Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-700/2025 19.12.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsə qarşı "Naxçıvan MR Şərur rayon kənd təsərüfat birliyinin 1998-ci il tarixli rəyi və 1998-ci il tarixli aktı nəzərə alınmaqla İddiaçı tərəfindən satın alınmış 1954cü ildə Şərur rayon Oğlanqala kəndində tikilmiş anbar binasına dair iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmaqla çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan MR Şərur rayon kənd təsərrüfat birliyinin 1998-ci il tarixli rəyi və 1998-ci il tarixli aktı nəzərə alınmaqla Şərur rayon Oğlanqala kəndində 1954-cü ildə tikilmiş anbar və 1974-cü ildə tikilmiş dəyirman binalarını İddiaçı mülkiyyət hüququ qeydiyyata alınaraq arayışın verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, Şərur rayon Oğlanqala kəndində 1954cü ildə tikilmiş anbar dəyəri 21780 (iyirmi bir min yeddi yüz səksən) rubl və 1974-cü ildə tikilmiş dəyirman dəyəri 13650 (on üç min altı yüz əlli) rubl həmin illərə münasibətdə dəyəri qiymətləndirilmişdir. Şərur rayon Oğlanqala sovxozunun balansında olan anbar və dəyirman 1998-ci il tarixində qiymətləndirilərək Naxçıvan MR Şərur rayon kənd təsərrüfat birliyinin rəyi ilə və həmin tarixdə akt tərtib olunmaqla Şərur rayon Oğlanqala kəndində 1954-cü ildə tikilmiş anbar və 1974-cü ildə tikilmiş dəyirmanın ümumi dəyəri ******* (səkkiz milyon, səksən min səkkiz yüz) manat dəyərində qiymətləndirilmişdir. O, Şərur rayon Oğlanqala sovxozunun balansında olan anbar və dəyirmana xx.xx.1999-cu il tarixdə, 34 nömrəli qəbz əsasında ******* (səkkiz milyon, səksən min səkkiz yüz) manat ödəməklə qeyd olunan anbar və dəyirman binasını almışdır. 1998-ci il tarixindən anbar və dəyirman binası ona tam mülkiyyət hüququ ilə verilmişdir. 1998-ci il tarixdən mülkiyyətində olan anbar və dəyirman binalarını təmir etmiş və hazırda qeyd olunan binaların yenidən qeydiyyata alınması üçün Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə məktubunu cavablandıraraq qeyd olunan əmlakları qeydə almayaraq imtina məktubu vermişdir. Əlavə olaraq qeyd etmək istəyir ki, xx.xx.1999-cu il tarixdə, 34 nömrəli qəbz əsasında ******* (səkkiz milyon, səksən min səkkiz yüz) manat ödəməklə qeyd olunan anbar və dəyirman binasını almış və həmin əmlaklar onun mülkiyyətindədir. İddiaçı göstərilənləri rəhbər tutaraq, məhkəmədən Naxçıvan MR Şərur rayon kənd təsərrüfat birliyinin 1998-ci il tarixli rəyi və 1998-ci il tarixli aktı nəzərə alınmaqla Şərur rayon Oğlanqala kəndində 1954-cü ildə tikilmiş anbar və 1974-cü ildə tikilmiş dəyirman binalarını İddiaçı mülkiyyət hüququ qeydiyyata alınaraq arayışın verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxs iddiaya dair məhkəməyə ünvanlanan 05 mart 2025-ci il tarixli, 04/135 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı 02 dekabr 2024-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin Şərur Rayon Şöbəsinə ərizə ilə müraciət edərək Şərur rayonu, Oğlanqala kəndində yerləşən anbar binasının sənədləşdirilməsini xahiş etmişdir. İddiaçının təqdim etdiyi sənədlər "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olmadığından İddiaçı ərizəsinin icrasından imtina olunmuşdur. Həmçinin iddiaçıya "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrinin tələbləri izah olunmuş, qanunvericilikdə tələb olunan sənədləri təqdim etdikdən sonra hüquqlarının qeydiyyatının aparılmasının mümkün olduğu nəzərinə çatdırılmışdır. Sonradan İddiaçı məhkəməyə 20 noyabr 2025-ci il tarixli yeni iddia ərizəsi təqdim edərək, "Naxçıvan MR Şərur rayon kənd təsərüfat birliyinin 1998-ci il tarixli rəyi və 1998-ci il tarixli aktı nəzərə alınmaqla İddiaçı tərəfindən satın alınmış 1954-cü ildə Şərur rayon Oğlanqala kəndində tikilmiş anbar binasına dair iddianın təmin edilməsi hüquqlarının qeydiyyata alınmaqla çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin protokol qərardadı ilə iddiaçı tərəfindən təqdim edilmiş yeni iddia ərizəsi icraata qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 19 dekabr 2025-ci il tarixə təyin edilmişdir. 19 dekabr 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini dəqiqləşdirərək "Naxçıvan MR Şərur rayon kənd təsərüfat birliyinin 1998-ci il tarixli rəyi və 1998-ci il tarixli aktı nəzərə alınmaqla İddiaçı tərəfindən satın alınmış 1954-cü ildə Şərur rayon Oğlanqala kəndində tikilmiş anbar binasına dair iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmaqla çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin üzərinə qoyulması” tələbi kimi oxunmasını xahiş etmişdir. Məhkəmənin protokol qərardadı ilə iddiaçı tərəfindən dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin nümayəndəsi X2 məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Şahid ifadələri: 20 noyabr 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında şahid qismində iştirak edən X5 ona ünvanlanmış suallları cavablandıraraq iddiaçının kənd sakini kimi tanıdığını, mübahisəli binanın kolxoz dövründən mövcud olduğunu, İddiaçı binanı kolxozdan aldığını, alıb dəyirman kimi istifadə etdiyini, onun həmin binanı təxminən 15 il əvvəl iddiaçıdan kirayə edərək yeməkxana kimi işlətdiyni, binadan istifadə etdiyinə görə idiaçıya pul ödədiyini, binanın hündürlüyünün təxminən 5 metr olduğunu, əvvəl binanın buğda anbarı olduğunu, hazırda anbar kimi istifadə olunduğunu, əvvəl bina təmirsiz olduğundan sonradan iddiaçının həmin binanı təmir etdiyini, iddiaçının binanı təmir etdirməsinə şahid olduğunu, heç kimin o binaya dair tələbinin olmadığını bildirmişdir. 20 noyabr 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında şahid qismində iştirak edən X3 ona ünvanlanmış suallları cavablandıraraq iddiaçını tanıdığını, eyni kənddə yaşadıqlarını, mübahisəli anbar binasının əvvəl kolxozun olduğunu, sonra iddiaçının aldığını, binanın hazırda istifadə edilmədiyini, amma binanın iddiaçıya məxsus olduğunu, binanın açarının iddiaçının özündə olduğunu, obyektin köhnə tikilinin olduğunu, sonra tikilinin iddiaçının təmir etdiyini, tikilinin qapı-pəncərəsini düzəltdirdiyini, dam örtüyünü dəyişdirdiyini, həmin anbar binasının tikilisinin kolxozun dövründən qaldığını bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxs tərəfindən Şərur rayon Oğlanqala kənd sakini İddiaçı ünvanlanan 10 yanvar 2025-ci il tarixli, 06/2-X- 15/1-1/2025 nömrəli məktubdan aydın olur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan RespublikasıQanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 1. Hüquqların dövlət qeydiyyatı üçün həmin Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 2. Torpaq sahəsinin planı və ölçüsü; 3. Torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 4. Dövlət rüsumunun ödənilməsi barədə sənəd. Qanunvericiliklə tələb olunan sənədləri Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin Şərur Rayon Şöbəsinə təqdim etməklə hüquqların qeydiyyatının aparılması üçün müraciət edə biləcəyi izah edilmişdir. - Şərur rayon Oğlanqala adlı təsərrüfatın yerli aqrar islahat komissiyasının üzvləri tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, aqrar islahatın aparılması ilə əlaqədar sovxozun balansında olan 1954-cü ildə tikilmiş, 21780 (iyirmi bir min yeddi yüz səksən) rubl məbləğində qiymətləndirilmiş anbar binasının və 1974-cü ildə tikilmiş, 13650 (on üç min altı yüz əlli) rubl məbləğində qiymətləndirilmiş un dəyirmanının dəyəri olan ******* (səkkiz milyon, səksən min səkkiz yüz) manat İddiaçı alınıb kolxozun/sovxozun hesabına keçirilmişdir. - xx.xx.1999-cu il tarixli qəbzin surətindən aydın olur ki, İddiaçı tərəfindən anbarın və un dəyirmanının dəyəri olan ******* (səkkiz milyon, səksən min səkkiz yüz) manat ödənilmişdir. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxx 1956-cı il tarixdə doğulmuşdur. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 12 may 2025-ci il tarixli, 3-48-NDA/1-2-679/2025 nömrəli məktubla göndərilmiş Şərur Rayon Dövlət Arxivinin 29 aprel 2025-ci il tarixli, 78 nömrəli və Şərur Rayon Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 19 iyun 2025-ci il tarixli, 147 nömrəli məktublarından görünür ki, Şərur rayon Oğlanqala sovxozunun balansında olan anbar və dəyirmanın 1998-1999-cu illərdə Şərur rayon Aqrar İslahat Komissiyası tərəfindən İddiaçı satılmasını təsdiq edən müvafiq sənədlər (akt, qəbz və s.) Şərur Rayon Dövlət Arxivində mühafizə olunmur. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 15 may 2025ci il tarixli, 04/263 nömrəli məktubdan görünür ki, Şərur rayon Oğlanqala sovxozunun balansında olmuş, 1998-ci il tarixdə akt əsasında İddiaçı satılmış anbar və dəyirman binaları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmin əmlakların mövcudluğu, eləcə də hər hansı fiziki və ya hüquqi şəxsin mülkiyyətində, istifadəsində olması barədə publik hüquqi şəxsin informasiya bazasında məlumat mövcud deyildir - Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxs tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 20 iyun 2025-ci il tarixli, 04/331 nömrəli məktubdan məlum olur ki, mübahisəli ərazini müəyyən etmək üçün Şərur Rayon Oğlanqala kəndində ölçmə işləri aparılmış, İddiaçı təqdim etdiyi sənədlər əsasında əmlakın yerini və sahəsini müəyyən etmək mümkün olmamışdır. İddiaçı iddia etdiyi tikiliyə baxış keçirilmiş və ölçüləri müəyyənləşdirilmişdir. Hal-hazırda iddia olunan ərazidə sahəsi 175,6 m2 olan tikili mövcuddur. Tikili heç bir fiziki və ya hüquqi şəxsin mülkiyyətində, icarəsində və istifadəsində deyil. Əmlakın faktiki ölçülərinin plan-sxemi məktuba əlavə olunmuşdur. - Şərur Rayon İcra Hakimiyyətinin Oğlanqala kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 15 oktyabr 2025-ci il tarixli, 5-28-45/2-29/2025 nömrəli məktubdan məlum olur ki, Oğlanqala kənd sakini İddiaçı istifadəsinə olan tikilini 20 ilə yaxındır ki, anbar kimi istifadə edir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 07 oktyabr 2025-ci il tarixli, 3-48-NDA/1-2-1610/2025 nömrəli məktubla göndərilmiş Şərur Rayon Dövlət Arxivinin 24 sentyabr 2025-ci il tarixli, 23 nömrəli məktubundan görünür ki, Şərur Rayon Oğlanqala kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 1998-2008-ci illərə aid təsərrüfatbaşına kitablarında İddiaçı adına anbar və ya dəyirman binası qeyd olunmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: -13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0.4-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsas hesab olunur. - 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. - 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”: 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlərin sırasına-yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış da daxil edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı və məqsədi Naxçıvan MR Şərur rayon kənd təsərüfat birliyinin 1998-ci il tarixli rəyi və 1998-ci il tarixli aktı nəzərə alınmaqla İddiaçı tərəfindən satın alınmış 1954-cü ildə Şərur rayon Oğlanqala kəndində tikilmiş anbar binasına dair iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmaqla çıxarışın və texniki pasportun verilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış məktubda hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinanın səbəbləri göstərilməmiş, iddiaçıya qanunvericiliklə tələb olunan sənədləri təqdim etməyi tövsiyə olunmuşdur. Cavabdeh orqan məhkəməyə təqdim edilən etiraz məktubunda öz imtinasını iddiaçının təqdim etdiyi sənədlərin "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olmaması ilə əsaslandırmışdır. İş materiallarına əlavə edilmiş Şərur rayon Oğlanqala adlı təsərrüfatın yerli aqrar islahat komissiyasının üzvləri tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, aqrar islahatın aparılması ilə əlaqədar sovxozun balansında olan 1954-cü ildə tikilmiş, 21780 (iyirmi bir min yeddi yüz səksən) rubl məbləğində qiymətləndirilmiş anbar binasının və 1974-cü ildə tikilmiş, 13650 (on üç min altı yüz əlli) rubl məbləğində qiymətləndirilmiş un dəyirmanının dəyəri olan ******* (səkkiz milyon, səksən min səkkiz yüz) manat İddiaçı alınıb sovxosun hesabına keçirilmişdir. İddiaçı tərəfindən xx.xx.1999-cu il tarixli qəbzlə anbarın və un dəyirmanının dəyəri olan ******* (səkkiz milyon, səksən min səkkiz yüz) ödənilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya anbar binasının ayrıldığını, onun həmin sahəyə hüququnun yarandığını müəyyən edən əsas hüquqmüəyyənedici sənəd qismində məhz həmin akt və qəbz çıxış edir. Yuxarıda qeyd edilən inzibati akt ləğv olunmadığından hazırda qüvvədədir və onun ləğv olunmasına dair məhkəməyə heç bir sübut təqdim olunmamış, eyni zamanda məhkəmə araşdırması zamanı da bu hal müəyyən edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati akt sayılan hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, cavabdeh hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Həmçinin Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxs tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 20 iyun 2025-ci il tarixli, 04/331 nömrəli məktubdan görünür ki, İddiaçı iddia etdiyi tikiliyə baxış keçirilmiş və ölçüləri müəyyənləşdirilmişdir. Hal-hazırda iddia olunan ərazidə sahəsi 175,6 m2 olan tikili mövcuddur. Tikili heç bir fiziki və ya hüquqi şəxsin mülkiyyətində, icarəsində və istifadəsində deyildir. İddaçının həmin anbar binasını aldığını və uzun illər istifadə etdiyini məhkəmə iclasında şahid qismində dindirilmiş X7 və X3 onlara ünvanlanmış suallları cavablandırarkən bir daha təsdiq etmişdirlər. Hazırkı işin halları üzrə iddiaçıya məxsus, yəni iddiaçı tərəfindən satın alınmış, aldığı vaxtdan bugünədək istifadə etdiyi 175,6 m2 olan tikilinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün əsaslar mövcud deyil. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, inzibati orqan tərəfindən mübahisəli tikiliyə dair İddiaçı mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsindən imtina edilməsi qanunun güddüyü məqsədə mütənasib olmamamaqla, iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb olmuşdur. Odur ki, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsə qarşı "Naxçıvan MR Şərur rayon kənd təsərüfat birliyinin 1998-ci il tarixli rəyi və 1998-ci il tarixli aktı nəzərə alınmaqla İddiaçı tərəfindən satın alınmış 1954-cü ildə Şərur rayon Oğlanqala kəndində tikilmiş anbar binasına dair iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmaqla çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 35, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. Naxçıvan MR Şərur rayon kənd təsərüfat birliyinin 1998-ci il tarixli rəyi və 1998-ci il tarixli aktı nəzərə alınmaqla İddiaçı tərəfindən satın alınmış 1954-cü ildə Şərur rayon Oğlanqala kəndində tikilmiş anbar binasına dair iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmaqla çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev
Məhkəmə qərarları › İş №2-1(122)-700/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-700/2025
19.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver