Məhkəmə qərarları › İş №2-1(122)-698/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-698/2023

17.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-698/2023 17.10.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Babək Rayon Qeydiyyat şöbəsinə qarşı "Babək Rayon Qeydiyyat şöbəsi tərəfindən İddiaçı adına xx.xx.1992-ci il tarixli, 47 saylı ölüm akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Babək Rayon Qeydiyyat şöbəsinə qarşı "Babək Rayon Qeydiyyat şöbəsi tərəfindən İddiaçı adına xx.xx.1992-ci il tarixli, 47 saylı ölüm akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1990-cı il tarixində Babək rayon Nehrəm (kəndində) qəsəbəsində anadan olmuşdur. O, 1997-ci il tarixdən Babək rayon Nehrəm kənd 2 saylı orta məktəbinə getmiş, 2003-cü il tarixdən, 2005-ci il tarixədək Babək rayon Araz kənd orta məktəbində oxumuş, 2005-ci il tarixdən 2008-ci il tarixədək H.Əliyev adına hərbi liseyi oxumuş və 2008-ci il tarixdən 2012-ci il tarixədək H.Əliyev adına Azərbaycan Ali Hərbi məktəbini levtenat hərbi rütbəsi almaqla bitirmişdir. 2012-ci il tarixdən 2013-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində zabit təkminləşdirmə kursunu keçmişdir. Həmçinin, o, 2013-cü il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etdiyini, hazırda isə Laçın rayon Bozlu kəndində yerləşən N saylı hərbi hissədə kapitan rütbəsində xidmət etdiyini bildirmişdir. İddiaçı qeyd edir ki, özünə aid avtomobilini Bakı şəhərində satarkən etibarnamə vermək üçün notariat xidmətindən istifadə edən zaman ona qeydiyyatda ölmüş olduğu bildirilmişdir. Bundan sonra o, xx.xx.2023-cü il tarixində Babək Rayon Qeydiyyat şöbəsinə müraciət edərək ölüm akt qeydinin ləğv olunması bildirmişdir. Babək rayon Qeydiyyat şöbəsi 09 iyun 2023-cü il tarixli məktubu ilə imtina vermiş və bildirmişdir ki, Babək rayon Nehrəm KİN tərəfindən onun adına xx.xx.1992-ci il tarixdə 47 saylı ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Həmin akt qeydində soyad “Muradov”, ata adı “Hikmət”, ölüm tarixi “xx.xx.1992”, doğum tarixi “xx.xx.1990”, doğulduğu yer “Naxçıvan MR Babək rayon, Nehrəm kəndi” olaraq qeyd edilmişdir. Ölüm faktını təsdiq edən sənəd Nehrəm kənd xəstəxanası tərəfindən verilən xx.xx.1992-ci il tarixli həkim arayışıdır. Xəbər verən şəxsin adı olaraq isə Muradov Hikmət yazılıb. Babək rayon Qeydiyyat şöbəsi iddiaçının barəsində tərtib olunmuş ölüm aktının ləğvi üçün müvafiq məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 33, 45 və 46-cı maddələrinə əsasən İddiaçı məhkəməyə müraciət edərək, Babək Rayon Qeydiyyat şöbəsi tərəfindən İddiaçı adına xx.xx.1992-ci il tarixli, 47 saylı ölüm akt qeydinin ləğv edilməsi öhdəliyinin Babək Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 15 sentyabr 2023-cü il tarixli, 2-1(122)-698/2023 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 17 oktyabr 2023-cü il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə, həmçinin şifahi məhkəmə baxışı iclasına gəlmədiyi halda tərəflərin iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilməsinə baxmayaq iş üzrə cavabdeh Babək Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə 27 sentyabr 2023-cü il tarixli, 3-16-5/8-13-368/2023 nömrəli məktub göndərərək 17 oktyabr 2023-cü il tarixə, saat 10:45-ə təyin edilmiş məhkəmə iclasında iş yükünün çoxluğu ilə əlaqədar iştirak edə bilməyəcəyindən işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı iş materiallarına cavabdeh inzibati orqanın imtina məktubunu, doğum haqqında akt qeydindən çıxarış, ölüm haqqında akt qeydindən çıxarış, hərbi xidmət vəsiqəsinin, şəxsiyyət vəsiqəsinin surətlərini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırki tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Həmçinin iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materiallarında olan: -Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən Tərtər rayon 703 saylı Hərbi Hissə qeydiyyatında olan İddiaçı ünvanlanan 09 iyun 2023-cü il tarixli, 3-16-5/8-15-197 nömrəli məktubdan görünür ki, Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən İddiaçı adına xx.xx.1992-ci il tarixli, 47 saylı ölüm akt qeydinin ləğv edilməsi ilə əlaqədar müraciətə baxılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmə qətnaməsi əsasında həyata keçirildiyindən tələbin icra edilməsindən imtina edilmişdir. - Babək Rayon Qeydiyyat Şöbəsinin 09 iyun 2023-cü il tarixli XV-JQ 330132 nömrəli doğum akt qeydindən olan çıxarışından görünür ki, İddiaçı xx xxxxx 1990-cı ildə Babək rayon, Nehrəm kəndində anadan olmuş və bu barədə doğum kitabında xx.xx.1990-cı il tarixdə 151-ci səhifədə qeydiyyatı aparılmışdır. X1, anası X3, milliyyəti azərbaycanlı olaraq göstərilmişdir. - Babək Rayon Qeydiyyat Şöbəsinin 09 iyun 2023-cü il tarixli XV-JQ 330132 nömrəli ölüm akt qeydindən olan çıxarışından görünür ki, İddiaçı 06 oktyabr 1992-ci il tarixdə Babək rayon, Nehrəm kəndində ölmüşdür və bu barədə ölüm kitabında xx.xx.1992-ci il tarixdə 41-ci səhifədə qeydiyyat aparılmışdır. Ölüm səbəbi ikitərəfli kəskin bronxolinomaniya olaraq göstərilmişdir. - A-014228 nömrəli hərbi xidmət haqqında vəsiqədən görünür ki, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. - AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxx 1990-cı ildə Naxçıvan Muxtar Respublikası, Babək rayon, Nehrəm kəndində doğulmuşdur. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. - 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin İV hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. - 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. - 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. - 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. - 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın - 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aparılır. - 8-ci bəndinə görə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın - 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. - 1.4-cü bəndinə görə Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. - 8.1-ci bəndinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. - 8.6-cı bəndinə əsasən ölüm, ölüm haqqında aktların qeydiyyat kitabında ölüm haqqında akt qeydləri aparmaq yolu ilə qeyd edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan hesab olunur. Məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, xx.xx.1992-ci il tarixdə tərtib edilmiş ölüm haqqında akt qeydi həqiqətən də İddiaçı barəsində aparılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı xx xxxxx 1990cı ildə doğulmuş, hal-hazırda Laçın rayon, Bozlu kəndində yerləşən N saylı hərbi hissədə kapitan rütbəsində xidmət edir. Bütün bu hallar sübut edir ki, xx.xx.1992-ci il tarixdə İddiaçı barəsindəki ölüm haqqında akt qeydi yanlışlıqla aparılmışdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən iddiaçının tələbindən imtina edilməsi əsassızdır. Cavabdehin öz imtinasını əsaslandırdığı əsas fakt vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydinə dəyişikliklər edilməsi üçün məhkəmə qətnaməsinin olmamasıdır. Məhkəmə toplanmış sübutlara əsasən belə qənaətə gəlir ki, sübutlar qanuni və əsaslı olduğundan iddiaçının tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcuddur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən ölüm akt qeydləri kitabında İddiaçı barəsində səhvən aparılmış xx.xx.1992-ci il tarixli, 47 saylı ölüm haqqında akt qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən ölüm akt qeydləri kitabında İddiaçı barəsində səhvən aparılmış xx.xx.1992-ci il tarixli, 47 saylı ölüm haqqında akt qeydinin ləğv edilməsi öhdəliyi Babək Rayon Qeydiyyat Şöbəsinə həvalə edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 52, 58, 68-69, 75, 78 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən ölüm akt qeydləri kitabında İddiaçı barəsində səhvən aparılmış xx.xx.1992-ci il tarixli, 47 saylı ölüm haqqında akt qeydinin ləğv edilməsi öhdəliyi Babək Rayon Qeydiyyat Şöbəsinə həvalə edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar