Məhkəmə qərarları › İş №2-1(122)-639/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-639/2023

20.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-639/2023 20.09.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X7 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinə qarşı “vəzifəli şəxsin hərəkətsizliyi və qanunsuz hərəkətinə görə ona dəymiş maddi və mənəvi ziyana görə 10.000 (on min) manatın cavabdehdən alınıb ona verilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vəzifəli şəxsin hərəkətsizliyi və qanunsuz hərəkətinə görə ona dəymiş maddi və mənəvi ziyana görə 10.000 (on min) manatın cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən alınıb ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 19 dekabr 2022-ci il tarixdə ərizə ilə cavabdehə müraciət etmiş, ərizəsinə 23 fevral 2023-cü il tarixdə məhkəmədə iddia qaldırdıqdan sonra cavab verilmişdir. Bu ərizə və şikayətlərə baxılması haqqında qanuna ziddir. X8 Respublikası İnzibati Məhkəməsinin 14 mart 2023-cü il tarixli qərardadı təsdiq edir. İddiaçı yuxarıda qeyd olunanlara əsasən vəzifəli şəxsin hərəkətsizliyi və qanunsuz hərəkətinə görə ona dəymiş maddi və mənəvi ziyana görə 10.000 (on min) manatın cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən alınıb ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi məhkəməyə 03 iyul 2023-cü il tarixli, 3-33-1200/2-002420/2023 nömrəli məktub göndərərək iddiaya qarşı yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı Naxçıvan Baş Gömrük İdarəsinə qarşı “vəzifəli şəxsin hərəkətsizliyi və qanunsuz hərəkətinə görə ona dəymiş maddi və mənəvi ziyana görə 10 000 (on min) manatın cavabdehdən alınıb ona verilməsi" iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Belə ki, iddiaçının ərizəyə cavab verilməsi barədə tələbinə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavab verilmiş və iddiaçının tələbinin təmin olunması və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmaması əsası ilə iş üzrə icraata Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 mart 2023-cü il tarixli qərardadı ilə xitam verilmişdir. İddiaçı vəzifəli şəxsin hərəkətsizliyinə və qanunsuz hərəkətinə görə ona maddi və mənəvi ziyanın dəydiyini iddia etsə də, vəzifəli şəxs tərəfindən hansı hərəkətsizliyin edilməsinə və hansı qanunsuz hərəkətlərə yol verildiyinə dair hər hansı bir sübutu iddia ərizəsində göstərə və əsaslandıra bilməmişdir. Beynəlxalq və milli qanunvericiliyin tələblərinə görə iddiaçının tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli, 7 nömrəli qərarının 2-ci bəndinə görə Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsı anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun, ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Göründüyü kimi iddiaçının tələbinin heç bir hüquqi əsası yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı Naxçıvan Baş Gömrük İdarəsinə qarşı iddiasının mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 20 sentyabr 2023-cü il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: İddiaçı məhkəməyə iddia tələbinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin nümayəndəsi X6 məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin Culfa şəhəri, Mehdi Hüseynzadə küçəsi 30/17 ünvanında yaşayan İddiaçı ünvanladığı 04 may 2023-cü il tarixli, 101-021/0xx-xx/001771 nömrəli məktubun surətindən aydın olur ki, onun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinə ünvanladığı 27 aprel 2023-cü il tarixli müraciəti ilə bağlı iddiası tamamilə əsassız olduğundan tələbinin yerinə yetirilməsindən imtina olunduğu, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci yarımbəndinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətlər (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxıldığı bildirilmişdir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin Culfa şəhəri, Mehdi Hüseynzadə küçəsi 30/17 ünvanında yaşayan İddiaçı ünvanladığı 19 may 2023-cü il tarixli, 101-021/0xx-xx/001928 nömrəli məktubun surətindən aydın olur ki, onun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinə ünvanladığı 15 may 2023-cü il tarixli müraciəti ilə bağlı iddiası tamamilə əsassız olduğundan tələbinin yerinə yetirilməsindən imtina olunduğu, əlavə olaraq onun 27 aprel 2023-cü il tarixli müraciətinə 04 may 2023-cü il tarixində mövcud qanunvericiliyə uyğun olaraq cavab verildiyi bildirilmişdir. - Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2- 1(122)-206/2023 nömrəli qərardadından məlum olur ki, iddiaçının tələbinin təmin olunması və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmaması əsası ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinə qarşı "ərizəyə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iş üzrə icraata xitam verilmişdir. - Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2- 1(122)-422/2023 nömrəli qərardadından aydın olur ki, İddiaçı ərizəsi təmin edilərək, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük idarəsinə qarşı "vəzifəli şəxsin hərəkətsizliyinə və qanunsuz hərəkətinə görə ona dəymiş maddi və mənəvi ziyana görə 5000 manat cavabdehdən alınıb ona verilməsi tələbi”nə dair iddiası geri götürülmüş hesab edilmiş və bu əsasla da iş üzrə icraata xitam verilmişdir. - Culfa Rayon Polis Şöbəsi tərəfindən 04 may 2009-cu il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxx 1956-cı il tarixdə Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Dizə kəndində doğulmuş İddiaçı ünvan 3 ünvanında pasport qeydiyyatındadır. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin Culfa şəhəri, Mehdi Hüseynzadə küçəsi 30/17 ünvanında yaşayan İddiaçı ünvanladığı 23 fevral 2023-cü il tarixli məktubun surətindən aydın olur ki, ona məxsus hər hansı bir malın müvəqqəti saxlanca götürülməsi ilə bağlı gömrük xidmətinin X1 Sistemində heç bir məlumat qeydə alınmamışdır. Müraciət edilən subyektin adı düzgün göstərilməməklə yanaşı, müraciətin mətni də aydın qeyd olunmamışdır. Belə ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 6.9-cu maddəsinə əsasən müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir. Müraciətinizin mətnini aydın ifadə etməklə sizə məxsus olan malların gömrük orqanları tərəfindən saxlanılmasını təsdiq edən sənədlərin (saxlanıldığı yer, say, müddət və s.) müraciətinizə əlavə olunmasının araşdırmanın tam, hərtərəfli və obyektiv aparılması üçün zəruri olduğu diqqətinizə çatdırılır. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və Komitənin strukturunun təsdiq edilməsi barədə” 4 iyun 2012-ci il tarixli, 646 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında 28 noyabr 2022-ci il tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsi yaradılmışdır. - "xxxx" MMC tərəfindən verilmiş 036112 nömrəli geri qaytarılan talonun surətindən aydın olur ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək sağlamlıq müəssisəsində olmuşdur. - X2 tərəfindən verilmiş ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həmin xəstəxanada müalicə almışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsində təsbit olunmuşdur ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 89-cu maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. 90-cı maddəsinə əsasən inzibati orqanların vəzifəli şəxsləri bu Qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. Vəzifəli şəxsin təqsiri, yəni kobud ehtiyatsızlığı və ya qəsdi nəticəsində vurulmuş ziyana görə maraqlı şəxsə kompensasiya ödənildiyi hallarda, həmin vəzifəli şəxs müvafiq inzibati orqan tərəfindən reqres iddia qaydasında maddi məsuliyyətə cəlb oluna bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Belə ki, hazırkı iddia tələbi inzibati orqan olan cavabdehin qanunla ona həvalə edilmiş inzibati funksiyaları yerinə yetirməsi (və ya yetirməməsi) nəticəsində yaranan münasibətləri ehtiva edir. Bu münasibətlər sırf cavabdehin inzibati funksiyaları ilə bağlı olduğundan, cavabdehin hərəkətsizliyi nəticəsində vurulması qeyd olunan ziyana görə kompensasiyanın ödənilməsi məsələsinin həlli tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla, hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008ci il tarixli, 7 nömrəli Qərarının 8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Hazırkı iş üzrə iddiaçının əsas dəlili ondan ibarətdir ki, vəzifəli şəxsin hərəkətsizliyi (müraciətə vaxtında cavab verilməməsi) nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. İddiaçının dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı ona dəymiş maddi və mənəvi ziyana görə 10.000 (on min) ödənilməli olduğunu bildirsə də, qeyd edilən məbləğdə ona maddi zərər dəyməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki qanunvericilik normalarına görə iddiaçı tələb etdiyi məbləğdə cavabdeh tərəfindən ona maddi zərər vurulmasını sübut etməlidir. Lakin iddiaçı formal mülahizələrlə çıxış edərək cavabdeh orqan tərəfindən ona maddi ziyan vurulmasını göstərib, tələb olunan həmin məbləğin ona ödənilməsi öhdəliyini daşımasını, həmçinin həmin məbləğdə ziyanın hansı amillər nəticəsində yaranmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, bununla da iddia tələbini əsaslandırdığı halları sübut edə bilməmişdir. Həmçinin qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçı cavabdehin və ya onun vəzifəli şəxsinin hüquqazidd hərəkətləri (və ya hərəkətsizliyi) ilə ona vurulmuş maddi və mənəvi zərər arasında səbəbli əlaqə olmasını sübuta yetirə bilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi xəstəliyinin başlanma tarixi göstərilməyən “ambulator kitabçadan çıxarış” və "xxxx" MMC tərəfindən verilmiş talon hazırkı iş üzrə mötəbər sübut sayılaraq iddianın təmin edilməsi üçün yetərli əsas ola bilməz. Qeyd edilməlidir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan məhkəmə qərarının əsaslılığı və qanuniliyi baxımından bu institut hazırkı iş üzrə xüsusi əhəmiyyət kəsb edir. İş üzrə iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərarının, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməli idi. Ona görə də cavabdehin və ya onun vəzifəli şəxsinin hüquqazidd hərəkətləri (və ya hərəkətsizliyi) nəticəsində iddiaçıya ziyan vurulması sübuta yetirilmədiyindən vəzifəli şəxsin hərəkətsizliyi və qanunsuz hərəkətinə görə ona dəymiş maddi və mənəvi ziyana görə 10.000 (on min) manatın cavabdehdən alınıb iddiaçıya verilməsi hazırkı işin halları baxımından ağlabatan və ədalətli hesab edilmir. Odur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinə qarşı “vəzifəli şəxsin hərəkətsizliyi və qanunsuz hərəkətinə görə ona dəymiş maddi və mənəvi ziyana görə 10.000 (on min) manatın cavabdehdən alınıb ona verilməsi tələbi”nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 2.2.7, 4.1, 14.3, 34, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinə qarşı “vəzifəli şəxsin hərəkətsizliyi və qanunsuz hərəkətinə görə ona dəymiş maddi və mənəvi ziyana görə 10.000 (on min) manatın cavabdehdən alınıb ona verilməsi tələbi”nə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar