələnmiş icraat çərçivəsində dayandırma barədə aralıq qərar qəbul olunmadan pensiya ödənişinin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini və etibarlılığını şübhə altına almış olur. İstinad olunan Qanunun 64.2-ci maddəsinə görə, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmçinin, mübahisələndirilən qərarın ikinci hissəsinə (artıq ödənilmiş 8261,82 manat pul məbləğində pul vəsaitinin geri qaytarılması) münasibətdə məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Hazırkı halda, əmək pensiyaçısının artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması müəyyən edilmir. Cavabdeh bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda, artıq ödənilmiş pensiya məbləği qanunun tələbinə görə, yalnız məhkəmə qərarı əsasında tutula bilərdi. Lakin bu barədə də iş materiallarında heç bir sübut yoxdur və cavabdeh də bu barədə heç bir dəlil irəli sürmür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, qanunvericiliyin tələbinə əsasən inzibati orqan tərəfindən inzibati akt qəbul edilərkən işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar əsasında və inzibati icraat zamanı əldə edilmiş sübutlara istinad edilməklə yazılı şəkildə əsaslandırılması nəzərdə tutulsa da, mübahisələndirilən qərar qəbul edilərkən qeyd olunan tələbə əməl edilməmişdir. Cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş mübahisələndirilən inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və dəyişdirilməsini məhkəmədən tələb edə bilər. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Babək rayon şöbəsinin 01 yanvar 2022ci il tarixli, 24 nömrəli qərarının ləğv edilməsi və İddiaçı 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə pensiya ödənilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh edilənlərə əsasən və İPM-in 2, 32, 68, 69, 70, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilir. “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin 01 yanvar 2022-ci il tarixli, 24 nömrəli qərarı ləğv edilir. İddiaçı 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə pensiya ödənilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar