Məhkəmə qərarları › İş №2-1(122)-655/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-655/2023

15.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-655/2023 15.11.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və iddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Culfa Rayon Qeydiyyat Şöbəsinə qarşı “onun xx xxxxxx 1974-cü ildə Culfa rayon Əbrəqunus kəndində anadan olması barədə 13 dekabr 1974-cü ildə doğum akt qeydləri kitabında 117 nömrə ilə aparılmış qeydiyyatda “Ocaxqulu” ata adına düzəliş edilərək “Ocaqqulu” kimi, ana adına düzəliş edilərək “Sələmə” kimi, 19 avqust 2012-ci ildə vəfat etmiş anasının ölüm akt qeydləri kitabında 06 sentyabr 2012-ci il tarixdə 06 nömrə ilə aparılmış qeydində soyadına düzəliş edilərək “Hacıyeva” kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Culfa Rayon Qeydiyyat Şöbəsinə qarşı onun xx xxxxxx 1974-cü ildə Culfa rayon Əbrəqunus kəndində anadan olması barədə 13 dekabr 1974-cü ildə doğum akt qeydləri kitabında 117 nömrə ilə aparılmış qeydiyyatda “Ocaxqulu” ata adına düzəliş edilərək “Ocaqqulu” kimi, ana adına düzəliş edilərək “Sələmə” kimi, 19 avqust 2012-ci ildə vəfat etmiş anasının ölüm akt qeydləri kitabında 06 sentyabr 2012-ci il tarixdə 06 nömrə ilə aparılmış qeydində soyadına düzəliş edilərək “Hacıyeva” kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1974-cü ildə Culfa rayon, Əbrəqunus kəndində anadan olmuşdur. Valideyinlərinin nikahları rəsmi olaraq qeydiyyatdan keçirilmədiyindən ona əvvəl atalığı müəyyən etmək haqqında şəhadətnamə, onun əsasında da doğum haqqında şəhadətnamə verilmişdir. Onun doğum haqqında şəhadətnaməsində ata qrafasında X8 , ana qrafasında isə X6 yazılmışdır. Hər iki şəhadətnamədə atasının adında səhvlik edilərək “Ocaqqulu” əvəzinə “Ocaxqulu”, anasının adında isə “Sələmə” əvəzinə “Həlmə” kimi yazılmışdır. Həmçinin, iddiaçı qeyd etmişdir ki, onlara məlum olmayan səbəblərdən 19 avqust 2012-ci il tarixdə vəfat etmiş anasının soyadı 06 sentyabr 2012-ci il tarixdə 06 nömrə ilə ölüm akt qeydləri kitabında keçirilmiş qeydiyyatında “Hacıyeva” əvəzinə səhvən “Hüseynova” kimi yazılmışdır.Bu səbəbdən də atasının X9 və anasının X10 olması mübahisə doğurur və müəyyən sənədləşmə işlərinin aparılması mümkün olmur. İddiaçı ilk öncə onun xx xxxxxx 1974-cü ildə Culfa rayon Əbrəqunus kəndində anadan olması barədə 13 dekabr 1974-cü ildə doğum akt qeydləri kitabında 117 nömrə ilə aparılmış qeydiyyatda “Ocaxqulu” ata adına düzəliş edilərək “Ocaqqulu” kimi, ana adına düzəliş edilərək “Sələmə” kimi, 19 avqust 2012-ci ildə vəfat etmiş anasının ölüm akt qeydləri kitabında 06 sentyabr 2012-ci il tarixdə 06 nömrə ilə aparılmış qeydində soyadına düzəliş edilərək “Hacıyeva” kimi qeyd olunması barədə Culfa rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Cavabdeh Culfa Rayon X14 rayon Əbrəqunus kənd sakini İddiaçı ünvanlanan 16 may 2023-cü il tarixli, 05/18-89/15 nömrəli və 16 may 2023-cü il tarixli, 05/18-90/15 nömrəli məktublarında X9 və X13 arasında heç bir nikah aktı qeydi olmadığı halda qadına ölüm akt qeydi tərtib olunarkən onun soyadı hansı əsasda “Hüseynova” kimi yazılması Culfa Rayon Qeydiyyat Şöbəsi tərəfindən aşkar oluna bilməmiş və iddiaçı tərəfindən təqdim edilmiş "X5 və "X7” ölüm haqqında şəhadətnamələrində və ölüm akt qeydlərində olan soyad və adlarında fərqlilik müəyyən edilmiş, Şöbə tərəfindən araşdırılma aparılmış, lakin ata və ananın doğum akt qeydləri arxivdən tapılmadığı üçün onun doğum akt qeydində ana adının nə əsasda "Həlmə", ata adının nə əsasda "Ocaxqulu” yazılması müəyyən edilməmiş və bu hüquqi faktın müəyyən edilməsi üçün İddiaçı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 33, 45 və 46-cı maddələrinə əsasən İddiaçı məhkəməyə müraciət edərək, Culfa Rayon Qeydiyyat Şöbəsi tərəfindən onun xx xxxxxx 1974-cü ildə Culfa rayon Əbrəqunus kəndində anadan olması barədə 13 dekabr 1974-cü ildə doğum akt qeydləri kitabında 117 nömrə ilə aparılmış qeydiyyatda “Ocaxqulu” ata adına düzəliş edilərək “Ocaqqulu” kimi, ana adına düzəliş edilərək “Sələmə” kimi, 19 avqust 2012-ci ildə vəfat etmiş anasının ölüm akt qeydləri kitabında 06 sentyabr 2012-ci il tarixdə 06 nömrə ilə aparılmış qeydində soyadına düzəliş edilərək “Hacıyeva” kimi qeyd olunması öhdəliyinin Culfa Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 22 sentyabr 2023-cü il tarixli, 2-1(122)-655/2023 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 15 noyabr 2023-cü il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə, həmçinin şifahi məhkəmə baxışı iclasına gəlmədiyi halda tərəflərin iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilməsinə baxmayaq iş üzrə cavabdeh Culfa Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə 05 oktyabr 2023-cü il tarixli, 3-16-5/8-13-199/2023 nömrəli məktub göndərərək 15 noyabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iş yükünün çoxluğu ilə əlaqədar iştirak edə bilməyəcəyindən işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı iş materiallarına cavabdeh inzibati orqanın imtina məktubunu, doğum haqqında akt qeydindən çıxarış, atalığı müəyyən etmək haqqında aktdan çıxarış, yaşayış yeri haqqında arayış, ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş və şəxsiyyət vəsiqəsinin surətlərini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırki tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Həmçinin iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materiallarında olan: - Culfa Rayon Qeydiyyat Şöbəsinin 11 aprel 2023-cü il tarixli İİ-JQ 256217 nömrəli doğum akt qeydindən olan çıxarışından görünür ki, İddiaçı Ocaxqulu oğlu xx xxxxxx 1974cü ildə Əbrəqunus kəndində anadan olmuş və bu barədə doğum kitabında xx.xx.1974-cü il tarixdə 117-ci səhifədə qeydiyyatı aparılmışdır. X2, anası X15, valideynlərinin milliyəti azərbaycanlı olaraq göstərilmişdir. - Culfa Rayon Qeydiyyat Şöbəsinin 31 may 2023-cü il tarixli İ-JQ 273731 nömrəli atalığı müəyyən etmək haqqında aktdan çıxarışdan görünür ki, İddiaçı Ocaxqulu oğlu xx xxxxxx 1974-cü ildə Culfa rayon, Əbrəqunus kəndində anadan olmuş və bu barədə xx.xx.1974-cü ildə Culfa rayon Əbrəqunus kənd İcra Nümayəndəliyi tərəfindən 19 №-li atalığı müəyyən etmək haqqında akt qeydi tərtib olunmuşdur. X2 (milliyəti-azərbaycanlı), anası X15 (milliyəti-azərbaycanlı) olaraq göstərilmişdir. -06 sentyabr 2012-ci il tarixli, AZ-İ 436966 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 19 avqust 2012-ci ildə, Əbrəqunus kəndində ölmüşdür və bu barədə ölüm kitabında xx.xx.2012-ci il tarixdə 06-cı səhifədə qeydiyyat aparılmışdır. Ölüm səbəbi beyinə qansızma olaraq göstərilmişdir. - Culfa Rayon İcra Hakimiyyəti Əbrəqunus kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin 08 may 2023-cü il tarixli, 107 nömrəli arayışından görünür ki, İddiaçı Culfa rayon Əbrəqunus kəndində qeydiyyatdadır və hazırda orada yaşayır. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxxxx 1974-cü doğulmuşdur. İş materiallarına əlavə edilmiş: - 25 aprel 1978-ci il tarixli İ-ЖГ 294065 nömrəli atalığı müəyyən etmək haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Nümayəndə xx xxxx 1978-ci ildə Əbrəqunus kəndində anadan olmuş və bu barədə xx.xx.1978-ci ildə Əbrəqunus kənd XDS İK tərəfindən atalığı müəyyən etmək haqqında akt qeydləri kitabında 06 nömrə ilə qeyd edilmişdir. X3, anası X13 olaraq göstərilmişdir. -15 iyul 1996-cı il tarixli İV-ЖГ 469045 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 01 iyul 1996-cı ildə Culfa rayonu, Əbrəqunus kəndində ölmüşdür və bu barədə ölüm kitabında xx.xx.1996-cı il tarixdə 08-ci nömrə ilə qeydiyyat aparılmışdır. Ölüm səbəbi ağciyərin navernoz vərəmi olaraq göstərilmişdir. - Culfa Rayon Qeydiyyat Şöbəsinin 25 iyul 2023-cü il tarixli İİ-JQ 265217 nömrəli doğum akt qeydindən olan çıxarışından görünür ki, İddiaçı Ocaxqulu oğlu xx xxxxxx 1974cü ildə Culfa rayon, Əbrəqunus kəndində anadan olmuş və bu barədə bu barədə doğum kitabında xx.xx.1974-cü il tarixdə 117-ci səhifədə qeydiyyatı aparılmışdır. X2, anası X15, valideynlərinin milliyyəti azərbaycanlı olaraq göstərilmişdir. - Naxçıvan Dövlət Sosial X22 Rayon Şöbəsinin 11 avqust 2023-cü il tarixli, 496 nömrəli arayışından görünür ki, X1 Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Naxçıvan Dövlət Sosial X22 Rayon Şöbəsində xx.xx.1995-ci il tarixdən xx.xx.2012-ci il tarixədək yaşa görə pensiyaçı kimi qeydiyyatda durub. - Culfa Rayon Dövlət Arxivinin 21 avqust 2023-cü il tarixli, 375 nömrəli arayışından görünür ki, Culfa rayon Əbrəqunus kənd İnternat məktəbinin 1992-1997-ci illər texniki işçilərinin məzuniyyət kitabına baxdıqda X4 qeyd edilmişdir. -YAP Culfa rayon təşkilatı tərəfindən verilmiş, 149063 nömrəli Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqəsindən görünür ki, X13 14 iyul 2001-ci il tarixdən Yeni Azərbaycan Partiyasının üzvü olmuşdur. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. - 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin İV hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. - 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. - 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. - 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müddəaların 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aparılır. Həmin Müddəaların 8-ci bəndinə görə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. Həmin Qaydanın 1.4-cü bəndinə görə Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Qaydanın 1.7-ci bəndinə görə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər təqdim edildikdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan hesab olunur. Məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı 13 dekabr 1974-cü il tarixli, 117 nömrə ilə qeydiyyatı aparılmış doğum akt qeydləri kitabında “Ocaqqulu” olan ata adı yanlışlıqla “Ocaxqulu” kimi, “Sələmə” olan ana adı yanlışlıqla “Həlmə” kimi, 06 sentyabr 2012-ci il tarixli, 06 nömrə ilə qeydi aparılmış ölüm akt qeydləri kitabında isə “Hacıyeva” olan anasının soyadı yanlışlıqla “Hüseynova” olaraq yazılmışdır. İş materiallarına əlavə edilmiş və iddiaçının şəxsiyyətini müəyyən edən sənədlərdən də görünür ki, onun ata adı “Ocaqqulu”, ana adı “Sələmə”, anasının soyadı isə “Hacıyeva”dır. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbindən imtina edilməsi əsassızdır. Cavabdehin öz imtinasını əsaslandırdığı əsas faktor doğum haqqında akt qeydinə və ölüm haqqında şəhadətnaməyə dəyişiklik olunması üçün kifayət qədər əsasın mövcud olmamasıdır. Lakin məhkəmə araşdırması zamanı toplanmış və təqdim edilmiş sübutlar qanuni və əsaslı olduğundan iddiaçının iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcuddur. Qeyd edilənlər belə qənaətə gəlməyə imkan verir ki, 13 dekabr 1974-cü il tarixdə tərtib olunmuş 117 saylı doğum akt qeydindəki bu cür yanlışlıq aradan qaldırılmalı və doğum akt qeydinə düzəliş aparmaqla İddiaçı ata adı dəyişdirilərək “Ocaqqulu” kimi, ana adı dəyişdirilərək, “Sələmə” kimi və 06 sentyabr 2012-ci il tarixdə tərtib olunmuş 117 saylı ölüm akt qeydləri kitabında isə anasının soyadı dəyişdirilərək “Hacıyeva” kimi yazılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və İddiaçı xx xxxxxx 1974-cü ildə Culfa rayon Əbrəqunus kəndində anadan olması barədə 13 dekabr 1974-cü ildə doğum akt qeydləri kitabında 117 nömrə ilə aparılmış qeydiyyatda “Ocaxqulu” ata adına düzəliş edilərək “Ocaqqulu” kimi, ana adına düzəliş edilərək “Sələmə” kimi, 19 avqust 2012-ci ildə vəfat etmiş anasının ölüm akt qeydləri kitabında 06 sentyabr 2012-ci il tarixdə 06 nömrə ilə aparılmış qeydində soyadına düzəliş edilərək “Hacıyeva” kimi qeyd olunması öhdəliyi cavabdeh Culfa Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənləri və İPM-in 4.1, 52, 58, 68-69, 75, 78 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı xx xxxxxx 1974-cü ildə Culfa rayon Əbrəqunus kəndində anadan olması barədə 13 dekabr 1974-cü ildə doğum akt qeydləri kitabında 117 nömrə ilə aparılmış qeydiyyatda “Ocaxqulu” ata adına düzəliş edilərək “Ocaqqulu” kimi, ana adına düzəliş edilərək “Sələmə” kimi, 19 avqust 2012-ci ildə vəfat etmiş anasının ölüm akt qeydləri kitabında 06 sentyabr 2012-ci il tarixdə 06 nömrə ilə aparılmış qeydində soyadına düzəliş edilərək “Hacıyeva” kimi qeyd olunması öhdəliyi cavabdeh Culfa Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar