Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-630/2025 28.11.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X11 Heydər oğlunun sədrliyi, X12 oğlunun katibliyi, cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "Naxinterkom" Holdinqin cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı "Naxçıvan Uşaq Şəhərciyinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınması və mülkiyyət hüquqlarına dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Naxçıvan şəhər ərazisində olan Uşaq Şəhərciyi Naxçıvan şəhər XDM İcra Komitəsinin xx.xx.1992-ci il tarixli və xx.xx.1992-ci il tarixli Sərəncamlarına əsasən “Naxinterkom” Holdinqə satılmışdır. Naxçıvan MR Daşınmaz Əmlak Komitəsinin 27 fevral 1997-ci il tarixli 65 saylı məktubunda da qeyd olunur ki, Naxçıvan Muxtar Respublikası “Naxinterkom” Holdinqinə Naxçıvan şəhər XDM İcra Komitəsinin 22 may 1992-ci il tarixli qərarına və 27 oktyabr 1992-ci il tarixli 576 saylı Sərəncamına əsasən, Naxçıvan şəhər Uşaq şəhərciyi həmin Holdinqə satılmışdır, həmin obyektin satılması, girov qoyulması və bağışlanılması “Naxinterkom” Holdinqinin öz səlahiyyətindədir. Naxçıvan MR Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arxiv arayışında qeyd olunur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan şəhər XDM İcra Komitəsinin 1992-ci ilə dair sərəncamlar kitabında 573,574,575 nömrəli sərəncamlar var. Lakin, 27 oktyabr 1992-ci il tarixli 576 №-li sərəncam olması həmin yerdə tapılmamış, yeri boş qalmışdır və 577, 578 və s. nömrəli sərəncamlar isə ardıcıllıqla davam edir. Naxçıvan MR Nazirlər Kabinetinin 27 fevral 1997-ci il tarixli qərar dəftərində qeyd olunur ki, Naxçıvan şəhər XDM İcra Komitəsinin 22 may 1992-ci İl tarixli qərarına və 27 oktyabr 1992-ci il tarixli 576 saylı Sərəncamına əsasən Naxçıvan şəhər Uşaq şəhərciyi həmin Holdinqə satılmışdır. “Naxinterkom” Holdinqin Nizamnaməsi rəsmi qaydada qeydə alınmış, texniki pasportu təsdiq olunmuşdur. "Naxinterkom" Holdinqə verilmiş ərazi onların adına sənədləşdirilməlidir. Bu məsələ ilə bağlı dəfələrlə müvafiq orqanlara müraciət etsələr də müraciətə cavab olaraq onlara məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. İddiaçı göstərilənləri rəhbər tutaraq, məhkəmədən Naxçıvan Uşaq Şəhərciyinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınması və mülkiyyət hüquqlarına dair çıxarışın verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddiaya dair məhkəməyə ünvanlanan 01 aprel 2025-ci il tarixli, 04/485 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu 7 yanvar 1993-cü il tarixdə qəbul olunmuşdur. Həmin Qanuna əsasən Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsini Azərbaycan Respublikası Prezidentinə tabe olan dövlət əmlakını idarə edən orqan həyata keçirir. Dövlət mülkiyyətinin özəlləşdirilməsinə dair hüquqi baza yaranmadan Naxçıvan şəhər XDM İK tərəfindən dövlət əmlakının "Naxinterkom" Holdingə satılması və həmin qərar əsasında hüquqların dövlət qeydiyyatının aparılması qanunvericiliyə uyğun olmadığından "Naxinterkom" Holding tərəfindən hüquqların dövlət qeydiyyatı ilə bağlı müraciətin icrası təmin olunmamışdır. Məhkəmənin 27 may 2025-ci il tarixli, 2-1(122)-630/2025 nömrəli qərardadı ilə Naxçıvan Şəhər İcra Hakimiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. 28 noyabr 2025-ci il tarixli hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuşdur. Tərəflərin izahatı: Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “Naxinterkom” Holdingin səlahiyyətli nümayəndəsi X5 ünvanlanan 28 noyabr 2024-cü il tarixli, 03/1276 nömrəli məktubdan məlum olur ki, “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu 7 yanvar 1993-cü il tarixdə qəbul olunmuşdur. Həmin Qanuna əsasən Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsini Azərbaycan Respublikası Prezidentinə tabe olan dövlət əmlakını idarə edən orqan həyata keçirir. Dövlət mülkiyyətinin özəlləşdirilməsinə dair hüquqi baza yaranmadan Naxçıvan şəhər XDM İK tərəfindən dövlət əmlakının “Naxinterkom” Holdingə satılması və həmin qərar əsasında hüquqların dövlət qeydiyyatının aparılması qanunvericiliyə uyğun deyildir. - Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 12 iyun 1992-ci il tarixli, 153 nömrəli sərəncamının surətindən məlum olur ki, "Naxinterkom" Holdinqi 05 iyun 1992-ci il tarixli təsis yığıncağında təsdiq olunmuş və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və Dövlət Plan Komissiyası ilə razılaşdırılmış Nizamnaməsi qeydiyyatdan keçirilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən Azərbaycan Respublikası Beynəlxalq X8 ünvanlanmış 27 fevral 1999-cu il tarixli, 65 nömrəli məktubun surətindən məlum olur ki, Naxçıvan Muxtar Respublikası "Naxinterkom" Holdinqinə Naxçıvan şəhər XDM İcra Komitəsinin 22 may 1992-ci il tarixli qərarına və 27 oktyabr 1992-ci il tarixli 576 №-li sərəncamına əsasən Naxçıvan şəhər Uşaq şəhərciyi həmin holdinqə satılmışdır, həmin obyektin satılması, girov qoyulması və bağışlanılması “Naxinterkom” Holdinqinin öz səlahiyyətindədir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 26 noyabr 2024-cü il tarixli, 13/1739 nömrəli arxiv arayışından məlum olur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan şəhər XDM İcraiyyə Komitəsinin 1992-ci ilə dair sərəncamlar kitabında 573,574,575 nömrəli sərəncamlar var. Lakin 27 oktyabr 1992-ci il tarixli 576 №-li sərəncam olması gərəkən yerdə tapılmamış, yeri boş qalmışdır və 577, 578 və.s nömrəli sərəncamlar isə ardıcıllıqla davam edir. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 13 yanvar 2025-ci il tarixli, **********500500 nömrəli məktubdan məlum olur ki, "Naxinterkom" X9 Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 16 oktyabr 1995-ci il tarixdə 460 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış, lakin vergi orqanlarında qeydiyyata alınmaq üçün (VÖEN əldə etmək üçün) hazırki dövrədək müraciət etməmişdir. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 27 yanvar 2025-ci il tarixli, 04/92 nömrəli məktubdan məlum olur ki, Naxçıvan şəhərində Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkının yerləşdiyi ərazi dövlət mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsi kimi uçota alınmışdır. Xidmətin informasiya bazasında həmin parkın yaradılmasına dair hüquqi sənədlər mövcud deyildir. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 03 mart 2025ci il tarixli, 04/342 nömrəli məktubdan məlum olur ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin informasiya bazasında Naxçıvan şəhərində Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkının salınmasına əsas olmuş sənədlər və parkın balanssaxlayıcısı haqqında məlumat mövcud deyil. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 05 mart 2025-ci il tarixli, 3-48-NDA/1-2-327/2025 nömrəli məktubla Naxçıvan Şəhər İcra Hakimiyyətinin 11 avqust 1997-ci il tarixli, 410 nömrəli Sərəncamı və ona əlavələrin təsdiq edilmiş surətləri iş materiallarına əlavə edilmişdir. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 07 mart 2025ci il tarixli, 04/381 nömrəli məktubdan məlum olur ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin informasiya bazasında Naxçıvan şəhərində Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkının salınmasına əsas olmuş sənədlərin və parkın balanssaxlayıcısı haqqında məlumatın mövcud olmadığı bildirilmişdir. X3 Xidməti tərəfindən 07 mart 2025-ci il tarixdə Xidmətə daxil olan 01 yanvar 2025-ci il tarixə balansda olan daşınmaz dövlət əmlakına dair "Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqəsi"nə əsasən Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Mədəniyyət və X4 Yaşıllaşdırma Xidmətinin balansında olduğu müəyyən olunmuş və dövlət əmlakının registrində qeydiyyata alınmışdır. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 16 aprel 2025-ci il tarixli, 04/576 nömrəli məktubdan məlum olur ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin informasiya bazasında Heydər Əliyev adına Mədəniyyət və X4 Yaşıllaşdırma Xidmətinin balansına verilməsinə əsas olmuş sənədlər mövcud deyil. - Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 14 may 2025-ci il tarixli, 5-5/2-753/2025 nömrəli məktubdan məlum olur ki, Naxçıvan MR X13 20 iyun 1997-ci il tarixli, 77-01/C nömrəli Sərəncamından irəli gələn məsələlərin həll edilməsinə dair Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən görülmüş tədbirlər barədə məlumat əldə etmək mümkün olmamışdır. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 14 oktyabr 2025-ci il tarixli, 3-21-2-24/2-35009/2025 nömrəli məktubdan məlum olur ki, “Naxinterkom” X9 Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 16 oktyabr 1995-ci il tarixdə 460 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış, lakin vergi uçotuna alınmamışdır. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 20 oktyabr 2025-ci il tarixli, 04/1448 nömrəli məktubdan məlum olur ki, Xidmətin informasiya bazasında Naxçıvan şəhərində yerləşən “Uşaq Şəhərciyi”nin “Naxinterkom” Holdingin mülkiyyətində olmasına dair məlumat mövcud deyildir. - Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 31 oktyabr 2025-ci il tarixli, 5-5/2-1873/2025 nömrəli məktubdan məlum olur ki, Naxçıvan MR Dövlət Arxiv İdarəsinə göndərilən sorğuya cavab olaraq İdarənin 29 oktyabr 2025-ci il tarixli 3-48-NDA/1-2-1723/2025 nömrəli məktubunda Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə edilən Naxçıvan Şəhər İcra Hakimiyyətinin sənədlərində 22 may 1992-ci il tarixli qərarın və 27 oktyabr 1992-ci il tarixli, 576 nömrəli Sərəncamın ləğv edilməsi barədə məlumatlara rast gəlinmədiyi göstərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1 və139-1.1.8-ci maddələrinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 155.1. Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. 203.4. Dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada fiziki və hüquqi şəxslərin mülkiyyətinə özgəninkiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; Qüvvədən düşmüş Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasinin Qanunu: 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsini Azərbaycan Respublikası Prezidentinə tabe olan dövlət əmlakını idarə edən orqan həyata keçirir. 7-ci maddəsinə əsasən:
2. Dövlət, mülkiyyətinin özəlləşdirilməsi dövlət əmlakını idarə edən orqanın müəyyən etdiyi qaydada zəruri sənədlərin (formaların) hazırlanmasından sonra həyata keçirilir. Xarici hüquqi və fiziki şəxslərin özəlləşdirmədə iştirakı bu Qanunun 8-ci maddəsində göstərilən qaydalarla tənzimlənir.
4. Özəlləşdirilən müəssisələrin balansında olan mənzil və sosial-mədəni obyektlər, yardımçı təsərrüfatlar, onların ümumi əmlakının tərkibində, yaxud ayrıca özəlləşdirilir. Onların özəlləşdirilməsi mümkün olmadıqda, həmin obyektlər dövlət əmlakını idarə edən orqanın sərəncamına verilir.
5. Dövlət mülkiyyətinin özəlləşdirilməsi auksion (hərrac), müsabiqə, səhmləşdirmə formaları, müxtəlif investisiya fondları, qiymətli kağızlar və fond birjaları vasitələri ilə həyata keçirilir. 16-cı maddəsinə əsasən:
1. Dövlət əmlakının qiymətləndirilməsi dövlət əmlakını idarə edən orqan tərəfindən hazırlanmış təlimat və metodik göstərişlərə uyğun, müəssisə tərəfindən və ya müqavilə ilə xüsusi ixtisaslaşdırılmış təşkilatlar tərəfindən aparılır, nəticəsi isə dövlət əmlakını idarə edən orqanda ekspertizadan keçirilir və təsdiq edilir.
2. Özəlləşdiriləcək dövlət müəssisəsi və obyektinin yerləşdiyi torpaq sahəsinin onunla birlikdə satılması və ya uzun müddətli icarəyə verilməsi məsələsi həmin torpaq sahəsinin yerləşdiyi ərazindən, onun qiymətindən, sahənin altında kommunikasiya şəbəkəsinin yerləşməsindən, elektrik, rabitə kabellərinin keçməsindən, müəssisənin, obyektin fəaliyyət növündən və təyinatından, özəlləşdirmə subyektinin kimliyindən və digər amillərdən asılı olaraq, qüvvədə olan qanunvericilik nəzərə alınmaqla dövlət əmlakını idarə edən orqan tərəfindən müəyyən edilmiş qaydada müvafiq orqanların razılaşdırılmış birgə qərarları ilə fərdi həll olunur. 25-ci maddəsinə əsasən:
1. Özəlləşdirilən obyektin alıcısına dövlət əmlakını idarə edən orqan tərəfindən onun mülkiyyət hüququnu təsdiq edən sənəd verilir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir; 5.1. Müəyyən dövr üçün dövlət əmlakının özəlləşdirilməsinin həyata keçirilməsində öncüllüklər (prioritetlər), məhdudiyyətlər, dövlət mülkiyyətin fiziki və hüquqi şəxslər tərəfindən alınması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan Dövlət Proqramında müəyyən olunur. 8.1. Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. 8.2. Dövlət əmlakının satıcısı aşağıdakı funksiyaları həyata keçirir: 8.2.1. müəyyən olunmuş qaydada dövlət əmlakının registrini aparır; 15.1. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir. 15.2. Özələşdirmə haqqında qərarda obyektin özəlləşdirilməsinin məqsədəuyğunluğu əsaslandırılır və üsulları göstərilir. Müəyyən səhm zərfinin dövlət mülkiyyətində saxlanılması məqsədəuyğun hesab edildiyi halda, bu barədə həmin qərarda qeyd olunur. 15.3. Özəlləşdirmə obyekti barədə qərar çıxarılarkən, ölkənin müdafiəsini və dövlətin təhlükəsizliyini təmin etmək baxımından obyektin əhəmiyyəti, ölkənin iqtisadi maraqları, obyektin sahə xüsusiyyətləri və yerli əhəmiyyəti nəzərə alınır. 15.4. Dövlət əmlakının özəlləşdirilməsi barədə qərar qəbul edildikdən sonra qanunvericiliyə uyğun olaraq özəlləşdirmə komissiyası yaradılır. 15.5. Özəlləşdirmə komissiyası ən geci üç ay müddətində müəssisənin (obyektin) özəlləşdirilməsi planını işləyib hazırlamalıdır. 15.6. Özəlləşdirmə komissiyası öz işinə müstəqil ekspertləri və auditorları cəlb edə bilər. 15.7. Özəlləşdirmə planında özəlləşdirilən müəssisənin (obyektin) satışı qaydası və üsulu, satış müddəti, obyektin ilkin (start) qiyməti göstərilir. Özəlləşdirmə planı dövlət əmlakının satıcısı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli, 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında” Əsasnamə:
2. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır.
7. Dövlət əmlakının mərkəzi registrində bu bəndin ikinci abzasında göstərilən əmlak istisna olmaqla, müvafiq dövlət hakimiyyəti orqanlarının, dövlət şirkətlərinin, konsernlərinin, birliklərinin və onların tabeçiliyində olan müəssisə, idarə və təşkilatların sərəncamında olan, habelə Azərbaycan Respublikasının xaricdə olan daşınmaz dövlət əmlakı qeydə alınır. Yerli registrlərdə yerli icra hakimiyyəti orqanlarının və onların tabeliyində olan müəssisə, idarə və təşkilatların sərəncamında olan daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır.
9. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının (bundan sonra — qeydiyyat obyektləri) mövcud olmasının, yaranmasının, ona əşya hüquqlarının keçməsinin, öhdəliklərlə yüklənməsinin, onlara xitam verilməsinin, həmin əmlakla bağlı əqdlər də daxil olmaqla qeydə alınması üçün aşağıda göstərilən sənədlər əsas hesab olunur: bu Əsasnamənin 7-ci bəndində göstərilən subyektlər tərəfindən öz səlahiyyətləri çərçivəsində qəbul etdikləri aktlar; daşınmaz dövlət əmlakı barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanmış müqavilələr və digər əqdlər; daşınmaz dövlət əmlakının qanunvericiliklə müəyyən edilmiş qaydada özəlləşdirilməsi haqqında sənədlər (şəhadətnamələr); qanuni qüvvəyə minmiş məhkəmə qərarları; daşınmaz dövlət əmlakı üzərində hüquqların keçməsi barədə və (və ya) onun barəsində əqdlərə dair digər sənədlər. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə təsdİq edİlmİş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı” 1.2. Dövlət əmlakının özəlləşdirilməsi prosesinə dövlət nəzarətini Özəlləşdirməyə Nəzarət üzrə Dövlət Komissiyası (bundan sonra - Dövlət Komissiyası) həyata keçirilir. Dövlət Komissiyası özəlləşdirmə prosesinə nəzarət edir və qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər daxilində qərar qəbul edir. Dövlət Komissiyasının tərkibi, onun vəzifələri və səlahiyyətləri Dövlət Komissiyası haqqında Azərbaycan Respublikasının prezidenti tərəfindən təsdiq olunan Əsasnamə ilə müəyyən olunur. 2.3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi qərarı ilə özəlləşdirilən müəssisə və obyektlər 2.3.2. İctimai iaşə və məişət xidməti müəssisələri və obyektləri (idarə tabeli açıq pərakəndə ticarət, ictimai iaşə və xidmət obyektləri daxil olmaqla). 2.3.22. Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələri, habelə yaşayış binalarında yerləşən dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələri. 11.1. Özəlləşdirmə prosesinin həyata keçirilməsinin maliyyə təminatı dövlət büdcəsi hesabına ödənilir. 16.6. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin balansında olan mülki dövriyyədən çıxarılmış, mülki dövriyyəsi məhdudlaşdırılmış əmlak, xüsusi qiymətlilər və ya qiymətli metallar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanlarının sərəncamına verilir. 18.3. Özəlləşdirilən dövlət müəssisə və obyektləri, dövlət torpaqlarında, habelə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin əmlakı, dövlət müəssisələrindən fiziki və hüquqi şəxslərə verilmiş əmlak, özəlləşdirmə nəticəsində yaradılan səhmdar cəmiyyətlərinin (müəssisələrin) özgəninkiləşdirilən əmlakı, özəlləşdirilən əmlak əsasında təsis edilən və sonradan təşkilati-hüquqi formasını dəyişən (ləğv edilən) hüquqi şəxslərin əmlakı üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi və özəlləşdirimə prosesində bağlanan əqdlərin qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması Dövlət Xidməti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada verilən hüquq təsdiqedici sənədlər əsasında həyata keçirilir. Məhkəmənin Əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı və məqsədi Naxçıvan Uşaq Şəhərciyinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmasına və mülkiyyət hüquqlarına dair çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti isə Dövlət mülkiyyətinin özəlləşdirilməsinə dair hüquqi baza yaranmadan Naxçıvan şəhər XDM İK tərəfindən dövlət əmlakının "Naxinterkom" Holdinqə satılmasının və həmin qərar əsasında hüquqların dövlət qeydiyyatının aparılmasının qanunvericiliyə uyğun olmadığını əsas gətirərək, iddiaçının tələbindən imtina etmişdir. Hazırkı işin məzmunundan aydın olur ki, Naxçıvan şəhər XDM İcra Komitəsinin 22 may 1992-ci il tarixli qərarı və 27 oktyabr 1992-ci il tarixli 576 saylı Sərəncamı ilə Naxçıvan şəhər Uşaq şəhərciyi "Naxinterkom" Holdinqə satılmışdır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının iddia ərizəsində qeyd olunan dövlət əmlakının sözügedən sərəncamla həmin holdinqə satılmasına və həmin əmlakı məhz həmin orqan vasitəsi ilə özəlləşdirdiyinə dair gətirdiyi dəlillər, habelə dövlət mülkiyyətində olan əmlakla bağlı iddiaçının hər hansı hüquqmüəyyənedici sənədə malik olmadığı, həmin əmlakın hal-hazırda da dövlət mülkiyyətində olduğuna dair əldə olunmuş dəlillər nəzərə almalı, həmin dəlillər işin digər materialları ilə birlikdə yoxlanılmaqla qiymətləndirmə aparılmalıdır. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 31 iyul 1997-ci il tarixli, 124 nömrəli Sərəncamından aydın olur ki, Naxçıvan şəhərindəki Uşaq və X6 Ümummilli lider Heydər Əliyevin adı verilmişdir. Naxçıvan Muxtar Respublikası Şəhər İcra Hakimiyyətinin 11 avqust 1997-ci il tarixli 410 nömrəli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Naxçıvan şəhərindəki Uşaq və X6 Möhtərəm Prezident zati aliləri Heydər Əliyev cənablarının adının verilməsi haqqında 1997-ci il 29 iyul tarixli 77-01/C nömrəli sərəncamı icra və rəhbərlik üçün qəbul edilmişdir. 11 avqust 1997-ci il tarixli 410 nömrəli həmin sərəncamdan irəli gələn digər tədbirləri həyata keçirilməsi Naxçıvan Şəhər İcra Hakimiyyətinə tapşırılmışdır. Qeyd olunan sərəncamın 4 və 5-ci bəndlərinə əsasən inşası aparılan Uşaq və Gənclər İstirahət parkının ərazisinin bir hissəsi köhnə “Uşaq Şəhərciyi” adlanan parkın ərazisini əhatə etdiyindən və faktiki olaraq uzun illər fəaliyyət göstərmədiyindən həmin park ləğv olunmuş, onun möhürü və ştampının müvafiq qaydada daxili işlər orqanlarına təhvil verilməsi İcra hakimiyyətinin əlaqədar şöbələrinə həvalə edilmişdir. Sözügedən aktlar iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Müəyyən olunmuşdur ki, Naxçıvan şəhərində yerləşən, mübahisə predmeti olan ərazinin, yəni Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkının haliyədə Naxçıvan Yaşıllaşdırma Xidmətinin balansında dövlət əmlakının registrində qeydiyyata alınmasına dair hüquqmüəyyənedici sənəd mövcuddur və həmin sənəd mübahisələndirilməmiş, hazırda da qüvvədədir. Həmin qeydiyyat və onun qanunvericiliklə qorunan hüquqi nəticələri davam etdiyi halda da, iddiaçının hazırkı tələbi əsaslı hesab edilə bilməz. Buna görə də, mübahisəli əmlakın dövlətin mülkiyyətdə olmasını təsdiq edən və mötəbər olan həmin sənəd üzrə dövlət əmlakının registrindəki qeydiyyatın qüvvədə olması, həmin qeydiyyatın ləğv edilməməsi hər hansı digər şəxsin həmin əmlak üzərində mülkiyyət hüququnu istisna edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10-cu maddəsinə əsasən, əmlakın reyestrdə qeydiyyata alınması üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri olmalı, əlavə olaraq torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan və cizgisi, həmçinin dövlət rüsumunun ödənilməsi ilə bağlı sənəd təqdim olunmalıdır. Göründüyü kimi, daşınmaz əmlakın reyestrində əmlakın qeydiyyata alınması ilə əlaqədar qanunvericilikdə konkret şərtlər öz əksini tapmışdır. Lakin iddiaçı həmin hallar üzrə hər hansı mümkün və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş və məhkəmə icraatı gedişində də həmin sənədlər aşkar olunmamışdır. Belə olan halda da, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə istinadla reyestrin həqiqiliyi və tamlığı prezumpsiyası əsas götürülməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1 və 15.1.5-ci maddələrinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir.Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisə predmeti olan əmlakın iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda və Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nda nəzərdə tutulmuş qanuni əsaslar olmadığından iddiaçının tələbinin təmin olunmasından cavabdeh imtina etməkdə haqlı olmuş, bu qərarda istinad edilən digər qanun normalarının tələblərini pozmamışdır. Odur ki, hazırkı mübahisəyə münasibətdə işin müəyyən olunmuş halları baxımından iddiaçı hüququnun qeydiyyata alınmasını və bu barədə müvafiq çıxarışın verilməsini tələb etməkdə haqlı sayıla bilməz. Beləliklə, məhkəmə iddiaçı "Naxinterkom" Holdinqin cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı "Naxçıvan Uşaq Şəhərciyinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınması və mülkiyyət hüquqlarına dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiasının təmin edilməməsi qənaətinə gəlir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı "Naxinterkom" Holdinqin cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı "Naxçıvan Uşaq Şəhərciyinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınması və mülkiyyət hüquqlarına dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən (elektron məhkəmə kabinetinə yerləşdirildikdən) 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov