Məhkəmə qərarları › İş №2-1(122)-643/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-643/2023

14.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-643/2023 14.11.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X19 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şərur Rayon Nikah Evinə qarşı "1961-ci il tarixdə Şərur rayon Cəlilkənd İcra Nümayəndəliyi tərəfindən doğum faktının qeydə alınması zamanı “doğum akt qeydləri kitabının” 142-ci səhifəsində mərhum X4 doğum haqında akt qeydində aparılmış yanlışlığın düzəldilməsi, “Püruzə” kimi qeyd olunmuş adının (soyad, ad, ata adı qrafasında) düzəldilərək “Firuzə” (soyad, ad, ata adı qrafasında) kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1961-ci il tarixdə Şərur rayon Cəlilkənd İcra Nümayəndəliyi tərəfindən doğum faktının qeydə alınması zamanı “doğum akt qeydləri kitabının” 142-ci səhifəsində mərhum X4 doğum haqında akt qeydində aparılmış yanlışlığın düzəldilməsi, “Püruzə” kimi qeyd olunmuş adının (soyad, ad, ata adı qrafasında) düzəldilərək “Firuzə” (soyad, ad, ata adı qrafasında) kimi yazılması öhdəliyinin cavabdeh Şərur Rayon Nikah Evinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum bacısı X8 xx.xx.1961-ci il tarixdə Şərur rayon Zeyvə kəndində anadan olmuş, həmin vaxt valideynləri tərəfindən doğum faktının qeydə alınması və doğum haqqında şəhadətnamə verilməsi məqsədi ilə Şərur rayon Cəlilkənd Kənd İcra Nümayəndəliyinə müraciət olunmuş və doğum müvafiq dövlət qurumu tərəfindən qeydə alınaraq doğum haqqında şəhadətnamə verilmişdir. Bildirir ki, bacısı 1968-1978-ci tədris illərində Şərur rayon Cəlilkənd kənd tam orta məktəbində təhsil almış, təhsilini X15 İnstitutunda və X3 davam etdirmiş, təhsilini başa vurduqdan sonra Zeyvə kənd tam orta məktəbdə müəllim işləmiş, xx.xx.2023-cü il tarixdə vəfat etmiş və xx.xx.2023-cü il tarixdə Şərur rayon Nikah Evi tərəfindən ölüm haqqında şəhadətnamə verilmişdir. Bildirir ki, mərhum bacısı X4 vərəsəsi odur və dəfin xərclərini o, çəkmişdir. Şərur rayon Təhsil Şöbəsi tərəfindən ona dəfn xərci olaraq aylıq maaşının 3 misli miqdarında 1587 manat pul ödənilməsi barədə arayış verilmişdir. Bununla əlaqədar olaraq Şərur rayon Nikah Evinə müraciət edərək X4 doğum aktı qeydi kitabından çıxarış verilməsini xahiş etmiş və Şərur Rayon Nikah Evindən verilmiş doğum haqqında aktı qeydi kitabından çıxarışda X4 adı yanlışlıqla (səhvən) “Püruzə” olaraq qeyd edilmişdir. O, mərhum X4 doğum haqqında akt qeydi kitabında ad qrafasında olan yanlışlığın (səhvin) aradan qaldırılması üçün Şərur Rayon Nikah Evinə ərizə ilə müraciət etmiş, Şərur Rayon Nikah Evindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5//8-15-R-22/2023 saylı məktubda Cəlilkənd kənd İcra Nümayəndəliyi tərəfindən doğum haqında akt qeydində mərhumun adı “Püruzə” olaraq yazıldığı üçün düzəliş etmək mümkün olmadığı və vətəndaşlıq vəziyyəti aktlarında düzəlişin məhkəmə qaydasında müəyyən edildiyi bildirilmişdir. Ona görə də mərhum X4 doğum haqqında akt qeydi kitabında qeyd olunan yanlışlığın (səhvin) ad qrafasında “Püruzə” kimi qeyd olunmuş adının “Firuzə” olaraq düzəldilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı göstərilənlərə əsasən məhkəmədən dövlət qurumu tərəfindən 1961-ci il tarixdə Şərur rayon Cəlilkənd İcra Nümayəndəliyi tərəfindən doğum faktının qeydə alınması zamanı “doğum akt qeydləri kitabının” 142-ci səhifəsində mərhum X4 doğum haqında akt qeydində aparılmış yanlışlığın düzəldilməsi, “Püruzə” kimi qeyd olunmuş adının (soyad, ad, ata adı qrafasında) düzəldilərək “Firuzə” (soyad, ad, ata adı qrafasında) kimi yazılması öhdəliyinin cavabdeh Şərur Rayon Nikah Evinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Lakin cavabdeh Şərur Rayon Nikah Evinin iddiaya dair yazılı münasibəti (etiraz məktubu) məhkəməyə təqdim edilməmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 14 noyabr 2023-cü il tarixə təyin edilmişdir. Cavabdeh Şərur Rayon Nikah Evi məhkəməyə 13 oktyabr 2023-cü il tarixli, 3-16-5/8- 13-527/2023 nömrəli məktub göndərərək xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iş yükünün çoxluğu ilə əlaqədar iştirak edə bilməyəcəklərini bildirib işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: - Şərur Rayon Nikah Evi tərəfindən Şərur rayon Zeyvə kənd sakini İddiaçı ünvanlanmış 18 may 2023-cü il tarixli, 3-16-5/8-15-R-221/2023 nömrəli məktubdan məlum olur ki, doğum akt qeydində düzəliş edilməsi üçün kifayət qədər əsaslar olduqda yaşadıqları ərazi üzrə Nikah Evi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi kifayət qədər əsaslar olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. X1 doğum haqqında akt qeydində adının “Pürüzə”dən “Firuzə”yə düzəliş etmək mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına düzəliş edilməsinin məhkəmə qaydasında müəyyən edildiyi bildirilib, məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. - Şərur Rayon Nikah Evi tərəfindən verilmiş 15 fevral 2023-cü il tarixli, AZ-İ seriyalı, 943704 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X2 rayon Zeyvə kəndində xx.xx.2023-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 15 fevral 2023-cü il tarixdə 61 nömrə ilə qeyd edilmişdir - Şərur Rayon Nikah Evi tərəfindən verilmiş 04 may 2023-cü il tarixli doğum akt qeydindən çıxarışdan məlum olur ki, X9 18 may 1961-ci il tarixdə Şərur rayonu, Zeyvə kəndində doğulmuşdur. Bu barədə Cəlilkənd kənd İcra Nümayəndəliyi tərəfindən doğum haqqında akt qeydləri kitabında 1961-ci il tarixdə 142 nömrə ilə qeydiyyat aparılmış, atası X13, anası X7, valideynlərinin milliyəti azərbaycanlı kimi qeyd olunmuşdur. - ünvan 2 ünvanlanmış məktubdan aydın olur ki, ünvan 3 X5 Şərur rayon Təhsil Şöbəsi tərəfindən dəfnə görə aylığının 3 misli 1587 manat dəfn pulu ödənəcək. - Şərur Rayon İcra Hakimiyyətinin Zeyvə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 10 may 2023-cü il tarixli, 46 nömrəli arayışdan aydın olur ki, Rəsulov X6 İnzibati Ərazi Dairəsi üzrə İcra Nümayəndəlikdə qeydiyyata durur. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı xx xxx 1970-ci il tarixdə doğulmuşdur. - Şərur rayon 2 saylı Notariat Ofisinin “Notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında” 18 may 2023-cü il tarixli, 25 nömrəli qərarından görünür ki, Şərur rayon Zeyvə kənd ünvanında qeydiyyatda olan İddiaçı ərizəsinə əsasən mərhum X4 ölümündən sonra Şərur Rayon Təhsil Şöbəsi tərəfindən dəfnə görə aylığının 3 misli 1587 manat pul ilə bağlı miras qalmış əmlakdan Qanun üzrə X10 Şəhadətnamə verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. - 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın: - 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. - 1.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 13.1-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeyd edilməsinin düzgünlüyünə nəzarət baxımından, Qeydiyyat şöbəsinin və Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinin, icra hakimiyyəti nümayəndəliyinin fəaliyyətinin yoxlanılması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən, konsulluq idarəsinin fəaliyyətinin yoxlanılması ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilir. 13.2. Bu məqsədlə qeyd olunan orqanlar aidiyyəti üzrə: 13.2.1. vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydalarına, habelə vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarına düzgün əməl olunmasına qeydiyyat şöbələrinın və icra hakimiyyəti nümayəndəliklərinin fəaliyyətinin təşkili qaydalarına riayət edilməsinə nəzarət edirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: - 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aparılır. - 8-ci bəndinə görə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3-cü maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 28.1 və 28.1.1-ci maddələrinə əsasən fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, mübahisənin həllində tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı tərəf subyektiv hüquqa malik olmuşdur. Məhkəmə icraatı gedişində müəyyən olundu ki, 1961-ci il tarixli, 142 nömrəli doğum haqqında akt qeydində X4 ad qrafasında yanlışlıqla “Firuzə” əvəzinə “Püruzə” yazılmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi ilə bağlı məsələdə qanuni marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət hüququn mahiyyətini dəyişməməlidir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına istinadla qeyd edir ki, cavabdeh tərəfindən 1961-ci il tarixli, 142-ci səhifəsində doğum haqqında akt qeydində dəyişiklik edilməsinə heç bir qanuni maneə olmamışdır. Cavabdehin öz imtinasına gətirdiyi arqument - vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında iddiaçının doğum akt qeydində dəyişiklik edilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”da nəzərdə tutulan əsasların olmamasıdır. Bu baxımdan qeyd olunmalıdır ki, inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq, göstərilən Qərarda nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar müəyyən etməklə, vətəndaşın müraciətinə imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. Həmçinin doğumun qeydiyyatı barədə yuxarıda göstərilən qanun müddəalarının sistemli təhlili onu deməyə əsas verir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının əsas məqsədlərindən biri də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm də dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquqmüəyyənetmə əhəmiyyəti, milli qanunvericilikdə dəqiq təsbit olunmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının əsas hüquqi marağı mərhum bacısının doğum akt qeydində düzəlişin aparılmasıdır. Qeyd olunan hal üzrə orqanın imtinasında göstərilən arqument isə hazırkı iddianın təmin edilməməsi üçün qanuni əsas sayıla bilməz. Belə ki, məhkəmə araşdırması zamanı toplanmış sübutlar işin halları baxımından iddiaçının iddia tələbinin təmin edilməsi üçün yetərli dərəcədədir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh Şərur Rayon Nikah Evi iddiaçının tələbindən imtina etməkdə haqlı olmamışdır. Beləliklə, İddiaçı cavabdeh Şərur Rayon Nikah Evinə qarşı "1961-ci il tarixdə Şərur rayon Cəlilkənd İcra Nümayəndəliyi tərəfindən doğum faktının qeydə alınması zamanı “doğum akt qeydləri kitabının” 142-ci səhifəsində mərhum X4 doğum haqında akt qeydində aparılmış yanlışlığın düzəldilməsi, “Püruzə” kimi qeyd olunmuş adının (soyad, ad, ata adı qrafasında) düzəldilərək “Firuzə” (soyad, ad, ata adı qrafasında) kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 34.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. 1961-ci il tarixdə Şərur rayon Cəlilkənd İcra Nümayəndəliyi tərəfindən doğum faktının qeydə alınması zamanı “doğum akt qeydləri kitabının” 142-ci səhifəsində mərhum X4 doğum haqında akt qeydində aparılmış yanlışlığın düzəldilməsi, “Püruzə” kimi qeyd olunmuş adının (soyad, ad, ata adı qrafasında) düzəldilərək “Firuzə” (soyad, ad, ata adı qrafasında) kimi yazılması öhdəliyi cavabdeh Şərur Rayon Nikah Evinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar