Məhkəmə qərarları › İş №2-1(122)-7/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-7/2023

23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-7/2023 23.02.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X25 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X5, üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “02 fevral 2012-ci il tarixli, ******* nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan 0.0521 ha torpaq sahəsinin naturada ölçülüb ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan şəhəri, 6-cı küçə, ev 91 ünvanında yerləşən mülkiyyətçisi olduğu fərdi yaşayış evinin faktiki ərazisinin həmin əmlaka aid hal-hazırdakı çıxarışda qeydiyyata alınmış 521 m2 torpaq sahəsi olacaq şəkildə səhvlərin qüvvədə olan qanunvericiliyə uyğun olaraq cavabdeh tərəfindən aradan qaldırılmasına, mövcud iddia ərizəsi ilə bağlı iddiaçı tərəfindən çəkilən xərclərin (iddia ərizəsi üçün hazırlanan sənədlərə çəkilmiş notariat, poçt və bank xərclərinin), səhvin aradan qaldırılmasından sonra mülkiyyətçisi olduğu fərdi yaşayış evi üçün Dövlət Xidmətindən veriləcək yeni çıxarış sənədi və texniki pasport üçün yaranacaq bütün xərclərin, o cümlədən ödəniləcək rüsumların, vergilərin, bank xərclərinin və iddia ərizəsi ilə bağlı ortaya çıxacaq bütün digər xərclərin cavabdeh tərəfindən ödənilməsinə dair qərar qəbul edib, cavabdeh qarşısında öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanı: ünvan 2 (mülkiyyətçisi olduğu fərdi yaşayış evi) 12 yanvar 2012-ci il tarixində bağlanmış alqı-satqı müqaviləsinə əsasən X15, X13, X19 və X12 almışdır. Həmin ünvandakı mənzil xüsusi mülkiyyətindədir. Bildirilir ki, mülkiyyətçisi olduğu fərdi yaşayış evi və qonşuluqda yerləşən X6 adına qeydiyyata alınmış (əvvəlki mülkiyyətçisi X7) 6-cı küçə ev 91 A ünvanında yerləşən fərdi yaşayış evinin (qonşuluqdakı fərdi yaşayış evi) faktiki ölçülərinə texniki baxış keçirilməsi üçün Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə 20 iyun 2022-ci il tarixli ərizə ilə tərəfindən müraciət edilmiş və Dövlət Xidmətindən 20 iyul 2022-ci il tarixli, 06/416 nömrəli məktubla ərizəsinə cavab verilmişdir. Dövlət Xidməti tərəfindən verilmiş cavaba əsasən elektron ölçü avadanlıqları vasitəsi ilə hər iki fərdi yaşayış evinin torpaq sahələrinin əsas döngə nöqtələri və tikililərin torpaq sahəsi üzərində yerləşmə vəziyyəti dəqiqləşdirilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, 19 aprel 2011-ci il tarixində Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X10 adına ümumi sahəsi 651 m2 olmaqla torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Alqı-satqı müqaviləsindən əvvəl X10 mülkiyyətçisi olduğu 651 m2 olan torpaq sahəsi üzərindən mülkiyyətçisi olduğu fərdi yaşayış evi və qonşuluqdakı fərdi yaşayış evinin ərazisi ilə bağlı Naxçıvan Muxtar Respublikasının Dövtət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən bölgü aparılarkən torpaq sahəsinin planı və ölçüsündə göstərilən ölçülər nəzərə alındığından həmin Komitənin səhvinə görə faktiki sahə ilə çıxarış arasında uyğunsuzluq yaranmışdır. Nəticədə qonşuluqdakı fərdi yaşayış evi həmin əmlaka dair Dövlət Xidmətindən verilmiş çıxarışda göstərilən ölçülərdən kənarlaşma ilə tikildiyi və bunun nəticəsində tikinti zamanı mülkiyyətində olan fərdi yaşayış evinin ərazisinə keçildiyi məlum olmuşdur. Eyni zamanda Dövlət Xidmətindən qeyd edilmişdir ki, mülkiyyətçisi olduğu fərdi yaşayış evinə dair verilmiş çıxarışda torpaq sahəsi 521 m2 göstərilməsinə baxmayaraq, Naxçıvan Muxtar Respublikasının Dövtət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən yol verilmiş səhv bölgüyə görə faktiki otaraq 510,69 m2 ortaya çıxmışdır. 25 avqust 2022-ci il tarixə təyin olunmuş iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini dəqiqləşdirərək hazırki iddia tələbinin “02 fevral 2012-ci il tarixli, ******* nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan 0.0521 ha torpaq sahəsinin naturada ölçülüb ona verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması” olduğunu bildirib, həmin tələb üzrə işə baxılmasını xahiş etmişdir. Məhkəmənin 25 avqust 2022-ci il tarixli, 2-1(122)-191/2022 nömrəli qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti iddiaya dair məhkəməyə ünvanlanan 08 sentyabr 2022-ci il tarixli, 04/511 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanı: ünvan 3ış keçirilmiş, elektron ölçü avadanlıqları vasitəsi ilə torpaq sahələrinin əsas döngə nöqtələri və tikililərin torpaq sahəsi üzərində yerləşmə vəziyyəti dəqiqləşdirilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, 19 aprel 2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X10 adına ümumi sahəsi 651,00 m2 olmaqla torpaq sahəsinin planı və ölçüsü verimişdir. Həmin plan-ölçüdə əsas döngə nöqtələri arasındakı məsafə 6-dan 7-yə 2,00 m, 7-dən 8-ə 32,02 m, 8-dən 9-a 7,07 m olmaqla, ümumilikdə 41,09 m göstərilməsinə baxmayaraq, yeni ölçülər zamanı həmin məsafənin 40,33 m olduğu müəyyən olunmuşdur. Bölgü aparılarkən torpaq sahəsinin planı və ölçüsündə göstərilən ölçülər nəzərə alındığından faktiki sahə ilə uyğunsuzluq yaranmışdır. X1 (əvvəlki mülkiyyətçi X7) adına qeydiyyata alınmış 17198 inventar nömrəli texniki pasportda torpaq sahəsinin sənəd üzrə 130,20 olmasına baxmayaraq, naturada (evin yanında 50 sm məsafə saxlanılmaqla) 134,09 m2, İddiaçı adına qeydiyyata alınmış 3574 inventar nömrəli texniki pasportda torpaq sahəsinin 521 m2 olmasına baxmayaraq, naturada faktiki ölçülər əsasında 510,69 m2 təşkil etdiyi müəyyənləşdirilmişdir. Torpaq sahəsində yuxarıda qeyd olunan səbəbdən azalma olduğu və qonşu X11 məxsus torpaq sahəsi ilə sərhədin düzgün müəyyən olunmadığı hər iki tərəfə izah olunmuşdur. Tərəflər arasında mübahisə olduğundan müvafiq düzəlişlərin aparılması mümkün olmamışdır. Məhkəmənin 16 sentyabr 2022-ci il tarixli, 2-1(122)-191/2022 nömrəli qərardadı ilə X14 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra, məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 23 fevral 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı və üçüncü şəxs X6 ünvanlarına məhkəmə bildirişi göndərilərək məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən xəbərdarlıq olunmasına baxmayaraq, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən İddiaçı və üçüncü şəxs X6 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 etirazda yazılanlara uyğun izahat verərək qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. 28 noyabr 2022-ci il tarixə təyin olunmuş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iştirak edən mütəxəssis X3 05 noyabr 2022-ci il tarixli mütəxəssis rəyi ilə bağlı izahat verərək mübahisəli və qonşuların torpaq sahələrində ölçmə işləri aparılaraq İddiaçı 10.31 kvadratmetr kəsir torpaq sahəsinin 4 kvadratmetrinin üçüncü şəxs X6 torpaq sahəsinin sərhədləri daxilində olduğunun müəyyən olunduğunu, onların aralarında hasar olmadığını, kəsir qalan 6.31 kvadratmetr fərqin isə heç bir qonşuda aşkar edilmədiyini, həmin fərqin ölçmə işləri aparılan zaman torpaq sahəsinin dəqiq ölçülməməsi ilə əlaqələndirdiyini, çünki əvvəllər ölçmə işlərinin sadə avadanlıqlarla, indi isə elektron taxometrlə aparıldığını bildirmişdir. Həmin iclasda şahid qismində işirak edən X20 ifadə verərək mütəxəssis X2 və onun iştirakı ilə mübahisəli torpaq sahələrində ölçmə işləri aparıldığını, yerində baxış zamanı İddiaçı 10.31 kvadratmetr kəsir torpaq sahəsinin 4 kvadratmetrinin üçüncü şəxs X6 torpaq sahəsinin sərhədləri daxilində olduğunun müəyyənləşdirildiyini, Gülayın evinin sol tərəfində boş torpaq sahəsi olduğunu, onların aralarında hasar olmadığından 4 kvadratmetr torpaq sahəsinin iddiaçıya verildiyini, kəsir qalan 6.31 kvadratmetr fərqi isə ölçü xətası kimi izah etdiyini, çünki əvvəllər ölçmə işləri aparılan zaman torpaq sahəsinin dəqiq ölçülmədiyini bildirdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Naxçıvan şəhəri, 6-cı küçə, ev 91 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçı ünvanlanan 20 iyul 2022-ci il tarixli, 06/416 nömrəli məktubdan məlum olur ki, ünvan 1 ünvanı: ünvan 3ış keçirilmiş, elektron ölçü avadanlıqları vasitəsi ilə torpaq sahələrinin əsas döngə nöqtələri və tikililərin torpaq sahəsi üzərində yerləşmə vəziyyəti dəqiqləşdirilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, 19 aprel 2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X10 adına ümumi sahəsi 651,00 m2 olmaqla torpaq sahəsinin planı və ölçüsü verimişdir. Həmin plan-ölçüdə əsas döngə nöqtələri arasındakı məsafə 6-dan 7-yə 2,00 m, 7-dən 8-ə 32,02 m, 8-dən 9-a 7,07 m olmaqla, ümumilikdə 41,09 m göstərilməsinə baxmayaraq, yeni ölçülər zamanı həmin məsafənin 40,33 m olduğu müəyyən olunmuşdur. Bölgü aparılarkən torpaq sahəsinin planı və ölçüsündə göstərilən ölçülər nəzərə alındığından faktiki sahə ilə uyğunsuzluq yaranmışdır. X1 (əvvəlki mülkiyyətçi X7) adına qeydiyyata alınmış 17198 inventar nömrəli texniki pasportda torpaq sahəsinin sənəd üzrə 130,20 m2 olmasına baxmayaraq, naturada (evin yanında 50 sm məsafə saxlanılmaqla) 134,09 m2, İddiaçı adına qeydiyyata alınmış 3574 inventar nömrəli texniki pasportda torpaq sahəsinin 521 m2 olmasına baxmayaraq, naturada faktiki ölçülər əsasında 510,69 m2 təşkil etdiyi müəyyənləşdirilmişdir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 02 fevral 2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətindən məlum olur ki, Naxçıvan şəhəri, B.Abbasov küçəsində mülkiyyətində olan 0.0521 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 96.61 kv.m. yaşayış, 78.18 kv.m. köməkçi sahədən ibarət 69 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18/10 nömrəli reyestr kitabının 1776 nömrəli vərəqində qeydiyyata alınmışdır. - 12 yanvar 2012-ci il tarixli, AR-İ seriyalı, 054502 nömrəli alqı-satqı müqaviləsinin surətindən aydın olur ki, X15, X13, X19 və X4 Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2012-ci il tarixli, reyestr nömrəsi **********29-10301 və qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, Naxçıvan şəhəri, B.Abbasov küçəsi, ev 69-da yerləşən 0.0521 ha torpaq sahəsinin üzərində olan 2 mərtəbəli, 5 otaqlı, 96.61 kv.m. yaşayış, 78.18 kv.m. köməkçi sahədən ibarət mülkü İddiaçı 23110 (iyirmi üç min yüz on) manat müqabilində satmışdırlar. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxx 1980-ci ildə doğulmuşdur. - “Yerquruluşu, Geodeziya və və Kartoqrafiya" Məhdud Məsuliyyətli Cəmiyyətinin Yerquruluşu şöbəsinin rəisi Z.Bayramov tərəfindən verilmiş 05 noyabr 2022-ci il tarixli mütəxəssis rəyindən aydın olur ki, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 2-1(122)-191/2022 nömrəli işi ilə əlaqədar mübahisəli əraziyə, üçüncü şəxsin ərazisində və digər qonşuların torpaq sahələrində ölçmə işləri və baxış keçirildi. Baxış keçirilən zamanı məlum olmuşdur ki, iddiaçının ərazisində yaranmış 10,31 m2 kəsir torpaq sahəsinin 4 m2-i həyətin aşağıda olan qonşusu X6 adına qeydiyyata alınmış 17198 inventar nömrəli texniki pasportdakı torpaq sahəsinin sərhədləri daxilindədir. Aralarında hasar yoxdur. Yerdə qalan 6,31 m2 fərq isə heç bir qonşuda aşkar edilmədi. Buna görə də yenidən arxiv sənədləri araşdırıldı. Araşdırma zamanı məlum olmuşdur ki, 3574 inventar nömrəli X10 adına olan texniki pasport qeydiyyatdan keçərkən torpaq sahəsi köhnə texniki pasportda 700 m2 olsa da, faktiki sahəni öyrənmək üçün ölçü işləri aparılan zaman texniki səhvlik nəticəsində faktiki sahə 651 m2 göstərilib. Halbuki bu sahə 644,78 m2 olub. Bunun da 130 m2-i X6 (əvvəlki mülkiyyətçi X7) adına qeydiyyata alınmış, qalan 514,78 m2 faktiki sahə isə İddiaçı satılan torpaq sahəsidir. Mütəxəssis rəyinə mübahisəli torpaq sahələrinin planı və ölçüsü əlavə olunmuşdur. - 18 iyun 2020-ci il tarixli kredit müqaviləsinin surətindən məlum olur ki, "xxxx" ASC tərəfindən X11 ünvan 4 ünvanında yerləşən və mülkiyyət hüquqları DƏDRX tərəfindən 9/28/2015-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********26-10301 olan dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilən daşınmaz əmlakın satın alınması üçün 20000 (iyirmi min) manat kredit verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: -13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.1-ci və 6.1.4-cü maddələrinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.3-cü və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 6.2-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqları təsdiq etmiş aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında həmin hüquqların dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın təqdim olunması və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi, habelə hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin aradan qaldırılması, prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və ya onların dəyişdirilməsi, hüquq sahibinin iradəsindən asılı olmayan digər səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın təqdim olunması və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün dövlət rüsumu tutulmur... - 9.1-ci və 9.1.2 maddələrinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması qaydasında aparılır. - 9.5-ci maddəsinə əsasən hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın elektron üsulla təqdim olunması 3 gün müddətində həyata keçirilir. - 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. - 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. - 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı adına qeydiyyata alınmış 3574 inventar nömrəli texniki pasportda torpaq sahəsinin 521 m2 olmasına baxmayaraq, naturada həmin torpaq sahəsinin faktiki ölçüləri 510,69 m2 təşkil edir. Həmçinin cavabdeh inzibati orqan torpaq sahəsinin sənəd üzrə olan ölçüləri ilə naturada faktiki ölçülər arasındakı fərqi əvvəllər ölçmə işlərinin sadə avadanlıqlarla aparılması ilə əlaqələndirərək ölçü xətası kimi izah etmişdir. Göründüyü kimi mübahisəli torpaq sahəsinə dair dövlət qeydiyyatı mülkiyyət hüququnu təsdiqləyən sənədlərdəki məlumatlar üzrə torpaq sahəsinin naturada olan vəziyyətinə tam uyğun olmadan, həm hüquqi, həm də texniki baxımdan düzgün icra edilməmiş, cavabdeh qurumun imtinası isə qanunun güddüyü məqsədə mütənasib olmamışdır. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “02 fevral 2012-ci il tarixli, ******* nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan 0.0521 ha torpaq sahəsinin naturada ölçülüb ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 35, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. 02 fevral 2012-ci il tarixli, ******* nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan 0.0521 ha torpaq sahəsinin naturada ölçülüb ona verilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar