Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-70/2022 16.03.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Şahbuz rayonunun Gömür kəndində yerləşən Şahbuz Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin natura üzrə əvvəlki vəziyyətinə qaytarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şahbuz rayonunun Gömür kəndində yerləşən Şahbuz Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin natura üzrə əvvəlki vəziyyətinə qaytarılmaları öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və iş üzrə şifahi icraat qaydasında mümkünlük iclası 28 fevral 2022-ci il tarixə təyin edilmiş, İddiaçı yardım məktubu ünvanlanaraq hazırki tələbin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələbinə uyğun olaraq qeyri-müəyyən tərtib edildiyi, həmçinin iddia ərizəsi tərtib edilərkən İPM-nin 45.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsinin və digər sənədlərin surətləri proses iştirakçılarının sayına görə iddia ərizəsinə əlavə olunmadığı bildirilərək, iddia tələbinin daha aydın ifadə olunması, iddia tələbini əsaslandırdığı faktların, sübutların məhkəmə təqdim edilməsi və iddia ərizəsindəki formal xətaların aradan qaldırılması üçün 20 fevral 2022-ci il tarixədək müddət təyin edilmiş, əks halda iddia tələbinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmənin yardım məktubunu iddiaçının 16 fevral 2022-ci il tarixdə almasına baxmayaraq hər hansı tədbir görülməmişdir. Bundan sonra iddiaçıya 28 fevral 2022-ci il tarixdə yenidən yardım məktubu göndərilərək cavabdeh inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının hansı qaydada pozulduğunu müəyyən etməyin mümkün olmadığı, iddia ərizəsinə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 19 yanvar 2022-ci il tarixli, 06/19 nömrəli məktubunda tələbdən imtina edilmədiyi, həmçinin iddia tələbinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələbinə uyğun olaraq tərtib edilmədiyi, iddia tələbində Şahbuz Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə mülkiyyətinə kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin verildiyi qeyd edilsə də, bunu təsdiq edən sübutların iddia ərizəsinə əlavə edilmədiyi, iddiaçının həmin torpaq sahəsi üzərindəki subyektiv hüququnun təsdiq edilməsi üçün iddia tələbində qeyd olunan torpaq sahəsinin ona məxsus olduğunu sübut edən sənədlərin (müvafiq qərar, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və s.) məhkəməyə təqdim edilməsinin zəruri olduğu bildirilərək, cavabdeh inzibati orqan tərəfindən hüquqlarının hansı qaydada pozulduğunu təsdiq edən faktların, iddia tələbində qeyd edilən torpaq sahəsinin iddiaçıya məxsus olmasını sübut edən sənədlərin məhkəməyə təqdim edilməsi, həmçinin iddia tələbininin dəqiqləşdirilərək aydın ifadə olunması üçün 12 mart 2022-ci il tarixədək müddət təyin edilərək, mümkünlük iclası 16 mart 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəmənin növbəti yardım məktubunu 04 mart 2022-ci il tarixdə almasına baxmayaraq, məktubda göstərilən hallarla bağlı bugünə qədər hər hansı bir tədbir görülməmiş və iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X2 məhkəməyə təqdim edilmiş iddiaya qarşı yazılı münasibətə uyğun izahat verərək məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədi tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə, ilk öncə, mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır və bunu prosesin istənilən mərhələsində həyata keçirə bilər. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr, ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin qərarın 3.1, 3.2, 3.3 və 3.4-cü bəndlərinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Həmin Qərarın 8.6-cı maddəsinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin məktubunu nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən iddia tələbi qeyri-müəyyən ifadə olunmuş, o cümlədən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.2-ci maddəsinə əsasən proses iştirakçılarının sayına görə iddia ərizəsinin və digər sənədlərin surətləri iddia ərizəsinə əlavə olunmayaraq, qanunvericiliyin göstərilən tələbinə riayət olunmamışdır. Həmçinin iddiaçı məhkəmədən Şahbuz rayonunun Gömür kəndində yerləşən, Şahbuz Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin natura üzrə əvvəlki vəziyyətinə qaytarılmaları öhdəliyinin Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulmasını xahiş etsə də, həmin torpaq sahələrinin onun mülkiyyətində olmasını təsdiq edən sənədləri iddia ərizəsinə əlavə etməmişdir. Belə olan təqdirdə iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh inzibati orqan tərəfindən hansı formada pozulduğunu (inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində) müəyyən etmək mümkün olmamış, həmçinin iddiaçının hazırki tələb üzrə subyektiv hüquqa malik olub-olmaması mübahisəli olaraq qalmışdır. Eyni zamanda, qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-nin 13 və 48-ci maddələrində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarına və işin hallarına istinad edərək hesab edir ki, iddiaçının irəli sürdüyü tələb aydın ifadə olunmamışdır və iddiaçı öhdəliyin icrası haqqında iddia növü üzrə subyektiv hüquqa malik olduğunu sübut edən sənədləri məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlar barədə iddiaçıya yardım məktubları göndərilərək müvafiq çatışmazlıqların aradan qaldırılması təklif edilsə də, iddiaçı tərəfindən məhkəmənin tələbinə əməl edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 45.2-ci maddəsinə əsasən proses iştirakçılarının sayına görə iddia ərizəsinin və digər sənədlərin surətləri iddia ərizəsinə əlavə olunmalıdır. Beləliklə, məhkəmə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Şahbuz rayonunun Gömür kəndində yerləşən Şahbuz Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin natura üzrə əvvəlki vəziyyətinə qaytarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və İPM-in 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Şahbuz rayonunun Gömür kəndində yerləşən Şahbuz Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin natura üzrə əvvəlki vəziyyətinə qaytarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-70/2022
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-70/2022
16.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver