Məhkəmə qərarları › İş №2-1(122)-71/2020

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-71/2020

13.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-71/2020 13.08.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, X2liyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə qarşı X8, X5, X6, X9 və X13 Naxçıvan şəhəri, Şahtaxtinski küçəsi, döngə 2, ev 14 A ünvanının qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8, X5, X6, X9 və X13 Naxçıvan şəhəri, Şahtaxtinski küçəsi, döngə 2, ev 14 A ünvanının qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Naxçıvan şəhəri, Şahtaxtinski küçəsi, döngə 2, ev 14 A ünvanında yerləşən daşınmaz əmlak (fərdi yaşayış evi) tam mülkiyyət hüququ üzrə ona məxsusdur. Bu evi o, 12 yanvar 2016-cı il tarixdə AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsi ilə Naxçıvan şəhər sakini X4 almışdır. O, həmin evi alarkən Şəfəq Rüstəmova ilə razılaşmışlar ki, evdə qeydiyyatda olan bütün şəxslər tezliklə gəlib uçotdan çıxacaqlar. Lakin, qeyd olunan daşınmaz əmlakı (fərdi yaşayış evini) aldığı vaxtdan 4 il keçməsinə baxmayaraq, qeydiyyat yeri barədə olan arayışda göstərilən şəxslər X17, X10, X14, X18 və X19 onun mülkiyyətində olan qeyd olunan ünvanda pasport qeydiyyatından çıxmayıblar. İddiaçı qeyd edir ki, 2016-cı ildən bu yana mülkiyyəti sayılan Naxçıvan şəhəri, Şahtaxtinski küçəsi, döngə 2, ev 14 A ünvanında qeydiyyatda olan Qəribovlar ailəsi həmin evdə artıq yaşamırlar və formal olaraq onun evində pasport qeydiyyatında dururlar. Eşitdiyinə görə həmin şəxslər uzun müddətdir ki, Bakı şəhərinə köçərək orada yaşayırlar. Onun da bu uzun müddət ərzində gərəksiz yerə onların əvəzindən evin bütün kommunal xərclərini qarşıladığından buna maddi imkanı da artıq çatmır. Get-gedə problemləri çoxalır. Onun da öz ailəsi, məktəbdə oxuyan uşağı var. Dəfələrlə müraciət etdiyinə baxmayaraq qeydiyyatdan çıxmaq istəmirlər. Yuxarıda qeyd olunan şəxslərin onun qeydiyyatından çıxarılması ilə bağlı Naxçıvan Şəhər Polis İdarəsinə 29.02.2019-cu ildə ərizə ilə müraciət etmişdir. Polis İdarəsindən müraciəti ilə bağlı ərizəyə verilən cavab məktubunda, qeydiyyatdan çıxarılmanın qanunun tələblərinə uyğun olmadığı göstərilərək imtina edilmişdir. İddiaçı yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2 və 33-cü maddələrini rəhbər tutaraq məhkəmədən qeydiyyat yeri barədə olan arayışda göstərilən şəxslər X8, X5, X6, X9 və X13 Naxçıvan şəhəri, Şahtaxtinski küçəsi, döngə 2, ev 14 A ünvanında yerləşən daşınmaz əmlakdan (fərdi yaşayış evindən) qeydiyyatdan çıxarılması öhdəliyinin Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, hazırlıq icraatına başlanılmış, mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanuna müvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 25 iyun 2020-ci il tarixli, 2- 1(122)-71/2020 nömrəli qərardadı ilə X17, X10, X14, X18 və X19 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 13 avqust 2020-ci il tarixə təyin edilmişdir. Cavabdeh Naxçıvan Şəhər Polis İdarəsi şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə, həmçinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmiş, lakin, Naxçıvan Şəhər Polis İdarəsi nümayəndəsinin iştirakı olmadan işə baxıb müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxslər X8, X5, X6, X9 və X13 qeydiyyatda olduğu ünvana məhkəmə bildirişləri göndərilmiş və üçüncü şəxslər həmin ünvanda yaşamadıqlarından məhkəmə bildirişləri məhkəməyə qaytarılmışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, X8, X5, X6, X9 və X13 Naxçıvan şəhəri, Şahtaxtinski küçəsi, döngə 2, ev 14 A ünvanından çıxarılmaları öhdəliyinin cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına cavabdehin imtina məktubunu, evin əldə olunmasna dair sənədləri, qeydiyyatla bağlı arayışı, şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Belə ki, iş materiallarında olan ünvan 4 ünvanında yaşayan İddiaçı ünvanladığı 12 iyun 2020-ci il tarixli, 7/1653-V 546 nömrəli məktubundan görünür ki, X8, X5, X6, X9 və X13 Naxçıvan şəhəri, Şahtaxtinski küçəsi, döngə 2, ev 14 A ünvanının qeydiyyatından çıxarılmaları tələbindən imtina edilmişdir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 06 aprel 2016-cı il qeydiyyat tarixli, MH seriyalı, ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Naxçıvan şəhəri, Şahtaxtinski küçəsində xüsusi mülkiyyətində olan 0.0272 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 111.93 kv.m. sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 441 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 03 mart 2020-ci il tarixli, 01/962 nömrəli arayışından görünür ki, X17, X10, X14, X18 və X3 şəhəri, Şahtaxtinski küçəsi, döngə 2, ev 14 A ünvanının pasport qeydiyyatındadırlar. İş materiallarında olan 12 yanvar 2016-cı il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X1 şəhəri, Şahtaxtinski küçəsi, döngə 2, ev 14 A-da 0.0272 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 112.39 kv.m., yaşayış sahəsi 58.13 kv.m., yardımçı sahəsi 54.26 kv.m. olan üç otaqlı fərdi yaşayış evini İddiaçı satmışdır. İş materiallarında olan AZE seriyalı, 08712174 nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 07 avqust 1970-ci ildə Naxçıvan Muxtar Respublikası, ünvan 5 ünvanında yaşayır. İş materiallarına əlavə olunmuş Naxçıvan Bələdiyyəsinin məhkəməyə ünvanlandığı 02 iyul 2020-ci il tarixli, 95 nömrəli və 22 iyul 2020-ci il tarixli, 108 nömrəli məktublarından görünür ki, Naxçıvan Bələdiyyəsinə daxil olmuş məhkəmə sərəncamları, bildirişləri və qərardadları Naxçıvan şəhəri, Şahtaxtinski küçəsi, döngə 2, ev 14 A ünvanına aparılmış və adı çəkilən vətəndaşlar olmadığından həmin sənədlərin təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin məhkəməyə ünvanlandığı 06 iyul 2020-ci il tarixli, 03/57 nömrəli məktubundan görünür ki, Naxçıvan şəhəri, Şahtaxtinski küçəsi, döngə 2, ev 14 A ünvanında pasport qeydiyyatında olan X17, X10, X14, X18 və X15 göndərilən məhkəmə bildirişini həmin ünvan satıldığından yuxarıda adları qeyd olunanlar uzun müddətdir həmin ünvanda yaşamadıqlarından məhkəmə bildirişini çatdırmaq mümkün olmamışdır. Üçüncü şəxslərin iddiaçıya məxsus fərdi yaşayış evində yaşamamaları onların qeydiyyatlarının formal olduğunu göstərir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı ”İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür (maddə 2). Müvafiq icra hakimiyyəti orqanları (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan bu hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında (maddə 9). Məhkəmə, həmçinin qeyd edir ki, vətəndaş qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizəanketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. İş materiallarından görünür ki, üçüncü şəxslər X8, X5, X6, X9 və X13 həmin fərdi yaşayış evindən istifadə hüquqlarına dair heç bir sübut yoxdur və həmin fərdi yaşayış evində qeydiyyatda qalmaları üçün əsas olan sənədlər mövcud deyildir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinin birinci abzasında qeyd edilir ki, şəxsin yaşayış yeri -tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinin 2-ci abzasında qeyd edilir ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə şəxsiyyət vəsiqəsini, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. Göründüyü kimi, hər bir şəxs yaşayış yeri üzrə qeydiyyata alınmalıdır. Şəxsin yaşayış yeri yuxarıda qeyd edilən hüquq normalarına görə daimi və ya daha çox yaşadığı ev, mənzil başa düşülür. Buna görə də məhkəmə hesab edir ki, X17, X10, X14, X18 və X19 Naxçıvan şəhəri, Şahtaxtinski küçəsi, döngə 2, ev 14 A ünvanında yerləşən fərdi yaşayış evində yaşamadıqlarına və həmin fərdi yaşayış evi onların yaşayış yerləri olmadığına görə sözügedən evdə qeydiyyatda qalmaları düzgün deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi təmin edilməli, üçüncü şəxslər X8, X5, X6, X9 və X13 Naxçıvan şəhəri, Şahtaxtinski küçəsi, döngə 2, ev 14 A ünvanının qeydiyyatından çıxarılmaları öhdəliyi Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulmalıdır. Ödənilmiş dövlət rüsumu məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4, 68-69, 75, 81, 85 və 110.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilir. İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, Şahtaxtinski küçəsi, döngə 2, ev 14 A ünvanının qeydiyyatından X8, X5, X6, X9 və X13 çıxarılmaları öhdəliyi cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulur. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN : HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar