Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-72/2020 25.11.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Əsgərov Elnar Muxtər oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə qarşı X8 ünvan 1 ünvanının qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8 ünvan 1 ünvanının qeydiyyatından çıxarılması öhdəliyinin cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı xx xxxx 1982-ci il tarixdə X9 ilə rəsmi nikah qeyd etdirərək ailə qurmuşdur. Həmin nikahdan onların 3 nəfər övladı doğulmuşdur. Onlar birgə nikahda olduqları müddətdə ünvan 1-ü alıb orada yaşamışlar. Orada yaşadıqları müddətdə, xx xxxxxx 2010-cu il tarixdə əri X9 vəfat etmişdir. Onun vəfatından sonra həmin birgə nikah dövrü əldə etdikləri, miras qalmış əmlak qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında onun adına keçirilmişdir. O, həmin mənzili tam mülkiyyət hüququ üzrə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə qeydiyyatdan keçirərək adına hüquqların dövlət qeydiyyatı haqqında ********** nömrəli çıxarış almış və hal-hazırda ortancıl oğlu Cəfər və onun ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayırlar. Digər övladları Cəfərov İsmayıl və Cəfərov Vüsal ailə qurub ayrılıblar, özlərinə məxsus evlərində yaşayırlar. Babək rayonu, Yarımca kəndində özünə ev tikərək ailəliklə orada yaşadıqlarına görə dəfələrlə X6 ona məxsus olan evdən pasport qeydiyyatından çıxmasını tələb etsə də o, hərdən bir bəhanə gətirərək ona məxsus olan evdən pasport qeydiyyatından çıxmaq istəməyərək onun mülkiyyəti üzərində öz qanuni hüquqlarını həyata keçirməyə maneə olur, o, öz əmlakı üzərində mülkiyyət hüquqlarını istədiyi kimi həyata keçirə bilmir. O, evinin qeydiyyatında olan X8 qeydiyyatdan çıxarılması barədə Naxçıvan Şəhər Polis İdarəsinə göndərdiyi ərizə Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri üzrə qeydiyyata alınması və çıxarılması haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirinin xx.xx.2010-cu il tarixli, 550 nömrəli əmrinin 5-ci bəndinə uyğun olmadığından icra edilməmiş, bununla da onun Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan mülkiyyət hüquqları pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, hazırlıq icraatına başlanılmış, mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər torplanmış və iş üzrə digər qanuna müvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2- 1(122)-72/2020 nömrəli qərardadı ilə X12 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmişdir. Cavabdeh Naxçıvan Şəhər Polis İdarəsi şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə, həmçinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmiş, lakin, Naxçıvan Şəhər Polis İdarəsi nümayəndəsinin iştirakı olmadan işə baxıb müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının keçiriləcəyi yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı və üçüncü şəxs X12 şifahi məhkəmə baxışı iclasına gəlməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının və üçüncü şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək, X8 ünvan 1 ünvanının qeydiyyatından çıxarılması öhdəliyinin cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi iş materiallarına cavabdehin imtina məktubunu, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətini, Naxçıvan Şəhər İcra Hakimiyyətinin 4 nömrəli Mənzil-İstismar İdarəsinin xx xxxxxx 2019-cu il tarixli, 1146 nömrəli arayışını, nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətini, ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətini, AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İddia aşağıdakılara görə əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. İş materiallarında olan Naxçıvan Şəhər Polis İdarəsinin ünvan 1 ünvanında yaşayan İddiaçı vəkil-nümayəndəsi Vəkil ünvanladığı xx xxx 2020-ci il tarixli, 7/1549–C 499 nömrəli məktubundan müəyyən olunur ki, X8 ünvan 1 ünvanının qeydiyyatından çıxarılması tələbindən imtina edilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın təsdiq olunmuş surətindən müəyyən olunur ki, ünvan 1-də mülkiyyətində olan 3 otaqlı, 64.40 kv.m. ümumi, 38.88 kv.m. yaşayış, 25.52 kv.m. yardımçı sahədən ibarət mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12/14 nömrəli reyestr kitabının 2629 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********11-05101- 093050, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2015). İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyətinin 4 nömrəli Mənzil- İstismar İdarəsinin xx xxxxxx 2019-cu il tarixli, 1146 nömrəli arayışından müəyyən olunur ki, X3 şəhəri, Qoçüstü məhəlləsi, ev 3, mənzil 84-də yaşayır. İş materiallarında olan İİ-ЖГ seriyalı, 472747 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, X9 ilə X7 arasında xx xxxx 1982-ci il tarixdə nikah bağlanmış və qadına Cəfərova soyadı verilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 378315 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, X9 xx xxxxxx 2010-cu il tarixdə baş-beyin xərçəngindən vəfat etmişdir. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxx 1956-cı ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Qıvraq kəndində doğulmuş və Naxçıvan Muxtar Respublikası, ünvan 1 ünvanında yaşayır. İş materiallarına əlavə olunmuş Babək Rayon İcra Hakimiyyətinin Yarımca kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin məhkəməyə ünvanlandığı xx xxxxxxx 2020-ci il tarixli, 15 nömrəli məktubundan müəyyən olunur ki, X1 qeydiyyatsız yaşadığından təsərrüfatbaşına kitabda onun adı qeyd olunmayıb. Onun özündə olan şəxsi sənədlərinə baxdıqları zaman Yarımca kəndində 0.04 ha həyətyanı torpaq sahəsinin çıxarışı olduğu müəyyən olunmuş, həmin torpaq sahəsinin üzərində bir otaq hazır olmaqla yarımçıq tikilisi mövcuddur. İş materiallarına əlavə olunmuş Babək Rayon İcra Hakimiyyətinin Yarımca kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin xx xxxxxx 2020-ci il tarixli, 25 nömrəli arayışından müəyyən olunur ki, X5 rayonu, Yarımca kəndində özünə məxsus olan evdə yaşayır. İş materiallarına əlavə olunmuş Babək Rayon Yarımca Bələdiyyəsinin xx xxxxxx 2020-ci il tarixli, 02 nömrəli arayışından müəyyən olunur ki, X8 özünə məxsus Babək rayonu, Yarımca kəndində olan yaşayış binasının və həyətyanı torpaq sahəsinin üzərində, mübahisə, həbs və heç bir borc yoxdur. İş materiallarına əlavə olunmuş Babək Rayon Elektrik Şəbəkəsinin xx xxxxxx 2020ci il tarixli, 04 nömrəli məktubundan müəyyən olunur ki, Babək rayonu, Yarımca kəndində yaşayan X12 ilə xx xxxxxxxx 2018-ci ildən müqavilə bağlanaraq evinə sayğac quraşdırılmış və elektrik enerjisi sərfiyyatına görə heç bir borcu yoxdur. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin xx xxxxxx 2019-cu il tarixli, 625 nömrəli məktubundan müəyyən olunur ki, Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində X8 adına xx xxxxxx 2014-cü il tarixdə Babək Rayon DNK-nin xx xxxxxxx 2014-cü il tarixli, 4/ə-01-355 nömrəli alqı-satqı müqaviləsi əsasında Babək rayonunun Yarımca kəndində 400.0 m2 həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Babək Rayon Qaz İstismar İdarəsinin xx xxxxxx 2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Babək rayonu, Yarımca kəndində yaşayan X12 2018-ci ilin oktyabr ayında Babək Rayon Qaz İstismar İdarəsi ilə qaz sərfiyyatı üçün müqavilə bağlayıb, ********* abunə kodu ilə proqramda qeydiyyata düşmüşdür. xx xxxxxx 2020-ci il qaz sərfiyyatına borcu yoxdur. Hazırkı mübahisədə, həqiqətən, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyil. Lakin həmin Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxx 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Qeyd olunan Qərarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə araşdırması zamanı ünvan 1 ünvanında yerləşən yaşayış evinin xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusluğu, üçüncü şəxsin hazırda mübahisəli yaşayış sahəsinə dair hər hansı əmlak hüququnun olmaması, faktiki olaraq onun orada yaşamaması müəyyən edilmişdir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Məhkəmə belə hesab edir ki, şəxsin mülkiyyətçiyə məxsus evdə qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Elə həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələbinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, X8 ünvan 1 ünvanının qeydiyyatından çıxarılması öhdəliyi cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulmalıdır. Ödənilmiş dövlət rüsumu məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1, 68, 69, 75, 81, 85 və 110.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilir. X8 ünvan 1 ünvanının qeydiyyatından çıxarılması öhdəliyi cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə üzərinə qoyulur. İş üzrə ödənilmiş 10 (on manat) manat dövlət rüsumu iddiaçıya aid edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə mınir. SƏDRLİK EDƏN : HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-72/2020
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-72/2020
25.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver