Məhkəmə qərarları › İş №2-1(122)-689/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-689/2025

17.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-689/2025 17.03.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Sadıqov Abbas Nemət oğlunun katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı "Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 iyun 2024-cü il tarixdə tərtib etdiyi protokol qanunsuz olduğu üçün ləğv edilməsi tələbi"nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 iyun 2024-cü il tarixdə tərtib etdiyi protokol qanunsuz olduğu üçün ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 17 mart 2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. İddiaçı 30 yanvar 2025-ci il tarixli yardım məktubu ünvanlanaraq bildirilmişdir ki, iddiaçı tərəfindən məhkəməyə daxil olmuş iddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilsə də, iddia ərizəsində qoşma kimi hər hansı qeyd olmadığı kimi, sənədlər də əlavə edilməmişdir. Bununla da, iddiaçı tərəfindən cavabdeh inzibati orqana müraciət edilməsi, cavabdeh inzibati orqan tərəfindən tələbinin icrasından imtina edilməsi, tələbinin hüquqi əsasını özündə əks etdirən hər hansı əsas mövcud olmadığından hüquqlarının və qanunla qorunan maraqlarının hansı qaydada pozulduğunu müəyyən etmək mümkün olmamışdır. Həmçinin hazırda qaldırılmış iddia publik (ümumi) hüquq münasibətlərindən irəli gələn mübahisə olmadığından həmin tələb üzrə işə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir. Yuxarıda göstərilənlərə əsasən iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsində yol verilmiş formal xətaların aradan qaldırılması, tələbin hüquqi əsasını özündə əks etdirən müvafiq sübutların və hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh inzibati orqan tərəfindən hansı qaydada pozulduğunu müəyyən etməyə imkan verən müvafiq sənədlərin məhkəməyə təqdim edilməsi üçün 10 (on) gün müddət (məktubu aldıqdan sonra) təyin edilmiş, əks halda iddia tələbinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi X2 cavabdeh inzibati orqan tərəfindən məhkəməyə ünvanlanmış məktuba uyğun izahat verərək, məhkəmədən iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin fikirlərini dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə, ilk öncə, mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır və bunu prosesin istənilən mərhələsində həyata keçirə bilər. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati-iqtisadi məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. - 3.2.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: - 1.1, 1.2, 1.3-ci bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 8.6-cı maddəsinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 iyun 2024-cü il tarixdə tərtib etdiyi protokol qanunsuz olduğu üçün ləğv edilməsini tələb edir. İddia tələbinin məzmunundan və iş materiallarına əlavə edilmiş sənədlərdən aydın olur ki, iddiaçı İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.2-ci maddəsində də qeyd olunduğu kimi inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyəti “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tənzimləmə sferasına aid deyil. Buna görə də həmin mübahisələr publik hüquq münasibətlərindən meydana gəlmiş mübahisə hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılması üçün tərəflərdən biri inzibati orqan olmalı və tərəflər arasında yaranmış hüquq münasibətləri inzibati xarakterli olmalıdır. Yəni göstərilən şərtlər məcmu yaratdığı halda mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Hazırki mübahisədə cavabdeh Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi inzibati orqan kimi təsnif edilsə də, inzibati orqanla fiziki şəxs arasında yaranmış mübahisə onun inzibati fəaliyyətinin nəticəsi deyildir. Belə ki, iddiaçı barəsində tərtib edilmiş inzibati protokolun ləğv edilməsi ilə bağlı məsələlər mülki məhkəmələrin səlahiyyətinə aid edilir. Ona görə də, məhkəmə qeyd edir ki, hazırki iş üzrə tərəflər arasında yaranmış mübahisə inzibati hüquq münasibətlərindən irəli gəlmədiyindən işə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Bu hal isə hazırki tələb üzrə mümkünlük şərtlərini istisna edir. Məhkəmə qanunvericiliyin tələbinə əsasən yardım etmək vəzifəsindən çıxış edərək iddiaçı tərəfə müvafiq yardım məktubu ünvanlayaraq iddianın mümkünlük məsələsinə baxılacağını diqqətə çatdırsa da, məktubda qeyd olunan hallar aradan qaldırılması mümkün olmadığından məhkəmə tərəflərin bununla bağlı münasibət bildirilməsindən asılı olmayaraq mümkünlük məsələsinə baxılmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iddia tələbi üzrə mübahisə inzibati orqanın ümumi (publik) hüquq sahəsində həyata keçirdiyi ictimai idarəetmə fəaliyyətindən irəli gəlməməklə, hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunmur. Yuxarıda şərh edilən hallara əsaslanaraq qeyd edilməlidir ki, iddiaçının müvafiq tələblə aidiyyəti üzrə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ vardır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı "Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 iyun 2024-cü il tarixdə tərtib etdiyi protokol qanunsuz olduğu üçün ləğv edilməsi tələbi"nə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və İPM-in 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı "Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 iyun 2024-cü il tarixdə tərtib etdiyi protokol qanunsuz olduğu üçün ləğv edilməsi tələbi"nə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar