Məhkəmə qərarları › İş №2-1(122)-71/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-71/2023

29.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-71/2023 29.03.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon idarəsinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon idarəsinə qarşı “həyat yoldaşının ona qulluq müddətini və torpaq üçün ödənilmiş məcburi dövlət sosial sığorta haqqını nəzərə alaraq ona azyaşlı övladları üçün ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon idarəsinə qarşı məhkəməyə müraciət edərək Dövlət Sosial Müdafiə Fonduna ödənilən sosial sığorta məbləğinin komputerə qeyd olunması və himayəsində olan 2 azyaşlı övladının əmək pensiyasının hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2004-cü ildə ailə qurmuşdur. 2 övladı var. 2000-ci ildən İ qrup əlildir. Həyat yoldaşı X7 2017-ci ilədək İ qrup əlil olduğu üçün ona baxmışdır. 2017-ci ildə ağır xəstəlik keçirərək İ qrup əlillik dərəcəsi almışdır. 2019-cu il martın 8-də vəfat etmişdir. Həyat yoldaşı X12 rayon Dövlət Sosial Müdafiə Fonduna 7 il ərzində ödədiyi məbləğ kompüterə qeyd edilməmişdir. Nəticədə himayəsində olan 2 azyaşlı övladları əmək pensiyası almaq hüququndan məhrum olmuşdur. İddiaçı yuxarıda göstərilənlərə əsasən məhkəmədən Dövlət Sosial Müdafiə Fonduna ödənilən sosial sığorta məbləğinin komputerə qeyd olunması və himayəsində olan 2 azyaşlı övladının əmək pensiyasının hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra iş üzrə şifahi icraat qaydasında mümkünlük iclası 16 yanvar 2023-cü il tarixə təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2- 1(122)-71/2023 nömrəli qərardadı ilə iddia tələbi dəyişdirilərək “həyat yoldaşının ona qulluq müddətini və torpaq üçün ödənilmiş məcburi dövlət sosial sığorta haqqını nəzərə alaraq ona azyaşlı övladları üçün ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qoyulması” tələbi kimi icraata qəbul edilmişdir. Bundan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon idarəsi iddiaya qarşı 27 yanvar 2023-cü il tarixli, 03/35 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, xx xxxx 1983-cü il tarixdə anadan olmuş, Babək rayonu, Qaraqala kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı ailə başçısını itirməyə görə əmək pensiya təyin olunması barədə 13 dekabr 2022-ci il tarixli ərizə ilə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon idarəsinə müraciət etmişdir. Fondun Babək rayon idarəsi tərəfindən iddiaçıya ünvanlanmış 14 dekabr 2022-ci il tarixli, 03/817 nömrəli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün təyin edilir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində 18 yaşına çatmamış, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil və təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək olan övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu Qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda təyin olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. (32 yaş üçün tələb olunan sığorta stajı 5 il 8 ay müəyyən olunmuşdur. (32 - 15 x 4 ay : 12 ay). İddiaçı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək, 2000-ci il tarixdən İ qrup əlil olduğunu, 2004-cü il tarixdən ailə qurduğunu, 2017-ci il tarixədək mərhum həyat yoldaşının ona qulluq etdiyini, 2018-ci ilin mart ayında həyat yoldaşı vəfat etdikdən sonra onun himayəsində iki azyaşlı övladlarının qaldığını, mərhum həyat yoldaşı tərəfindən 7 il ərzində kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə Babək rayon Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqqının ödənildiyini nəzərə alaraq ona azyaşlı övladları üçün ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon idarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, həmin Qanunun 21.2.4-cü maddəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti də daxil edilməsi göstərilmişdir. Hazırkı iddia ərizəsində iddiaçının mərhum həyat yoldaşının ona qulluq etdiyi müddətin sığorta stajına daxil edilməsi ilə bağlı iddiasına münasibət bildirərək qeyd edilməlidir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017- ci il 11 dekabr tarixli, 17 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında'' Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın “Sosial sığorta stajının hesablanması proseduru”nun 3.2.5-ci bəndinə istinadən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə) əsasında daxil edilir. Həmin Qaydaların 3.9-cu bəndinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Həmin Qaydaların 10 nömrəli Əlavəsinə əsasən bu AKT, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonunun müvafiq şöbəsinin müdiri və pensiya təyinatı sektorunun müdiri tərəfindən möhürlə təsdiq edilir. Göründüyü kimi, istinad edilən Qaydaların 3.9-cu bəndində göstərilən qaydada tərtib edilmiş akt yalnız 10 nömrəli Əlavədə göstərilən qaydada imzalanıb təsdiq edildikdən sonra İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddətinin sığortaolunanın sığorta stajına daxil edilməsi üçün əsas ola bilər. Hazırkı işdə iddiaçı tərəfindən inzibati orqana bu barədə hər hansı sənəd təqdim olunmamışdır. Beləliklə, İddiaçı mərhum həyat yoldaşının ona qulluq etdiyi müddət barədə hər hansı sübut təqdim olunmadığı, vəfat etmiş şəxsin tələb olunan sığorta stajı, eləcə də X1 Sisteminin fərdi hesabın sığorta hissəsində pensiya kapitalı olmadığı üçün ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon idarəsinə qarşı qaldırdığı iddia əsassız olduğundan, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 22 fevral 2023-cü il tarixli, 2-1(122)-71/2023 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 29 mart 2023-cü il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon idarəsinin nümayəndəsi X10 iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı iş materiallarına cavabdehin imtina məktubunu, TSEK-də müayinə aktından çıxarışı, vəsiqənin surətini, qəbzi, ölüm haqqında şəhadətnaməni, arayışı və şəxsiyyət vəsiqəsinin surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, ilk növbədə, verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarında olan: - “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon idarəsi tərəfindən İddiaçı ünvanlanan 14 dekabr 2022-ci il tarixli, 03/817 nömrəli məktubdan görünür ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu Qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 12.1-ci maddəsində ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı (32 yaş üçün tələb olunan sığorta stajı 5 il 8 ay) olduqda təyin edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq təqdim edilmiş sənədlərə əsasən vəfat etmiş şəxsin tələb olunan stajı olmadığı üçün ailə başçısını itirməyə görə əmək pensiyası təyin etmək qanunvericilik xaricindədir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş TSEK-də müayinə aktından çıxarışdan görünür ki, 04 may 1987-ci il təvəllüdlü X5 21 iyun 2018-ci il tarixdə ümumi səbəblərə görə müddətsiz olaraq İ qrup əlillik dərəcəsi verilmişdir. - 13 mart 2014-cü il tarixli, 053881 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı ümumi xəstəlik səbəbindən müddətsiz olaraq İ qrup əlillik dərəcəsi verilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Babək rayon şöbəsi tərəfindən verilmiş 27 avqust 2009-cu il tarixli, 134688 nömrəli məcburi dövlət sosial sığorta haqqı üçün mədaxil qəbzindən görünür ki, X2 2009-cu il üçün məcburi dövlət sosial sığorta haqqı pay torpaq üçün 7.20 (yeddi manat 20 qəpik) məbləğində pul ödəmişdir. - 18 mart 2019-cu il tarixli, AZ-İ 699831 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən və 14 oktyabr 2020-ci il tarixdə təkrar verilmiş AZ-İİ 084522 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 08 mart 2019-cu il tarixdə Babək rayonu, Kalba-Oruc Dizə kəndində ağciyərin yeni törəməsi səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2019-cu ilin mart ayının 18-ci günündə 31 nömrə ilə qeyd edilmişdir. - Babək Rayon İcra Hakimiyyətinin Məmmədrza Dizə Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 20 dekabr 2022-ci il tarixli, 754 nömrəli arayışdan görünür ki, İddiaçı Babək rayonu, Qaraqala kəndində yaşayır və qeydiyyatdadır. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1983-cü ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş: - 02 iyul 2005-ci il tarixli, AZ-İ 172681 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 1983-cü il tarixdə Babək rayonu, Qaraqala kəndində doğulmuş İddiaçı ilə 04 may 1987-ci ildə Babək rayonu, Kalba-Oruc Dizə kəndində doğulmuş X3 02 iyul 2005-ci ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2005-ci ilin iyul ayının 02-ci günündə 05 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Məhərrəmova soyadı verilmişdir. - Babək Rayon İcra Hakimiyyətinin Məmmədrza Dizə Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 31 yanvar 2023-cü il tarixli, 132 nömrəli arayışdan görünür ki, Babək rayonu, Qaraqala kənd sakini İddiaçı Babək rayonu, Qaraqala kəndində yaşayır, qonşulardan və yaxın qohumlardan alınmış ərizələrə əsasən ailəli olduğu müddət ərzində birinci qrup əlil olduğu üçün xx.xx.2018-ci il tarixədək ona arvadı mərhumə X7 baxılıcılıq etmişdir. Beləliklə, iddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi barədə müraciət etsə də, cavabdeh inzibati orqan tərəfindən onun tələbinin icrasından imtina edilmişdir. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim etdiyi müvafiq məktublardan və nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatdan aydın olur ki, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtina cavabı verilmişdir. İmtina cavabının verilməsinə əsas kimi iddiaçının mərhumə həyat yoldaşının qanunvericiliklə tələb olunan sığorta stajına malik olmaması və fərdi hesabın sığorta hissəsində pensiya kapitalının olmaması göstərilmişdir. Bu əsasa görə də iddiaçıya ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsindən imtina edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədlərə, iddiaçı tərəfin tələbinə və cavabdehin etirazına hüquqi qiymət verərək, iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, Bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 18 yaşına çatmamış; 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. - 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. - 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının: - 4.1.6-cı bəndinə əsasən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluqetmə müddəti üzrə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı qulluqetməyə dair qulluqolunanın (onun qanuni nümayəndəsinin) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən; “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanına uyğun olaraq, müvafiq təqaüdün ödənilməsinə dair MEİS-in “Sosial ödənişlər” altsisteminin məlumatına əsasən; qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzaslarında müəyyən edilən sənədlər olmadıqda – məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir. İşin faktiki hallarından görünür ki, iddiaçı mərhumə arvadı X7 ilə 02 iyul 2005-ci ildə nikahlarını bağlamışlar. İddiaçı İ qrup əlil olduğuna görə mərhumə arvadı X7 tərəfindən ona qulluq edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. Sosial sığorta stajının təsdiqi üçün tələb olunan sənədlərin siyahısı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nda göstərilmişdir. Həmin Qaydaların 3.2.5-ci maddəsinə əsasən, əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən AKT-la müəyyən edilir. (10 nömrəli Əlavə) İş materiallarına əlavə edilmiş Babək Rayon İcra Hakimiyyətinin Məmmədrza Dizə Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 31 yanvar 2023-cü il tarixli, 132 nömrəli arayışla İddiaçı ailəli olduğu müddət ərzində birinci qrup əlil olduğu üçün xx.xx.2018-ci il tarixədək ona arvadı mərhumə X7 baxılıcılıq etdiyi öz təsdiqini tapmışdır. Bu da onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən iddiaçının qanunvericiliklə tələb olunan sosial sığorta stajına daxil edilməsi məsələsinin əsassızlığı qənaətinə gəlinməlidir. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən digər məsələ isə mərhumə X4 fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmaması ilə bağlıdır. Cavabdeh hesab edir ki, iddiaçının mərhumə arvadının ödədiyi məcburi dövlət sosial sığorta haqlarının hesabatını vaxtında təqdim etmədiyindən və buna görə də məbləğləri onun fərdi şəxsi hesabına işləmək mümkün olmadığından “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tələbi mövcud olmamışdır. Cavabdehin əsas dəlilinə görə “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tətbiq edilməsi üçün fərdi hesabın sığorta hissəsində pensiya kapitalının 1 iyul 2018-ci il tarixə qədər qeydə alınmalıdır. İddiaçının 1 iyul 2018-ci il tarixə fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Məhkəmə mübahisələndirilən məsələ ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mərhumə arvadı tərəfindən 2018-ci ilin iyul ayının 1-dək ödənilmiş torpaq pulu ona münasibətdə müvafiq pensiya kapitalının formalaşmasına səbəb olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən digər məsələ isə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının hesabatı vaxtında təqdim edilmədiyindən bu məbləğləri onun fərdi şəxsi hesabına işləməyin mümkün olmaması ilə bağlıdır. İş materiallarından da göründüyü kimi, iddiaçının mərhumə arvadı tərəfindən mülkiyyətində olan pay torpağına görə haqq ödənilmiş, ödənişin elektron sistemdə onun sosial sığorta stajına hesablanmaması, iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq həmçinin qeyd edilir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sosial sığorta stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Cavabdeh ödənilən məbləği qəbul etməməsi, geri qaytarması, iddiaçını məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota almaqdan imtina etməsini bildirməmişdir. Əksinə, cavabdeh ödənilən məbləğin mövcudluğunu təsdiq etmişdir. Odur ki, məhkəmə iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalının mövcud olmaması barədə cavabdehin dəlillərini əsaslı saymır. Qeyd olunan məsələ ilə bağlı oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 04 avqust 2021-ci il tarixli, 2-1(102)-1307/2021 nömrəli qərarında da öz əksini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən məsələlər məhkəmə tərəfindən əsassız hesab edildiyindən iddia tələbi təmin edilməli və iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və İddiaçı həyat yoldaşının ona qulluq müddətini və torpaq üçün ödənilmiş məcburi dövlət sosial sığorta haqqını nəzərə alaraq ona azyaşlı övladları üçün ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon idarəsinin üzərinə qoyulur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və İPM-in 2, 32, 68, 69, 70, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı həyat yoldaşının ona qulluq müddətini və torpaq üçün ödənilmiş məcburi dövlət sosial sığorta haqqını nəzərə alaraq ona azyaşlı övladları üçün ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon idarəsinin üzərinə qoyulur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar