Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-72/2021 16.04.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Əsgərov Elnar Muxtar oğlunun katibliyi, cavabdeh Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə qarşı ““Ehtiyatda və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı qanuni qüvvəsini aldığı gündən ona ödənilməli olan (hər il üçün 2.700 manat olmaqla) ümumilikdə 18.900 (on səkkiz min doqquz yüz) manat mənzil kirayəsi xərcinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə iddianın mümkünlüyünü Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq, müəyyən e t d i: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Ehtiyatda və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı qanuni qüvvəsini aldığı gündən ona ödənilməli olan (hər il üçün 2.700 manat olmaqla) ümumilikdə 18.900 (on səkkiz min doqquz yüz) manat mənzil kirayəsi xərcinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2-1(112)-3417/2021 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə göndərilmişdir. xx xxxx 2021-ci il tarixli, M-465/10 nömrəli müşayiət məktubu ilə göndərilmiş inzibati iş xx xxxx 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən inzibati iş məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası xx xxxxx 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının keçiriləcəyi yer və vaxt barədə tərəflərin məktub vasitəsilə lazımi qaydada xəbərdar edilməsinə, həmçinin İddiaçı istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon vasitəsilə məhkəmə iclasının keçiriləcəyi yer və vaxt barədə məlumat verilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi və iddiaçı məhkəmə iclasında iştirak etməmiş, lakin İddiaçı məhkəməyə xx xxxxx 2021-ci il tarixli, AZ 0100/********** nömrəli teleqram göndərərək üzrlü səbəblərə görə məhkəməyə gələ bilmədiyi üçün məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Ona görə də məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X2 İddiaçı hazırki tələblə bağlı rəsmi qaydada Nazirliyə müraciət etmədiyini, onun müvafiq orqanlara etdiyi müraciətdən sonra aidiyyəti üzrə müraciətin baxılmaq üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinə göndərildiyini, Naxçıvan Muxtar Respublikasında ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara kirayə xərclərinin ödənilməsi üçün kompensasiya başa çatmış il üçün ödənildiyini, növbəti büdcə ilində cari il üçün vəsaitlərin planlaşdırılması məqsədilə yerli icra hakimiyyəti orqanlarından rəsmi qaydada siyahılarla ehtiyatda və istefada olan hərbi qulluqçular və onlarla birlikdə yaşayan ailə üzvləri barədə məlumatların alındığını, Culfa Rayon İcra Hakimiyyəti tərəfindən hər il təqdim olunan siyahılarda 2020- 2021-ci il xaricində İddiaçı barəsində məlumat əlavə edilmədiyini, hazırki iddianın Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin səlahiyyətlərinə aid olmadığını bildirib, məhkəmədən iddianın mümkünsüzlüyü barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdeh Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. İlk öncə məhkəmə qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər hansı bir iddia hüquqi cəhətdən yoxlanılmalı və iddianın mümkünlüyü və əsaslılığı məsələləri aydınlaşdırılmalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib-bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir. İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. İddia ərizəsinin məzmunundan da aydın olur ki, iddiaçı kirayə haqqının ödənilməsi üçün sənədlərini qeydiyyatda olduğu Culfa Rayon İcra Hakimiyyətinə təqdim edərək kirayə pulunun ödənilməsini istəmişdir. Sonradan ona məlum olmuşdur ki, kirayə pulu ona icra hakimiyyəti tərəfindən deyil, Maliyyə Nazirliyi tərəfindən ödənilir. Bundan sonra iddiaçının müvafiq dövlət orqanlarına ünvanladığı müraciətinə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 11/05-111-3309 nömrəli cavab məktubuna əsasən müraciət baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə göndərilmişdir. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi tərəfindən İddiaçı ünvanlanan xx xxxx 2020-ci il tarixli, 02-04/507 nömrəli məktubda göstərilmişdir ki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin hüquqi hərəkətləri yerli icra hakimiyyəti orqanlarının müraciətindən sonra başlanılır. Culfa Rayon İcra Hakimiyyətinin xx xxxx 2020-ci il tarixli məktubu ilə təqdim olunan Culfa rayonu üzrə mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayə xərcləri ödənilən bəzi kateqoriyalı ehtiyata və ya istefaya buraxılmış vətəndaşlar və ya onlarla birlikdə yaşayan ailə üzvləri haqqında məlumatda İddiaçı adı qeyd edilmişdir. Həmin siyahı üzrə qeyd olunan məlumatlar 2021-ci ildə ödənişlər aparılarkən nəzərə alınması üçün qəbul edilmiş və növbəti büdcə ilində planlaşdırılması üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim edilmişdir. Culfa Rayon İcra Hakimiyyəti tərəfindən hər il təqdim olunan siyahılarda bu il xaricində İddiaçı barəsində məlumat əlavə edilməmişdir. Bütün bunlarla bərabər Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi tərəfindən müraciət nəzərə alınmış, 2019-cu ilin İİ rübü üçün ödənilən vəsait haqqında tərtib olunmuş müvafiq siyahıya İddiaçı adı və məlumatları əlavə edilmiş, 2019-cu ilin İİ rübü üçün ödəniş ona da şamil edilmişdir. Kompensasiya məbləğinin ödənişi təmin edilmiş, müvafiq siyahı üçün yerli maliyyə orqanına, eyni zamanda Culfa Rayon İcra Hakimiyyətinə göndərilmiş və ödəniş məbləği İddiaçı bank hesabına köçürülmüşdür. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi məhkəməyə xx xxxxx 2021-ci il tarixli, 02-04-173 nömrəli eyni məzmunlu məktub göndərərək, İddiaçı ötən müddət üçün mənzil kirayəsi xərcinin ödənilməsi tələbi ilə bağlı iddianın Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin səlahiyyətinə aid olmadığını və nazirliyin bu iddia ilə bağlı məsuliyyət daşımadığını bildirib, iddianın mümkünsüzlüyü barədə qərar qəbul edilməsini xahiş etmişdir. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2012-ci il tarixli, 174 nömrəli Qərarının 3.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti başçıları növbəti il üçün dövlət büdcəsinin layihəsində müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üzrə vəsaitə olan tələbatın hər il aprel ayının 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunmasını təmin etsinlər. Həmin qərarın 4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, 2012-ci ildən başlayaraq hər il dövlət büdcəsində yerli xərclər üzrə bu qərarda göstərilən şəxslərə mənzil alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üçün vəsait nəzərdə tutsun. Yuxarıda göstərilən qanunvericilik normalarından və Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin məktubundan da aydın olur ki, iddiaçının mənzil kirayə xərcinin ödənilməsi üçün onun adı yerli icra hakimiyyəti orqanları tərəfindən rəsmi qaydada ehtiyatda və istefada olan hərbi qulluqçular və onlarla birlikdə yaşayan ailə üzvləri barədə məlumat əks olunan siyahılarda Maliyyə Nazirliyinə təqdim edilməlidir. Bundan sonra Maliyyə Nazirliyi tərəfindən lazımi hüquqi hərəkətlə edilərək göstərilən tələb icra edilir. Həmçinin hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aid olduğuna görə onun mümkünlük şərtlərindən biri iddiaçının eyni tələblə cavabdehə müraciət etməsi və müsbət nəticə əldə edə bilməməsidir. İş materiallarından görünür ki, cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi tərəfindən İddiaçı tələbindən imtina edilməmişdir. Belə olan halda, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı ilə cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi arasında publik hüquq münasibətindən irəli gələn inzibati mübahisə yaranmamış, iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması halı aşkar olunmamış, həmçinin, iddiaçının irəli sürdüyü tələb üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi cavabdehlik daşımamışdır. O cümlədən, cavabdehin imtina məktubu iş materiallarına əlavə edilmədiyindən cavabdeh inzibati orqanlar tərəfindən iddiaçının hüquqlarının hansı formada pozulduğunu müəyyən etmək mümkün olmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 5.1, 5.2, 6.1, 6.2, 7.,8.5-ci bəndlərində qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. Həmin Qərarın 8.5-ci bəndində qeyd edilmişdir ki, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. Həmin qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İddiaçının diqqətinə çatdırılır ki, iddiaçı əvvəlcə onun tələbini icra edə biləcək inzibati orqana-müvafiq yerli icra hakimiyyəti orqanına müraciət etməli və inzibati orqan onun müraciətinə imtina verdiyi halda yenidən məhkəməyə müraciət edə bilər. Belə ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə qarşı “Ehtiyatda və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı qanuni qüvvəsini aldığı gündən ona ödənilməli olan (hər il üçün 2.700 manat olmaqla) ümumilikdə 18.900 (on səkkiz min doqquz yüz) manat mənzil kirayəsi xərcinin ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və İPM-in 13, 35, 80 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə qarşı “Ehtiyatda və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı qanuni qüvvəsini aldığı gündən ona ödənilməli olan (hər il üçün 2.700 manat olmaqla) ümumilikdə 18.900 (on səkkiz min doqquz yüz) manat mənzil kirayəsi xərcinin ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-72/2021
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-72/2021
16.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver