Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-633/2023 28.08.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Əliyev Adəm Qurban oğlunun katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şərur rayon şöbəsinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şərur rayon şöbəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Şərur rayon idarəsinin 23 may 2023-cü il tarixli, 141 nömrəli qərarının ləğv edilərək əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Şərur rayon idarəsinin 23 may 2023-cü il tarixli, 141 nömrəli qərarının ləğv edilərək əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Şərur rayon idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1957-ci il tarixdə Şərur rayonunda anadan olmuşdur. xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olmuşdur. 1983-cü il tarixdə 59 nömrəli əmrlə Şərur rayon Dövlət Sığorta Agentliyinə işə qəbul olub, xx.xx.1985-ci il tarixdə 14 nömrəli əmrlə işdən azad olunmuşdur. xx.xx.1985-ci il tarixdən 25 nömrəli əmrlə Şərur rayonu Püsyan camışçılıq, quşçuluq və cins mal-qara birliyinə işə qəbul olunmuşdur. 1997-ci il tarixdə işdən azad olunmuş, işlədiyi müddətdə aldığı əmək haqqı barədə məlumat arxiv arayışında qeyd olunmuşdur. xx.xx.2006-cı il tarixdə Şərur rayon Aqrar islahat komissiyasının qərarı ilə adına kənd təsərrüfatlı yararlı torpaq sahəsi verilmişdir. Mülkiyyətində olan həmin kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta haqlarını vaxtıvaxtında ödəmişdir. Əmək pensiyasının təyin olunması ilə bağlı 23 may 2023-cü il tarixində Naxçıvan MR DSMF-nin Şərur rayon idarəsinə müraciət etmişdir. Naxçıvan MR DSMF-nin publik hüquqi şəxsin Şərur rayon idarəsinin xx.xx.2023-cü il tarixli, 141 nömrəli qərarında bildirilmişdir ki, vətəndaşın iş stajının 22 il 6 ay 10 gün olduğu təsdiq olunmuşdur. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi və 25 il sığorta stajının olmadığı, 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək X1 Sistemində fərdi şəxsi hesabında pensiya sığorta kapitalının olmadığı üçün "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 7-ci və 22-1-ci maddələrinin tələblərinə əsasən vətəndaşa əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İddiaçı qeyd edir ki, əmək pensiyasının təyin olunmamasına səbəb olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi, 25 il sığorta stajının olmaması və 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək X1 Sistemində fərdi şəxsi hesabında pensiya sığorta kapitalının olmaması bildirilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 23 iyun 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Şərur rayon idarəsi iddiaya qarşı 13 iyun 2023-cü il tarixli, 08/382 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1957-ci il tarixdə anadan olmuş, Şərur rayonu, Püsyan kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı yaşa görə əmək pensiya təyin olunması barədə 23 may 2023-cü il tarixli ərizə ilə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Şərur Rayon İdarəsinə müraciət etmişdir. Fondun Şərur Rayon İdarəsinin pensiya təyin edən komissiyasının 23 may 2023-cü il tarixli, 141 nömrəli qərarı ilə iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiya təyin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi, 25 il sığorta stajının olmaması (22 il 6 ay 10 gün) göstərilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmçinin Qanunun 22-1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Bu güzəştlərdən yararlanmaq üçün sığortaolunanın fərdi hesabın sığorta hissəsində 1 iyul 2018-ci il tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Pensiya kapitalının məbləği isə hüquqi əhəmiyyətə malik deyil. Lakin iddiaçının 1 iyul 2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Belə ki, iddiaçının 2013, 2014, 2015, 2016 və 2017-ci illərdə mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə ödədiyi məcburi dövlət sosial sığorta haqları X5 Sistemində (MEİS) öz əksini tapmadığı üçün ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsinin mümkünsüz olduğu, həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (34560 manat) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi və 25 il sosial sığorta stajı olmadığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməsi mümkünsüz hesab edilmişdir. Cavabdeh inzibati orqan bildirir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin maddənin 21.2.10-cu bəndinin müddəalarında mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət sığorta stajına daxil edilməsi göstərilmişdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin tələbinə əsasən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidirlər. Həmçinin “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatları (Forma B-l) və “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat’’ları (Forma B-3) hesabatlarını təqdim etməlidirlər. İddiaçı qanunun qeyd olunan tələblərini icra etməmişdir. İddiaçı təqdim etdiyi ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən onun 22 il 6 ay 10 gün iş stajı vardır. Beləliklə, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən sığorta stajından asılı olmayaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajı olması şərtlərindən heç biri ödənilmədiyi üçün ona yaşa görə əmək pensiya təyin olunmasından imtina edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmədən İddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Şərur Rayon İdarəsinə qarşı qaldırdığı iddia əsassız olduğundan, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 12 iyul 2023-cü il tarixli, 2-1(122)-633/2023 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 28 avqust 2023-cü il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şərur rayon Şöbəsinin nümayəndəsi X9 iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında bildirişi, əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında qərarı, arxiv arayışlarını, ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətini, İ-ИЕ seriyalı, 517460 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətini, БТ seriyalı, 608230 nömrəli diplomun təsdiq olunmuş surətini, ödəniş qəbzlərini, hərbi qeydiyyatla bağlı arayışı, yaşayış yerindən arayışı, şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, ilk növbədə, verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İPM-nin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş və iddia qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti tələblərinə riayət edilməklə qaldırılmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarında olan: - Əmək pensiyasının təyin edilməsindən imtina edilməsi barədə 23 may 2023-cü il tarixli bildirişdən görünür ki, İddiaçı əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətinə baxılmış, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci və 22- 1-ci maddələrinə əsasən tələb olunan 25 il sığorta stajının olmadığı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi və X1 Sistemində fərdi şəxsi hesabında pensiya sığorta kapitalının olmadığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edildiyi bildirilmişdir. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Şərur rayon idarəsinin əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 23 may 2023-cü il tarixli, 141 nömrəli qərarından görünür ki, İddiaçı fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi və 25 il sığorta stajının olmadığı, 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək X1 Sistemində fərdi şəxsi hesabında pensiya sığorta kapitalının olmadığı üçün "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci və 22-1-ci maddələrinin tələblərinə əsasən vətəndaşa əmək pensiyası edilməsindən imtina edilmişdir. - Şərur Rayon Dövlət Arxivinin 06 oktyabr 2022-ci il tarixli, 10/362 nömrəli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixli, 59 nömrəli əmrlə Şərur rayon Dövlət Sığorta Agentliyinə işə təyin olunması və xx.xx.1985-ci il tarixli, 14 nömrəli əmrlə işdən azad olunması, xx.xx.1985-ci il tarixli, 25 nömrəli əmrlə Şərur rayon Püsyan camışçılıq, quşçuluq və cins mal-qara birliyinə işə təyin olunması əmr kitablarında qeyd olunmuşdur. 1992-ci ilin əmr kitabları Şərur rayon Dövlət Arxivinə təhvil verilmədiyindən işdən çıxma əmrinə baxmaq mümkün olmamış, lakin 1991-ci ilin dekabr ayında 180 manat əməkhaqqı alması əməkhaqqı kitablarında qeyd olunmuşdur. Arayışa İddiaçı Şərur rayon Püsyan camışçılıq, quşçuluq və cins mal-qara birliyində, Püsyan Tütünçülük sovxozunda işləməsi faktını və 1985-ci ildə 9 ay, 1986-cı ildə 12 ay, 1987-ci ildə 12 ay, 1988-ci ildə 12 ay, 1989ci ildə 12 ay, 1990-cı ildə 12 ay, 1991-ci ildə 12 ay, 1992-ci ildə 5 ay, 1993-cü ildə 12 ay, 1994-cü ildə 12 ay, 1995-ci ildə 12 ay, 1996-cı ildə 12 ay, 1997-ci ildə 5 ay ərzində aldığı əmək haqlarının məbləğini əks etdirən cədvəl əlavə edilmişdir. - ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 22 il 6 ay 10 gün iş stajı vardır. - İ-ИЕ-seriyalı, 517460 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxxxx 1957-ci ildə doğulmuşdur. - БТ seriyalı, 608230 nömrəli diplomun təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 1974-cü ildə Bakı Maliyyə-Kredit Texnikumuna daxil olmuş 1979-cu ildə “Dövlət sığortası” ixtisası üzrə tam kursu bitirmişdir. - Ödəniş qəbzlərindən görünür ki, İddiaçı 13 dekabr 2013-cü il tarixli, 17 nömrəli qəbzlə 19.80 manat, 18 dekabr 2013-cü il tarixli, 15 nömrəli qəbzlə 19.80 manat, 19 dekabr 2013-cü il tarixli, 21 nömrəli qəbzlə 9.80 manat, 26 may 2014-cü il tarixli, 79 nömrəli qəbzlə 49.80 manat, iyul 2015-ci il tarixli, MAA seriyalı, ******* nömrəli qəbzlə 24.80 manat, may 2015-ci il tarixli, MAA seriyalı, ******* nömrəli qəbzlə 24.80 manat, 14 iyun 2016-cı il tarixli, MAA seriyalı, ******* nömrəli qəbzlə 25 manat, 12 avqust 2016-cı il tarixli, MAA seriyalı, ******* nömrəli qəbzlə 25 manat, 15 noyabr 2017-ci il tarixli, MAA seriyalı, ******* nömrəli qəbzlə 30 manat, 29 noyabr 2018-ci il tarixli, MAA seriyalı, ******* nömrəli qəbzlə 50 manat məbləğində torpağa görə məcburi sosial sığorta haqqı ödəmişdir. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin 03 oktyabr 2022-ci il tarixli, 528 nömrəli arayışından görünür ki, 1957-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsində qeydiyyatdadır. - Şərur Rayon İcra Hakimiyyətinin Püsyan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 23 may 2023-cü il tarixli, 77 nömrəli arayışından görünür ki, İddiaçı Şərur rayonu, Püsyan kəndində yaşayır. - AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxxx 1957-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş: - Torpağa mülkiyyət hüququna dair JN-0447 nömrəli Dövlət aktının təsdiq olunmuş surətindən görünür ki, Şərur rayonu Aqrar İslahat Komissiyasının 17 iyul 1997-ci il tarixli, 11 nömrəli qərarı ilə İddiaçı, X3, X8, X13 və X4 təsərrüfatı məhsulların istehsalı üçün 0.95 hektar torpaq sahəsi verilmişdir. -“Naxçıvanpoçt” PHŞ-nin Şərur Rayon Filialının Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Şərur rayon şöbəsinə ünvanladığı 11 iyul 2023-cü il tarixli, 70 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı 27 oktyabr 2015-ci ildə 24.80 manat, 21 iyun 2016-cı ildə 24.80 manat, 15 avqust 2016-cı ildə 24.80 manat məbləğində ödənişlər etdiyi müəyyən olunmuşdur. İddiaçı ”Naxçıvanpoçt” publik hüquqi şəxsin Şərur rayon filialına ödəmiş olduğu vəsaitlər filial tərəfindən “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Şərur rayon İdarəsinə təqdim olunmuş hesabatlarda öz əksini tapmışdır. Məktuba həmçinin hesabat cədvəllərinin surətləri əlavə edilmişdir. Beləliklə, iddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçı aidiyyəti üzrə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də, onun 25 il sığorta stajının olmaması və fərdi hesabında kapitalın olmaması səbəbindən tələbinin icrasından imtina edilmişdir. İddiaçı həmin imtina ilə razılaşmayaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim etdiyi məktubdan və nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatdan aydın olur ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsinə səbəb onun 25 il sığorta stajının olmaması və fərdi hesabında kapitalın olmamasıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədlərə, iddiaçı tərəfin tələbinə və cavabdehin etirazına hüquqi qiymət verərək, iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, Bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeyd hissəsində Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti daxil edilir. - 21.2.10-cu maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət daxil edilir. - 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. - 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019- 2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.2.2. əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır; 22-1.2.3. ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2.2-ci maddəsinə uyğun olaraq hesablanır. - 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun: - 4-cü maddəsinə əsasən sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Sosial sığorta hadisəsindən biri də pensiya yaşına çatmaqdır. - 12-ci maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər; əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər; Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən vətəndaşlığı olmayan şəxslər və əcnəbilər (qanunla təsdiq olunmuş neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında Sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən, habelə müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2016-cı il mayın 1-dən 5 il müddətində), həmçinin texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2023-cü il yanvarın 1-dən 10 il müddətinə) vətəndaşlığı olmayan şəxslər və əcnəbilər istisna olmaqla); seçkili ödənişli vəzifələrdə işləyənlər, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); prokurorlar, prokurorun müavinləri və köməkçiləri, prokurorluğun müstəntiqləri vergi orqanlarının işçiləri; vəkillər kollegiyasının üzvləri; mediatorlar; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər— məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar. - 13-cü maddəsinə əsasən sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu qanunun 13.2-ci maddəsinə uyğun olaraq uçota almanı həyata keçirdikdən sonra bu barədə 1 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, müəyyən edilir. - 14.2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. - 14.3-cü maddəsinə əsasən bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: sığortaedən tərəfindən ödənilən sığorta haqqı hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Beləliklə, iddiaçının tələbinin məzmunundan aydın olur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edərək, bu məqsədlə müvafiq sənədlərlə birlikdə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Şərur rayon idarəsinə müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən müvafiq araşdırma aparılmış və iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir, o, 25 il sığorta stajına malik deyil və 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək X1 Sistemində fərdi şəxsi hesabında pensiya sığorta kapitalı mövcud deyil. Cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində 23 may 2023-cü il tarixdə 141 nömrəli qərar qəbul edilərək eyni səbəblər əsas gətirilməklə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İlk öncə, qeyd olunmalıdır ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən kişilər üçün müəyyən edilmiş yaş həddinə uyğun olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyasının təyin edilməsinin tətbiqi mümkün olmamışdır. Belə ki, iş materiallarına əsasən iddiaçının 25 il sığorta stajının olması və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi öz təsdiqini tapmamışdır. Belə olan halda həmin Qanunun 22-1-ci maddəsinə əsasən əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı tətbiq edilməlidir. Bu zaman vətəndaşlar üçün 01 yanvar 2019-cu ildən etibarən xüsusi güzəştlər müəyyən edilmişdir. Qanunun 22.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilməsi qeyd edilmişdir. Bu güzəştlərdən yararlanmaq üçün sığortaolunanın fərdi hesabın sığorta hissəsində 1 iyul 2018-ci il tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Pensiya kapitalının məbləği isə hüquqi əhəmiyyətə malik deyil. İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinin müddəalarının tətbiq edilməsi üçün 3 şərt mövcud olmalıdır: 1) iddiaçı 1 yanvar 2019-cu il tarixdən sonra qanunla müəyyən edilmiş pensiya yaşına çatmalı; 2) Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmalı; 3) fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Birinci şərt iddiaçıya münasibətdə mövcud olmuş, onun yaşa görə pensiya hüququ 1 yanvar 2019-cu il tarixdən sonra yaranmışdır. İkinci şərt də iddiaçıya münasibətdə mövcud olmuşdur, yəni “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri iddiaçıya münasibətdə gözlənilmişdir. Üçüncü şərtlə bağlı “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tələbi ondan ibarətdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Cavabdeh hesab edir ki, iddiaçı ödədiyi məcburi dövlət sosial sığorta haqlarının hesabatını vaxtında təqdim etmədiyindən və ödədiyi məcburi dövlət sosial sığorta haqları X5 Sistemində (MEİS) öz əksini tapmadığından “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tələbi mövcud olmamışdır. Cavabdehin əsas dəlilinə görə “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tətbiq edilməsi üçün fərdi hesabın sığorta hissəsində pensiya kapitalının 1 iyul 2018-ci il tarixə qədər qeydə alınmalıdır. İddiaçının 1 iyul 2018-ci il tarixə fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunmalıdır ki, Şərur Rayon Aqrar İslahat Komissiyasının 17 iyul 1997-ci il tarixli, 11 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0. 0.95 hektar torpaq sahəsinin İddiaçı, X2, X7, X10 və X11 mülkiyyətinə verilməsi və həmin torpaq sahəsinə görə müvafiq torpaq pullarının ödənilməsi iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapır və bu hal cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Hazırkı iş üzrə mübahisəli məsələ iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinə görə mədaxil qəbzlərinə əsasən ödənilmiş məbləğlərin X5 Sistemində (MEİS) öz əksini tapmaması ilə bağlıdır. Belə ki, cavabdeh inzibati orqan bu arqumentləri əsas gətirərək iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Məhkəmə mübahisələndirilən məsələ ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından da göründüyü kimi, iddiaçının mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə ailə üzvləri ilə birlikdə sosial sığorta haqları ödənilmiş, ödənişin elektron sistemdə onun sosial sığorta stajına hesablanmaması, iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özüözlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq həmçinin qeyd edilir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sosial sığorta stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Cavabdeh ödənilən məbləği qəbul etməməsi, geri qaytarması, iddiaçını məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota almaqdan imtina etməsini bildirməmişdir. Əksinə, cavabdeh ödənilən məbləğin mövcudluğunu təsdiq etmişdir. Odur ki, məhkəmə iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalının mövcud olmaması barədə cavabdehin dəlillərini əsaslı saymır. Qeyd olunan məsələ ilə bağlı oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 04 avqust 2021-ci il tarixli, 2-1(102)-1307/2021 nömrəli qərarında da öz əksini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən məsələlər məhkəmə tərəfindən əsassız hesab edildiyindən cavabdehin imtinası əsassız hesab edilməli və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. - 70.3-cü maddəsinə görə inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Şərur rayon idarəsinin 23 may 2023-cü il tarixli, 141 nömrəli qərarı ləğv edilməli, İddiaçı əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şərur rayon şöbəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və İPM-in 2, 32, 68, 69, 70, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Şərur rayon idarəsinin 23 may 2023-cü il tarixli, 141 nömrəli qərarı ləğv edilir. İddiaçı əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şərur rayon şöbəsinin üzərinə qoyulur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-633/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-633/2023
28.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver