Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-627/2025 04.02.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X2 Heydər oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Ali Məclisinə qarşı "Naxçıvan MR İqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılovun barəsində işdən azad olunmasına dair Naxçıvan MR Ali Məclisinə göndərdiyi təqdimatın və bu təqdimat əsasında verilmiş Naxçıvan Muxtar Respublikası X4 2 dekabr 2024-cü il tarixli, 17-07/S nömrəli sərəncamının ləğv edilməsi, işə bərpa olunması, məcburi iş buraxmasına görə əmək haqqının ödənilməsi, məcburi iş buraxmasına görə ödənilməsi nəzərdə tutulmuş əmək haqqının gecikdirilmiş hər günü üçün ən azı 1 (bir) faiz məbləğində ödənclərin verilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə qarşı Naxçıvan MR İqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılovun barəsində işdən azad olunmasına dair Naxçıvan MR Ali Məclisinə göndərdiyi təqdimatın və bu təqdimat əsasında verilmiş Naxçıvan Muxtar Respublikası X4 2 dekabr 2024-cü il tarixli, 17-07/S nömrəli sərəncamının ləğv edilməsi, işə bərpa olunması, məcburi iş buraxmasına görə əmək haqqının ödənilməsi, məcburi iş buraxmasına görə ödənilməsi nəzərdə tutulmuş əmək haqqının gecikdirilmiş hər günü üçün ən azı 1 (bir) faiz məbləğində ödənclərin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 04 fevral 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya 29 dekabr 2024-cü il tarixli yardım məktubu ünvanlanaraq, cavabdeh qismində 2 müxtəlif orqanın göstərildiyi, cavabdeh qismində qeyd olunan Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə hazırki tələb üzrə edilmiş müraciət və müraciətə verilmiş cavab məktubu iddia ərizəsinə əlavə edilmiş sənədlər içərisində öz əksini tapmadığı bildirilmişdir. İddiaçı məhkəmənin elektron ünvanına 29 dekabr 2024-cü il tarixli ərizə göndərərək, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin cavabdeh qismindən çıxarılmasını xahiş etmiş, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası Ali Məclisinə göndərilmiş təqdimatı mübahisələndirəcəyini qeyd etmişdir. Məhkəmənin 09 yanvar 2025-ci il tarixli yardım məktubu ilə iddaçıya AR İnzibati Prosessual Məcəllənin 8.1.3-cü maddəsinə görə inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxıldığı, bununla da hazırki tələbin qeyd olunan məcəllənin təsir dairəsinə düşmədiyi, eləcə də, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifat”ında inzibati orqan kimi müəyyən edilmədiyi bildirilmiş, məsələyə münasibət bildirilməsi üçün vaxt müəyyən olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Bu aşağıdakı əsaslardan irəli gəlir. Tətbiq edilən hüquq: İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu: - 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; - 3.1-ci maddəsinə əsasən Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: - 2.1 Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. - 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); - 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); - 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); - 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); - 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); - 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; - 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; - 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankın ərizələrinə. - 8.1.3. inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; - 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. - 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu: - 3.1. Konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə qəbul edilən və ya digər birdəfəlik tətbiq halları üçün nəzərdə tutulan hüquqi aktlar qeyri-normativ hüquqi aktlar sayılır. - 3.3. Qeyri-normativ hüquqi aktlara aşağıdakılar aiddir: - 3.3.2. Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin sərəncamları; “Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında Naxçivan Muxtar Respublikasi X4 Fərmanı Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin İİ hissəsinin 22-ci bəndini rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətini təmin etmək məqsədilə qərara alıram:
3. “Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi” təsdiq edilsin Naxçıvan Muxtar Respublikası X4 2023-cü il 29 dekabr tarixli 225-Vİ FR nömrəli Fərmanı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə
5. Nazirliyin fəaliyyətinin təşkili 5.1. Nazirliyin Aparatı, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair) Nazirliyin sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir. 5.3. Nazirliyin fəaliyyətinə Azərbaycan Respublikasının Konstitusiyasının 139-cu maddəsinin İ hissəsinin 5-ci bəndinə, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinin 5-ci bəndinə və 5-ci maddəsinin İ hissəsinin 7-ci bəndinə əsasən vəzifəyə təyin və vəzifədən azad olunan nazir rəhbərlik edir. Nazirliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün nazir şəxsən məsuliyyət daşıyır. 5.4. X1 Respublikası Ali Məclisinin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunan müavinləri vardır. Nazirin müavinləri nazirin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar. 5.5. Nazir: 5.5.7. Nazirliyin Aparatının, habelə Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və onların müavinlərini (Naxçıvan Muxtar Respublikası X4 başqa qayda müəyyən etdiyi digər hallar istisna olmaqla) vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür; Naxçıvan Muxtar Respublikası X4 2023-cü il 29 dekabr tarixli 225-Vİ FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin strukturu”.
2. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və tabeliyindəki vergi orqanları. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: 1.1, 1.2, 1.3-ci bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. - 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. - 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. - 5.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. - 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. - 10.1-ci bəndinə əsasən bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkülük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır. - 13-cü bəndinə əsasən inzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz... Məhkəmənin əsaslandırması: Müəyyən olunur ki , iddiaçının tələbi 4 hissədən ibarətdir: 1) onun işdən azad olunmasına dair Naxçıvan MR Ali Məclisinə göndərdiyi təqdimatın və bu təqdimat əsasında verilmiş Naxçıvan Muxtar Respublikası X4 2 dekabr 2024-cü il tarixli, 17-07/S nömrəli sərəncamının ləğv edilməsi; 2) işə bərpa olunması 3) məcburi iş buraxmasına görə əmək haqqının ödənilməsi; 4) məcburi iş buraxmasına görə ödənilməsi nəzərdə tutulmuş əmək haqqının gecikdirilmiş hər günü üçün ən azı 1 (bir) faiz məbləğində ödənclərin verilməsi. Nəzərə alınmalıdır ki, hazırkı iş üzrə ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik) hüququn nizamasalma predmetinə aid olub-olmaması müəyyən edilməlidir. Ümumi (publik) hüquq publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Həmçinin məhkəmə bildirir ki, iddiaçının hazırkı tələbi İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məhkəmə icraatı qaydasında baxılan iddialar sırasında mövcud deyildir. Ona görə də verilmiş iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığı müəyyən edilir. İddia tələbinin 2-4-cü hissələri ilə bağlı məhkəmə qeyd edir ki, həmin hissələr birinci hissədən asılı tələbdir və yalnız iddia tələbinin birinci hissəsi inzibati icraat qaydasında araşdırılacağı halda digər tələblərlə bağlı məsələyə baxıla bilər. İddiaçı elektron ərizə ünvanlayaraq iş üzrə yeni halların olduğunu nəzərə alıb AR İPM-in 7-ci maddəsinə əsasən iş üzrə icraatın dayandırılmasını məhkəmədən xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, qanunverici AR İPM-in 7-ci maddəsində mübahisə ilə bağlı iş üzrə icraatın “yeni hallar” üzrə dayandırılması halını nəzərdə tutmamış və iş üzrə icraatın dayandırılmasını imperativ norma kimi müəyyən etməmişdir. İddiaçının həmin ərizəsi hüquqi əsassız olmaqla yanaşı, tamamilə formal xarakter daşıdığından və məhkəmə prosesinin lüzumsuz uzadılması məqsədilə verildiyindən təmin edilməmişdir. Odur ki, məhkəmə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Ali Məclisinə qarşı "Naxçıvan MR İqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılovun barəsində işdən azad olunmasına dair Naxçıvan MR Ali Məclisinə göndərdiyi təqdimatın və bu təqdimat əsasında verilmiş Naxçıvan Muxtar Respublikası X4 2 dekabr 2024-cü il tarixli, 17-07/S nömrəli sərəncamının ləğv edilməsi, işə bərpa olunması, məcburi iş buraxmasına görə əmək haqqının ödənilməsi, məcburi iş buraxmasına görə ödənilməsi nəzərdə tutulmuş əmək haqqının gecikdirilmiş hər günü üçün ən azı 1 (bir) faiz məbləğində ödənclərin verilməsi tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qəraraaldı:
İddia mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Elnur Hüseynov