Məhkəmə qərarları › İş №2-1(122)-710/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-710/2024

15.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-710/2024 15.05.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və cavabdeh Sədərək Rayon İcra Hakimiyyətinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Sədərək Rayon İcra Hakimiyyətinə qarşı "Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq tələblərinə uyğun olaraq Sədərək Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı X1 01 avqust 2023-cü il tarixdən əsas əmək məzuniyyətində olduğunu və Əmək Məcəlləsinin, digər qanunvericilik aktlarının müvafiq müddəalarının pozulmasını nəzərə alıb onun 08 avqust 2023-cü il tarixli, 51 (əlli bir) nömrəli əmrinin etibarsız sayılmasını və həmin tarixdən buraxılmış iş günlərinə görə ona əmək haqqının ödənilməsini və iş yerinə-Sədərək Rayon İcra Hakimiyyətində tutduğu vəzifəyə (hüquq şöbəsinin müdiri) bərpa olunması tələbi"nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Sədərək Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq tələblərinə uyğun olaraq Sədərək Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı X1 01 avqust 2023-cü il tarixdən əsas əmək məzuniyyətində olduğunu və Əmək Məcəlləsinin, digər qanunvericilik aktlarının müvafiq müddəalarının pozulmasını nəzərə alıb onun 08 avqust 2023-cü il tarixli, 51 (əlli bir) nömrəli əmrinin etibarsız sayılmasını və həmin tarixdən buraxılmış iş günlərinə görə ona əmək haqqının ödənilməsini və iş yerinə-Sədərək Rayon İcra Hakimiyyətində tutduğu vəzifəyə (hüquq şöbəsinin müdiri) bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması məsələsinə baxılaraq, iş üzrə şifahi icraat qaydasında mümkünlük iclası 15 may 2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. İddiaçı tərəfindən məhkəməyə göndərilmiş 27 fevral 2024-cü il tarixli ərizədən görünür ki, 2-1(122)-1219/2023 nömrəli iş 13 sentyabr 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin hakimi Elnur Hüseynovun icraatına qəbul edilərək, hazırlıq icraatına başlanılmasına dair sərəncam verilmişdir. İddiaçı cavabdeh Sədərək Rayon İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq Sədərək Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı X1 01 avqust 2023-cü il tarixdə əsas əmək məzuniyyətində olduğunu nəzərə alıb, onun 08 avqust 2023-cü il tarixli, 51 nömrəli əmrinin etibarsız sayılması və 08 avqust 2023-cü il tarixdən buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi və iş yerinə tutduğu vəzifəyə bərpa olunması tələbinə dair inzibati mübahisə üzrə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 47 və 49.1.1-ci maddələrinə əsasən baxılması üçün Sərəncam verilmişdir. 2-1(122)-1219/2023 nömrəli iş üzrə sonuncu dəfə 19 dekabr 2023-cü il tarixdə iddia ərizəsinə mahiyyəti üzrə məhkəmə zalında baxılan zaman iş üzrə icraata xitam verilməsinin ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etməməsi məlum olmuşdur. Məhkəmə zalında hakim Elnur Hüseynov cavabdeh Sədərək Rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 vasitəsilə Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadəyə İddiaçı 20 (iyirmi) illik iş stajını, təcrübəsini, ailə vəziyyətini, yaşını, nümunəvi işçi olmasını və iş yerinin boş olmasını nəzərə alıb onun müvafiq işlə təmin və yaxud öz köhnə iş yerinə bərpa olunmasına köməklik göstərilməsi məqsədilə xahişinin çatdırılmasını bildirmiş və əlavə olaraq hakim biləvasitə özü Naim müəllimlə telefon əlaqəsi yaradaraq İddiaçı qəbul etməsini və ona köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə zalında proses iştirakçılarının şahidliyi ilə onun 19 dekabr 2023-cü il tarixdə məhkəməyə sədrlik edən hakim Elnur Hüseynovdan ərizəsini geri götürdüyü və iş ilə təmin olunmadığı təqdirdə yenidən iddia qaldırmaq hüququnun olub-olmaması barədə soruşmuş, cavabında isə ona əgər iş ilə təmin olunmasa, sənədləri geri aldıqdan sonra istədiyi vaxt yenidən iddia qaldırmaq hüququnun olduğu bildirilmişdir. Rayonu qayırdıqdan sonra icra başçısı onu qəbul etmiş, ona köməklik göstərməyə çalışacağını bildirmişdir. Təəssüflər olsun ki, bugünə qədər ona heç bir köməklik olunmamışdır. Yuxarıda göstərilənlərə əsasən buraxılmış prosessual müddətin üzrlü səbəblərdən irəli gəlməsini nəzərə alıb, müddətin bərpa olunması barədə qərar qəbul edilməsini və iddianı icraata qəbul edərək baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə təqdim edilmiş ərizəyə uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsini, işin mümkün sayılaraq mahiyyəti üzrə baxılmasını və iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Sədərək Rayon İcra Hakimiyyətinin nümayəndəsi X6 izahat verərək, iddiaçının işdən azad edilməsi haqqında əmrin 08 avqust 2023-cü il tarixdə verildiyini, o vaxtdan artıq 1 ilə yaxın müddət keçdiyini, iddia mübahisələndirmə haqqında iddia hesab olunduğundan qanunvericiliklə nəzərdə tutulmuş iddia müddəti tələbinə iddiaçı tərəfindən əməl edilmədiyini, buna görə də iddianın mümkünsüz hesab edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, buraxılmış müddətin bərpasına dair ərizəni və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, iddiaçının ərizəsi təmin olunmamalı və iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 5.1., 5.2., 6.1., 6.2., 7., 8.5-ci bəndlərində qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İddiaçının tələbinin məzmunundan aydın olur ki, iddia tələbi üç hissədən ibarətdir:

1. Sədərək Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı X1 01 avqust 2023-cü il tarixdən əsas əmək məzuniyyətində olduğunu və Əmək Məcəlləsinin, digər qanunvericilik aktlarının müvafiq müddəalarının pozulmasını nəzərə alıb onun 08 avqust 2023-cü il tarixli, 51 (əlli bir) nömrəli əmrinin etibarsız sayılmasını; 2. həmin tarixdən buraxılmış iş günlərinə görə ona əmək haqqının ödənilməsini; 3. iş yerinə-Sədərək Rayon İcra Hakimiyyətində tutduğu vəzifəyə (hüquq şöbəsinin müdiri) bərpa olunması. İddia tələbinin birinci hissəsindən də aydın olduğu kimi iddiaçı Sədərək Rayon İcra Hakimiyyətinin 08 avqust 2023-cü il tarixli, 51 (əlli bir) nömrəli Əmrinin etibarsız sayılmasını tələb edir. İlk öncə, hazırki iddianın növünü müəyyənləşdirərkən aydın olur ki, iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. İnzibati məhkəmə icraatı qaydasında mübahisələndirmə haqqında iddia şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsindən (ləğv olunmasından və ya dəyişdirilməsindən) ibarətdir. İddiaçının mübahisələndirdiyi inzibati akt 08 avqust 2023-cü il tarixdə qəbul edilmişdir. İddiaçı mübahisələndirdiyi inzibati akt qəbul edildikdən təqribən bir neçə ay sonra, yəni xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı ötürülmüş müddətin bərpasına dair ərizəsində, həmçinin məhkəməyə ünvanladığı digər ərizələrdə mübahisəli əmri 05 sentyabr 2023-cü il tarixdə aldığını, 07 sentyabr 2023-cü il tarixdə hüquqlarının müdafiəsi məqsədilə məhkəmədə iddia qaldırdığını, sonradan iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri götürdüyünü, məhkəmənin müvafiq qərardadında bu halın onun yenidən məhkəməyə müraciət etmək hüququnun istisna etmədiyini, ona görə də müddəti ötürməsinin üzrlü hesab edilməsini əsas gətirsə də, məhkəmə bu halları müddətin bərpasına əsas verən mötəbər hal kimi qiymətləndirmir. Belə ki, iddiaçı işdən çıxarılması ilə bağlı əmri aldıqdan sonra məhkəmədə iddia qaldırmış, sonradan öz ərizəsi əsasında iş üzrə icraata xitam verilmişdir. Bununla da, iddiaçı bu halın doğuracağı hüquqi nəticələrdən xəbərdar olmuşdur. Sonradan 23 yanvar 2024-cü il tarixdə məhkəməyə daxil olmuş iddia ərizəsi ilə müraciət edərək əmri mübahisələndirmiş və müddətin buraxılmasının üzrlü səbəblərdən baş verdiyini əsas gətirmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya mübahisələndirilən əmr məlum olduqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində onu mübahisələndirsə də, sonradan iş üzrə icraata xitam verilməsi barədə ərizə yazmışdır. Bu hal isə müddətin bərpası üçün üzrlü səbəb hesab edilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı mübahisələndirmə haqqında iddia növü üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. İddiaçının tələbinin ikinci və üçüncü hissəsinə münasibətdə isə qeyd edilməlidir ki, 08 avqust 2023-cü il tarixdən buraxılmış iş günlərinə görə ona əmək haqqının ödənilməsi və iş yerinə-Sədərək Rayon İcra Hakimiyyətində tutduğu vəzifəyə (hüquq şöbəsinin müdiri) bərpa olunması yalnız iddia tələbinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq əmrin etibarsız sayılmasından sonra mümkün ola bilər. Buna görə də məhkəmə hesab edir ki, əmrin etibarsız sayılması barədə iddia mümkünsüz olduğundan, hüquqi müqəddəratı həmin tələblə bağlı mübahisənin həllindən bilavasitə asılı olan digər tələb də belə bir hüquqi zərurət olmadığı üçün müzakirə edilmədən mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. - 24.2-ci maddəsinə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. - 24.3-cü maddəsinə əsasən ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. - 24.4-cü maddəsinə görə təbii fəlakət və digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından bir il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. - 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında iddia müddətinin tətbiqinin əhəmiyyəti barədə aşağıdakılar göstərilmişdir: “Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, mülki işin qanuna uyğun həlli baxımından əvvəlki Mülki Məcəllənin iddia müddətinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Konstitusiya Məhkəməsinin Plenumu özünün “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında əksini tapan hüquqi mövqeyini təkrarlayaraq qeyd edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: Birinci o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir. İkinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Üçüncü, iddia müddətləri tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”. Avropa İnsan Hüquqları Məhkəməsi analoji hüquqi mövqedən çıxış edərək “Miraqali Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli qərarının 3.4-cü bəndində göstərilmişdir ki, birinci instansiya məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsi ilə də yerinə yetirə bilər. Məhkəmə tərəfindən iddiaçı tərəfə istər məhkəmə iclaslarında, istərsə də müvafiq yazışmalar yolu ilə dəfələrlə hüquqi yardım edilmişdir. Lakin hazırki vəziyyətdə iddianın mümkünlük şərtlərini aradan qaldırmaq mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə İddiaçı cavabdeh Sədərək Rayon İcra Hakimiyyətinə qarşı "Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq tələblərinə uyğun olaraq Sədərək Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı X1 01 avqust 2023-cü il tarixdən əsas əmək məzuniyyətində olduğunu və Əmək Məcəlləsinin, digər qanunvericilik aktlarının müvafiq müddəalarının pozulmasını nəzərə alıb onun 08 avqust 2023-cü il tarixli 51 (əlli bir) nömrəli əmrinin etibarsız sayılmasını və həmin tarixdən buraxılmış iş günlərinə görə ona əmək haqqının ödənilməsini və iş yerinə-Sədərək Rayon İcra Hakimiyyətində tutduğu vəzifəyə (hüquq şöbəsinin müdiri) bərpa olunması tələbi"nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 32.1, 35, 38.1, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qəraraaldı:

İddiaçı 27 fevral 2024-cü il tarixli ərizəsi təmin edilmir. İddiaçı cavabdeh Sədərək Rayon İcra Hakimiyyətinə qarşı "Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq tələblərinə uyğun olaraq Sədərək Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı X1 01 avqust 2023-cü il tarixdən əsas əmək məzuniyyətində olduğunu və Əmək Məcəlləsinin, digər qanunvericilik aktlarının müvafiq müddəalarının pozulmasını nəzərə alıb onun 08 avqust 2023-cü il tarixli 51 (əlli bir) nömrəli əmrinin etibarsız sayılmasını və həmin tarixdən buraxılmış iş günlərinə görə ona əmək haqqının ödənilməsini və iş yerinə-Sədərək Rayon İcra Hakimiyyətində tutduğu vəzifəyə (hüquq şöbəsinin müdiri) bərpa olunması tələbi"nə dair iddiası mümkün sayılmır. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar