Məhkəmə qərarları › İş №2-1(122)-702/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-702/2025

20.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-702/2025 20.05.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X21 Heydər oğlunun sədrliyi, X22 oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinin xx.xx.2024-cü il tarixli, 73-nömrəli qərarının ləğv edilməsi və ona pensiya hüququnun yarandığı xx.xx.2024-cii il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyası hüququ yaranmışdır. O, xx.xx.2024-cü il tarixli ərizə ilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli, 73 nömrəli qərarı ilə onun müvafiq müraciətindən imtina edilmişdir. Ona qocalığa görə pensiya təyin edilmişdir. Qərarda imtinanın səbəbi kimi onun qanunvericiliyə əsasən 25 il sığorta stajının və tələb olunan pensiya kapitalının (40320 manatın) olmaması və xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalının olmadığı göstərilmişdir. O, 2006-cı ildən sonra DSMF-da fərdi hesabına sosial sığorta ödənişləri etmişdir. Belə ki, mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin istifadəsinə görə 21 dekabr 2015-ci il tarixdə ******* nömrəli qəbzlə 17.96 (on yeddi manat doxsan altı qəpik), 16 oktyabr 2017-ci il tarixdə ******* nömrəli qəbzlə 40.00(qırx) manat sosial sığorta haqqı ödəmişdir. Qeyd edilən sübut növləri-qəbzlər Fondun Pensiya təyinatı şöbəsinə təqdim edilmişdir. İnzibati orqan tərəfindən onun 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalının mövcud olmasına dair təqdim etdiyi sübutlar qiymətləndirilərkən qanunvericiliyin yuxarıda qeyd edilən müddəaları nəzərə alınmamış, tətbiq edilməmişdir. İddiaçı göstərilənlərə əsasən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinin xx.xx.2024-cü il tarixli, 73-nömrəli qərarının ləğv edilməsi və ona pensiya hüququnun yarandığı xx.xx.2024-cii il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə tərəfindən müvafiq sərəncam qəbul edilərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 13 mart 2025-ci il tarixdə məhkəməyə daxil olan iddiaya dair yazılı münasibəti onunla əsaslandırılmışdır ki, İddiaçı 02 dekabr 2024-cü il tarixli ərizə ilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı müraciət etmişdir. Fondun Pensiya təyinatı şöbəsinin 19 dekabr 2024-cü il tarixli, 73 nömrəli qərarı ilə iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmasından imtina olunmuşdur. Səbəb kimi iddiaçının qanunvericiliyə əsasən 25 il sığorta stajının və ya fərdi hesabın sığorta hissəsində pensiya kapitalının olmaması, həmçinin xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixdək fərdi hesabın sığorta hissəsində pensiya kapitalınının olmadığı göstərilmişdir. İddiaçı 2006-cı il tarixdən sonra Dövlət Sosial Müdafiə Fonduna ödənişlər etmişdir. Belə ki, onun mülkiyyətində olan təsərrüfat təyinatlı torpaq sahəsinin istifadəsinə görə 21 dekabr 2015-ci il tarixdə ******* nömrəli qəbzlə 17,96 manat; 16 oktyabr 2017-ci il tarixdə ******* nömrəli qəbzlə 40,0 manat məbləğində məcburi sosial sığorta haqqı ödənilmişdir. İddiaçı xx.xx.1979-cu ildən əmək fəaliyyətinə başlamış və işlədiyi müddətlər nəzərə alınmaqla onun 2006-ci ilədək 12 il 12 gün sığorta stajı və 12091,77 manat pensiya kapitalı, 2006-ci il tarixdən sonra isə 1 il 6 ay sığorta stajı və 2044,93 manat pensiya kapitalı olmaqla, ümumilikdə 13 il 6 ay 12 gün sığorta stajına əsasən fərdi hesabın sığorta hissəsində 14.136,67 manat pensiya kapitalı vardır ki, bu da qanunvericiliklə tələb edilən 25 il sığorta stajından və 40.320,0 manat pensiya kapitalından azdır. Həmçinin iddiaçının 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından ona ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi mümkün olmamışdır. Həmçinin iddiaçı tərəfindən Fonda Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktı barədə və hərbi xidmətdə olduğu müddətə dair sənədlər təqdim edilməmişdir. İddiaçı tərəfindən Fonda təqdim edilmiş 21 dekabr 2015-ci il tarixli, ******* nömrəli qəbzdən görünür ki, o, Babək rayonu, Güznüt kənd Bələdiyyəsinə 21,96 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Təqdim edilmiş digər ödəniş qəbzindən görünür ki, o, 16 oktyabr 2017-ci il tarixli, ******* nömrəli qəbzlə 40 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Lakin ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin X2 Sistemində (MEİS) öz əksini tapmamışdır. Həmçinin iddiaçı X2 Sisteminin “Sığorta” altsisteminin “Sığortaedənlərin reyestri” bölməsində “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” və “Pay torpaq mülkiyyətçisi” kimi uçota alınmamışdır. Qeyd olunanları nəzərə alaraq, cavabdeh İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinin xx.xx.2024-cü il tarixli, 73 nömrəli qərarının ləğv edilməsi və ona pensiya hüququnun yarandığı xx.xx.2024-cii il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi tələbi"nin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 20 may 2025-ci il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 etirazda yazılanlara uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Pensiya təyinatı şöbəsinin Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 19 dekabr 2024-cü il tarixli, 73 nömrəli qərarından məlum olur ki, İddiaçı tələb olunan 25 il sığorta stajının və 40320 manat pensiya kapitalınını olmaması səbəbi ilə ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 09 aprel 2025-ci il tarixli, 3-17-9-1/2-3689/2025 nömrəli məktubdan məlum olur ki, İddiaçı təqdim etdiyi sığorta stajına aid müvafiq sənədlərə əsasən ümumilikdə 13 il 6 ay sığorta stajı movcuddur. İddiaçı ümumilikdə 13 il 6 ay sığorta stajı qanunla nəzərdə tutulan 25 il sığorta stajından 11 il 6 ay az olduğu üçün Fondun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Pensiya təyinatı şöbəsinin Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 19 dekabr 2024-cü il tarixli, 73 nömrəli qərarı ilə ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. - İddiaçı məxsus ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surəti iş materiallarına əlavə edilmişdir. - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 11 aprel 2025-ci il tarixli, 04/556 nömrəli məktuba qoşma edilmiş JN-163, KOD 10310005 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, həmin dövlət aktı ilə Babək Rayon Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu il tarixli, 82 nömrəli qərarına əsasən İddiaçı və ailə üzvləri X13, X9, X10, X14, X3 təsərrüfatı məhsulları istehsalı məqsədilə 1.34 hektar torpaq sahəsi verilmişdir. - xx.xx.2015-ci il tarixli, ******* nömrəli qəbzdən məlum olur ki, İddiaçı tərəfindən 17,96 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2017-cü il tarixli, ******* nömrəli qəbzdən məlum olur ki, İddiaçı tərəfindən 40 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Naxçıvanpoçt” X23 tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 07 may 2025-ci il tarixli, 3-27-100-11/2-313/2025 nömrəli məktubdan məlum olur ki, Babək rayon sakini İddiaçı poçt vasitəsilə 16 oktyabr 2017-ci il tarixdə 39.8 (otuz doqquz manat səksən qəpik) manat məbləğində “Torpağın məcburi sığorta haqqı” ödəmişdir. - Babək Rayon İcra Hakimiyyəti Güznüt kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 26 iyul 2024-cü il tarixli, 01/184 nömrəli arayışdan məlum olur ki, İddiaçı Babək rayon Güznüt kəndində yaşayır. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı xx xxxx 1959-cu il tarixdə doğulmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeyd hissəsinə görə, Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2.10-cu maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət daxil edilir. - 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun - 2.0 və 2.0.1-ci maddələrinə görə dövlət sosial sığortasının həyata keçirilməsi, təkmilləşdirilməsi, əmək pensiyaların məcburi dövlət sosial sığorta haqlarının məbləğindən və sığorta stajından asılı olaraq hesablanması üçün bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulan məlumatlardan ibarət informasiya bazasının yaradılması fərdi uçotun məqsədləridir. - 2.0 və 2.0.2-ci maddələrinə görə əmək pensiyası təminatı və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün staj, məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər və məcburi dövlət sosial sığorta haqqı barədə məlumatların dəqiqliyinin təmin edilməsi fərdi uçotun məqsədləridir. - 2.0 və 2.0.4-ci maddələrinə görə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların fərdi şəxsi hesablarında əks olunmasına nəzarət etmək üçün sığortaolunanlara şərait yaradılması fərdi uçotun məqsədləridir. - 3.0 və 3.0.1- ci maddələrinə görə dövlət sosial sığorta sistemində sığortaolunanlar haqqında məlumatların uçota alınmasının ümumi və məcburi olması prinsipləri əsasında təşkil edilir. - 4.1- ci maddəsinə görə fərdi uçot sığortaçı tərəfindən elektron qaydada aparılır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1.5-ci maddəsinə əsasən sığortaolunana sığorta ödəməsinin ödənilməsi üçün əsas olan bu Qanunun 4-cü maddəsində nəzərdə tutulan hallar sosial sığorta hadisəsi hesab edilir. - 4-cü maddəsinə görə sosial sığorta hadisəsindən biri də pensiya yaşına çatmaqdır. - 9-cu maddəsinə əsasən sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək, könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək, məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin uçotunu aparmaq, məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların uçotunu aparmaq, məcburi dövlət sosial sığortası üzrə daxilolmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə aylıq, rüblük və illik üzləşdirilməsini aparmaq, sığortaçının vəzifələrinə aid edilmişdir. -9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. - 13.1-ci maddəsinə əsasən sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. - 13.2-ci maddəsinə əsasən ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. -18-ci maddəsində qeyd olunur ki, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir, bu Qanunun tətbiqi ilə əlaqədar izahatlar verir və səlahiyyəti daxilində normativ aktlar qəbul edir sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) əldə edir, sosial sığorta sahəsində elektron xidmətləri (məcburi sosial sığorta haqlarının hesablanması və ödənilməsi istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının X2 sistemi vasitəsilə həyata keçirir, qanunla nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının X2 sistemində sığortaedənlər və sığortaolunanlar barədə olan məlumatların dövlət orqanlarına (qurumlarına) verilməsini təmin edir. Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 634 №-li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X2 sistemi haqqında Əsasnamə”nin: 2.3 və 2.3.6-cı bəndlərinə görə “Sığorta” altsistemi vasitəsilə “Sosial sığorta haqqında” və "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta sahələrində xidmətlərin elektronlaşdırılması təmin edilir. 2.3 və 2.3.8-ci bəndlərinə görə “Pensiya” altsistemi vasitəsilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyası təyin edilmiş şəxslərin qeydiyyatı, əmək pensiyalarının sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotu, əmək pensiyalarının təyini, yenidən hesablanması və ödənilməsi, eləcə də statistik hesabatların hazırlanması və təhlillər aparılması təmin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 26 fevral 2021-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu Qaydasının: -2.1-ci bəndinə əsasən sığortaedənin sığortaçıda uçotu dedikdə, sığortaedənin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təqdim olunan məlumatlar əsasında uçota alınması və həmin uçot məlumatlarında dəyişikliklərin aparılması nəzərdə tutulur. -2.2-ci bəndinə əsasən sığortaedənin sığortaçıda olan aşağıdakı uçot məlumatları sığortaedənin Dövlət Vergi Xidmətinin X1 uçot məlumatları ilə müəyyən olunur və real vaxt rejimində qurumlararası elektron informasiya mübadiləsi yolu ilə həyata keçirilir: -2.2.4-cü bəndinə əsasən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxs olduqda, bu Qaydanın 2.2.1-ci yarımbəndində göstərilənlərlə yanaşı – soyadı, adı, atasının adı, FİN-i, torpağın sahəsi, torpağın keyfiyyət qrupu, torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin seriyası, nömrəsi, torpağın yerləşdiyi yer (şəhər (rayon), kənd (qəsəbə), ailə üzvlərinin (payçıların) soyadı, adı, atasının adı, FİN-i, ailə üzvlərinə düşən torpağın sahəsi; -2.2.5-ci bəndinə əsasən ailə kəndli təsərrüfatının başçısı olan fiziki şəxs olduqda, bu Qaydanın 2.2.1-ci yarımbəndində göstərilənlərlə yanaşı – soyadı, adı, atasının adı, FİN-i, uçotda olduğu bələdiyyə orqanı, əmək qabiliyyətli ailə üzvlərinin sayı. -2.3-ci bəndinə əsasən sığortaedənlərin uçot məlumatları Dövlət Vergi Xidməti tərəfindən mərkəzləşdirilmiş qaydada sığortaçıya real vaxt rejimində ötürülür və sığortaçı tərəfindən onlara sığortaedənin uçot nömrəsi (SUN) verilir. -1.3-cü bəndinə əsasən sığortaedənlərin və sığortaolunanların sığortaçıda uçotu mərkəzləşdirilmiş qaydada Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X2 sistemi haqqında Əsasnamə”nin 4.1-ci bəndinə əsasən Nazirliyin X2 sisteminə inteqrasiya edilən dövlət orqanlarının və qurumlarının informasiya ehtiyatları və sistemlərində olan uçot məlumatlarına uyğun olaraq təşkil olunur. -3.6-cı bəndinə əsasən öz-özünü sığortaedənlərin, habelə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.5.1-1.9-cu maddəsinə əsasən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli ailə üzvlərinin sığortaolunan kimi sığortaçıda uçotu Dövlət Vergi Xidmətinin təqdim etdiyi uçot məlumatları və bu Qaydanın 1.3-cü bəndinə əsasən Nazirliyin X2 sisteminə inteqrasiya edilən dövlət orqanlarının və qurumlarının informasiya ehtiyatları və sistemlərində olan uçot məlumatları əsasında sığortaçı tərəfindən sığortaedənin müraciəti olmadan sosial sığorta nömrəsi verilməklə avtomatlaşdırılmış qaydada aparılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - 34.1-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İş üzrə əsas mübahisəli məsələlər iddiaçının ümumi siğorta stajının qanunla nəzərdə tutulan müddətdən az olması və onun mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə ödədiyi məcburi dövlət sosial sığorta haqları üzrə məlumatların sığortaolunanın fərdi şəxsi hesabında (X11 Sistemində) öz əksini tapmaması ilə bağlıdır. Belə ki, cavabdeh inzibati orqan qeyd edilən arqumentləri əsas gətirərək iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Cavabdeh tərəf iddiaçıya avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmamasının iddiaçının adından ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin X2 Sistemində (MEİS) fərdi hesabın sığorta hissəsində öz əksini tapmaması əsası ilə çıxış etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının paylı mülkiyyətçisi olduğu kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə sosial sığorta haqlarını ödəməsi barədə sübutları məhkəməyə təqdim etdiyindən ödənişin elektron sistemdə öz əksini tapmaması iddiaçının məsuliyyət sferasına daxil edilə bilməz və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu hal özüözlüyündə vətəndaşın sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz. Həmçinin belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sosial sığorta stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. İddiaçının məhkəməyə təqdim etdiyi qəbzlərdən görünür ki, o, 2015 və 2017-ci illərdə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə öz adına məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Lakin cavabdeh inzibati orqan inzibati icraat qaydasında işin bu halını araşdırmamış, ona hüquqi qiymət verməmiş və pensiya təyin edilməsindən imtina olunması barədə qanunsuz və əsassız qərar qəbul etməklə iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüquqnu pozmuşdur. İddiaçı tərəfindən ödənilən məbləğin qəbul edilməməsi, geri qaytarılması, iddiaçının məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmasından imtina edilməsi, həmin dövrdə məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə görə maliyyə sanksiyalarının tətbiqi və s. hallar iş üzrə aşkar edilməmişdir. Nəzərə alınmalıdır ki, büdcə gəlirləri Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının və yerli özünüidarəetmə orqanlarının müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydada dövlət büdcəsinə, Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə daxil olan vergilər, rüsumlar, digər ödənişlər və daxilolmalar hesabına formalaşır. Qanunverici mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddətin sığorta stajına daxil edilməsini məcburi şərt kimi müəyyən edir. Məcburi dövlət sosial sığorta haqlarını sığortalamaya görə sığortaçıya ödənilən pul vəsaitidir. Məcburi dövlət sosial sığortasına cəlb olunmuş şəxsin təqdim etdiyi məbləği qəbul edib fərdi uçotunu aparmamaq sosial sığortanın prinsiplərinə zidd olmaqla onun sosial təminat hüququnu pozur. Bu qərarda göstərilən qanun normalarına və şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtinası qanunvericiliyə zidd olmuş, qeyd edilən hallar isə real sübutlar və hüquq normaları ilə dəstəklənməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı ona əmək pensiyasının təyin edilməsini tələb etməkdə haqlı sayılmalıdır. Beləliklə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinin xx.xx.2024-cü il tarixli, 73-nömrəli qərarının ləğv edilməsi və ona pensiya hüququnun yarandığı xx.xx.2024-cii il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 4.1, 14.1, 32.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinin xx.xx.2024-cü il tarixli, 73-nömrəli qərarı ləğv edilsin. İddiaçı pensiya hüququnun yarandığı xx.xx.2024-cii il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar