Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-625/2024 04.03.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Ali Məclisinə qarşı “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 02 avqust 2023-cü il tarixli, 347-06/S nömrəli sərəncamının ləğv olunması, Naxçıvan Muxtar Respublikası X1 qərarı əsasında yaradılmış MMC-in ləğv olunmaqla mülkiyyət hüququnun bərpa olunması, "X3 Müalicəxanası"-da sahibkarlıq fəaliyyətinin davam olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 02 avqust 2023-cü il tarixli, 347-06/S nömrəli sərəncamının ləğv olunması, Naxçıvan Muxtar Respublikası X1 qərarı əsasında yaradılmış MMC-in ləğv olunmaqla mülkiyyət hüququnun bərpa olunması, "X3 Müalicəxanası"-da sahibkarlıq fəaliyyətinin davam olunması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Naxçıvan MR-da mövcud olan Darıdağ müalicə kompleksi 1999-cu ildən Araz elmi təcrübə institutunun balansına verilmişdir. O, 1990-cı ildən X3 müalicəxanasında işləmişdir. 31 avqust 1993-cü ildə Culfa şəhər xalq deputatlar sovetinin 250 №-li qərarı ilə Darıdağ turist firmasını yaratmış, 57 saylı qərara əsasən isti su mənbəyi yaxınlığında 1994-cü ildə 102.29.kv m vanna otaqları, 177.22 kv.m müalicə binası, 19.50 kv.m bufet binası, 12.25 kv.m navesi öz vəsaiti hesabına inşa etmişdir. Ona 25 iyul 2003-cü il tarixdə 01 nömrəli reyestr kitabının 83-cü səhifəsində 203 reyestr nömrəsi ilə qeydə alınmaqla, 111 inventar nömrə ilə qeydə alınmaqla mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Mülkiyyətində olan Darı-Dağ Arsenalı su müalicəxanası 16 oktyabr 2017-ci il tarixə qədər fəaliyyət göstərmiş və iddiaçı vergilərini vaxtında ödəmişdir. Naxçıvan MR Ali Məclisinin 16 oktyabr 2017 ci il tarixli, 185-05 nömrəli sərəncamına əsasən Naxcivan MR Səhiyyə Nazirliyinin tabeliyində Darı-Dağ Arsenalı su müalicəxanası publik hüquqi şəxsi yaratmış və ona da həmin publik hüquqi şəxsin direktoru vəzifəsinə təyin olunması vəd edilmiş, lakin yerinə yetirilməmişdir. İddiaçı qeyd olunanları nəzərə alaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 02 avqust 2023-cü il tarixli, 347-06/S nömrəli sərəncamının ləğv olunması, Naxçıvan Muxtar Respublikası X1 qərarı əsasında yaradılmış MMC-in ləğv olunmaqla mülkiyyət hüququnun bərpa olunması, "X3 Müalicəxanası"-da sahibkarlıq fəaliyyətinin davam olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı 29 dekabr 2023-cü il tarixli və 13 fevral 2024-cü il tarixli yardım məktubları ünvanlanaraq qaldırdığı iddianın İPM-in 2.2.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia növünə aid olduğu və qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddianın mübahisələndirilən müvafiq inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırılmalı olduğu halda, iddiaçının bu tələbə əməl etmədiyi, iddia tələbinin dəqiq və aydın ifadə olunmadığı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin inzibati orqan kimi "İnzibati orqanların Təsnifatın"da öz əksini tapmadığı və cavabdeh qismində göstərilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinə hazırki tələb üzrə edilmiş müraciət və orqan tərəfindən müraciətə verilmiş cavab məktubunun iddia ərizəsinə əlavə edilmədiyi bildirilmiş və iddiaçıya tələbin dəqiqləşdirilməsi, cavabdehin müəyyən olunması və hazırki tələb üzrə edilmiş müraciət və orqan tərəfindən müraciətə verilmiş cavab məktubunun iddia ərizəsinə əlavə edilməsi üçün 10 (on) gün (məktubu aldıqdan sonra) müddət təyin edilmiş və əks halda iddia tələbinin İPM-nin 35.1-ci maddəsinə əsasən mümkünsüz sayılacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmənin yardım məktubları iddiaçı tərəfindən alınmasına baxmayaraq, məktublarda nəzərdə tutulan hallarla bağlı heç bir tədbir görülməmişdir. 12 fevral 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı və iddiaçının vəkili iştirak etmiş, tələbin dəqiqləşdirilməsi üçün məhkəmədən vaxt verilməsini xahiş etmişdirlər. Məhkəmə iddiaçının və iddiaçının vəkilinin vəsatətini təmin edərək, iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclasını 04 mart 2024-cü il tarixə təyin etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçının vəkilinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili olmadan işə baxılmasına etiraz etmədiyini, öz hüquqlarını müdafiə etmək iqtidarında olduğunu bildirmiş, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının vəkilinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq belə hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmamalıdır. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının: 5-ci maddəsinin İ hissəsinə əsasən Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir. 5-ci maddəsinin V hissəsinə əsasən bu Konstitusiya ilə onun səlahiyyətinə aid edilən məsələlər üzrə Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi fərmanlar, başqa məsələlər barəsində isə sərəncamlar qəbul edir. “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununun: 3.1-ci maddəsinə əsasən konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə qəbul edilən və ya digər birdəfəlik tətbiq halları üçün nəzərdə tutulan hüquqi aktlar qeyri-normativ hüquqi aktlar sayılır. 3.3.2-ci maddəsinə əsasən Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin sərəncamları qeyri-normativ hüquqi aktlara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: 1.1, 1.2, 1.3-ci bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçı Məmmədov X2 Muxtar Respublikası Ali Məclisinin 02 avqust 2023-cü il tarixli, 347-06/S nömrəli sərəncamının ləğv olunması, Naxçıvan Muxtar Respublikası X1 qərarı əsasında yaradılmış MMC-in ləğv olunmaqla mülkiyyət hüququnun bərpa olunması, "X3 Müalicəxanası"-da sahibkarlıq fəaliyyətinin davam olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçının hazırkı iddianın qaldırılmasında olan əsas hüquqi marağı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 02 avqust 2023-cü il tarixli, 347-06/S nömrəli sərəncamının ləğv olunmasından ibarətdir. Məhkəmə qeyd edir ki, mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılması üçün tərəflərdən biri inzibati orqan olmalı və tərəflər arasında yaranmış hüquq münasibətləri inzibati xarakterli olmalıdır. Hazırkı mübahisədə cavabdeh qismində göstərilmiş Naxçıvan Muxtar Respublikası Ali Məclisi qanunverici orqan olmaqla inzibati orqan kimi təsnif edilməmiş və hazırkı mübahisə onun inzibati fəaliyyətinin nəticəsində yaranmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin 02 avqust 2023-cü il tarixli, 347-06/S nömrəli sərəncamı qeyri-normativ hüquqi akt olduğundan həmin sərəncamın mübahisələndirilməsinə dair iddiaya inzibati icraat qaydasında inzibati məhkəmələr tərəfindən baxılması mümkün deyildir. Hazırkı iddia tələbinin digər hissəsinə münasibətdə məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, sərəncamın ləğv edilməsi barədə iddia mümkünsüz olduğundan, hüquqi müqəddəratı həmin tələblə bağlı mübahisənin həllindən bilavasitə asılı olan digər tələblər də belə bir hüquqi zərurət olmadığı üçün müzakirə edilmədən mümkün sayılmamalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Ali Məclisinə qarşı “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 02 avqust 2023-cü il tarixli, 347-06/S nömrəli sərəncamının ləğv olunması, Naxçıvan Muxtar Respublikası X1 qərarı əsasında yaradılmış MMC-in ləğv olunmaqla mülkiyyət hüququnun bərpa olunması, "X3 Müalicəxanası"-da sahibkarlıq fəaliyyətinin davam olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Ali Məclisinə qarşı “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 02 avqust 2023-cü il tarixli, 347-06/S nömrəli sərəncamının ləğv olunması, Naxçıvan Muxtar Respublikası X1 qərarı əsasında yaradılmış MMC-in ləğv olunmaqla mülkiyyət hüququnun bərpa olunması, "X3 Müalicəxanası"-da sahibkarlıq fəaliyyətinin davam olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmır. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-625/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-625/2024
04.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver