Məhkəmə qərarları › İş №2-1(122)-620/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-620/2025

26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-620/2025 26.02.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Sadıqov Abbas Nemət oğlunun katibliyi ilə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh X1 qarşı “cavabdehin xx.xx.2024-cü il tarixə qeyd olunan borc məbləğindən İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş 854.04 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ******* manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixə qeyd olunan borc məbləğindən İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş 854.04 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ******* manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq inzibati iş məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, aidiyyət ilə bağlı məhkəmə iclası 26 fevral 2025-ci il tarixə təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Odur ki, məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır - 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. - 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, 1-8-10/2- 2194/2024 nömrəli məktubuna əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olan işlərin təhlili nəticəsində məhkəmələrdə vergi mübahisələrinin ərazi aidiyyətinin müəyyənləşdirilməsi ilə bağlı bəzi hallarda prosessual hüquq normalarının tətbiqində səhvlərə yol verildiyi, eləcə də oxşar mübahisələrə münasibətdə fərqli hüquqi yanaşmaların mövcud olduğu müəyyən edilmişdir. Bu səbəbdən də Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində təsbit edilmiş ərazi aidiyyəti qaydalarına dair qanunvericiliyin tələblərinin vergi orqanı ilə hüquqi şəxs və ya fərdi sahibkar arasında yaranan vergi mübahisələri üzrə tətbiqinə dair aşağıdakıların nəzərə alınması məhkəmələrə tövsiyə edilmişdir. İPM-nin 8.1.1-ci maddəsi daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılmalı olmasını müəyyən edir. Qeyd edilən norma vergi mübahisələri kontekstində siyahıya alınmış daşınmaz əmlakın hərracda satılmasına dair iddiaların ərazi aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalıdır. Buna görə qaldırılmış iddia yalnız bir daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır. Siyahıya alınmış əmlaklar həm daşınar, həm də daşınmaz əmlaklardan ibarət olduqda mübahisəyə müstəsna aidiyyət qaydası tətbiq olunmaqla işə yenə də daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır. Vergi orqanı tərəfindən siyahıya alınmış və satılması tələb olunan bir neçə daşınmaz əmlak olduğu halda isə iddiaçının seçiminə uyğun olaraq həmin əmlaklardan hər hansı birinin yerləşdiyi yer üzrə iddia qaldırıla bilər. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin oxşar işlər üzrə formalaşdırdığı məhkəmə təcrübəsi ondan ibarətdir ki, daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrin aidiyyəti həmin əmlakın və ya ərazinin aid olduğu yer üzrə müəyyən edilməlidir. Vergi mübahisələrinə münasibətdə siyahıya alınmış daşınmaz əmlakın satılmasına dair iddialara daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır. Hazırki iş üzrə siyahıya alınmış daşınmaz əmlak Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, ev 47, 47A, Yeni qaydalarla: AZ 1142 ünvan 1 ünvanında yerləşir. Göründüyü kimi siyahıya alınmış daşınmaz əmlakın yerləşdiyi yer Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olduğundan hazırki işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən İnzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi və inzibati məhkəmələrin ərazi yurisdiksiyası” təsdiq edilmişdir ki, həmin qərara görə Xətai rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Beləliklə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh X1 qarşı “cavabdehin xx.xx.2024-cü il tarixə qeyd olunan borc məbləğindən İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş 854.04 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ******* manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması tələbi”nə dair inzibati iş üzrə siyahıya alınmış daşınmaz əmlakın yerləşdiyi yer Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olduğundan hazırki iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 15, 55, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh X1 qarşı “cavabdehin xx.xx.2024-cü il tarixə qeyd olunan borc məbləğindən İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş 854.04 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ******* manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması tələbi”nə dair Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin icraatında olan e-2-1(122)-620/2025 nömrəli iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu (elan olunduğu) vaxtdan 10 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar