Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-637/2025 22.04.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X16 Heydər oğlunun sədrliyi, X17 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1972-ci il tarixdə anadan olmuşdur. Naxçıvan ŞHK tərəfindən 1991-ci ildə hərbi xidmətə çağırılmış və Sədərək uğrunda döyüşlərdə iştirak etmişdir. O, döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə xəsarət almış və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Naxçıvan şəhər xəstəxanasında müayinə olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli qərarında da qeyd olunur: Naxçıvan ŞHK tərəfindən 1991-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Naxçıvan şəhər xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma- diaqnoz: "Sol ayağın İİİ barmağının odlu silahla (qəlpə) sonra irinləmiş yarası və sol saidin ön səthinin qəlpə yarası" (Azərbaycan Respublikası SHXÇDX-nin Naxçıvan şəhər idarəsinin xx.xx.2014-cü il tarixli 1343 saylı göndərişi, xx.xx.2014-cü il tarixli 774 saylı arayışı, Naxçıvan şəhər xəstəxanasından verilmiş xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, vətəndaşın xx.xx.2016-cı il tarixli ərizəsi, MN MHHK-nın həkim mütəxəssisinin və cərrahın rəyləri ilə təsdiq edilir), "HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR". O, müharibə veteranı adını və vəsiqəsini almaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin ona imtina cavabı verilmiş, məhkəməyə müraciət hüququnun olması izah edilmişdir. İddiaçı göstərilənləri rəhbər tutaraq, məhkəmədən ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məhkəməyə 10 yanvar 2025-ci il tarixli, 3-25-4/2-155/25 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, "Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil omuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət verini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci "hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən cavabdeh orqan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məkəmədən xahiş etmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 22 aprel 2025-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şahid ifadələri: 18 fevral 2025-ci il tarixli məhkəmə iclasında X5 və X6, 01 aprel 2025-ci il tarixli məhkəmə iclasında X7, X8 və X10, eləcə də 22 aprel 2025-ci il tarixli məhkəmə baxışı iclasında X12 şahid qismində dindirilmişdir. Şahidlər məhkəəyə verdikləri ifadələrində İddiaçı 1992-ci ildə Sədərək döyüşlərində iştirak etməsini təsdiq etmişdirlər. Yazılı sübutlar: - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 19 dekabr 2024-cü il tarixli, 3-25-212-B-122xx-xx/2024 nömrəli məktubdan məlum olur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə "Müharibə veteranı" adının və vəsiqəsin verilməsi üçün daxil olan sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adların və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın iclasında baxılmış müsbət qərar qəbul edilməmişdir. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 24 aprel 2015-ci il tarixli, 352 nömrəli qərarının surətindən məlum olur ki, Naxçıvan ŞHK tərəfindən 1991-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı və xx.xx.1992-ci ildən, xx.xx.1992-ci ilə kimi Naxçıvan şəhər xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma- diaqnoz: “Sol ayağın İİİ barmağının odlu silahla (qəlpə) sonra irinləmiş yarası və sol saidin ön səthinin qəlpə yarası” (Azərbaycan Respublikası SHXÇDX-nin Naxçıvan şəhər idarəsinin xx.xx.2014-cü il tarixli 1343 saylı göndərişi, xx.xx.2014-cü il tarixli 774 saylı arayışı, Naxçıvan şəhər xəstəxanasından verilmiş xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, vətəndaşın xx.xx.2016-cı il tarixli ərizəsi, MN MHHK-nın həkim mütəxəssisinin və cərrahın rəyləri ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR". (Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2. bəndinin a) yarımbəndi. MN MHHK-nın 235 saylı xx.xx.2015-ci il tarixli protokolu). - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 04 avqust 2016-cı il tarixli, 751 nömrəli qərarının surətindən məlum olur ki, Naxçıvan ŞHK tərəfindən 1991-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Naxçıvan şəhər xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma- diaqnoz: “Sol ayağın İİİ barmağının odlu silahla (qəlpə) sonra irinləmiş yarası və sol saidin ön səthinin qəlpə yarası” (Azərbaycan Respublikası SHXÇDX-nin Naxçıvan şəhər idarəsinin xx.xx.2014-cü il tarixli 1343 saylı göndərişi, xx.xx.2014-cü il tarixli 774 saylı arayışı, Naxçıvan şəhər xəstəxanasından verilmiş xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, vətəndaşın xx.xx.2016-cı il tarixli ərizəsi, MN MHHK-nın həkim mütəxəssisinin və cərrahın rəyləri ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR". MN MHHK-nın xx.xx.2015-ci il tarixli 352 nömrəli qərarı ləğv edilir. (Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2. bəndinin a) yarımbəndi. MN MHHK-nın 737 saylı 04.08. 2016-cı il tarixli protokolu). - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 24 yanvar 2025-ci il tarixli, 15 nömrəli arxiv arayışından məlum olur ki, Bağırov X9 Muxtar Respublikası Dövlət Müdafiə Komitəsi üzrə xx.xx.1991-ci il tarixli 015 nömrəli əmrlə şəxsi heyətin siyahısına daxil edilmişdir. Şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat yoxdur. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 31 yanvar 2025-ci il tarixli, 3-43-75/2-153/2025 nömrəli məktubdan məlum olur ki, xx.xx.1972-ci il təvəllüdlü İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N nömrəli hərbi hissəsində və xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək Azərbaycan Respublikası Prezidenti yanında Mühafizə Baş İdarəsində müddətli həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Mühafizə Baş İdarəsi rəisinin xx.xx.1996-cı il tarixli 133 ş/h №-li əmrinə əsasən ehtiyata buraxılmışdır. - Naxçıvan Muxtar Respublikası X2 X14 X15 Respublikası Xəstəxanası Publik Hüquqi Şəxsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 03 mart 2025ci il tarixli, 18-1-92-1/135 nömrəli məktubdan məlum olur ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək xəstəxanın Travmatologiya şöbəsində stasionar müalicə olmuşdur. Onun adına açılmış stasionar xəstənin tibbi kartasının, rentgen müayinələrinin və stasionar epikrizin surətləri iş materiallarına əlavə edilmişdir. - Naxçıvan Muxtar Respublikası X3 Epikrizin surətindən məlum olur ki, İddiaçı İİİ barmaq orta və proksimal falanqa səviyyəsində ayaq üstə sahədə yumşaq toxumada 3 mm ölçüdə 2 ədəd metal intensivlikli kölgəliklər-qəlpə izlənir. Sol baldırın aşağı 1/3-də arxada yumşaq toxumalar içərisində metal intensivlikli yad cisim-qəlpə izlənilir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 06 mart 2025-ci il tarixli, 3-25-210/2- 749/2025 nömrəli məktubla Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsi üzrə 01 may 1992-ci il tarixli 133 nömrəli əmrdən çıxarış (ermənilərin Muxtar Respublika ərazisinə basqını ilə əlaqədar “Sədərək” döyüş bölgəsinə göndərilənlər haqında) məhkəməyə göndərilmişdir. Həmin çıxarışda “idman rotası”nda İddiaçı adına rast gəlinmişdir. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 30 avqust 1972-ci ildə doğulmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinin 2-ci abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin 8-ci abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 7-ci maddəsinin 1-ci abzasına əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin: 1-ci maddəsinə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəməicraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti, sözügedən iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə müvafiq inzibati orqana müraciət edilməsidir ki, iş materiallarına əlavə olunmuş cavabdehin xx.xx.2024-cü il tarixli, 3-25-212-B-122xxxx/2024 nömrəli məktubundan görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciəti təmin edilməmişdir. Bundan sonra iddiaçı tərəfindən müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçının əsas hüquqi marağı ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən ibarətdir. Cavabdeh orqan isə X11 Komitəsinin əmrlərində şəxsi heyətin siyahısından çıxarılmasına dair məlumatın olmaması əsası ilə iddiaçının tələbindən imtina etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 24 aprel 2015-ci il tarixli, 352 nömrəli qərarının və 04 avqust 2016-cı il tarixli, 751 nömrəli qərarının surətlərindən məlum olur ki, İddiaçı 1991-ci ildə hərbi xidmətə çağırılmış, döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə yaralanmış və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi “Sol ayağın İİİ barmağının odlu silahla (qəlpə) sonra irinləmiş yarası və sol saidin ön səthinin qəlpə yarası” diaqnozu ilə Naxçıvan şəhər xəstəxanasında müayinə və müalicə olunmuş, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyaı tərəfindən “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi şəhadətləndirilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsinin “Quldur ermənilərin Muxtar Respublika əraisinə basqını ilə əlaqədar zabit və əsgərlərin sərhədlərə döyüşə göndərilməsi haqqında” 01 may 1992-ci il tarixli 133 nömrəli əmrdən çıxarışda İddiaçı adı qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbində qeyd etdiyi tarixdə Sədərək uğrunda döyüşlərdə iştirak etməsi barədə məlumat hərbi biletdə əks olunmasa da, məhkəmə icraatı gedişində əldə olunan arayışlardan, Mərkəzi Hərbi Həkim Komissiyasının 751 nömrəli qərarından, xx.xx.1992-ci il tarixli, 644 nömrəli Xəstənin stasionar tibbi kartoçkasından və şahid ifadələrindən onun döyüşən ordunun sıralarında döyüşlərdə iştirak etməsi faktı təkzibolunmaz sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, döyüş əməliyyatlarında iştirak etdiyindən, döyüş zamanı yaralandığından, hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunmasa belə, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin səkkizinci abzasında tələb olunan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikasında döyüş əməliyyatları aparan hərbi hissə tərkibində hərbi xidmət keçmiş şəxslərə, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, nazirliyi tərəfindən verilmiş arayışlar, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı veriləcəyinə dair şərti iddiaçıya münasibətdə ödənilmişdir. Göründüyü kimi, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunsuz olmuş və iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Beləliklə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4.1, 33.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. İddiaçı "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-637/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-637/2025
22.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver