Məhkəmə qərarları › İş №2-1(122)-63/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-63/2025

26.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-63/2025 26.05.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Əliyev Adəm Qurban oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh nümayəndəsi X15 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh qarşı "mərhum X8 döyüş tapşırığını yerinə yetirərkən vəfat etməsi barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sabiq əsgər mərhum şəhid oğlu X8 "Hərbi xidməti yerinə yetirərkən vəfat etmişdir" sözlərinin əvəzinə "döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur" sözü ilə əvəz edərək ilkin ölüm arayışının verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh üzərinə öhdəlik olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum şəhid oğlu X16 2001-ci ildə həqiqi hərbi xidmətə çağırılaraq, N saylı hərbi hissənin tərkibində hərbi xidmətə başlamışdır. Nümunəvi xidmətinə görə ona kiçik çavuş rütbəsi verilmişdir. Mərhum şəhid oğlu əvvəlcə Sədərək döyüş bölgəsində, sonra isə “Havuş” postuna manqa komandiri vəzifəsinə təyin edilərək xidmətini orada davam etdirmişdir. 07 yanvar 2002-ci il tarixdə Naxçıvan MR Şərur rayonu, Havuş kəndi ərazisində yerləşən N saylı hərbi hissəsinin tərkibində döyüş tapşırığını yerinə yetirərkən döş qəfəsindən aldığı güllə yarasından şəhid olmuşdur. Oğlu 07 yanvar 2002-ci il tarixdə gecə saat 23:30-da odlu silahdan açılan atəş nəticəsində döş qəfəsindən ağır yaralanmışdır. Yaralı vəziyyətdə səhər saat 04:00-a qədər yardımsız qalan oğlu dünyasını dəyişmişdir. Ekspert təyin edilmədən dəfn hərbi hissə komandirləri tərəfindən gecə həyata keçirilmişdir. Dəfn zamanı heç kim yaxına buraxılmamışdır Mərhum şəhid oğlu X8 yas mərasimində iştirak edən zabitlər oğlunun döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olmasını bildirmiş, N saylı hərbi hissə komandirinin Culfa Rayon İcra Hakimiyyətinə ünvanladığı N iyun 2002-ci il tarixli, 147 nömrəli məktubda da göstərilmişdir. Hərbi hissənin məktubu əsas götürülərək SHXÇDX-nin Culfa rayon Hərbi Komissarlığı şəhidlik statusunun verilməsi ilə bağlı vəsatət qaldırmış, həmin vəsatət Culfa Rayon İcra Hakimiyyəti tərəfindən nəzərə alınaraq 01 iyun 2002-ci il tarixli, 66 saylı Sərəncamla mərhum şəhid oğlu X12 “Şəhidlik” statusu verilmişdir. X2 ailəsinə 2002-ci il tarixdən 2007-ci il tarixədək şəhid ailələri üçün nəzərdə tutulan təqaüd ödənilmişdir. Lakin 2007-ci il tarixdən həmin təqaüdün verilməsi dayandırılmışdır. Təqaüdün dayandırılmasına səbəb Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Culfa Rayon İcra hakimiyyətinin 01 iyul 2002-ci il tarixli, 66 saylı sərəncamının etibarsız hesab edilməsinə dair Culfa Rayon Məhkəməsində iddia qaldırması olmuşdur. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddianı onunla əsaslandırmışdır ki, Culfa Rayon İcra Hakimiyyəti mərhum şəhid oğluna “Şəhid” statusu verərkən heç bir sənədə əsaslanmadan sərəncam vermişdir. Guya oğlunun harada xidmət etməsini və onun hansı şəraitdə həlak olmasını araşdırmadığını, ona görə də Culfa Rayon İcra Hakimiyyətinin 01 iyul 2002-ci il tarixli, 66 saylı sərəncamı qanunsuz verildiyinə görə etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini bildirmişdir. Məhkəmə prosesində izahatlar dinlənilərək mərhum oğlunun “Havuş” döyüş mövqeyində hərbi xidmətini yerinə yetirərkən 06 yanvar 2002-ci ildə, saat 23:30 radələrində əsgər yoldaşı X20 odlu silahdan atəş açaraq özünü öldürmüşdür. Bununla bağlı Naxçıvan MR Hərbi Prokurorluğunda cinayət işi açılmışdır. Naxçıvan MR Hərbi Prokurorluğunda bu hadisə ilə başlanmış cinayət işinin məhkəmə prosesinə gətirilərək yenidən araşdırılması təmin edilməlidir. Halbuki Culfa Rayon Hərbi Komissarı Culfa Rayon İcra Hakimiyyətinə məktub göndərərək mərhum şəhid oğlunun N saylı hərbi hissənin tərkibində hərbi xidməti vəzifəsini yerinə yetirərkən 07 yanvar 2002-ci ildə həlak olması barədə ona “Şəhid” statusunun verilməsi üçün vəsatət qaldırmışdır. N saylı hərbi hissənin xx.xx.2002-ci il tarixli, 147 saylı məktubu əsas götürülmüşdür. Ölüm haqqında şəhadətnamədə də mərhum oğlunun hərbi xidmətini yerinə yetirərkən döş qəfəsini dəlib keçən odlu silahın güllə yarasından həlak olması qeyd edilmişdir. Mərhum şəhid oğlu ona zəng edərək bildirmişdir ki, komandir ermənilərlə benzin alveri edir. Bu məsələni də onunla əsgər yoldaşı X20 bilir. Komandir bu hadisə ilə bağlı onları hədələyir ki, kimsə bilməsin. X20 mərhum oğlu ilə dost olub, onun oğlunu öldürüb sonra özünü öldürməsi ağılabatan bir hadisə deyil. Çünki SHXÇDX-nin Nərimanov rayon şöbəsinin rəisi bildirmişdir ki, sabiq mərhum əsgər X20 döyülərək öldürülmüşdür. Onu da qeyd etmişdir ki, sabiq mərhum əsgərin bədən nahiyəsində döyülmə izləri vardır, sonra isə güllələnmişdir. Mərhum şəhid oğlu X16 döyüşən ordunun tərkibində “Havuş” döyüş mövqeyində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Çünki ölüm səbəbi kimi xidməti vəzifəsini yerinə yetirən zaman həlak olduğu qeyd edilmişdir. İddiaçı qeyd olunan xüsusatları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 4, 8, 33, 45 və 46-cı maddələrini rəhbər tutaraq, sabiq əsgər mərhum şəhid oğlu X8 "Hərbi xidməti yerinə yetirərkən vəfat etmişdir" sözlərinin əvəzinə "döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur" sözü ilə əvəz edərək ilkin ölüm arayışının verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh üzərinə öhdəlik olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş, İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəmə iclasında məhkəməyə təqdim edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh iddiaya qarşı yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı Məmməd oğlunun övladı mərhum kiçik çavuş X16 06 yanvar 2002-ci ildə xidmət etdiyi mövqedə dəyişdirici olmuş, saat 23:00 radələrində yataqxanada olarkən həmin vaxt döyüş növbətçiliyində olan mərhum əsgər X21 yataqxanaya gələrək ondan isinmək üçün icazə istəmiş, kiçik çavuş N.Xəlilov icazə vermədiyi üçün əsgər A.Abbasov xidməti istifadəsində olan SVD silahından bir dəfə atəş açaraq onu, sonra yataqxanadan çıxaraq, çöldə həmin silahla özünü öldürmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli, 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1.2-ci bəndində “şəhid” hesab edilən şəxslərin siyahısı açıqlanmışdır. Həmin Qaydaların 1.2.6-cı bəndinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər “şəhid” hesab olunur. Bu tələblər əsasında “Şəhid statusu" verilməsi üçün müvafiq arayış hərbi hissə tərəfindən verilir. Lakin mərhum kiçik çavuş X8 ölümü xidməti vəzifəsinin icrası ilə əlaqədar olmadığı üçün iddiaçının tələb etdiyi formada arayış verilməsi qeyd olunan “Qaydaların" tələblərinə ziddir. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 iyul 2023-cü il tarixli, 243 nömrəli “Şəhid və şəhid ailəsi" statusunun verilməsi zamanı nəzərə alınması zəruri olan “döyüş tapşırığı” və “döyüş təminatı ilə bağlı tapşırıqlar” anlayışlarının müəyyən edilməsi haqqında” əmrinin Əlavəsinin 1-ci bəndində “Döyüş tapşırığı”nın anlayışı verilmiş və nədən ibarət olması göstərilmişdir: Döyüş tapşırığı-hərbi əməliyyatda (döyüşdə) təyin edilmiş məqsədə (hədəfə) çatmaq üçün bir və ya bir neçə hərbi qulluqçunu bir bölmənin (manqanın, qrupun, taqımın, bölüyün, taborun, dəstənin, hissənin, birləşmənin, birliyin, eskadrilyanın, bazanın) və qoşunların (qüvvələrin) qarşısında komandir (rəis, komandir və s.) tərəfindən qoyulmuş tapşırıqdır. Döyüş tapşırığının mahiyyəti döyüşün (əməliyyatın) məqsədindən, növündən, bölmənin (manqanın, qrupun, taqımın, bölüyün, taborun, dəstənin, hissənin, birləşmənin, birliyin, eskadrilyanın, bazanın) tərkibindən, qoşunların (qüvvələrin) quruluşundan və silahlanmasından, dost qüvvələrinin və düşmənin imkan və qabiliyyətlərindən, ərazi və hava şərtlərindən asılıdır. Cavabdeh inzibati orqan İddiaçı iddiası qanunauyğun olmadığı üçün təmin edilməməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli, 2- 1(122)-226/2024 nömrəli qərardadı ilə iddia tələbi aşağıdakı variantda icraata qəbul edilmişdir: “sabiq əsgər, oğlu mərhum X2 N iyul 2002-ci il tarixli, 147 saylı ilkin ölüm arayışında “döyüş bölgəsində xidməti vəzifələrini yerinə yetirərkən vəfat etmişdir” sözlərini etibarsız hesab edərək, yeni ilkin ölüm arayışında “döyüş tapşırığı və yaxud döyüş təminatı” ilə əvəz edərək ilkin arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2- 1(122)-226/2024 nömrəli qərardadı ilə iddia tələbi aşağıdakı variantda icraata qəbul edilmişdir: “mərhum X8 döyüş tapşırığını yerinə yetirərkən vəfat etməsi barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 12 mart 2025-ci il tarixli, 2-1(122)-63/2025 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 26 may 2025-ci il tarixə təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə iddiaçının vəkili Vəkil lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Odur ki, məhkəmə iddiaçının vəkilinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh nümayəndəsi X22 iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına cavabdehin imtina məktubunu, müvafiq orqanların məktublarını, arayışları, şəhadətnamənin, vəsiqənin və şəxsiyyət vəsiqəsinin surətlərini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Həmçinin iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı olmadığından rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdeh N fevral 2023-cü il tarixli, 854 nömrəli məktubundan görünür ki, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 23 may 2002-ci il tarixli hökmünə əsasən müəyyən edilmişdir ki, mərhum kiçik çavuş X16 06 yanvar 2002-ci ildə xidmət etdiyi mövqedə dəyişdirici olmuş, saat 23:00 radələrində yataqxanada olarkən həmin vaxt döyüş növbətçiliyində olan mərhum əsgər X20 yataqxanaya gələrək ondan isinmək üçün icazə istəmiş, kiçik çavuş N.Xəlilov icazə vermədiyi üçün əsgər A.Abbasov xidməti istifadəsində olan SVD silahından bir dəfə atəş açaraq onu, sonra yataqxanadan çıxaraq çöldə həmin silahla özünü öldürmüşdür. Mərhum əsgər Nizami Xəlilov hadisə baş verən zaman xidməti vəzifəsinin icrasında olmuş, lakin hadisənin baş verməsi döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqla əlaqəli olmamışdır. Bu səbəbdən mərhum əsgər N.Xəlilovun həlak olmasının səbəb və şəraiti barədə hər hansı dəyişiklik edilməsi mümkün deyil. X19 valideyninin müraciətinə əsasən hadisənin baş vermə şəraiti ilə bağlı xx.xx.2020-ci il tarixli, 660 nömrəli məktubla Azərbaycan Respublikası Şəhid ailələri, Əlillər və Müharibə veteranlarının Müdafiəsi İctimai birliyinin sədrinə, Müdafin Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat idarəsinin rəisi-Şəxsi Heyət Baş idarəsi rəisinin müavininə xx.xx.2020-ci il tarixli, 1186 nömrəli məktubla Azərbaycan Respublikası Şəhid ailələri, Əlillər və Müharibə veteranlarının Müdafiəsi İctimai birliyinin Xüsusi və Hüquq işlər üzrə müavininə, xx.xx.2021-ci il tarixli, 151 nömrəli məktubla valideyninə və Azərbaycan Respublikası Şəhid ailələri, Əlillər və Müharibə veteranlarının Müdafiəsi İctimai birliyinin sədrinə, xx.xx.2021-ci il tarixli, N4 nömrəli məktubla Azərbaycan Respublikası Şəhid ailələri. Əlillər və Müharibə veteranlarının Müdafiəsi İctimai birliyinin sədrinə məlumat verilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdeh N aprel 2023-cü il tarixli, 1925 nömrəli məktubundan görünür ki, mərhum övladı Nizami Xəlilovun hərbi xidmətdə olan zaman aldığı güllə yarasından həlak olması ilə bağlı ərizəsi əsasında müvafiq araşdırma aparılmış, hadisənin-baş vermə şəraiti ilə bağlı ona məlumat verilmişdir. Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 23 may 2002-ci il tarixli hökmünə əsasən müəyyən edilmişdir ki, övladı mərhum kiçik çavuş N.Xəlilov 06 yanvar 2002-ci ildə xidmət etdiyi mövqedə dəyişdirici olmuş, saat 23:00 radələrində yataqxanada olarkən həmin vaxt döyüş növbətçiliyində olan mərhum əsgər X20 yataqxanaya gələrək ondan isinmək üçün icazə istəmiş, kiçik çavuş N.Xəlilov icazə vermədiyi üçün əsgər A.Abbasov xidməti istifadəsində olan SVD silahından bir dəfə atəş açaraq onu, sonra yataqxanadan çıxaraq çöldə həmin silahla özünü öldürmüşdür. Mərhum əsgər Nizami Xəlilov hadisə baş verən zaman xidməti vəzifəsinin icrasında olmuş, lakin hadisənin baş verməsi döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqla əlaqəli olmamışdır. Mərhum əsgər Nizami Xəlilova “şəhid” statusunun verilməsi üçün müvafiq arayışın verilməsi mövcud qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün mümkün olmamışdır. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İddiaçı Məmməd oğluna ünvanlanmış 07 yanvar 2023-cü il tarixli, 328/10 nömrəli məktubdan görünür ki, oğlu əsgər X16 7 yanvar 2002-ci il tarixdə Havuş kənd məktəb postunda əsgər yoldaşı tərəfindən odlu silahdan açılan güllə yarasından vəfat etmiş və Culfa Rayon İcra Hakimiyyəti başçısının 1 iyul 2002-ci il tarixli, 66 nömrəli Sərəncamı ilə şəhidlik statusu verilmişdir. Culfa Rayon Məhkəməsinin 28 dekabr 2007-ci il tarixli, 2-119 nömrəli qətnaməsi ilə Culfa Rayon İcra Hakimiyyəti başçısının 1 iyul 2002-ci il tarixli, 66 nömrəli Sərəncamı etibarsız hesab edildiyindən ona ödənilən Prezident təqaüdünün ödənişi xx.xx.2007-ci il tarixdən dayandırılmışdır. Şəhidlik statusu əsgərlərə hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin verdiyi arayışlarla təsdiq olunur və oğlu şəhidlik statusu olmadığından ona şəhid ailəsi üçün nəzərdə tutulan Prezident təqaüdünün ödənilməsi qanunamüvafiq deyil. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdeh N mart 2020-ci il tarixli, 1186 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.2002-ci il tarixli, 9 nömrəli əmrinin 5-ci paraqrafından "Kiçik çavuş X16 - N saylı hərbi hissənin 4-cü motoatıcı taborunun 12-ci bölüyünün 1-ci taqım komandirinin müavini, manqa komandiri 07 yanvar 2002-ci il tarixdə Şərur rayon Havuş döyüş bölgəsində hərbi xidmət zamanı döş qəfəsini dəlib keçən odlu silahdan açılmış güllə yarasından vəfat etdiyi üçün şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılmışdır. 04 oktyabr 1982-ci ildə Culfa rayon Bənəniyar kəndində anadan olmuş, azərbaycanlı 06 yanvar 2001-ci il tarixdə Culfa rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, Culfa rayonu, Bənəniyar kənd qəbirstanlığında dəfn olunmuşdur. - Culfa Rayon İcra Hakimiyyəti başçısının 01 iyul 2002-ci il tarixli, 66 saylı sərəncamından görünür ki, Culfa rayon, Bənəniyar kənd sakini X16 2001-ci ilin yanvar ayının 6-da Culfa Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə göndərilmişdir. X17 xidməti vəzifəsini yerinə yetirərkən 07 yanvar 2002-ci il tarixdə həlak olmuşdur. Culfa Rayon Hərbi X1 xidməti vəzifəsini yerinə yetirərkən həlak olduğunu nəzərə alıb ona şəhidlik statusu verilməsi barədə 28 iyun 2002-ci il tarixdə 382 saylı məktubla Culfa Rayon İcra Hakimiyyəti qarşısında vəsatət qaldırmışdır. Yuxarıda qeyd edilənlərə əsasən, Culfa Rayon Hərbi Komissarlığının 28 iyun 2002-ci il tarixli, 382 saylı məktubunun nəzərə alınması, X8 xidməti vəzifəsini yerinə yetirərkən həlak olması nəzərə alınaraq ona şəhidlik statusunun verilməsi və X8 ailəsinə şəhid ailələri üçün nəzərdə tutulmuş imtiyazlardan istifadə etmək hüququnun verilməsi barədə sərəncam verilmişdir. - N saylı hərbi hissə tərəfindən Culfa Rayon Hərbi Komissarlığına ünvanlanmış 07 yanvar 2002-ci il tarixli, 8 nömrəli xəbərdarlıqdan görünür ki, N saylı hərbi hissənin 4-cü motoatıcı taborunun motoatıcı bölüyünün tkm-ni kiçik çavuş X16 07 yanvar 2002-ci ildə Şərur rayonu, Havuş kənd Məktəb postunda əsgər yoldaşı tərəfindən odlu silahdan güllə ilə vurularaq, sol döş nahiyyəsindəki yaradan vəfat etmişdir. - N saylı hərbi hissənin N iyun 2002-ci il tarixli, 147 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissənin sabiq əsgəri Culfa rayon Bənəniyar kənd sakini mərhum X16 07 yanvar 2002-ci il tarixdə döyüş bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən vəfat etmişdir. - Culfa Rayon Hərbi Komissarının 28 iyun 2002-ci il tarixli, 71 nömrəli məktubundan görünür ki, Culfa rayonunun Bənəniyar kənd sakini İddiaçı Məmməd oğlunun 1981-ci il təvəllüdlü oğlu X5 Rayon Hərbi Komissarlığı tərəfindən 06 yanvar 2001-ci il tarixdə həqiqi hərbi xidmətə göndərilmiş, xidmətdə olduğu müddətdə döyüş bölməsində xidməti vəzifəsini yerinə yetirərkən 07 yanvar 2002-ci il tarixdə vəfat etmişdir. Xidməti vəzifəsini yerinə yetirərkən vəfat etdiyini nəzərə alaraq mərhum əsgər X12 “Şəhid” statusunun verilməsinə vəsatət qaldırmışdır. - AZ-İ 801492 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 07 yanvar 2002-ci ildə Şərur rayonu, Havuş kəndində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2002-ci ilin 01-ci ayının 07-ci günündə 20 nömrə ilə qeyd edilmişdir. Ölüm səbəbi kimi döş qəfəsinin dəlib keçən odlu silah hərbi xidmət vaxtı güllə yarası göstərilmişdir. - 23 iyul 2002-ci il tarixli, ******* nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 03 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikasının Qanununda göstərilən güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. - Culfa Rayon İcra Hakimiyyətinin Bənəniyar Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 31 avqust 2023-cü il tarixli, 133 nömrəli arayışdan görünür ki, İddiaçı Culfa rayonu, Bənəniyar kəndində qeydiyyatdadır, hal-hazırda bu ünvanda yaşayır. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1955-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş: - N nömrəli Qıvraq hərbi hissəsi tərəfindən verilmiş N iyun 2002-ci il tarixli, 147 nömrəli arayışdan görünür ki, N nömrəli hərbi hissənin əsgəri Culfa rayon, Bənəniyar kənd sakini mərhum İddiaçı 07 yanvar 2002-ci il tarixdə döyüş bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən vəfat etmişdir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsinin 28 dekabr 2024-cü il tarixli, 02/1309 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş Culfa Rayon Məhkəməsinin 28 dekabr 2007-ci il tarixli, 2-119 nömrəli qətnamənin təsdiq edilmiş surətindən görünür ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Culfa Rayon İcra hakimiyyəti tərəfindən X12 şəhidlik statusu verilməsi barədə 01 iyul 2002-ci il tarixli, 66 saylı sərəncamının etibarsız hesab edilməsinə dair iddiasının təmin edilməsi və Culfa Rayon İcra Hakimiyyətinin 01 iyul 2002-ci il tarixli, 66 saylı sərəncamının etibarsız hesab edilməsi qət edilmişdir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsinin 19 mart 2024-cü il tarixli, 02/247 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 23 may 2002-ci il tarixli, 2-1-37 nömrəli hökmünün təsdiq edilmiş surətindən görünür ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.2-ci maddəsi ilə təqsirli bilinib, 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi qismən birləşdirilməklə ona qəti cəza olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 24 yanvar 2002ci il tarixdən hesablanması hökm edilmişdir. Beləliklə, iddia ərizəsinin məzmunundan və iddiaçı tərəfin məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçı onun mərhum oğlu X8 döyüş tapşırığını yerinə yetirərkən vəfat etməsi barədə arayışın verilməsini tələb edir. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim etdiyi etirazdan və nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçı döyüş tapşırığını deyil, xidməti vəzilərini yerinə yetirərkən əsgər yoldaşı tərəfindən öldürüldüyündən ona döyüş tapşırığını yerinə yetirərkən vəfat etməsi barədə arayışın verilməsi qanunvericiliyin tələbinə uyğun deyil. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədlərə, iddiaçı tərəfin tələbinə və cavabdehin etirazına hüquqi qiymət verərək, iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının 25 dekabr 1991-ci il tarixli Qanunun 4-cü maddəsinin 2-ci bəndinə görə hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. - 2-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydalarının”: - 1.1-ci bəndinə əsasən şəhid-Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. - 1.2-ci bəndinə əsasən aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X3 Xidmətində, X6 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair 30dekabr 2008-ci il tarixli Qərarınına görə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Həmin qərarın 1-ci bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları»nın 1.2.6-cı bəndinin «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanununun 1-ci maddəsi tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.8-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılmış hallarından aydın olur ki, iddiaçının mərhum oğlu X16 06 yanvar 2001-ci il tarixdə Culfa Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilmişdir. 06 yanvar 2002-ci il tarixdə X10 09-dan başlayaraq gün ərzində saatlarla postda qalmış, saat 23:30 radələrində soyuğa dözməyib, postu özbaşına buraxaraq taqımın yataq otağına gəlmiş, kiçik çavuş X7 otaqda qızınması üçün icazə istəmiş, sonuncu ona qızınmağa icazə verməmiş, A.N.Abbasov xidməti istifadəsində olan SVD markalı N-5232 saylı silahdan tuşlayaraq ona bir atəş açmış və onu öldürmüşdür. Culfa Rayon Hərbi Komissarlığının vəsatəti əsasında Culfa Rayon İcra Hakimiyyəti başçısının 01 iyul 2002-ci il tarixli, 66 nömrəli Sərəncamı ilə X12 şəhid statusu verilmiş və onun ailə şəhid ailələri üçün nəzərdə tutulmuş imtiyazlardan istifadə etmək hüququ əldə etmişlər. Daha sonra Culfa Rayon Məhkəməsinin 28 dekabr 2007-ci il tarixli, 2-119.2007 nömrəli qətnaməsi ilə Culfa Rayon İcra Hakimiyyəti başçısının 01 iyul 2002-ci il tarixli, 66 nömrəli Sərəncamı etibarsız hesab edilmişdir. Məhkəmənin həmin qərardadı yuxarı məhkəmə instansiyalarında mübahisələndirilməmiş və öz qanuni qüvvəsini almışdır. Bununla da iddiaçı şəhid ailələri üçün nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə hüququnu itirmişdir. 2020-ci ildən başlayaraq iddiaçı müxtəlif orqanlara müraciət edərək, mərhum oğluna şəhid statusu, ailəsinə isə şəhid ailəsi statusunun verilməsini, mərhum oğlunun döyüş tapşırığını yerinə yetirərkən vəfat etməsi barədə arayışın verilməsini tələb etmişdir. Hazırki iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh iddiaçının tələbindən imtina edərək, mərhum oğlu döyüş tapşırığını deyil, xidməti vəzifələrini icra edərkən həlak olduğundan, ona qeyd olunan formada arayışın verilməsini mümkün olmadığını bildirmişdir. İş materiallarının hərtərəfli tədqiqi onu deməyə əsas verir ki, iddiaçının mərhum oğlu X16 döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı deyil, əsgər yoldaşı tərəfindən N-5232 saylı silahdan açılan atəş nəticəsində həlak olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının oğlunun həlak olduğu yer və şərait “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair 30 dekabr 2008-ci il tarixli Qərarında nəzərdə tutulmuş normaların dispozisiya şərtləri ilə bağlı tələbləri ödəmir. Nəzərə almaq lazımdır ki, həmin normalara əsasən, şəxsin şəhid hesab olunması üçün o, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan əməliyyatlar zamanı və yaxud Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmalıdır (itkin düşməli və ya məhkəmə qaydasında ölmüş elan edilməlidir). Məhkəmələr tərəfindən şəhid statusu ilə bağlı mübahisələrə baxılarkən hər bir konkret mübahisəyə münasibətdə müəyyən olunmuş faktiki hallar müvafiq hüquq normalarının dispozisiya şərtləri baxımından qiymətləndirilməli və həmin şərtlərin mövcudluğu yoxlanılmalıdır. Qanunla müəyyən olunmuş və yuxarıda qeyd edilən dispozisiya şərtlərinə cavab verməyən şəraitdə həlak olmuş şəxslərə, o cümlədən hərbi qulluqçulara, hətta onlar hərbi xidmət zamanı həlak olmuş olsalar belə, şəhid statusunun verilməsindən imtina qanunsuz sayıla bilməz. Odur ki, hazırkı işdə cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Hazırkı konkret mübahisəyə münasibətdə qeyd edilməlidir ki, iddiaçının oğlu N.İddiaçı N nömrəli hərbi hissədə kiçik çavuş kimi dəyişdirici vəzifəsini yerinə yetirərkən həmin hərbi hissədə “Məktəb” postunda duran əsgər A.M.Abbasov N-5232 saylı silahla atəş açması nəticəsində həlak olması qüvvədə olan qanunvericiliyin tələbləri baxımından iddiaçının tələb etdiyi “döyüş tapşırığını yerinə yetirərkən vəfat etməsi barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” üçün əsas kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş səbəbli əlaqə hazırkı iş üzrə iddiaçının mərhum oğluna münasibətdə müəyyən edilmədiyinə görə cavabdeh inzibati orqan tərəfindən haqlı olaraq iddiaçının tələbinin icrasından imtina edilmişdir. Buna görə də iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. - 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh qarşı "mərhum X8 döyüş tapşırığını yerinə yetirərkən vəfat etməsi barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası rədd edilməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və İPM-in 2, 34, 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh qarşı "mərhum X8 döyüş tapşırığını yerinə yetirərkən vəfat etməsi barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası rədd edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar