Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-67/2025 14.04.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Əliyev Adəm Qurban oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinə qarşı “1963-cü il tarixdən atası X2 istifadəsində olan Babək rayonu, Yuxarı Uzunoba kəndində qeyri-yaşayış binasının altında yerləşən torpaq sahəsinin atası X2 adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1963-cü il tarixdən atası X2 istifadəsində olan Babək rayonu, Yuxarı Uzunoba kəndində qeyri-yaşayış binasının altında yerləşən torpaq sahəsinin atası X2 adına qeydiyyata alınması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuşdur. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 2- 1(122)-255/2024 nömrəli qərardadı ilə cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti əsl cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Bundan sonra işin hazırlıq icraatı davam etdirilərək məhkəmə iclası 14 aprel 2025ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Həmçinin İddiaçı, iddiaçının vəkili Vəkil 24 dekabr 2024-cü il tarixli yardım məktubu ünvanlanaraq bildirilmişdir ki, iddia ərizəsinin məzmununda 1963-cü il tarixdən atası X2 istifadəsində olan Babək rayonu, Yuxarı Uzunoba kəndində qeyri-yaşayış binasının altında yerləşən torpaq sahəsinin atası X2 adına qeydiyyata alınması tələb edilsə də, bunun hansı əsasa görə tələb edilməsi və halı təsdiq edən müvafiq sübutlar (torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə) iş materiallarına əlavə edilməmişdir. Həmçinin mübahisəli ərazinin mərhum X2 istifadəsində olmasını sübut edən hər hansı əsas iş materiallarında mövcud deyil. Bununla da iddiaçının hazırki mübahisə üzrə subyektiv hüququna malik olması mübahisəli olaraq qalmışdır. İşin hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədilə mübahisəli torpaq sahəsi üzərində X2 mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sübutların (şəhadətnamənin surəti, arayış və s.) 5 (beş) iş günü müddətində məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Əks halda iddianın mümkünlük məsələsinə baxılacağı diqqətə çatdırılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili Vəkil iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın mümkün sayılaraq təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin nümayəndəsi X4 məhkəməyə ünvanlanmış etiraza uyğun izahat verərək, məhkəmədən iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə, ilk öncə, mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır və bunu prosesin istənilən mərhələsində həyata keçirə bilər. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati-iqtisadi məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr, ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 8.6-cı maddəsinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub–olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirməsindən söhbət gedə bilməz. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı 1963-cü il tarixdən atası X2 istifadəsində olan Babək rayonu, Yuxarı Uzunoba kəndində qeyri-yaşayış binasının altında yerləşən torpaq sahəsinin atası X2 adına qeydiyyata alınmasını tələb edir. Lakin iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş və məhkəmə araşdırması zamanı əldə edilmiş sübutlar əsasında iddiaçının mərhum atasının mübahisəli torpaq sahəsindən istifadə etməsini sübut edən hər hansı əsas aşkarlanmamışdır. Bununla da iddiaçının mərhum atasının vərəsəsi kimi hazırki iddia tələbi üzə subyektiv hüququnun mövcudluğu mübahisəli olaraq qalmışdır. Həmçinin araşdırma nəticəsində müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi Babək Rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında X3 mülkiyyətinə verilmişdir. Buna görə də həmin torpaq sahəsinin iddiaçının mərhum atasının adına qeydiyyata alınması üçün, ilk öncə, mübahisəli torpaq sahəsi barəsində X3 adına aparılmış qeydiyyat ləğv edilməlidir. Həmin qeydiyyatın əsasını Babək Rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı təşkil etdiyindən iddiaçı, ilk növbədə, hüququn qeydiyyatının əsasında duran hüquqmüəyyənedici sənədləri mübahisələndirməli, yəni mübahisələndirmə haqqında iddia vasitəsi ilə həmin sənədlərin ləğvinə və ya dəyişikliyinə nail olmalı idi. Lakin bununla bağlı nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni xx.xx.2011-ci il tarixədək edilmiş inzibati orqanların hərəkətlərinin (hərəkətsizliyinin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti xx.xx.2011-ci ilədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta və ya hərəkətə (hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Beləliklə, hər bir halda iddiaçının qeyd olunan hüquqmüəyyənedici sənədlərin mübahisələndirilməsi imkanını 2011-ci il 1 yanvar tarixinədək itirdiyi də nəzərə alınmalıdır. Göründüyü kimi, iddiaçı tərəf hazırki iddia tələbi ilə bağlı müvafiq subyektiv hüquqa malik olmadığından, iddia tələbində qeyd edilən torpaq sahəsi digər şəxsin mülkiyyətində olduğundan və qeydiyyatın əsasını təşkil edən inzibati aktın inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsi imkanı aradan qalxdığından, hazırki iddia tələbi mümkün sayılaraq mahiyyəti üzrə hüquqi dəyərləndirmə aparıla bilməz. Qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatında məhkəmənin əsas vəzifəsi iddiaçının tələbinin konkret olaraq nədən ibarət olduğunu, onun hüquqlarının cavabdeh tərəfindən hansı qaydada pozulduğunu, müxtəlif iddia növləri üzrə xüsusi mümkünlük şərtlərinin ödənildiyini və iddiaçının subyektiv hüquqa malik olub-olmamasını müəyyənləşdirməkdən ibarətdir. Bununla bağlı iddiaçı tərəfə istər yazılı, istərsə də məhkəmə iclaslarında müvafiq yardımlar edilmiş, mümkünlük məsələsi dəfələrlə müzakirə edilmişdir. Lakin hazırki vəziyyətdə iddianın mümkünlüyü ilə bağlı halın aradan qaldırılması mümkün deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinin tələbinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinə qarşı “1963-cü il tarixdən atası X2 istifadəsində olan Babək rayonu, Yuxarı Uzunoba kəndində qeyri-yaşayış binasının altında yerləşən torpaq sahəsinin atası X2 adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və İPM-in 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinə qarşı “1963-cü il tarixdən atası X2 istifadəsində olan Babək rayonu, Yuxarı Uzunoba kəndində qeyri-yaşayış binasının altında yerləşən torpaq sahəsinin atası X2 adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-67/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-67/2025
14.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver