Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-63/2022 01.06.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı iştirakı olmadan, iddiaçı İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 03 fevral 2022-ci il tarixli, 13 nömrəli qərarının ləğv edilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin üzərinə onun Babək Rayon Mexanizasiya İdarəsində və Babək Aqroservis firmasında işlədiyi müddəti ümumi iş stajına daxil etməklə ona təyin edilmiş əlilliyə görə əmək pensiyasının bərpa edilməsi və 01 dekabr 2021-ci il tarixdən bugünədək alınmamış pensiyanın ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı əmək pensiyaçısıdır. Cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinin Naxçıvan şəhər şöbəsinə təqdim etdiyi ərizəsi və digər təsdiqedici sənədləri nəzərə alınmaqla "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin pensiya təyin edən komissiyasının 30 sentyabr 2019-cu il tarixli, 19804 nömrəli qərarına əsasən ona İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Lakin sonradan cavabdeh inzibati orqan 2021-ci ilin dekabr ayında ona təyin olunan əlilliyə görə əmək pensiyasının ödənişini dayandırmış və dayandırmasını onunla əsaslandırmışdır ki, onun Babək rayon "Mexanizasiya İdarəsində", "Babək" Aqroservis firması və "Naxçıvan Muxtar Respublikası X4"ndə işləməyi ilə bağlı əmək kitabçasında aparılan qeydlərin olmasına baxmayaraq, həmin təşkilatların sənədləri dövlət arxivinə təhvil verilmədiyindən həmin illərin ona sığorta stajı kimi hesablanması qanun xaricindədir. Bu barədə o, dəfələrlə cavabdehə müraciət edərək əmək kitabçasında olan iş stajları ilə bağlı həmin təşkilatların sənədlərinin dövlət arxiv idarələrinə təhvil verilməməsinin onun günahı ucbatından olmadığını və buna görə ona təyin olunan əmək pensiyasının ləğv edilməsinin qanunsuz olduğunu bildirmişdir. İddiaçı qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda əmək pensiyasının ləğv edilməsi ilə bağlı heç bir müddəa öz əksini tapmamış və bu qərar pensiya təyin edən komissiyanın səlahiyyətlərinə daxil deyildir. Cavabdehin ona ünvanladığı cavablardan görünür ki, onlar iddiaçının ümumi sığorta stajını 8 il 5 ay hesablayıblar. Lakin təqdim etdiyi sənədlərdən görünür ki, onun ümumi iş stajı 15 il 2 ay təşkil edir. İddiaçı hesab edir ki, bu qanunsuzdur və cavabdehin üzərinə pensiyanın bərpa edilməsi öhdəliyi qoyulmalıdır. İddiaçı yuxarıda göstərilənlərə əsasən məhkəmədən “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin üzərinə onun Babək Rayon Mexanizasiya İdarəsində və Babək Aqroservis firmasında işlədiyi müddəti ümumi iş stajına daxil etməklə ona təyin edilmiş əlilliyə görə əmək pensiyasının bərpa edilməsi və 01 dekabr 2021-ci il tarixdən bugünədək alınmamış pensiyanın ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri sərəncamla cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinə göndərilmiş, hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 25 fevral 2022-ci il tarixə təyin edilmişdir. 25 fevral 2022-ci il tarixə təyin olunmuş məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair 25 fevral 2022-ci il tarixli ərizə təqdim edib iddia tələbini dəqiqləşdirdiyini bildirərək hazırki iddia tələbinin “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 03 fevral 2022-ci il tarixli, 13 nömrəli qərarının ləğv edilməsi” olduğunu bildirib, həmin tələb üzrə işə baxılmasını xahiş etmişdir. Məhkəmənin 25 fevral 2022-ci il tarixli, 2-1(122)-63/2022 nömrəli qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsi iddiaya dair məhkəməyə ünvanlanan 21 fevral 2022ci il tarixli, 02/255 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsi 2019-2021-ci illər ərzində komissiya tərəfindən təyin edilmiş əmək pensiyaçılarının pensiya işlərini təkrar araşdırarkən müəyyən etmişdir ki, xx xxxxxx 1979-cu il tarixdə anadan olmuş, Naxçıvan şəhəri, məhəllə 35, ev 61 ünvanında yaşayan İddiaçı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən 30 sentyabr 2019-cu il tarixli, 19804 nömrəli qərarla İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. 18 sentyabr 2019-cu il tarixdə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən iddiaçıya ümumi xəstəliklə İİ dərəcəli əlillik təyin edilmişdir. "Əmək pensiyaları haqqında" Qanunun 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşdırılması ilə əlaqədar təyin edilir. Əlilliyə görə əmək pensiyası təyin olunmasının şərtləri adı çəkilən Qanunun 12.1-ci maddəsində müəyyən edilərək göstərilmişdir ki, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığota stajı olduqda təyin edilir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığorta olunanana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Təyin olunmuş pensiya işi təkrar yoxlanılarkən iddiaçının 01 yanvar 2006-cı il tarixədək 2 il 1 ay hərbi xidmət illəri və 7 il 8 ay iş stajı olmaqla cəmi 9 il 9 ay iş stajının və fərdi hesabının sığorta hissəsində 5909.90 manat pensiya kapitalı olduğu müəyyən edilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivindən verilən 30 dekabr 2021-ci il tarixli, 13/3 nömrəli və Babək rayon Dövlət Arxivi tərəfindən verilən 30 dekabr 2021-ci il tarixli, 01 nömrəli arayışlarda "Babək rayon Mexanizasiya" müəssisəsi, (1 il, 7 ay, 22 gün) "Babək" Aqroservis firması (5 ay, 14 gün) və "Naxçıvan Muxtar Respublikası X4" İdarəsinin 2002-ci il tarixdən 2005-ci ilin sentyabr ayınadək illərə (3 il, 4 ay) aid sənədlərinin Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilməməsi səbəbindən İddiaçı sığorta stajı 15 il 2 aydan 5 il 5 ay azalaraq, 9 il 9 ay müəyyən olunmuşdur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinin müddəalarına əsasən əlilliyə görə əmək pensiyasının sığorta hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 200-ə olan nisbəti şəklində müəyyənləşdirilir. Nəzərə alınsa ki, 2019-cu il tarixdə əmək pensiyalarının minimum məbləği 160.0 manat təşkil etmişdir, bu zaman iddiaçının mövcud olan əmək stajı ilə kapitalının ümumi məbləği gözlənilən pensiya ödənişi aylarının nisbəti şəklində hesablandıqda pensiya kapitalı minimum əmək pensiyasından az olduğuna görə pensiya təyin edilməsi mümkün deyildir. Beləliklə, İddiaçı əlilliyə görə pensiya ödənilməsini mümkünsüz edən hal onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmasıdır. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, iddia qanunazidd olduğundan iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 10 may 2022-ci il tarixli, 2-1(122)-63/2022 nömrəli sərəncamı ilə işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 01 iyun 2022-ci il tarixə təyin olunmuşdur. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə, həmçinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda tərəflərin iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilməsinə baxmayaraq, iş üzrə İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin nümayəndəsi X10 cavabdeh tərəfindən məhkəməyə ünvanlanan məktublara uyğun izahat verərək məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 03 fevral 2022-ci il tarixli, 13 nömrəli qərarından məlum olur ki, "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin pensiya təyin edən komissiyası 2021-ci il noyabr ayında pensiya işlərini nəzərdən keçirərək müəyyən etmişdir ki, 30 sentyabr 2019-cu il tarixdə 19804 nömrəli qərara əsasən xx xxxxxx 1979-cu il tarixdə anadan olmuş, Naxçıvan şəhəri, məhəllə 35, ev 61 ünvanında yaşayan İddiaçı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci və 31.2-1-ci maddələrinə zidd olaraq İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Pensiya təyinatı "əmək kitabçası" əsasında aparılmışdır. X14 Respublikası Dövlət Arxivindən verilən 30 dekabr 2021-ci il tarixli, 13/3 nömrəli və Babək rayon Dövlət arxivindən verilən 30 dekabr 2021-ci il tarixli, 01 nömrəli arayışlarda "Babək rayon Mexanizasiya" müəssisəsi, "Babək Aqroservis" firması və "Naxçıvan Muxtar Respublikası X4" İdarəsinin 2002-2004-cü illərə aid sənədləri arxiv idarələrinə təhil verilmədiyindən İddiaçı sığorta stajı 15 il 2 aydan 6 il 9 ay azalaraq, 8 il 5 aya düşmüşdür. Qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən vətəndaşlara əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Vətəndaş İddiaçı tələb olunan 8 il 4 ay sığorta stajı olmasına baxmayaraq, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğu üçün vətəndaşa həmin maddənin müddəalarına zidd olaraq pensiya təyinatı aparılmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq komissiya xx xxxxxx 1979-cu il tarixdə anadan olmuş, Naxçıvan şəhəri, məhəllə 35, ev 61 ünvanında yaşayan İddiaçı 30 sentyabr 2019-cu il tarixdə 19804 nömrəli qərara əsasən İİ dərəcəli əlilliyə görə, qanunsuz olaraq, təyin edilmiş əmək pensiyasının ləğv edilməsini və 19 sentyabr 2019-cu il tarixdən 01 dekabr 2021-ci il tarixədək ödənilmiş 6328 manat 39 qəpik məbləğində pul vəsaitinin Fondun şəhər şöbəsinin yığım hesabına geri qaytarılmasını qərara almışdır. - 05 avqust 1996-cı il tarixli, AT-Vİİİ seriyalı, ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 05 avqust 1996-cı il tarixdən 21 iyul 1997-ci il tarixədək və 06 sentyabr 1999-cu il tarixdən 12 may 2000-ci il tarixədək Babək rayon Mexanizasiya müəssisəsində, 10 iyul 2000-ci il tarixdən 24 aprel 2002-ci il tarixədək “Babək" Aqroservis firmasında, 01 may 2002-ci il tarixdən 31 may 2006-cı il tarixədək Naxçıvan Muxtar Respublikası X1, 02 fevral 2007-ci il tarixdən 22 may 2007-ci il tarixədək Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Cəmiyyətində, 01 iyun 2009-cu il tarixdən 07 aprel 2011-ci il tarixədək Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində, 18 avqust 2011-ci il tarixdən 26 dekabr 2012-ci il tarixədək "xxxx" MMC-də, 01 aprel 2013-cü il tarixdən 01 avqust 2015-ci il tarixədək "xxxx" MMC-də müxtəlif vəzifələrdə işləmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən İddiaçı verilmiş 30 dekabr 2021-ci il tarixli, 13/3 nömrəli arxiv arayışından məlum olur ki, "Babək Aqroservis" firmasının sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyi üçün İddiaçı işləməsi haqqında məlumat yoxdur. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən İddiaçı verilmiş 30 dekabr 2021-ci il tarixli, 13/3 nömrəli arayışda İddiaçı Naxçıvan Muxtar Respublikası X1 işləməsi faktı və 2005-ci ildə aylar üzrə aldığı əməkhaqqı cədvəli, arayışın qeyd hissəsində isə Naxçıvan Muxtar Respublikası X2 2002-2004-cü illərə dair “marşrut sürücülərinin” əməkhaqqı cədvəllərinin Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyi göstərilmişdir. - Babək Rayon Dövlət Arxivi tərəfindən İddiaçı verilmiş 30 dekabr 2021-ci il tarixli, 01 nömrəli arxiv arayışından məlum olur ki, Babək rayon Mexanizasiya müəssisəsinin sənədləri Babək Rayon Dövlət Arxivinə təhvil verilmədiyindən İddiaçı işləməsi haqqında məlumat yoxdur. - Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən 06 dekabr 2014-cü il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx xxxxxx 1979-cu il tarixdə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində doğulmuş Qazıyev X8 şəhəri, məhəllə 35, ev 61 ünvanında pasport qeydiyyatındadır. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 07 fevral 2022-ci il tarixli, 01/243 nömrəli arayışdan məlum olur ki, Qazıyev X8 şəhəri, 35-ci məhəllə, ev 61 ünvanında qeydiyyatdadır. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən İddiaçı verilmiş 15 fevral 2022-ci il tarixli, 13/194 nömrəli arayışda İddiaçı Babək firmasında işləməsi faktı və 2000- 2002-ci illərə dair aylar üzrə aldığı əməkhaqqı cədvəli göstərilmişdir. - Babək rayon Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 30 mart 2022-ci il tarixli, 04 nömrəli məktubdan məlum olur ki, Babək rayon Mexanizasiya müəssisəsinin 1996-2000-ci illə dair sənədləri Babək rayon Dövlət Arxivinə təhvil verilmədiyindən İddiaçı işləməsi və ya əmək haqqı alması haqqında Babək rayon Dövlət Arxivində məlumat yoxdur. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 01 aprel 2022-ci tarixli, 13/454 nömrəli arxiv arayışından məlum olur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Babək rayon Mexanizasiya müəssisəsinin 1996-2000-ci illərə dair sənədlərində İddiaçı adına rast gəlinməmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 01 aprel 2022-ci tarixli, 13/454 nömrəli arxiv arayışından məlum olur ki, İddiaçı Naxçıvan Muxtar Respublikası X1 işləməsi faktı və 2005-ci ilin sentyabr ayından 2006-ci ilin may ayına kimi aylar üzrə aldığı əməkhaqqı cədvəli, arayışın qeyd hissəsində isə Naxçıvan Muxtar Respublikası X2 2002-2005-ci ilin sentyabr ayına qədər olan “marşrut sürücülərinin” əməkhaqqı cədvəllərinin Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyi göstərilmişdir. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 25 aprel 2022-ci il tarixli, 02/586 nömrəli məktubdan məlum olur ki, vətəndaş İddiaçı İİ dərəcəli əlilliyə görə əmək pensiyası qanunvericiliyin 31.2-1-ci maddəsinin tələblərinə zidd olaraq əmək kitabçası əsasında aşağıdakı qaydada təyin edilmişdir: 40 yaş-15 yaş=25 x 4 ay=100 ay:12 ay=8 il 4 ay (tələb olunan staj) 100 ay : 192 x 144 = 75 (sığorta davamiyyəti əmsalı) 9 il 2 ay x 360 (manat) x 2.3612 (indk)=6623.16:75=88.31 (01 yanvar 2006-cı ilədək - 9 il 2 ay) PSK=5909.90:75=78.80 (01 yanvar 2006-cı ildən sonra - 6 il 0 ay) SH=88.31+78.80=167.11. Şöbə tərəfindən pensiya işləri araşdırılarkən məlum olmuşdur ki, İddiaçı Babək rayon Mexanizasiya müəssisəsində, “Babək” Aqroservis firmasında və Naxçıvan Muxtar Respublikası X3 işləməsi faktı arxiv arayışları ilə təsdiq olunmadığına görə 01 yanvar 2006-cı ilədək olan iş stajı 9 il 2 aydan 5 il 5 ay azalaraq 3 il 9 aya düşmüşdür. Yenidən hesablanma isə bu qaydada aparılmışdır. 3 il 9 ay x 306 (manat) x 2.3612 (indk) = 2709.48 : 75= 36.13 (01 yanvar 2006-cı ilədək - 3 il 9 ay) PSK = 5909.90 : 75 = 78.80 (01 yanvar 2006-cı ildən sonra - 6 il 0 ay) SH = 36.13 + 78.80 = 114.93 "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən vətəndaşlara əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Bununla da, vətəndaşın pensiyasının sığorta hissəsi əmək pensiyasının minimum məbləğindən (160 manat) az olduğu üçün 30 sentyabr 2019-cu il tarixdə 19804 nömrəli qərara əsasən təyin edilmiş İİ dərəcəli əlilliyə görə əmək pensiyası Şöbənin pensiya təyin edən komissiyasının 03 fevral 2022-ci il tarixli, 13 nömrəli qərarına əsasən ləğv olunmuşdur. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Fondu" publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin Pensiya təminatı sektorunun mütəxəssisi X12, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin direktoru X6 və Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin iş icraçısı X7 iştirakları ilə tərtib edilmiş 22 aprel 2022-ci il tarixli aktdan məlum olur ki, vətəndaş İddiaçı iş stajının düzgünlüyü Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində əmr və əmək haqqı kitablarına əsasən qarşılıqlı yoxlanılmışdır. Yoxlama zamanı Babək rayon Mexanizasiya müəssisəsinin sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyi üçün vətəndaş İddiaçı 05 avqust 1996 - 21 iyul 1997-ci illərdə və 06 sentyabr 1999 - 12 may 2000-ci illərdə həmin müəssisədə işləyib-işləməməsi faktını yoxlamaq mümkün olmamışdır. - Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 04 may 2022-ci il tarixli, **********918600 nömrəli məktubdan aydın olur ki, "Babək" Aqroservis firması 12 may 2000-ci il tarixdə, 128-2000/D nömrəli şəhadətnamə ilə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş, X14 Respublikasının vergi orqanlarında qeydiyyata alınmamışdır. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 05 may 2022-ci il tarixli, 02/645 nömrəli məktubdan məlum olur ki, "Babək” Aqroservis firması "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsində sığorta ödəyicisi kimi qeydiyyatda olmamışdır. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin əmək pensiyası təyin edən komissiyası tərəfindən təyin olunmuş əmək pensiyaçısının əmək kitabçasına əsasən sığorta stajı barədə məlumatdan görünür ki, İddiaçı 01 iyun 2006-cı il tarixədək 9 il, 2 ay, 6 gün, 01 iyun 2006-cı il tarixdən sonrakı dövr üçün 6 il, ümumilikdə 15 il, 2 ay, 6 gün sığorta stajı mövcuddur. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin əmək pensiyası təyin edən komissiyası tərəfindən təyin olunmuş əmək pensiyaçısının arxiv arayışlarına əsasən sığorta stajı barədə məlumatdan aydın olur ki, İddiaçı 01 iyun 2006-cı il tarixədək 3 il, 9 ay, 01 iyun 2006-cı il tarixdən sonrakı dövr üçün 6 il, ümumilikdə 9 il, 9 ay sığorta stajı mövcuddur. - 128-2000/D nömrəli dövlət qeydiyyatı haqqında Şəhadətnamənin təsdiq olunmuş surətindən aydın olur ki, Naxçıvan şəhəri, C.Məmmədquluzadə küçəsində yerləşən, mülkiyyət və təşkilati-hüquqi forması dövlət olan "Babək" Aqroservis firması ******* identifikasiya kodu ilə 12 may 2000-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. İddiaçının məhkəməyə sübut kimi təqdim etdiyi Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 14 aprel 2000-ci il tarixli, 77 nömrəli qərarının məzmunundan məlum olur ki, özəlləşdirilmək məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Əmlakı Nazirliyinin tabeliyinə verilmiş Şərur və Babək rayon Maddi-Texniki Təchizat və Mexanikləşdirilmiş İstehsalat birliklərinin bazasında Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində aqroservizlər yaradılmış, yaradılacaq aqroservizlər Azərbaycan Respublikasının “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” 26 mart 1999-cu il tarixli Qanununa uyğun olaraq vergi və ayırmalardan 5 il müddətinə azad edilmişdir. İddiaçı həmçinin məhkəməyə "Babək” Aqroservis firmasının fəaliyyəti ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 15 may 2000-ci il tarixli, 149 nömrəli sərəncamını, Naxçıvan Muxtar Respublikası X9 02 may 2000-ci il tarixli, 19 nömrəli və 24 aprel 2002-ci il tarixli, 24 nömrəli əmrlərini təqdim etmişdir. İşin hallarından və iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı əmək kitabçasında göstərilən iş illərinin sosial sığorta stajı kimi nəzərə alınaraq “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 03 fevral 2022-ci il tarixli, 13 nömrəli qərarının ləğv edilməsini arzu edir. Cavabdeh inzibati orqanın imtina məktubundan və nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatlardan məlum olur ki, iddiaçının pensiyasının sığorta hissəsi əmək pensiyasının minimum məbləğindən (160 manat) az olduğu üçün 30 sentyabr 2019-cu il tarixdə 19804 nömrəli qərara əsasən təyin edilmiş İİ dərəcəli əlilliyə görə əmək pensiyası Şöbənin pensiya təyin edən komissiyasının 03 fevral 2022-ci il tarixli, 13 nömrəli qərarına əsasən ləğv olunmuşdur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən iddiaçının tələbinə və cavabdeh inzibati orqanın imtinasına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. - 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. - 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. - 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun (1974-cü ildən 01.01.2006-cı il tarixədək qüvvədə olmuşdur) 69-cu maddəsinə uyğun olaraq iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Hazırki iş üzrə iddiaçının əmək kitabçasına əsasən işlədiyi və hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla 15 ildən artıq sığorta stajı mövcuddur. Məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasında Babək rayon Mexanizasiya İdarəsində, "Babək" Aqroservis firmasında və Naxçıvan Muxtar Respublikası X1 işləməsi ilə bağlı qeydlərin olmasına baxmayaraq, həmin təşkilatların sənədlərinin dövlət arxivlərinə təhvil verilməməsi və ya arxiv arayışlarında müəyyən aylar üzrə aldığı əmək haqqı məbləğinin göstərilməməsi əsas gətirilərək həmin illərin iddiaçıya sığorta stajı kimi hesablanmaması cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, 2006-cı il 1 yanvar tarixədək qüvvədə olan qanunvericiliyin normalarına görə iş illərinin pensiya təyin etmək hüququ verən əmək stajı kimi nəzərə alınmasında həmin iş illərinin qeydə alındığı əmək kitabçası əsas sənəd kimi kifayət hesab edilir və əmək kitabçasında olan məlumatların digər sənədlərlə, o cümlədən arxiv sənədləri ilə təsdiq olunması bir qayda olaraq tələb olunmur. Əmək kitabçasında olan məlumatların mötəbərliyi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh bu məlumatları təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsi inzibati orqandan, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu halda, müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görməyi tələb edir. Həmin qanunun tələbinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunmalıdır və həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması inzibati orqana qadağan edilmişdir. Bu normanın tələbləri baxımından işin halları araşdırıldıqda görünür ki, inzibati orqan iddiaçının əmək kitabçasında olan məlumatların həqiqiliyini nəinki təkzib edən, hətta şübhə altına almağa əsas verən hər hansı sübut təqdim etməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, İddiaçı Babək rayon Mexanizasiya İdarəsində, "Babək" Aqroservis firmasında və Naxçıvan Muxtar Respublikası X1 işlədiyi illər sosial sığorta stajı kimi qəbul edilərək həmin illər iddiaçının pensiya kapitalı hesablanarkən nəzərə alınmalıdır. Göründüyü kimi iddiaçının həmin dövrlərlə bağlı iş stajı əmək kitabçası ilə təsdiq edildiyindən, inzibati orqan iddiaçının işlədiyi dövrdə qüvvədə olan hüquq normalarına görə bu dövrü iddiaçının sığorta stajına aid etməməkdə haqlı olmamışdır. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmuş əmək pensiyaçısının əmək kitabçasına əsasən sığorta stajı barədə məlumatdan aydın olur ki, iddiaçının əmək kitabçasına əsasən sığorta stajı 15 il, 2 ay, 6 gün təşkil edir. İddiaçıya 30 sentyabr 2019-cu il tarixli, 19804 nömrəli qərarla İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilərkən aparılmış hesablamaya əsasən iddiaçının pensiyasının sığorta hissəsi 167 manat 11 qəpik təşkil etmişdir ki, bu da əmək pensiyasının minimum məbləğindən (160 manatdan) artıq olmuşdur. Belə olan təqdirdə pensiyanın sığorta hissəsinin əmək kitabçasına əsasən hesablanması nəticəsində iddiaçının pensiyasının sığorta hissəsi əmək pensiyasının minimum məbləğindən artıq olduğundan bu hal cavabdeh inzibati orqan tərəfindən əsas kimi göstərilərək iddiaçıya təyin olunmuş pensiyanın ləğv edilməsinə səbəb ola bilməz. Cavabdeh təşkilatın iddiaçı tərəfindən mübahisə olunan dövr üçün sosial sığorta ödənişlərinin həyata keçirilməsinin təsdiq edilməməsi barədə dəlilinə münasibətdə qeyd edilməlidir ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 6 mart 2018-ci il tarixli, 1042-VQ saylı Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2018-ci il aprelin 1-dən əvvəl mövcud olmuş bütün məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinmişdir. Eyni zamanda məhkəmə qeyd etməyi xüsusilə zəruri hesab edir ki, işə götürən tərəfindən qanunvericilik ilə üzərinə düşən vəzifələrin tam və lazımınca yerinə yetirilməməsi heç bir halda işçinin Konstitusiyada təsbit edilmiş hüquqlarının həyata keçirilməsinə mane ola bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.1-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 03 fevral 2022-ci il tarixli, 13 nömrəli qərarının ləğv edilməsi tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 4.1, 14.1, 32.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 03 fevral 2022-ci il tarixli, 13 nömrəli qərarı ləğv edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV
Məhkəmə qərarları › İş №2-1(122)-63/2022
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-63/2022
01.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver