Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-68/2023 13.02.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Culfa Rayon Qeydiyyat Şöbəsinə qarşı "1954-cü ildə Culfa rayon Milax kənd icra nümayəndəliyinin X5 ilə X6 nikahlarının bağlanması haqqında 7 nömrəli akt qeydində "Usub" ad qeydinin dəyişdirilərək "Yusif" ad qeydi kimi yazılması barədə müvafiq düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1954-cü ildə Culfa rayon Milax kənd icra nümayəndəliyinin X5 ilə X6 nikahlarının bağlanması haqqında 7 nömrəli akt qeydində "Usub" ad qeydinin dəyişdirilərək "Yusif" ad qeydi kimi yazılması barədə müvafiq düzəliş edilməsi öhdəliyinin cavabdeh Culfa Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X1 xx.xx.2017-ci ildə ölmüşdür. X1 ilə X3 1954-cü ildə Culfa rayon Milax kənd icra nümayəndəliyində nikah qeydiyyatından keçmiş və bu barədə nikah haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə anasının ata adı Usub, nikaha daxil olduqdan sonra isə soyadının Novruzova olduğu göstərilmişdir. İddiaçı qeyd edir ki, anasının bəzi övladlarının doğum haqqında şəhadətnamələrində anasının ata adı Yusif kimi qeyd edilmişdir. Bundan başqa anasının ölüm haqqında şəhadətnaməsində soyadı “Adıgözəlova” kimi qeyd edilmişdir. Həmçinin anasının şəxsiyyət vəsiqəsində adı, soyadı və ata adı X2 qeyd edilmişdir. Qeyd edilən uyğunsuzluq miras əmlak üzərində vərəsəlik hüquqlarının həyata keçirilməsinə maneə yaradır. Qeyd olunan uyğunsuzluğun aradan qaldırılması üçün Culfa Rayon Qeydiyyat Şöbəsinə müraciət edilmişdir. Müraciətinə cavab olaraq Culfa Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubunda mövcud uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. İddiaçı qeyd edir ki, mərhum anasının ondan başqa bir neçə uşağı doğulmuşdur ki, onların doğum haqlında şəhadətnamələrinin ana adı qrafasında ana adı Xırda, ata adı “Yusif” kimi qeyd edilmişdir. İddiaçı bir sıra qanunvericilik aktlarına istinad edərək yuxarıda qeyd olunanlara əsasən məhkəmədən 1954-cü ildə Culfa rayon Milax kənd icra nümayəndəliyinin X5 ilə X6 nikahlarının bağlanması haqqında 7 nömrəli akt qeydində "Usub" ad qeydinin dəyişdirilərək "Yusif" ad qeydi kimi yazılması barədə müvafiq düzəliş edilməsi öhdəliyinin cavabdeh Culfa Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 27 yanvar 2023cü il tarixli, 2-1(122)-68/2023 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 13 fevral 2023-cü il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə, həmçinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda tərəflərin iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilməsinə baxmayaq iş üzrə cavabdeh Culfa Rayon Qeydiyyat Şöbəsi heç bir üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına evlənmək haqqında şəhadətnamənin surətini, müvafiq çıxarışları, şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətini, qeydiyyatla bağlı arayışı əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırki tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Həmçinin iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materiallarında olan: - 08 fevral 1984-cü il tarixli, İ-ИЕ 479807 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X11 22 aprel 1954-cü ildə nikahlarını bağlamışlar. Bu barədə vətəndaşlıq vəziyyəti aktları kitabında 1954-cü ilin aprel ayının 22də 7 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra qadına Novruzova soyadı verilmişdir. - 02 dekabr 2022-ci il tarixli, AZ-İ 497847 nömrəli çıxarışdan görünür ki, X5 xx.xx.2017-ci ildə Culfa rayonu, Milax kəndində ölmüşdür. Bu barədə ölüm kitabında xx.xx.2017-ci il tarixdə 3 nömrə ilə qeydiyyat aparılmışdır. Ölüm səbəb kimi beyinə qansızma göstərilmişdir. - 07 dekabr 2022-ci il tarixli çıxarışdan görünür ki, X14 03 iyun 1960-cı ildə Culfa rayonu, Milax kəndində anadan olmuşdur. Bu barədə doğum kitabında xx.xx.1960-cı ildə 22 nömrə ilə qeyd edilmişdir. X3, anası X15, valideynlərinin milliyyəti azərbaycanlı olaraq göstərilmişdir. - 07 dekabr 2022-ci il tarixli çıxarışdan görünür ki, X4 24 may 1975-ci ildə Culfa rayonu, Milax kəndində anadan olmuşdur. Bu barədə doğum kitabında xx.xx.1975 ildə 11 nömrə ilə qeyd edilmişdir. X3, anası X15, valideynlərinin milliyyəti azərbaycanlı olaraq göstərilmişdir. - 07 dekabr 2022-ci il tarixli çıxarışdan görünür ki, X7 01 aprel 1952-ci ildə Culfa rayonu, Milax kəndində anadan olmuşdur. Bu barədə doğum kitabında xx.xx.1962-ci ildə 42 nömrə ilə qeyd edilmişdir. X3, anası X15, valideynlərinin milliyyəti azərbaycanlı olaraq göstərilmişdir. - Culfa Rayon İcra Hakimiyyətinin Milax Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 14 dekabr 2022-ci il tarixli, 76 nömrəli arayışdan görünür ki, İddiaçı Culfa rayonu, Milax kəndində yaşayır. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, X17 01 iyun 1962-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş: - Culfa Rayon Qeydiyyat Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 14 dekabr 2022-ci il tarixli, 05/Q-160/15 nömrəli məktubdan görünür ki, Culfa rayon Milax kənd İcra Nümayəndəliyində tərtib edilmiş 7 nömrəli, xx.xx.1954-cü il tarixli nikah və Culfa rayon Milax kənd İcra Nümayəndəliyində tərtib edilmiş 25 nömrəli, xx.xx.1962-ci il tarixli doğum haqqında akt qeydlərində babasının adı Usub olaraq yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik,bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərində düzəliş edilməsinə kifayət qədər əsas olmadıqda məhkəmə qətnaməsi əsasında aparılır. Babasının adının Yusif olaraq qeyd olunması qanunvericiliyə ziddir. Akt qeydlərinə düzəliş olunması üçün kifayət qədər əsas olmadığından akt qeydlərinə düzəliş olunması üçün müvafiq məhkəməyə müraciət edilməsi izah olunmuşdur. - 07 dekabr 2022-ci il tarixli, AZ 575313 nömrəli çıxarışdan görünür ki, X8 27 yanvar 1965-ci ildə Culfa rayonu, Milax kəndində anadan olmuşdur. Bu barədə doğum kitabında xx.xx.1965 ildə 04 nömrə ilə qeyd edilmişdir. X3, anası X15, valideynlərinin milliyyəti azərbaycanlı olaraq göstərilmişdir. - 07 dekabr 2022-ci il tarixli, ******* nömrəli çıxarışdan görünür ki, X9 21 iyun 1966-cı ildə Culfa rayonu, Milax kəndində anadan olmuşdur. Bu barədə doğum kitabında xx.xx.1966-cı ildə 22 nömrə ilə qeyd edilmişdir. X3, anası X15, valideynlərinin milliyyəti azərbaycanlı olaraq göstərilmişdir. - 07 dekabr 2022-ci il tarixli, İJ-267977 nömrəli çıxarışdan görünür ki, X10 21 dekabr 1957-ci ildə Culfa rayonu, Milax kəndində anadan olmuşdur. Bu barədə doğum kitabında xx.xx.1957-ci ildə 25 nömrə ilə qeyd edilmişdir. X3, anası X15, valideynlərinin milliyyəti azərbaycanlı olaraq göstərilmişdir. - 07 dekabr 2022-ci il tarixli çıxarışdan görünür ki, X12 17 dekabr 1967-ci ildə Culfa rayonu, Milax kəndində anadan olmuşdur. Bu barədə doğum kitabında xx.xx.1967-ci ildə 47 nömrə ilə qeyd edilmişdir. X3, anası X15, valideynlərinin milliyyəti azərbaycanlı olaraq göstərilmişdir. - 14 dekabr 2022-ci il tarixli, İE-939636 nömrəli çıxarışdan görünür ki, İddiaçı xx xxxx 1962-ci ildə Culfa rayonu, Milax kəndində anadan olmuşdur. Bu barədə doğum kitabında xx.xx.1962-ci ildə 25 nömrə ilə qeyd edilmişdir. X3, anası X18, valideynlərinin milliyyəti azərbaycanlı olaraq göstərilmişdir. - 20 oktyabr 1970-ci il tarixli, AЗ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 09 oktyabr 1970-ci il tarixdə Culfa rayonu, Milax kəndində anadan olmuşdur. Bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında 1970-ci ilin oktyabr ayının 20-ci günündə 35 nömrə ilə qeydiyyat aparılmışdır. X3, anası X15, valideynlərinin milliyyəti azərbaycanlı olaraq göstərilmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. - 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin İV hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. - 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. - 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. - 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müddəaların 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aparılır. Həmin Müddəaların 8-ci bəndinə görə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. Həmin Qaydanın 1.4-cü bəndinə görə Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Qaydanın 1.7-ci bəndinə görə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər təqdim edildikdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan hesab olunur. Məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, 22 aprel 1954-cü il tarixdə tərtib olunmuş 7 nömrəli nikahın bağlanması haqqında akt qeydində qadına aid ata adı qrafasında yanlışlıqla “Yusif” əvəzinə “Usub” olaraq yazılmışdır. İş materiallarına əlavə edilmiş və iddiaçının mərhum anasının şəxsiyyətini müəyyən edən sənədlərdən də görünür ki, onun ata adı “Yusif”dir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbindən imtina edilməsi əsassızdır. Cavabdehin öz imtinasını əsaslandırdığı əsas faktor nikah haqqında akt qeydinə dəyişiklik olunması üçün kifayət qədər əsasın mövcud olmamasıdır. Lakin məhkəmə araşdırması zamanı toplanmış və təqdim edilmiş sübutlar qanuni və əsaslı olduğundan iddiaçının iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcuddur. Qeyd edilənlər belə qənaətə gəlməyə imkan verir ki, 22 aprel 1954-cü il tarixdə tərtib olunmuş 7 nömrəli nikahın bağlanması haqqında akt qeydindəki bu cür yanlışlıq aradan qaldırılmalı və nikahın bağlanması haqqında akt qeydinə düzəliş aparmaqla “Usub” adı dəyişdirilərək “Yusif” adı kimi yazılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və 1954-cü ildə Culfa rayon Milax kənd icra nümayəndəliyinin X5 ilə X6 nikahlarının bağlanması haqqında 7 nömrəli akt qeydində "Usub" ad qeydinin dəyişdirilərək "Yusif" ad qeydi kimi yazılması barədə müvafiq düzəliş edilməsi öhdəliyi cavabdeh Culfa Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənləri və İPM-in 4.1, 52, 58, 68-69, 75, 78 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. 1954-cü ildə Culfa rayon Milax kənd icra nümayəndəliyinin X5 ilə X6 nikahlarının bağlanması haqqında 7 nömrəli akt qeydində "Usub" ad qeydinin dəyişdirilərək "Yusif" ad qeydi kimi yazılması barədə müvafiq düzəliş edilməsi öhdəliyi cavabdeh Culfa Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-68/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-68/2023
13.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver