Məhkəmə qərarları › İş №2-1(122)-641/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-641/2025

08.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-641/2025 08.05.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X8 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə qarşı "təhsilverənlərin sertifikatlaşdırılması barədə 1-11 fevral 2021-ci il tarixlərdə keçirilmiş müsahibə mərhələsində iştirak edən X2 barəsində sertifikatlaşdırma nəticəsinin ləğv edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X4 barəsində Naxçıvan MR Təhsil Nazirliyinin sertifikatlaşdırma barədə verdiyi qərarın ləğv edilməsi öhdəliyinin həmin orqanın üzərinə qoyulması tələbi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 2008-ci ildə Naxçıvan Dövlət Universitetinin "Peşə təlimi" ixtisasını bitirmişdir. O, xx.xx.2008-ci il tarixdə Didivar kənd orta məktəbinə “Peşə təlimi” ixtisası üzrə müəllim təyin edilmişdir. 2015-ci ildə qaynanası Tağıyeva Sitarənin vəfat etməsi ilə əlaqədar olaraq Sultanova Gülüsümə müvəqqəti olaraq Cəhri kənd tam orta məktəbində əvəzçilik qaydasında qaynanasının işləri, yəni riyaziyyatinformatika dərsləri həvalə olunmuşdur. Həmin vaxt Gülüsüm həm Cəhri kənd tam orta məktəbində, həm də Didivar kənd tam orta məktəbində dərs deyirdi. Halbuki Gülüsüm xanım 2016-cı ildə əlavə təhsil olaraq Naxçıvan Dövlət Universitetinin "riyaziyyat və informatika" ixtisasını bitirmişdir. Yəni 2015-ci ildə riyaziyyat fənni müvəqqəi olaraq ona həvalə olunarkən, o heç diplomun belə almamışdı. Növbəti tədris ilində Gülüsüm xanıma riyaziyyat dərsi verilməmişdir. 2021-ci il sertifikatlaşma vaxtı Gülüsüm xanımın riyaziyyat fənninin tədrisi üzrə stajı olmadığı halda, o qanunsuz olaraq sertifikatlaşdırmaya göndərilir. Gülüsüm xanım sertifikatlaşdırmada yüksək bal topladığın iddia edərək, əlavə riyaziyyat dərsləri tələb edir. Məktəblərində ümumi riyaziyyat fənni üzrə 60 saat dərs mövcud olmuş və 10 riyaziyyat müəllimi vardır. Müəllimlərdən biri pensiyaya çıxdıqdan sonra Həsənova Qönçə müəllimə səhhəti ilə əlaqədar olaraq sertifikatlaşmada iştirak etmədiyindən yeni təyin olunan direktor X9 müəllimə dəfələrlə zəng edərək, serifikatlaşmadan keçmədiyini səbəb gətirərək 5 saat riyaziyyat fənnini Gülüsüm müəlliməyə verməsini və Gülüşüm müəllimin də 5 saat "Həyat bilgisi" dərsini ona verəcəyini demişdir. Qönçə müəllim məcburiyyət qarşısında direktorun təklifi ilə razılaşmışdır. Çünki direktor ona “onsuz da sizi işdən çıxaracaqlar, sertifikatlaşmadan keçməyən müəllimlər sırasındasınız” deyirdi. Halhazırda Gülüsüm müəllimə həm informatika üzrə 11 saat, həm də riyaziyyat üzrə 5 saat dərs deyir. Onlar qoşa ixtisas müəllimləri olduqları halda sadəcə riyaziyyat üzrə 10 saat dərslə təmin olunmuşdurlar. Bu məsələ ilə bağlı onlar Naxçıvan MR Təhsil Nazirliyinə ərizə ilə müraciət etmişdirlər. Naxçıvan MR Təhsil Nazirliyinin 20 may 2024-cü il tarixli, 2/734 nömrəli məktubunda qeyd edilmişdir ki, Gülüsüm Sultanova Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın 5.3.1-ci bəndinə əsasən (təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili üzrə proqram və tədris planı əsasında ali (orta ixtisas və ya yüksək texniki peşə) təhsilini müvəffəqiyyətlə başa vuranlara bakalavr (subbakalavr) dərəcəsi və ali (orta ixtisas və ya yüksək texniki peşə) təhsil haqqında diplom verilir) "Riyaziyyat və İnformatika müəllimliyi" ixtisası üzrə əlavə təhsil alaraq ali təhsil haqqında diplom əldə etmiş və 10 fevral 2021-ci il tarixdə keçirilən sertifikatlaşdırma imtahanında riyaziyyat fənni üzrə iştirak edərək 53 bal toplamış, bununla da uğurlu nəticə əldə edərək ixtisasına uyğun fənn tədrisinin aparılmasına nail olmuşdur. Sertifikatlaşdırmadan keçmiş təhsil verənlərin 5 (beş) il müddətində təhsil müəssisələrində öz ixtisasları üzrə pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ əldə etməsi və 2022-2023-cü tədris ilində məktəbin riyaziyyat müəllimi Qönçə Həsənovanın sertifikatlaşdırma imtahanlarında uğur qazana bilməməsi nəzərə alınaraq müəllimlər arasında qarşılıqlı razılaşma yolu ilə Qönçə Həsənovanın tədris etdiyi 5 saat riyaziyyat dərsi, sertifıkatlaşdırmada uğur qazanan Gülüsüm Sultanova tərəfindən "Həyat bilgisi" fənni üzrə tədris edilən 5 saat dərs ilə əvəzlənmişdir. İddiaçılar göstərilənlərə əsasən məhkəmədən X4 barəsində Naxçıvan MR Təhsil Nazirliyinin sertifikatlaşdırma barədə verdiyi qərarın ləğv edilməsi öhdəliyinin həmin orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 08 may 2025-ci il tarixə təyin edilmişdir Məhkəmə tərəfindən iddiaçılara yardım məktubları ünvanlanaraq iddia tələbinin dəqiqləşdirilməsi və cavabdeh inzibati orqan tərəfindən hüquqlarının hansı qaydada pozulduğunu müəyyən etməyə imkan verən sübutların məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Həmçinin iddia ərizəsinin surəti iddianın mümkünlüyü məsələsinə münasibət bildirilməsi üçün cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə göndərilmişdir. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi iddiaya dair məhkəməyə ünvanlanan 30 aprel 2025-ci il tarixli, 3-29-72/2-538/2025 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, 12 dekabr 2023-cü il tarixədək qüvvədə olan Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli, 110 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na (bundan sonra - sertifikatlaşdırma qaydası) uyğun olaraq Naxçıvan Muxtar Respublikası dövlət ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə Nazirlik və Naxçıvan Muxtar Respublikasının X14 tərəfindən 10 fevral 2021-ci il tarixdə dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin (riyaziyyat müəllimləri üçün) sertifikatlaşdırılması keçirilmişdir. Keçirilmiş sertifikatlaşdırma prosesinin test mərhələsindən 53 (keçid balı 30), müsahibə mərhələsindən isə 32 (keçid balı 20) bal toplayaraq uğur qazandığına görə sertifikatlaşdırma qaydasının əlavəsində nəzərdə tutulmuş formaya uyğun olaraq Nazirlik tərəfindən X3 10 fevral 2021-ci il tarixdə 0415 nömrəli sertifikat təqdim edilmişdir. 01-11 fevral 2021-ci il tarixlərdə keçirilmiş sertifikatlaşdırma prosesində uğurlu nəticə qazanan, “riyaziyyat və informatika” müəllimliyi ixtisasına sahib olan Gülüsüm Sultanova ixtisasına uyğun fənn tədrisinin aparılmasına nail olmuşdur. Babək Rayon Təhsil Şöbəsinin Babək rayon Didivar kənd tam orta məktəbinin müəllimi X5 2008-ci ildə Naxçıvan Dövlət Universitetinin maarif istiqamətinin “peşə təlimi” ixtisasını, 2016-cı ildə əlavə təhsil olaraq Naxçıvan Dövlət Universitetinin “riyaziyyat və informatika” müəllimliyi ixtisasını bitirmişdir. Gülüsüm Sultanova 13 sentyabr 2008-ci il tarixdən Babək rayon Didivar kənd tam orta məktəbində “peşə təlimi” ixtisası üzrə müəllim, 2022-2023-cü tədris ilindən isə həmin məktəbin riyaziyyat və informatika ixtisası üzrə müəllimi kimi fəaliyyət göstərir. X7 Babək rayon Didivar kənd tam orta məktəbində 5 saat riyaziyyat, 23 saat isə informatika dərsi olmaqla, ümumilikdə 28 saat dərs yükü vardır. Həmçinin, Gülüsüm Sultanova Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli, 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın 5.3.1-ci yarımbəndinə (təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili üzrə proqram və tədris planı əsasında ali (orta ixtisas və ya yüksək texniki peşə) təhsilini müvəffəqiyyətlə başa vuranlara bakalavr (subbakalavr) dərəcəsi və ali (orta ixtisas və ya yüksək texniki peşə) təhsil haqqında diplom verilir) əsasən “riyaziyyat və informatika” müəllimliyi ixtisası üzrə 2016-cı ildə əlavə təhsil olaraq ali təhsil haqqında sənədə (diplom nömrəsi: A№ 109982) sahib olmuşdur. Göstərilənlərə baxmayaraq, iddiaçılar iddia ərizəsində Nazirlik tərəfindən G.Sultanova barəsində sertifikatlaşdırma ilə bağlı qəbul edilmiş qərarın hüquq normalarına zidd olduğunu, eləcə də həmin qərarın qəbul edilməsi ilə əlaqədar öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulması ilə nəticələndiyini qeyd etmişdirlər. Məlum olduğu kimi, hər kəs özünün pozulmuş hüquqlarının müdafiəsi məqsədi ilə məhkəmə müdafiəsi hüququndan istifadə edə bilər. Buna baxmayaraq, məhkəmə ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin mümkünlüyünü yoxlamalıdır. Nəticədə iddiaçılar hüquq və qanuni maraqlarına bilavasitə aid olmayan, X5 barəsində Nazirlik tərəfindən sertifikatlaşdırma barədə qəbul etdiyi (qanuni əlverişli inzibati akt) qərardan iddia irəli sürmək və özü üçün üstünlük əldə etmək hüququna malik deyil. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmədən X5 barəsində Nazirliyin sertifikatlaşdırma barədə qəbul etdiyi qərarın (qanuni əlverişli inzibati akt) ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi üzrə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini qəbul edilməsi xahiş edilmişdir. 08 may 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə qarşı "X4 barəsində Naxçıvan MR Təhsil Nazirliyinin sertifikatlaşdırma barədə verdiyi qərarın ləğv edilməsi öhdəliyinin həmin orqanın üzərinə qoyulması tələbi” barədə iddia qaldırdıqlarını bildirib, iddia tələbini dəqiqləşdirərək "təhsilverənlərin sertifikatlaşdırılması barədə 1-11 fevral 2021-ci il tarixlərdə keçirilmiş müsahibə mərhələsində iştirak edən X2 barəsində sertifikatlaşdırma nəticəsinin ləğv edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” kimi oxunmasını xahiş edərək bu barədə yazdıqları 08 may 2025-ci il tarixli ərizəni məhkəməyə təqdim etmişdirlər. Məhkəmənin 08 may 2025-ci il tarixli, 2-1(122)-641/2025 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddianı müdafiə etdiklərini bildirib, onlara məhkəmə tərəfindən yenidən hüquqi yardım edilməsini istəmədiklərini, hazırki tələb üzrə subyektiv hüquqlarının olduğunu hesab etdiklərini bildirərək, iddianın mümkün sayılmasını və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X12 iddiaçılar tərəfindən dəqiqləşdirilmiş yeni tələbə münasibət bildirərək məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmənin əsaslandırması: Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli, 110 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma” Qaydasının: 1.2-ci maddəsinə əsasən təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər. 4-cü maddəsinə əsasən sertifikatlaşdırma Şurasının təqdim etdiyi sertifikatlaşdırmanın nəticələri barədə məlumat əsasında Nazirlik sertifikatlaşdırmadan keçən və keçməyən təhsilverənlərin siyahısını hazırlayaraq, Nazirliyin müvafiq yerli bölmələrinə və təhsil müəssisələrinə göndərir. Sertifikatlaşdırmadan keçmiş təhsilverənlərə bu Qaydanın əlavəsində nəzərdə tutulmuş formaya uyğun sertifikat verilir. Sertifikatlaşdırmadan keçmiş təhsilverənlər 5 (beş) il müddətində təhsil müəssisələrində öz ixtisasları üzrə pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ əldə edirlər. Sertifikatlaşdırmadan üçüncü dəfə keçəndən sonra təhsilverənlər təhsil müəssisələrində öz ixtisasları üzrə pedaqoji fəaliyyətlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10- 1-ci maddəsi ilə müəyyən edilmiş çalışmanın yaş həddinə qədər məşğul olmaq hüququ əldə edirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qanunun 35-ci maddəsinin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: 1.1, 1.2, 1.3-ci bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Məhkəmə mümkünlük şərtlərinin mövcudluğunu, tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçıların hazırkı iddiaya dair subyektiv hüququnun mövcudluğu müəyyən edilmir. Belə ki, iddiaçılar təhsilverənlərin sertifikatlaşdırılması barədə 1-11 fevral 2021-ci il tarixlərdə keçirilmiş müsahibə mərhələsində iştirak edən X2 barəsində sertifikatlaşdırma nəticəsinin ləğv edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə araşdırması və iddia tələbinin məzmunundan məlum olur ki, iddiaçılar X2 müvafiq proseduralardan keçərək qazandığı hüququn (imtahan nəticəsinin) ləğv edilməsini məhkəmədən xahiş etsələr də, həmin şəxs barəsində sertifikatlaşdırma nəticəsinin onların hüquqlarının və qanunla qorunan maraqlarını hansı qaydada pozduğunu təsdiq edən sübatları məhkəməyə təqdim etməmişdirlər. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçılar öz pozulmuş hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi ilə bağlı deyil, başqa şəxsə verilmiş hüququn ləğv edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdırlar. Yuxarıda adı çəkilən Plenum qərarının 5.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İş materiallarından aydın olur ki, keçirilmiş sertifikatlaşdırma prosesinin test mərhələsindən 53 (keçid balı 30), müsahibə mərhələsindən isə 32 (keçid balı 20) bal toplayaraq uğur qazandığına görə sertifikatlaşdırma qaydasının əlavəsində nəzərdə tutulmuş formaya uyğun olaraq Nazirlik tərəfindən X3 10 fevral 2021-ci il tarixdə 0415 nömrəli sertifikat təqdim edilmişdir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş 0415 nömrəli sertifikatın surətindən görünür ki, X6 10 fevral 2021-ci il tarixində sertifikatlaşmadan keçmişdir və ona riyaziyyat ixtisası üzrə Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verilmişdir. Sertifikat 10 fevral 2026-cı il tarixədək etibarlıdır. Belə olan halda iddiaçıların dərs saatlarının azalmasını əsas gətirməsi X1 sertifikatlaşdırma prosesindən qanunla müəyyən edilmiş qaydada əldə etdiyi sertifikatlaşdırmanın nəticələrinin ləğv edilməsi ilə bağlı hazırkı iddianın mümkün sayılması üçün yetərli əsas deyil. Göründüyü kimi istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə 23 aprel 2004-cü il tarixli X15 hüquqları Məhkəməsinin “Delkurun Belçikaya qarşı işi üzrə” qərarına istinadla qeyd etmişdir ki, “ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir”. Başqa sözlə, iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdan əvvəl, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını əsaslandırmalıdır. Hazırkı iş üzrə iddiaçılar iddia irəli sürmək üçün subyektiv hüquqlarının mövcud olmasını əsaslandıra bilməmişdirlər. Belə olan təqdirdə iddia tələbi üzrə iddiaçıların hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh inzibati orqan tərəfindən hansı formada pozulduğunu (inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində) müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub–olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirməsindən söhbət gedə bilməz. Beləliklə, sadalanan normaların tələblərinə və işin yuxarıda qeyd edilən hallarına əsasən müəyyən edilir ki, hazırkı iddiaya mahiyyəti üzrə baxmağa imkan verən mümkünlük şərtləri ödənilmir. Odur ki, məhkəmə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə qarşı "təhsilverənlərin sertifikatlaşdırılması barədə 1-11 fevral 2021-ci il tarixlərdə keçirilmiş müsahibə mərhələsində iştirak edən X2 barəsində sertifikatlaşdırma nəticəsinin ləğv edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə qarşı "təhsilverənlərin sertifikatlaşdırılması barədə 1-11 fevral 2021-ci il tarixlərdə keçirilmiş müsahibə mərhələsində iştirak edən X2 barəsində sertifikatlaşdırma nəticəsinin ləğv edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar