Məhkəmə qərarları › İş №2-1(122)-704/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-704/2025

28.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-704/2025 28.10.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X7 Heydər oğlunun sədrliyi, X8 oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "onun mülkiyyətində olmuş Naxçıvan şəhəri, 1-ci mikrorayon ərazisində 3×6 metr ölçüdə, 30 nömrəli qeyriyaşayış obyekti olan qarajın yerləşdiyi torpaq sahəsinin ona geri qaytarılması və ya həmin qeyri-yaşayış obyektinin dəyəri olan 50.000 (əlli min) manat kompensasiyanın Naxçıvan Şəhər İcra Hakimiyyətindən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisəyə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Naxçıvan şəhər XDS İcraiyyə Komitəsi Tikinti və X4 31 avqust 1987-ci il tarixli məktubuna əsasən şəxsi avtomobilini saxlamaq üçün 1-ci mikrorayonda ayrılmış torpaq sahəsinin birinci cərgəsində 30 nömrəli qaraj tikilib 2011-ci ilədək maneəsiz istifadə edilmişdir. Həmin qarajı 2011-ci ildə onun razılığı olmadan və heç bir kompensasiya ödənilmədən sökmüşlər. Bununla bağlı Naxçıvan Şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət etsə də, ona müvafiq məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. İddiaçı qeyd olunanlara əsasən onun mülkiyyətində olmuş Naxçıvan şəhəri, 1-ci mikrorayon ərazisində 3×6 metr ölçüdə, 30 nömrəli qeyri-yaşayış obyekti olan qarajın yerləşdiyi torpaq sahəsinin ona geri qaytarılması və ya həmin qeyri-yaşayış obyektinin dəyəri olan 50.000 (əlli min) manat kompensasiyanın Naxçıvan Şəhər İcra Hakimiyyətindən alınıb ona ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən müvafiq sərəncam qəbul edilərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyəti iddia tələbinə dair 02 iyun 2025-ci il tarixli, 5-5/2-892/2025 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, hazırkı iddia tələbi ilə bağlı aparılan araşdırma zamanı İcra Hakimiyyəti tərəfindən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən sahəsi 24 m2 qarajın sökülməsinə və ya dövlət ehtiyacları üçün alınmasına dair qərar və yaxud inzibati akt müəyyən olunmamışdır. Naxçıvan MR Dövlət Arxiv İdarəsinə verilən sorğuya cavab olaraq İdarənin 06 mart 2025ci il tarixli 3-48-NDA/1-2-331/2025 №-li məktubunda Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2011-ci ilə aid sənədlərində ünvan 1 ünvanında yerləşən sahəsi 24 m2 qarajın 2011-ci ildə Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən sökülməsinə və ya dövlət ehtiyacları üçün alınmasına, əvəzində İddiaçı kompensasiya ödənilməsinə yaxud əvəzinin verilməsinə dair mövcud olan sərəncam, maliyyə sənədlərinə rast gəlinmədiyi qeyd edilmişdir. Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə verilmiş sorğuya da eyni məzmunlu cavab verilmişdir. Cavabdeh orqan iddia ərizəsində göstərilənlər və əlavə edilən sənədlər araşdırılarkən ərizəyə iddia edilən əmlakın mövcud olmasına, fəaliyyətinə, iddiaçının xüsusi mülkiyyəti olduğuna, dövlət qeydiyyatına alınmasına, Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən sökülməsinə və yaxud dövlət ehtiyacları üçün alınmasına dair hər hansı bir dəlil və sübutların təqdim edilmədiyi səbəblərindən iddianı əsassız hesab etdiklərini bildirmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 28 oktyabr 2025-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən ünvan 3 ünvanında yaşayan İddiaçı ünvanlanmış 06 yanvar 2025-ci il tarixli, 5-5/2-İ-85/2-8/2024 nömrəli məktubla bildirilmişdir ki, qeyd edilən ünvanda yerləşən qarajın sökülməsinə və dövlət ehtiyacları üçün alınmasına dair İcra hakimiyyətində heç bir inzibati akt yaxud sənəd aşkar etmək mümkün olmamışdır. - Naxçıvan şəhər XDS İcraiyyə Komitəsi Tikinti və X6 tərəfindən Naxçıvan şəhər İ mikrorayon 6 nömrəli evin 37-ci mənzilində yaşayan İddiaçı ünvanlanmış 31 avqust 1987ci il tarixli məktubundan məlum olur ki, İ mikrorayonda fərdi qaraj tikilməsi üçün ayrılmış torpaq sahəsinin birinci cərgəsində 30 №-li qaraj tikilməsinə Şəhər XDS İK-nin Tikinti və X6 etiraz etmir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 03 mart 2025-ci il tarixli, 3-48-NDA/1-2-305/2025 nömrəli məktubdan məlum olur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə edilən Naxçıvan şəhər İcra Hakimiyyətinin 1987-2011-ci illərə aid sənədlərində, İddiaçı adına qaraj olması barədə məlumat mövcud deyil, eləcə də, Naxçıvan şəhəri, 1-ci mikrorayon ərazisində yerləşmiş qarajın dövlət ehtiyacları məqsədilə sökülməsi barədə məlumata rast gəlinməmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 02 may 2025-ci il tarixli, 3-48-NDA/1-2-639/2025 nömrəli məktubdan məlum olur ki, Naxçıvan Şəhər XDS-nin İK-nin 1980-1987-ci illərə aid sənədlərində Naxçıvan şəhər İ mikrorayon ərazisində İddiaçı adına 3×6 metr ölçüdə fərdi qarajın tikilməsi üçün torpaq sahəsinin ayrılmasına dair heç bir məlumata rast gəlinməmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 10 iyul 2025-ci il tarixli, 3-48-NDA/1-2-1157/2025 nömrəli məktubdan məlum olur ki, Naxçıvan Muxtar Respublikası X3 Şəhər İcra Hakimiyyətinin 1987-ci ilə aid daxil olan və göndərilən məktubları mühafizə edilmir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.5. inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciəti; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 71.2. Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu: 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 13.1. Dövlət reyestrində daşınmaz əmlak, onlar üzərində həm mövcud olan, həm də xitam verilmiş hüquqlar və hüquq sahibləri barədə məlumat saxlanılır. 19.1. Daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmənin əsaslandırması: Məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının hüquqi marağı Naxçıvan şəhəri, 1-ci mikrorayon ərazisində 3×6 metr ölçüdə, 30 nömrəli qeyri-yaşayış obyekti olan qarajın yerləşdiyi torpaq sahəsinin ona geri qaytarılması və ya həmin qeyri-yaşayış obyektinin dəyəri olan 50.000 (əlli min) manat kompensasiyanın cavabdehdən alınıb ona ödənilməsi ilə bağlıdır. Qeyd edilməlidir ki, hər bir konkret halda mülki hüquqi məsuliyyət tədbirləri tətbiq edilərkən, onların törədəcəyi nəticələr (həm zərərçəkən, həm də zərərvuran şəxslərə münasibətdə) dəymiş zərərə mütənasib olmalı, eyni zamanda fərdi və ümumi maraqların tarazlığı təmin edilməlidir. Əks yanaşma mülki hüququn ümumi əsaslarına zidd olmaqla, ədalət və mütənasiblik prinsiplərinin pozulmasına səbəb olar. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. İddiaçı tələbinin hüquqi əsası kimi “İ mikrorayonda fərdi qaraj tikilməsi üçün ayrılmış torpaq sahəsinin birinci cərgəsində 30 nömrəli qaraj tikilməsinə Şəhər XDS İK-nin Tikinti və X6 tərəfindən etiraz edilməməsi” barədə Naxçıvan şəhər XDS İcraiyyə Komitəsi Tikinti və X4 31 avqust 1987-ci il tarixli məktubuna istinad etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının təqdim etdiyi həmin sənəd özü-özlüyündə qaraj tikintisi üçün müvafiq icra hakimiyyəti orqanının həmin tikilinin inşa edilməsinə icazə barədə qərarını əvəz etməməklə, torpaq sahəsinə dair hüquqların qeydiyyata alınmasına və ya həmin torpaq sahəsinin üzərində inşa edilmiş qaraj binasının mövcud olmasına dəlalət etmir. Bu mənada, iddiaçının hüquq müəyyənedici sənəd kimi istinad etdiyi məktub əsasında sözügedən qarajın tikilməsinə Şəhər XDS İK-nin Tikinti və X6 tərəfindən etiraz edilməməsi göstərilsə də, iş materialları üzrə qarajın nə vaxtsa mövcud olması müəyyən olunmur. Başqa sözlə iddiaçı istər qaraj binasının yerləşmiş olduğu torpaq sahəsinin onun mülkiyyətində olmasını, istər sözügedən qarajın onun tərəfindən tikilməsini, istərsə də, həmin əmlakın cavabdeh tərəfindən sökülməsini mötəbər dəlillərlə sübut edə bilməmiş, bu hallar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Qeyd olunan hallar da iddiaçıya həmin sahənin geri qaytarılması və ya kompensasiyanın ödənilməsi üçün əsas ola bilməz. Digər yandan mövcud olduğu halda belə, iddiaçı qeyd olunan qeyri-yaşayış obyektinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən söküldüyünü bildirsə də, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun inzibati şikayətlər üzrə icraatla bağlı 7-ci fəslində nəzərdə tutulmuş qaydalara uyğun olaraq həmin müddətdə (14 il ərzində) hər hansı şikayət instansiyasına inzibati şikayət verməmişdir ki, bu hal qeyd olunan tikilinin cavabdeh tərəfindən sökülmədiyinə dəlalət edir. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş mülkiyyət hüququna dair normalar baxımından (13, 29) da, inzibati orqanlar yalnız qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə məsuliyyət daşıyırlar. Xüsusi olaraq vurğulanmalıdır ki, zərər ilə təqsirli hesab olunan subyektin əməli arasında səbəbli əlaqə olmalıdır. Belə ki, zərərə görə təqsirli hesab ediləcək subyektin hərəkət və ya hərəkətsizliyi zərərin baş verməsinə birbaşa zəmin yaratmalıdır. Hazırkı halda iddiaçının bildirdiyi qaraj binasına münasibətdə mülkiyyət hüququnun pozulması ilə ehtimal olunan zərər ilə inzibati orqanın əməli arasında səbəbli əlaqə mövcud olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının bildirdiyi qaraj binasının sökülməsi barədə istinad etdiyi qeyd olunan səlahiyyətlərin Naxçıvan Şəhər İcra Hakimiyyətinin iradə ifadəsi əsasında həyata keçirildiyi qəbul edilə və həmin səlahiyyətlərin onun tərəfindən icra olunduğu anlamında qiymətləndirilməsi düzgün hesab edilə bilməz. Bu səbəbdən mülkiyyətçi tərəfindən tələb olunan ziyanın ödənilməsi cavabdehin məsuliyyət sferasına aid edilməməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İşdə olan sənədlərlə cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya maddi zərər dəyməsi təsdiq olunmamış, İPM-in 14-cü maddəsinin tələbləri baxımından iddianın əsasını təşkil edən mümkün və mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Beləliklə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "onun mülkiyyətində olmuş Naxçıvan şəhəri, 1-ci mikrorayon ərazisində 3×6 metr ölçüdə, 30 nömrəli qeyri-yaşayış obyekti olan qarajın yerləşdiyi torpaq sahəsinin ona geri qaytarılması və ya həmin qeyri-yaşayış obyektinin dəyəri olan 50.000 (əlli min) manat kompensasiyanın Naxçıvan Şəhər İcra Hakimiyyətindən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4.1, 33.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "onun mülkiyyətində olmuş Naxçıvan şəhəri, 1-ci mikrorayon ərazisində 3×6 metr ölçüdə, 30 nömrəli qeyriyaşayış obyekti olan qarajın yerləşdiyi torpaq sahəsinin ona geri qaytarılması və ya həmin qeyri-yaşayış obyektinin dəyəri olan 50.000 (əlli min) manat kompensasiyanın Naxçıvan Şəhər İcra Hakimiyyətindən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə iddiası rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar