Məhkəmə qərarları › İş №2-1(122)-626/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-626/2024

02.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-626/2024 02.04.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, cavabdeh Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinə qarşı "xidmət etdiyi dövrdə ona ödənilməli olan, ancaq ödənilməmiş müalicə-müavinət və məzuniyyət pullarının ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xidmət etdiyi dövrdə ona ödənilməli olan, ancaq ödənilməmiş müalicə-müavinət və məzuniyyət pullarının ona ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Naxçıvan MR DİN-də xidmət etmişdir. Daxili işlər orqanlarında sonuncu iş yeri X1muşdur. xx.xx.2005-ci il tarixdə Fövqəladə Hallar Nazirliyi yarandıqdan sonra X4 İdarəsi Daxili İşlər Nazirliyinin balansından çıxarılıb Fövqəladə Hallar Nazirliyinin balansına verilmişdir. O da həmin tarixdən 04 iyul 2012-ci il tarixədək Naxçıvan MR-nın Fövqəladə Hallar Nazirliyi Yanğından Mühafizə Xidmətində müxtəlif vəzifələrdə işləmişdir. O, daxili işlər orqanlarında işlədiyi 12 il ərzində hər il məzuniyyətə çıxan zaman almalı olduğu müalicə-müavinət və məzuniyyət pulunu almamışdır. Həmin pulları almadığı barədə Naxçıvan MR DİN-nin Maliyyə-Plan Şöbəsindən arayış almış və həmin arayışın əslini Naxçıvan MR-nın Fövqəladə Hallar Nazirliyinin Maliyyə Şöbəsinin rəisinə təqdim etmişdir. Pulların ona ödənilməsi barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə müraciət etmişdir. Nazir müavini Rza Xudiyevin imzası ilə ona verilmiş cavabda bildirilir ki, son iş yeri Naxçıvan MR-nın Fövqəladə Hallar Nazirliyi olduğu üçün ərizədə qeyd edilən xüsusatların araşdırılıb həll edilməsi üçün aidiyyəti üzrə Naxçıvan MR-nın Fövqəladə Hallar Nazirliyinə müraciət edilməsi məqsədəuyğundur. O, bundan sonra bir neçə orqana müraciət etsə də, nəticəsiz qalmışdır. Ona görə o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq, iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 02 aprel 2024cü il tarixə təyin olunmuşdur. Məhkəmə tərəfindən iddiaçıya yardım məktubları ünvanlanaraq iddia tələbinin dəqiqləşdirilməsi təklif olunmuşdur. Məhkəmənin yardım məktubları iddiaçı tərəfindən imza edilərək alınmış, lakin iddiaçı tərəfindən məktubda nəzərdə tutulan hallarla bağlı heç bir tədbir görülməmişdir. İddiaçı məhkəməyə 14 mart 2024-cü il tarixli ərizə göndərərək 02 aprel 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib, işə onun iştirakı olmadan baxılıb qərar verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi X5 qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 46.1-ci maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları, iddiaçının (ərizəçinin) tələbi göstərilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: - 1.1, 1.2, 1.3-ci bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. - 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. - 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. - 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. -16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmunundan aydın olur ki, iddia tələbi qeyri-müəyyən ifadə olunmuşdur. Belə olan halda məhkəmə tərəfindən iddiaçının cavabdehə qarşı konkret tələbinin nədən ibarət olduğunu, yəni iddiaçı tərəfindən xidmət etdiyi hansı illər üzrə ona ödənilməli olan, ancaq ödənilməmiş müalicə-müavinət və məzuniyyət pullarının ona ödənilməsinin xahiş edildiyini müəyyən etmək mümkün olmamışdır. Bu hal isə hazırki tələb üzrə mümkünlük şərtlərini istisna edir. Belə olan təqdirdə iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh inzibati orqan tərəfindən hansı formada pozulduğunu (inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində) müəyyən etmək mümkün olmamışdır. Məhkəmə tərəfindən iddiaçının ünvanına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən yardım məktubları göndərilərək ona zəruri hüquqi yardım göstərilmişdir. Hazırkı iş üzrə iddiaçının 01 mart 2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 46-cı maddəsinin tələblərinə uyğun tərtib edilmədiyindən və yuxarıda sadalanan hallara əsasən təqdim edilən oxşar məzmunlu yeni iddia tələbləri üzrə məhkəmə tərəfindən hər dəfə müvafiq prosessual hərəkətlərin aparılması qanunvericilikdə nəzərdə tutulan hüquqlardan sui-istifadə, prosesin sonsuzadək davam etdirilməsi və prosessual qənaət prinsipinin pozulması ilə nəticələnəcəkdir. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərtin yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Beləliklə, məhkəmə İddiaçı cavabdeh Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinə qarşı "xidmət etdiyi dövrdə ona ödənilməli olan, ancaq ödənilməmiş müalicə-müavinət və məzuniyyət pullarının ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Yuxarıda şərh olunan hallara əsaslanaraq iddiaçıya izah edilir ki, göstərilən hallar aradan qaldırılaraq yenidən məhkəməyə iddia ərizəsi ilə müraciət edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinə qarşı "xidmət etdiyi dövrdə ona ödənilməli olan, ancaq ödənilməmiş müalicə-müavinət və məzuniyyət pullarının ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar