Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-667/2023 26.12.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X16 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Şərur Rayon İdarəsinin 25 may 2023-cü il tarixli, 153 nömrəli qərarının ləğv edilməsi, MDSS haqqı ödədiyi 2010, 2015, 2016-cı illərdəki ödənişlərinin X1 Sisteminə işlənilməsi və ona pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Şərur Rayon İdarəsinin 25 may 2023-cü il tarixli, 153 nömrəli qərarının ləğv edilməsi, onun 1999-cu ildən bu günə kimi işlədiyi 0.15 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə görə ödədiyi sosial sığorta haqqının X1 Sisteminə işlənməsi və torpaqda işlədiyi illəri sığorta stajına daxil etməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Şərur Rayon İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxx 1958-ci ildə Şərur rayonunun Məmmədsabir kəndində doğulmuşdur. Məmmədsabir kənd tam orta məktəbini bitirdikdən sonra 1980-1981-ci illərdə Bakı şəhərində kiçik elmi təhqiqat əməkdaşı, 1981-1983-cü illərdə kənd kimya birliyində, 1984-1986-cı illərdə İliç rayon komitəsində və 1991-1998-ci illərdə isə Şərur rayon M.Hüseynzadə adına kolxozda işləmiş və bütün aylarda maaş almışdır. Şərur Rayon Aqrar İslahat Komissiyasının 13 iyul 1999-cu il tarixli, 06 nömrəli qərarı ilə ona və ailəsinə ümumilikdə 0.15 ha kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini o, ailəsi ilə birlikdə becərmiş və bu illər ərzində sosial sığorta haqqı ödəmişdir. Lakin ödədiyi sığorta haqlarının heç biri Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu tərəfindən X1 Sisteminə işlənilməmişdir. Onun artıq 65 yaşı tamam olmuşdur. O, yaşa görə əmək pensiya təyinatı üçün “Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Şərur Rayon İdarəsinə müraciət etsə də, ona yaşa görə əmək pensiya təyinatından 25 il sığorta stajının olmaması səbəbindən 25 may 2023-cü il tarixli, 153 nömrəli qərarla imtina olunmuşdur. Onun 1999-cu ildən bu günə kimi işlədiyi 0.15 ha kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsini becərdiyinə görə ödədiyi sosial sığorta haqqının X1 Sisteminə işlənilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı yuxarıda göstərilənlərə əsasən “Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Şərur Rayon İdarəsinin 25 may 2023-cü il tarixli, 153 nömrəli qərarının ləğv edilməsi, onun 1999-cu ildən bu günə kimi işlədiyi 0.15 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə görə ödədiyi sosial sığorta haqqının X1 Sisteminə işlənməsi və torpaqda işlədiyi illəri sığorta stajına daxil etməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Şərur Rayon İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə 21 iyul 2023-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, “Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Şərur Rayon İdarəsinin 25 may 2023-cü il tarixli, 153 nömrəli qərarının ləğv edilməsi, onun 1999cu ildən bu günə kimi işlədiyi 0.15 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə görə ödədiyi sosial sığorta haqqının X1 Sisteminə işlənməsi və torpaqda işlədiyi illəri sığorta stajına daxil etməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Şərur Rayon İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdiyini bildirib, iddia tələbini dəqiqləşdirirərək “Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Şərur Rayon İdarəsinin 25 may 2023-cü il tarixli, 153 nömrəli qərarının ləğv edilməsi, MDSS haqqı ödədiyi 2010, 2015, 2016-cı illərdəki ödənişlərinin X1 Sisteminə işlənilməsi və ona pensiya təyin edilməsi öhdəliyinin “Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Şərur Rayon İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 18 sentyabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı 21 iyul 2023-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini müdafiə edərək, dəqiqləşdirilmiş tələb üzrə işə baxılmasını xahiş etmiş, həmçinin o, cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Şərur Rayon İdarəsinin əsl cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilməsinə heç bir etirazının olmadığını bildirərək bu barədə yazdığı 18 sentyabr 2023-cü il tarixli ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmənin 18 sentyabr 2023-cü il tarixli, 2-1(122)-667/2023 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmiş, İddiaçı cavabdeh “Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Şərur Rayon İdarəsinə qarşı iddia tələbinə dair hazırki inzibati iş üzrə cavabdeh “Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Şərur Rayon İdarəsi əsl cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilmişdir. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Şərur Rayon İdarəsi iddiaya dair məhkəməyə ünvanlanan 12 iyul 2023-cü il tarixli, 08/423 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, xx xxx 1958-ci il tarixdə anadan olmuş, Şərur rayonu, Məmmədsabir kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı yaşa görə əmək pensiya təyin olunması barədə 25 may 2023-cü il tarixli ərizə ilə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Şərur Rayon İdarəsinə müraciət etmişdir. Fondun Şərur Rayon İdarəsinin pensiya təyin edən komissiyasının 25 may 2023-cü il tarixli, 153 nömrəli qərarı ilə iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiya təyin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi, 25 il sığorta stajının olmaması (20 il 9 ay) göstərilmişdir. İddiaçının 2010, 2015, 2016-ci illərdə mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə ödədiyi məcburi dövlət sosial sığorta haqları X8 Sistemində (MEİS) öz əksini tapmadığı üçün ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsinin mümkünsüz olduğu, həmçinin tələb olunan 25 il sosial sığorta stajı və ya 40320,0 manat pensiya kapitalı olmadığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməsi mümkünsüz hesab edilmişdir. İddiaçı təqdim etdiyi 05 avqust 1985-ci il tarixli, ИT-İ 20469026 №-li əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən onun 4 il 8 ay 30 gün əyani təhsil dövrü və 16 il 0 ay 17 gün iş stajı olmaqla, cəmi 20 il 9 ay 17 gün iş stajı vardır. Beləliklə, iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən sığorta stajından asılı olmayaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajı olması şərtlərindən heç biri ödənilmədiyi üçün ona yaşa görə əmək pensiya təyin olunmasından imtina edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 26 dekabr 2023-cü il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun olaraq izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Şərur Rayon İdarəsinin əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında 25 may 2023-cü il tarixli, 153 nömrəli qərarından məlum olur ki, 25 il sığorta stajınının olmadığı, 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığı üçün "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 7-ci və 22-1-ci maddələrinin tələblərinə əsasən vətəndaşa əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 13/921 nömrəli arayışdan görünür ki, Azərbaycan LKGİ İliç rayon Komitəsinin xx.xx.1982-ci il tarixli, 132 №-li büro iclas protokoluna əsasən İddiaçı “İdman və kütləvi müdafiə işləri” şöbəsinin müdiri vəzifəsinə təsdiq olunması, komitənin xx.xx.1984-cü il tarixli, 171 №-li büro iclas protokoluna əsasən tutduğu vəzifəsindən azad edilməsi sənədlərdə göstərilmişdir. Şərur rayon Partiya Komitəsinin xx.xx.1986-cı il tarixli, 14 №-li büro iclas protokoluna əsasən “təlimatçı” vəzifəsinə təsdiq edilməsi sənədlərdə göstərilmişdir. Şərur rayon Partiya Komitəsinin 1984-1986-cı illərə dair əmr kitabları Naxçıvan MR Dövlət Arxivinə təhvil verilməmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 13/921 nömrəli digər arayışlarda İddiaçı Azərbaycan LKGİ İliç rayon Komitəsinin işlədiyi 1984-cü ildə, Şərur rayon Partiya Komitəsində işlədiyi 1984-1985-ci illərdə aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəllər göstərilmişdir. - Şərur Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 05/284 nömrəli arayışda İddiaçı Şərur rayon keçmiş M.Hüseynzadə adına kolxozunda işləməsi və 1991- 1996-cı il tarixlərdə aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. Arayışda həmçinin kənd Kimya Birliyinin 1981-1983-cü illərə aid əmr kitablarının Şərur rayon Dövlət Arxivinə təhvil verilmədiyi, lakin İddiaçı 1981-ci ilin oktyabr ayında 122 manat, 1983-cü ilin sentyabr ayında isə 122 manat əməkhaqqı almasının əməkhaqqı kitablarında qeyd olunduğu göstərilmişdir. - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Şərur Rayon İdarəsinin 25 may 2023-cü il tarixli, 08/493 nömrəli arayışdan aydın olur ki, xx xxx 1958-ci ildə anadan olmuş Şərur rayon Məmmədsabir kənd sakini İddiaçı “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Şərur Rayon İdarəsindən 25 may 2023-cü il tarixə əmək pensiyası almaq hüququ yoxdur. - JN 013B, KOD 10210028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, həmin şəhadətnamə ilə Şərur Rayon Aqrar İslahat Komissiyasının 13 iyul 1999-cu il tarixli, 06 nömrəli qərarına əsasən X7, X9, X4, X5, X6 0.15 ha torpaq sahəsi verilmişdir. - Şərur Rayon İcra Hakimiyyətinin X10 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 08 iyun 2023-cü il tarixli, 61 nömrəli arayışdan görünür ki, Quliyev X3 Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin təsərrüfatbaşına qeydiyyat kitabında qeydiyyatda dayanır. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı xx xxx 1958-ci il tarixdə doğulmuşdur. - xx.xx.2010-cu il tarixli, 887966 nömrəli qəbzdən məlum olur ki, İddiaçı tərəfindən torpaqdan istifadə edilməsinə görə 15 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2015-ci il tarixli, ******* nömrəli qəbzdən məlum olur ki, İddiaçı tərəfindən torpaqdan istifadə edilməsinə görə 21 manat 80 qəpik məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2016-cı il tarixli, 24261449 nömrəli və xx.xx.2016-ci il tarixli, ******* nömrəli qəbzlərdən məlum olur ki, İddiaçı tərəfindən DSMF-na torpaqdan istifadə edilməsinə görə qeyd olunan aylar üzrə hər ay 9 manat 80 qəpik məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Şərur Rayon İdarəsi tərəfindən 13 iyul 2023-cü il tarixli, 08/425 nömrəli məktubla məhkəməyə göndərilən “Naxçıvanpoçt” PHŞ-nin Şərur Rayon Filialının 11 iyul 2023-cü il tarixli, 69 nömrəli məktubundan aydın olur ki, Şərur rayon Məmmədsabir kənd sakini İddiaçı 13 aprel 2015-ci il - 21.80 manat, 20 iyun 2016-cı il - 9.80 manat, 22 iyul 2016-ci il - 9.80 manat ödənişlər etmişdir. İddiaçı ”Naxçıvanpoçt” publik hüquqi şəxsin Şərur rayon filialına ödəmiş olduğu vəsaitlər, filial tərəfindən, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Şərur rayon İdarəsinə təqdim olunmuş hesabatlarda öz əksini tapmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeyd hissəsində Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2.10-cu maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət daxil edilir. - 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0 və 2.0.2-ci maddələrinə görə əmək pensiyası təminatı və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün staj, məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər və məcburi dövlət sosial sığorta haqqı barədə məlumatların dəqiqliyinin təmin edilməsi fərdi uçotun məqsədləridir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun: - 4-cü maddəsinə görə sosial sığorta hadisəsindən biri də pensiya yaşına çatmaqdır. - 9-cu maddəsinə əsasən sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək, könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək, məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin uçotunu aparmaq, məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların uçotunu aparmaq, məcburi dövlət sosial sığortası üzrə daxilolmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə aylıq, rüblük və illik üzləşdirilməsini aparmaq, sığortaçının vəzifələrinə aid edilmişdir. -9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. - 13.1-ci maddəsinə əsasən sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. - 13.2-ci maddəsinə əsasən ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. -18-ci maddəsində qeyd olunur ki, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir, bu Qanunun tətbiqi ilə əlaqədar izahatlar verir və səlahiyyəti daxilində normativ aktlar qəbul edir sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) əldə edir, sosial sığorta sahəsində elektron xidmətləri (məcburi sosial sığorta haqlarının hesablanması və ödənilməsi istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının X1 sistemi vasitəsilə həyata keçirir, qanunla nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının X1 sistemində sığortaedənlər və sığortaolunanlar barədə olan məlumatların dövlət orqanlarına (qurumlarına) verilməsini təmin edir. Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 634 №-li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sistemi haqqında Əsasnamə”nin: 2.3 və 2.3.6-cı bəndlərinə görə “Sığorta” altsistemi vasitəsilə “Sosial sığorta haqqında” və "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta sahələrində xidmətlərin elektronlaşdırılması təmin edilir. 2.3 və 2.3.8-ci bəndlərinə görə “Pensiya” altsistemi vasitəsilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyası təyin edilmiş şəxslərin qeydiyyatı, əmək pensiyalarının sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotu, əmək pensiyalarının təyini, yenidən hesablanması və ödənilməsi, eləcə də statistik hesabatların hazırlanması və təhlillər aparılması təmin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İş üzrə əsas mübahisəli məsələ iddiaçının 2010, 2015, 2016-ci illərdə mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə ödədiyi məcburi dövlət sosial sığorta haqlarının X8 Sistemində öz əksini tapmaması ilə bağlıdır. Belə ki, cavabdeh inzibati orqan bu arqumenti əsas gətirərək iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə sosial sığorta haqlarını ödəməsi barədə sübutları məhkəməyə təqdim etdiyindən ödənişlərin elektron sistemdə öz əksini tapmaması iddiaçının məsuliyyət sferasına daxil edilə bilməz və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu hal özü-özlüyündə vətəndaşın sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sosial sığorta stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. İş materiallarında faktiki olaraq iddiaçının iddia etdiyi illər üzrə torpaq sahəsi ilə bağlı məcburi dövlət sosial sığorta haqqı ödənilməsi barədə sənədlər mövcuddur. Lakin cavabdeh inzibati orqan inzibati icraat qaydasında işin bu halını araşdırmamış, ona hüquqi qiymət verməmiş və vətəndaşa pensiya təyin edilməsindən imtina olunması barədə qərar qəbul etmişdir. İddiaçı tərəfindən ödənilən məbləğin qəbul edilməməsi, geri qaytarılması, iddiaçının məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmasından imtina edilməsi, həmin dövrdə məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə görə maliyyə sanksiyalarının tətbiqi və s. hallar iş üzrə aşkar edilməmişdir. Odur ki, məhkəmə cavabdeh orqanın etirazında iddiaçının 2010, 2015, 2016-ci illərdə mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə ödədiyi məcburi dövlət sosial sığorta haqlarının X8 Sistemində (MEİS) öz əksini tapmadığı üçün ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsinin mümkünsüz olduğuna dair hissədə gətirdiyi dəlillərini əsaslı saymır. Yuxarıda qeyd eilən qanun normalarına və şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin mübahisələndirilən qərarı ilə iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtinası qanunvericiliyə zidd olmuşdur. Odur ki, həmin qərarda qeyd edilən hallar real sübutlar və hüquq normaları ilə dəstəklənmədiyinə görə qərar əsassız hesab edilərək ləğv olunmalı və iddia tələbi təmin edilməlidir. Beləliklə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Şərur Rayon İdarəsinin 25 may 2023cü il tarixli, 153 nömrəli qərarının ləğv edilməsi, MDSS haqqı ödədiyi 2010, 2015, 2016-cı illərdəki ödənişlərinin X1 Sisteminə işlənilməsi və ona pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 4.1, 14.1, 32.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. “Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Şərur Rayon İdarəsinin 25 may 2023-cü il tarixli, 153 nömrəli qərarı ləğv edilsin. MDSS haqqı ödədiyi 2010, 2015, 2016-cı illərdəki ödənişlərinin X1 Sisteminə işlənilməsi və İddiaçı pensiya təyin edilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-667/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-667/2023
26.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver