Məhkəmə qərarları › İş №2-1(122)-698/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-698/2025

21.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-698/2025 21.07.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X4 Heydər oğlunun sədrliyi, X5 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Naxçıvan Respublikası "X3 Birliyi" publik hüquqi şəxsinə qarşı "ona aid olan Forma 88-i Naxçıvan MR-da əlilliyin təyini üçün yaradılmış yeni Alt sistemə daxil etməyi cavabdehin üzərinə öhdəlik qoyulması tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona aid olan Forma 88-i Naxçıvan MR-da əlilliyin təyini üçün yaradılmış yeni Alt sistemə daxil etməyi cavabdeh Naxçıvan Respublikası "X3 Birliyi" publik hüquqi şəxsin üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq hazırlıq icraata ilə bağlı məhkəmə iclası 21 iyul 2025-ci il tarixə təyin olunmuşdur. Məhkəmə tərəfindən iddiaçıya yardım məktubu ünvanlanaraq qanunvericiliklə müəyyən olunmuş prosessual müddətin ötürüldüyü, eləcə də hazırkı iddia tələbi həmin iddiaya cavab verməli olmayan orqana qarşı irəli sürüldüyü bildirilmiş, cavabdehin müəyyən olunması və mübahisələndirilən şəhadətnamənin ona məlum olduğu anı müəyyən etməyə imkan verən müvafiq sübutların məhkəməyə təqdim edilməsi üçün müddət təyin olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: -1.1, 1.2, 1.3 və 1.4-cü bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -2.2-ci bəndinə əsasən işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. -3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. -3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı xx.xx.2000-ci il tarixdə hərbi xidmətə getmiş, Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyası tərəfindən 06 mart 2002-ci il tarixli, 10 nömrəli Xəstəlik haqqında şəhadətnamə əsasında ona “Sağ ağ ciyərin yuxarı payının infiltrativ vərəmi, sorulma və bərkimə fazasında KB(-) mənfi” diaqnozu təyin edildikdən sonra “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” olması barədə qərar qəbul edilmişdir. İddiaçının hüquqi marağı ona aid olan Forma 88-in Naxçıvan MR-da əlilliyin təyini üçün yaradılmış yeni Alt sistemə daxil edilməsinə nail olmaqdan ibarətdir. Müəyyən olundu ki, İddiaçı 2003-cü ildə Forma-88 almaq üçün Naxçıvan Muxtar Respublikası X2 müraciət etmiş, keçdiyi müayinələrin nəticəsinə əsasən Həkim Məsləhət Komissiyası tərəfindən xəstəliyinin olmaması ilə əlaqədar ona imtina verilmişdir. Yenidən pensiya sənədlərinin altsistemə işlənməsi üçün Dispanserə şifahi müraciəti ilə əlaqədar olaraq, təkrar müayinələrdən keçməsi üçün Dispanserə dəvət olunmuş, lakin o, müayinələrdən keçməkdən imtina etmişdir. Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirildiyi dövrdə İddiaçı “sağ ağciyərin yuxarı payının infiltrativ vərəmi sorulma və bərkimə fazasında KB (-) mənfi” diaqnozu qoyulsa da, sonradan, iddiaçının Şahbuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə xx.xx.2023-cü il tarixdə tibbi müayinə üçün müraciəti əsasında ona “ağ ciyər aktinomokozu” diaqnozu qoyulmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 1.8-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulmasının faiz aralığına uyğun olaraq qanunvericilik müddət məhdudiyyəti müəyyən etmişdir. Bu qəbildən olan mübahisələrə baxılarkən məhkəmələr tərəfindən diqqət yetirilməli məqam şəxsin əvvəlki əlilliyinin müəyyən edilməsi üçün əsas olan pozuntu, çatışmazlıq və xəstəliyin davam etməsi və həmin pozuntu, çatışmazlıq və xəstəliyin “Əlilliyin müəyyən olunması meyarları”nda öz əksini tapması ilə bağlı şərtlərin vəhdətdə mövcud olmasıdır. Yəni, əvvəlki əlilliyə əsas olan pozuntu, çatışmazlıq və xəstəlik “Əlilliyin müəyyən olunması meyarları”na görə artıq əlilliyin müəyyən edilməsi üçün əsas sayılmırsa, şəxsin etimadın qorunması hüququna istinad edilə bilməz. Azərbaycan Respublikasının Ali Məhkəməsi Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə İcmalında formalaşdırılmış hüquqi mövqeyə görə: Şəxsə göndəriş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən verilir. Adıçəkilən Qaydada göndəriş verilməsi üçün bir neçə əsas müəyyən edilmişdir. Bununla belə, aşağıda qeyd edilən hallarda göndəriş təyinatına görə məhz əlilliyin qiymətləndirilməsi məqsədi ilə verilir: - şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; - şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş yuxarıda göstərilən müddət gözlənilmədən verilir); - əlillik müddətinin bitməsindən sonra yuxarıdakı bəndlərdə qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi komissiyaya müraciət edir və komissiya şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayaraq müalicənin nəticələrini araşdırır, zərurət olduqda isə diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxsi ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərməklə, son nəticədə göndəriş verir və ya göndərişin verilməsindən imtina edir. (4-6) ... prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, eləcə də müddətlə bağlı məhdudiyyətlərə tabedir. Sözügedən iddialar (əlilliyin müəyyən edilməsinə dair) da məcburetmə növündə iddia olmaqla, iddia müddətinə bağlıdır və iddia müddəti tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində müəyyən edilir (İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsi). Beləliklə, işə baxan məhkəmə ilk öncə mümkünlük şərtlərinin mövcudluğunu, o cümlədən iddia müddətinə riayət edilib-edilmədiyini yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra işin mahiyyəti üzrə araşdırmasını aparmalıdır. (16) Bununla belə, onu da vurğulamaq zəruridir ki, xəstəlik, pozuntu və çatışmazlığın hərbi-həkim komissiyasının rəyində göstərilən səbəbi o halda əlilliyin səbəbi ilə eyniləşdirilə bilər ki, həmin xəstəlik, pozuntu və çatışmazlıqla əlaqədar orqanizmin funksiyalarının 30 faizdən artıq pozulması müəyyən edilsin, yəni həmin xəstəlik əlilliyin müəyyən edilməsinə əsas versin. Əks halda, hərbi-həkim komissiyasının rəyində göstərilənlər əlilliyin qiymətləndirilməsi zamanı nəzərə alınmır və əlilliyin səbəbinin həmin rəydəki səbəblə müəyyən edilməsi istisna edilir. (67) İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi MHHK tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli, 10 nömrəli xəstəlik haqqında şəhadətnaməsinin tərtib edilməsindən və Naxçıvan Muxtar Respublikası X1 Forma-88 verilməsindən imtinanı aldıqdan 20 ildən artıq müddət keçdikdən sonra məhkəmədə iddia qaldırmış, bununla da qanunla müəyyən edilmiş prosessual müddəti üzrsüz səbəbdən ötürmüş və prosessual müddətin üzrlü səbəbdən buraxılması ilə bağlı hər hansı mümkün və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı hazırkı iddia tələbini həmin iddiaya cavab verməli olmayan orqana qarşı irəli sürülmüşdür. Belə ki, cavabdeh qismində qeyd olunan Naxçıvan Respublikası "X3 Birliyi" publik hüquqi şəxsi Naxçıvan Muxtar Respublikası X6 01 may 2025-ci il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında iddia müddətinin tətbiqinin əhəmiyyəti barədə qeyd olunur ki, Konstitusiya Məhkəməsinin Plenumu özünün “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında əksini tapan hüquqi mövqeyini təkrarlayaraq qeyd edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: Birinci o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir. İkinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir. Üçüncü, iddia müddətləri tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”. Beləliklə, məhkəmə İddiaçı cavabdeh Naxçıvan Respublikası "X3 Birliyi" publik hüquqi şəxsinə qarşı "ona aid olan Forma 88-i Naxçıvan MR-da əlilliyin təyini üçün yaradılmış yeni Alt sistemə daxil etməyi cavabdehin üzərinə öhdəlik qoyulması tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 32.1, 35, 38.1, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar