Məhkəmə qərarları › İş №2-1(122)-7/2022

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-7/2022

21.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-7/2022 21.02.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsinin və üçüncü şəxs X4 iştirakları olmadan, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı "Daşınmaz əmlakın dövlət reyestrində JN-41B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında aparılmış qeydiyyatda yanlışlığın düzəldilməsi, 20.44 kv.m. torpaq sahəsinin 14 iyul 2021-ci il tarixli, ********** nömrəli çıxarışla İddiaçı məxsus torpaq sahəsinə əlavə olunaraq qeydiyyatın aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 13 avqust 2021-ci il tarixli, 06/489 saylı imtina məktubunun əsassız sayılması, JN-41B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə aparılmış yanlışlığın (texniki səhvliyin) düzəldilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum anası X2 ona Culfa rayonu, Ləkətağ kəndində yerləşən 0.30 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 111.73 m2 olan fərdi yaşayış evi miras əmlak olaraq qalmışdır. Onlar 3 vərəsə olmuşdurlar. Anası 04 iyun 2015-ci il tarixdə dünyasını dəyişmişdir. 2021-ci ilin iyun ayında anasından qalan miras əmlakı sənədləşdirmək üçün notariat ofisinə müraciət etmiş və digər vərəsələr miras paylarından onun xeyrinə imtina etdiyindən miras əmlak onun adına sənədləşdirilmişdir. Müvafiq vərəsəlik şəhadətnaməsi əsasında qeyd edilən miras əmlak daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyatdan keçirilmişdir. İddiaçı bildirir ki, torpaq islahatlarından əvvəl mərhum anası X3 adında və faktiki istifadəsində olmuş, haliyədə onun istifadə etdiyi tövlə binasının bir hissəsi, tövlənin girişi və orada yerləşən ona məxsus toyuq saxlamaq üçün hin də daxil olmaqla, ümumilikdə 4.13 metr uzunluğunda olan hissə (qarajın bir hissəsi də daxil olmaqla) Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin texniki səhvliyi ilə JN-41B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında qonşu torpaq mülkiyyətçisi X6 mülkiyyətinə verilmiş 69.2 m2 torpaq sahəsinin sərhədləri daxilində göstərilmişdir. Həmçinin qonşuya və ona məxsus olan bitişik tövlələrin yerləşdiyi torpaq sahəsi ümumilikdə mərhum anasının adına olan 2000-ci il tarixli, 042A nömrəli şəhadətnamədə qeyd edilmişdir. Hal-hazırda bu texniki səhvliklə əlaqədar qonşu ilə onun arasında məhkəmə mübahisəsi vardır. Hal-hazırda Culfa Rayon Məhkəməsində X6 vərəsəsi X4 ona qarşı qaldırdığı iddianın icraatı dayandırılmışdır. O, bundan əvvəl Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə qeyd edilən texniki səhvliklərin düzəldilməsi ilə bağlı iddia ərizəsi ilə müraciət etsə də, o, həmin vaxt anasının adına olan miras əmlakı adına sənədləşdirmədiyindən bu iddia tələbini qaldırmaqla bağlı subyektiv hüququnun olmaması səbəbindən ərizə verərək müvafiq iddiasını geri götürmüşdür. Sonradan vərəsəlik icraatı qaydasında qeyd edilən daşınmaz əmlakı adına sənədləşdirərək daşınmaz əmlakın dövlət reyestrində öz adına qeydiyyata aldırmışdır. Bundan sonra ərizə ilə müvafiq inzibati orqana müraciət edərək texniki səhvliyin aradan qaldırılmasını xahiş etsə də, müvafiq qurumdan bu səhvliyin aradan qaldırılmasının qeyrimümkün olduğu ona yazılı surətdə bildirilmişdir. İddiaçı məcbur qalaraq məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı qeyd edilənlərə əsasən məhkəmədən Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 13 avqust 2021-ci il tarixli, 06/489 saylı imtina məktubunun əsassız sayılması, JN-41B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə aparılmış yanlışlığın (texniki səhvliyin) düzəldilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri sərəncamla cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə göndərilmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin iddiaya dair məhkəməyə ünvanlanan 15 sentyabr 2021ci il tarixli, 04/547 nömrəli yazılı münasibətindən və 01 fevral 2022-ci il tarixli, 04/46 nömrəli məktubundan məlum olur ki ki, araşdırma zamanı İddiaçı istifadəsində olan yardımçı tikililərin bir hissəsi JN-41B nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə ilə qonşu torpaq mülkiyyətçisi X6 mülkiyyətinə verilmiş 69.2 m2 torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Texniki səhvliyin aradan qaldırılmasına dair qanunvericiliyin tələbləri İddiaçı və qonşusu Fikrət Gəncəliyevə izah olunmuş, araşdırmanın nəticəsi barədə akt tərtib edilmişdir. İddiaçı 22 yanvar 2021-ci il tarixdə Xidmətə daxil olan ərizəsinə cavab olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinin tələbləri bir daha izah olunmuş, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişinin hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparıldığı, hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlərin məhkəmənin qərarı əsasında aparılmalı olduğu İddiaçı diqqətininə çatdırılmışdır. Məhkəmənin 16 noyabr 2021-ci il tarixli, 2-1(122)-186/2021 nömrəli qərardadı ilə X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin 22 dekabr 2021-ci il tarixli, 2-1(122)-186/2021 nömrəli sərəncamı ilə inzibati mübahisə şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 14 yanvar 2022-ci il tarixə təyin edilmişdir. 14 yanvar 2022-ci il tarixə təyin edilmiş şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında İddiaçı və iddiaçının vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair 14 yanvar 2022-ci il tarixli ərizə təqdim edərək, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 13 avqust 2021-ci il tarixli, 06/489 saylı imtina məktubunun əsassız sayılması, JN-41B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə aparılmış yanlışlığın (texniki səhvliyin) düzəldilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia qaldırdıqlarını, cavabdeh inzibati orqanın məhkəməyə təqdim etdiyi müvafiq rəydən sonra iddia tələbinin dəqiqləşdirilməsi zərurətinin yarandığını, iddia tələbini dəqiqləşdirərək hazırki tələbin “Daşınmaz əmlakın dövlət reyestrində JN-41B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında aparılmış qeydiyyatda yanlışlığın düzəldilməsi, 20.44 kv.m. torpaq sahəsinin 14 iyul 2021-ci il tarixli, ********** nömrəli çıxarışla İddiaçı məxsus torpaq sahəsinə əlavə olunaraq qeydiyyatın aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” olduğunu bildirib, həmin tələb üzrə işə baxılmasını xahiş etmişdirlər. Məhkəmənin 14 yanvar 2022-ci il tarixli, 2-1(122)-7/2022 nömrəli qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 21 fevral 2022-ci il tarixə təyin olunmuşdur. Cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin və üçüncü şəxs X4 ünvanına məhkəmə bildirişi göndərilərək məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən xəbərdarlıq olunmalarına baxmayaraq, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək mübahisəli torpaq sahəsinin torpaq islahatlarından əvvəl anası X3 adında və faktiki istifadəsində olduğunu, sonradan vərəsəlik icraatı qaydasında qeyd edilən daşınmaz əmlakı adına sənədləşdirərək daşınmaz əmlakın dövlət reyestrində öz adına qeydiyyata aldırdığını, həmin torpaq sahəsinin üzərində yerləşən tövlənin atası ilə əmisinin birlikdə inşa etdiyini, sonralar tövləyə bitişik tikililərin onun özü tərəfindən inşa olunduğunu, bitişik tövlələrin yerləşdiyi torpaq sahəsinin ümumilikdə mərhum anasının adına olan 2000ci il tarixli, 042A nömrəli şəhadətnamədə qeyd edildiyini, lakin həmin torpaq sahəsinin Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin texniki səhvliyi nəticəsində JN-41B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında qonşu torpaq mülkiyyətçisi X6 mülkiyyətinə verilmiş 69.2 m2 torpaq sahəsinin sərhədləri daxilində göstərildiyini bildirib məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi Nümayəndə məhkəməyə ünvanladığı 13 fevral 2022-ci il tarixli izahata uyğun izahat verərək mübahisəli torpaq sahəsinin üzərində yerləşən tövlənin 1970-ci ildə atası Qəzənfər Gəncəliyev tərəfindən tikildiyini, heç kimin həyətyanı torpaq sahəsinə aidiyyatı olmayan mübahisəli torpaq sahəsinin təqribən qırx il atasıgilin istifadəsində olduğunu, yay-qış tövləsinin yerləşdiyi torpaq sahəsinin 2006-cı il tarixli, JN-41B nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə ilə atasının mülkiyyətinə verildiyini, onların etirazlarına baxmayaraq, iddiaçının həmin torpaq sahəsində hin və qaraj tikdiyini, iddiaçının bu tikililərə əsaslanaraq həmin torpaq sahəsinin guya özünə məxsus olduğunu iddia etdiyini, 2006-cı ildə həmin torpaq sahəsinin hazırda İddiaçı məxsus torpaq sahəsindən ayrılaraq atası X6 mülkiyyətinə verilməsini qanuni hesab etdiyini, hazırda dövlət orqanı tərəfindən həmin torpaq sahəsinin haqlı olaraq X4 adına rəsmiləşdirildiyini bildirib məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. 31 yanvar 2022-ci il tarixə təyin olunmuş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X11 cavabdeh tərəfindən məhkəməyə ünvanlanan məktublara uyğun izahat verərək mübahisəli torpaq sahəsinin 2000-ci il tarixli, 042A nömrəli şəhadətnamə ilə X5 məxsus olduğunu, sonradan “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyətyanı torpaq sahələrinin yenidən dəqiqləşdirilməsi üçün həyata keçirilən planalma işləri zamanı yeni şəhadətnamələrin tərtib edildiyini, yeni şəhadətnamələr tərtib edilərkən orqan tərəfindən texniki səhvliyə yol verildiyini, hazırda İddiaçı istifadəsində olan yardımçı tikililərin bir hissəsinin JN-41B nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə ilə qonşu torpaq mülkiyyətçisi X6 mülkiyyətinə verilmiş 69.2 m2 torpaq sahəsinin sərhədləri daxilində yerləşdiyini, dəqiqləşdirilmə zamanı mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus torpaq sahəsindən ayrılaraq X6 mülkiyyətinə verilməsinin əsaslarının ona məlum olmadığını bildirib məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmədə tədqiq edilən sübutlara qiymət verərək aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Culfa rayon Ləkətağ kənd sakini İddiaçı ünvanlanan 13 avqust 2021-ci il tarixli, 06/489 nömrəli və 26 yanvar 2021-ci il tarixli, 06/46 nömrəli məktublardan aydın olur ki, araşdırma zamanı İddiaçı istifadəsində olan yardımçı tikililərin bir hissəsi JN- 41B nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə ilə qonşu torpaq mülkiyyətçisi X6 mülkiyyətinə verilmiş 69.2 m2 torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Texniki səhvliyin aradan qaldırılmasına dair qanunvericiliyin tələbləri İddiaçı və qonşusu Fikrət Gəncəliyevə izah olunmuş, araşdırmanın nəticəsi barədə akt tərtib edilmişdir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 14 iyul 2021-ci il tarixli çıxarışın surətindən məlum olur ki, Naxçıvan Muxtar Respublikası Culfa rayon Ləkətağ kəndində yerləşən 0.3035 ha torpaq sahəsi, ümumi sahəsi 111.73 kv.m. olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 20/6 nömrəli reyestr kitabının 1108 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 10 dekabr 2020-ci il tarixli, MH seriyalı, ******* nömrəli çıxarışın surətindən məlum olur ki, Naxçıvan Muxtar Respublikası Culfa rayon Ləkətağ kəndində yerləşən 0.0069 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 18/10 nömrəli reyestr kitabının 1860 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən tərtib edilmiş 29 mart 2021-ci il tarixli, 4008 inventar nömrəli texniki pasportun surətindən aydın olur ki, Culfa rayon Ləkətağ kəndində yerləşən fərdi yaşayış evi İddiaçı adına **********05-10301 reyestr nömrəsi ilə qeydə alınmışdır. - 18 avqust 2000-ci il tarixli, JN-042A, KOD 10603028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, həmin şəhadətnamə ilə Culfa Rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1995-ci il tarixli, 09 nömrəli qərarına əsasən Culfa rayon Ləkətağ kənd sakini X5 0.32 ha torpaq sahəsi verilmişdir. - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin baş məsləhətçisi X.Axundov, Naxçıvan Muxtar Respublikası Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitunun direktor müavini Q.Əliyev, Ləkətağ Bələdiyyəsinin sədri D.Hacıyev, Ləkətağ kənd sakinləri F.Gəncəliyev və İddiaçı tərəfindən tərtib edilmiş 14 avqust 2020-ci il tarixli aktdan aydın olur ki, Ləkətağ kənd sakinlərinin şikayəti ilə əlaqədar onlara verilmiş 41B və 42A nömrəli həyətyanı sahələr naturada bir daha ölçülmüş, mübahisə olan yerin ölçüləri bir daha naturada dəqiqləşdirilmişdir. 41B nömrəli şəhadətnamə ilə verilmiş sahədə tikilmiş tövlənin 9.58 metr hissəsindən Fikrət Gəncəliyev, naves və hin tikilmiş 4.13 metr hissəsindən isə İddiaçı faktiki olaraq istifadə edir. Lakin bu sahə Fikrət Gəncəliyevə verilmiş 41B nömrəli şəhadətnamədə qeyd olunmuşdur. Hər iki şikayətçiyə qanunvericiliyin tələbi izah olunmuşdur. - 17 yanvar 2006-cı il tarixli, JN-042A, KOD 10603028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, həmin şəhadətnamə ilə Culfa Rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1995-ci il tarixli, 09 nömrəli qərarına əsasən Culfa rayon Ləkətağ kənd sakini X5 0.30 ha torpaq sahəsi verilmişdir. - 17 yanvar 2006-cı il tarixli, JN-041B, KOD 10603028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, həmin şəhadətnamə ilə Culfa Rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1995-ci il tarixli, 09 nömrəli qərarına əsasən Culfa rayon Ləkətağ kənd sakinləri X8 və X15 0.01 ha torpaq sahəsi verilmişdir. - 17 yanvar 2006-cı il tarixli, JN-041A, KOD 10603028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, həmin şəhadətnamə ilə Culfa Rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1995-ci il tarixli, 09 nömrəli qərarına əsasən Culfa rayon Ləkətağ kənd sakinləri X8 və X15 0.25 ha torpaq sahəsi verilmişdir. - Culfa Rayon İcra Hakimiyyətinin Ləkətağ kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 mart 2021-ci il tarixli, 78 nömrəli arayışdan məlum olur ki, İddiaçı Culfa rayon Ləkətağ kəndində yaşayır və qeydiyyatdadır. - Culfa Rayon Polis Şöbəsi tərəfindən 31 iyul 2012-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1962-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Bəyəhməd kəndində doğulmuş İddiaçı Culfa rayonu, Ləkətağ kəndində pasport qeydiyyatındadır. - 26 avqust 2021-ci il tarixli, 28012 nömrəli qəbzdən məlum olur ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 (on) manat dövlət rüsumu ödəmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitunun Yerquruluşu Şöbəsinin rəisi Z.Bayramov tərəfindən verilmiş 01 dekabr 2021-ci il tarixli mütəxəssis rəyindən aydın olur ki, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin sərəncamı ilə əlaqədar İddiaçı və üçüncü şəxs X4 iştirakı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitututunun yerquruluşu şöbəsinin rəisi tərəfindən naturada ölçü işləri aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, X4 texniki səhvliklə mülkiyyətinə verilmiş 69.48 m2 torpaq sahəsində yerləşən yardımçı tikilinin 20.44 m2-i İddiaçı istifadəsində olmuşdur. Aparılan ölçü işləri zamanı məlum olmuşdur ki, 69.48 m2 yardımçı tikilinin 20.44 m2-i İddiaçı, 49.44 m2-i isə X4 faktiki istifadəsindədir. Aparılan ölçü işləri zamanı JN-42A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə ilə İddiaçı ərazisi 3034.83 m2 olmasına baxmayaraq, faktiki istifadəsində 2914 m2, JN-41A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə ilə X4 torpaq sahəsi 2497 m2 olmasına baxmayaraq, faktiki istifadəsində 2495.61 m2 təşkil etmişdir. Mütəxəssis rəyinə mübahisəli ərazinin WGS-84 beynəlxalq koordinat sistemində sxematik planı və döngə nöqtələrinin koordinatları əlavə olunmuşdur. - Naxçıvan Muxtar Respublikası Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitunun Yerquruluşu Şöbəsinin rəisi Z.Bayramov tərəfindən verilmiş 21 dekabr 2021-ci il tarixli mütəxəssis rəyindən məlum olur ki, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin sərəncamı ilə əlaqədar İddiaçı və üçüncü şəxs X4 iştirakı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitututunun yerquruluşu şöbəsinin rəisi, Ləkətağ kənd icra nümayəndəsi, Ləkətağ kənd bələdiyyəsinin sədri ilə yerində baxış keririlmişdir. Baxış zamanı hər iki tərəfə həyətyanı sahələrin ölçüləri və mübahisəli sahənin ölçüsü izah olunmuş, yerində akt tərtib edilmişdir. JN-41B nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə əsasında mülkiyyətə verilmiş 69.0 m2 torpaq sahəsində mövcud olan tikilinin şimal-şərq istiqamətindəki künc nöqtəsindən şimal-qərb istiqamətinə 9.6 metr, cənub-qərb istiqamətinə 5.4 metr, cənubşərq istiqamətinə 10.2 metr, şimal-şərq istiqamətinə isə 4.8 metr məsafəni əhatə edən 49.6 m2 tikilidən X9, 20.4 m2 hissəsindən isə qonşu mülkiyyətçi İddiaçı istifadə edir. Mütəxəssis rəyinə 15 dekabr 2021-ci il tarixli akt əlavə olunmuşdur. - Üçüncü şəxs X4 nümayəndəsi Nümayəndə dəftərxana vasitəsilə məhkəməyə daxil olmuş 13 fevral 2022-ci il tarixli izahatından aydın olur ki, İddiaçı haliyədə yaşadığı evdə 1950-ci illərin ortalarından 1970-ci illərin əvvəlinədək atası X10 ailəsi ilə birlikdə yaşamışdır. Eyni zamanda həmin evdə yaşaya-yaşaya evlə yanaşı boş torpaq sahəsində özünə ev və yay-qış tövləsi tikmişdir. 1970-ci illərin əvvəlində atası ailəsi ilə tikdiyi yeni evinə köçdükdən sonra da həmin yay-qış tövləsindən istifadə etmişdir. Atasıgil köçdükdən sonra isə iddiaçıgil Bəyəhməd kəndindən haliyədə yaşadıqları evə köçmüşdürlər. Təqribən qırx il atasıgilin istifadəsində olan və heç kimin həyətyanı torpaq sahəsinə aidiyyatı olmayan yay-qış tövləsinin yerləşdiyi torpaq sahəsi (69.2 m2) Culfa Rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1995-ci il tarixli, 09 nömrəli qərarına əsasən JN-41B nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə ilə atasının mülkiyyətinə verilmişdir. İllər sonra iddiaçıgil onların mehriban qohumluq və qonşuluq münasibətlərindən "məharətlə" istifadə edərək (gələcəkdə öz məkirli planlarını həyata keçşirmək məqsədi ilə) onların yay-qış tövləsinə bitişik tövlə inşa etmişdirlər. Bundan sonra isə artıq onların tövlələrinin qapıları və pəncərəsi tam tutulmuş olmuşdur. Onlar məcbur qalaraq qış tövləsinə digər tərəfdən yeni qapı açmışdırlar. Yay tövləsindən isə istifadələri qeyrimümkün olmuşdur. Bu fürsəti dəyərləndirən İddiaçı X4 (atasının miras əmlak mülkiyyətçisi) etirazlarına baxmayaraq yay tövləsinin yerində söküntü-tikinti işləri apararaq orada hin və qaraj inşa etmişdir. İndi isə bu tikililərə əsaslanaraq həmin torpaq sahəsinin guya ona məxsus olduğunu iddia edir. İddiaçı Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə sübut kimi təqdim etdiyi 2000-ci il tarixli, JN-42A nömrəli şəhadətnamədə 1950-ci illərin ortalarından istifadələrində olan və Culfa Rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1995-ci il tarixli, 09 nömrəli qərarı ilə mülkiyyətlərinə verilmiş və JN-41B nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnaməsi ilə rəsmiləşdirilmiş 69.2 m2 torpaq sahəsi səhvən iddiaçının torpaq sahəsinə daxil edilmiş, lakin Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən dəqiqləşdirmə işləri aparılarkən həmin səhvlik aradan qaldırılmış, verilmiş ilkin şəhadətnamə öz hüquqi qüvvəsini itirmiş və etibarsız sayılaraq 17 yanvar 2006-cı il tarixli, JN-42A nömrəli yeni şəhadətnamə verilmişdir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin tərəflərə ünvanladığı məktublarda və mütəxəssis rəyində 69.2 m2 torpaq sahəsinin X4 mülkiyyətində olduğu öz təsdiqini tapır. Məlumat üçün bildirilir ki, JN-41B nömrəli şəhadətnamədə göstərilmiş torpaq sahəsinin ətrafı əvvəllər boş olub, lakin sonradan iddiaçı tərəfindən əlavə tikililər inşa edilərək həmin sahəyə birləşdirilmişdir. Həmin əlavə tikililəri indi də nəzəri baxışla müəyyən etmək mümkündür. Məhkəmədən İddiaçı iddiasının rədd olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İzahata torpaq sahəsinin planı və ölçüsünün surəti, dövlət reyestrindən çıxarışın surəti, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin məktubu və ərazinin xəritəsinin surəti əlavə olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, 2000-ci il tarixli, JN-042A, KOD 10603028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə Culfa Rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1995-ci il tarixli, 09 nömrəli qərarına əsasən Culfa rayon Ləkətağ kənd sakini X5 0.32 ha torpaq sahəsi verilmişdir. Lakin sonradan “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyətyanı torpaq sahələrinin yenidən dəqiqləşdirilməsi üçün həyata keçirilən planalma işləri zamanı tərtib edilmiş 17 yanvar 2006-cı il tarixli, JN-042A, KOD 10603028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə Culfa Rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1995-ci il tarixli, 09 nömrəli qərarına əsasən Culfa rayon Ləkətağ kənd sakini X5 0.30 ha torpaq sahəsinin verildiyi qeyd olunmuşdur. Məhkəmə iclaslarında üçüncü şəxsin nümayəndəsi Nümayəndə dəfələrlə mübahisəli torpaq sahəsinin üzərində yerləşən tövlənin 1970-ci ildə atası Qəzənfər Gəncəliyev tərəfindən tikildiyini iddia etsə də, İddiaçı bu fikirlərin əksinə arqumentlər gətirərək tövlənin onun atası və əmisi tərəfindən inşa olunduğunu, sonralar isə tövləyə bitişik tikililərin onun özü tərəfindən inşa olunduğunu bildirmişdir. Həmçinin 2000-ci il tarixli, JN-042A, KOD 10603028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə mübahisəli torpaq sahəsi X5 məxsus torpaq sahəsinin sərhədləri daxilində göstərilsə də, dəqiqləşdirilmə işləri aparılarkən həmin torpaq sahəsi hazırda iddiaçıya məxsus olan torpaq sahəsindən ayrılaraq, JN-41B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə X6 mülkiyyətinə verilmişdir. Məhkəmə hesab edir ki, JN-41B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib olunarkən və həmin şəhadətnamə əsasında qeydiyyat aparılarkən inzibati orqan tərəfindən səhvliyə yol verilmişdir. Belə ki, 2006-cı ilədək JN-042A, KOD 10603028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə bütövlükdə X5 məxsus olan torpaq sahəsinin 2006-cı ildə hansı əsasla JN-41B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə X6 mülkiyyətinə verilməsi məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Həmçinin məhkəmə araşdırması zamanı istər cavabdeh inzibati orqan, istərsə də üçüncü şəxsin nümayəndəsi 2000-ci il tarixli, JN-042A, KOD 10603028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” X1 məxsus torpaq sahəsinin sərhədləri daxilində göstərilən 69.2 kv.m. mübahisəli torpaq sahəsinin 2006-cı ildə dəqiqləşdirilmə aparılan zaman JN- 41B nömrəli şəhadətnamə ilə X6 mülkiyyətinə verilməsinin səbəblərini əsaslandıra bilməmiş, məhkəməyə bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdirlər. Daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olub-olmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Göründüyü kimi qeydiyyat orqanı ona təqdim edilmiş sənədləri lazımi qaydada araşdırmamış, mübahisəli torpaq sahəsinin və onun üzərində yerləşən tikililərin kimin istifadəsində olmasını konkret olaraq müəyyənləşdirməmiş, nəticədə texniki səhvliyə yol vermişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə iddia tələbindən kənara çıxmayaraq belə qənaətə gəlir ki, iddiaçının mülkiyyət hüququ “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyətyanı torpaq sahələrinin yenidən dəqiqləşdirilməsi üçün həyata keçirilən planalma işləri zamanı cavabdeh inzibati orqanın yol verdiyi texniki səhvlik ucbatından məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: - 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. - 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş “Marks Belçikaya qarşı” qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Habelə, həmin məhkəmənin “Sporrinq və Lonnort İsveçə qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almışdır. Bundan başqa, İnsan hüquqları üzrə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.1-ci və 6.1.4-cü maddələrinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.3-cü və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. - 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. - 16.3-cü maddəsinə əsasən əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. - 23.1 maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. Naxçıvan Muxtar Respublikası X19 2020-ci il 17 iyun tarixli 23-Vİ FR nömrəli Fərmanı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti haqqında Əsasnamənin 1.1-ci maddəsinə əsasən Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti daşınmaz əmlakın dövlət reyestrinin aparılması, daşınmaz əmlakın dövlət kadastrının aparılması (daşınmaz dövlət əmlakı istisna olmaqla), ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya və xəritəçəkmə, torpaqların dövlət idarəetməsinin təşkili, torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarət, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin iddiaçının tələbinin icrasından imtinası mülkiyyətçinin torpaq sahəsi üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı "Daşınmaz əmlakın dövlət reyestrində JN-41B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında aparılmış qeydiyyatda yanlışlığın düzəldilməsi, 20.44 kv.m. torpaq sahəsinin 14 iyul 2021-ci il tarixli, ********** nömrəli çıxarışla İddiaçı məxsus torpaq sahəsinə əlavə olunaraq qeydiyyatın aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə ödənilmiş dövlət rüsumu məsələsinə qiymət verərək hesab edir ki, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 35, 58.7, 68, 69, 81, 85, 110.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: İddia təmin edilsin. Daşınmaz əmlakın dövlət reyestrində JN-41B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında aparılmış qeydiyyatda yanlışlığın düzəldilməsi, 20.44 kv.m. torpaq sahəsinin 14 iyul 2021-ci il tarixli, ********** nömrəli çıxarışla İddiaçı məxsus torpaq sahəsinə əlavə olunaraq qeydiyyatın aparılması öhdəliyi Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulsun. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar