Məhkəmə qərarları › İş №2-1(122)-72/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-72/2023

16.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-72/2023 16.01.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı, cavabdehlər X2 nümayəndəsi X5 və X4 Hərbi Həkim Komissiyasının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər X6 və X4 Hərbi Həkim Komissiyasına qarşı "hərbi xidmət dövründə aldığı xəstəliyin xidmət dövründə diaqnozunun düzgün qoyulmadığı üçün xəstəliyinin kəskin formada hələdə davam etdiyini nəzərə alaraq hərbi xidmətdən xidməti uyğunsuzluğa görə deyil, hərbi xidmət dövründə aldığı xəstəliyə görə ehtiyyata buraxılması və hərbi-həkim komissiyasının xəstəliyinə arayış deyil qərar verməli olduğunu nəzərə alaraq, yararlıdır arayış deyil yararsızdır qərarı ilə əvəz olunması barədə dəyişikliklərin olunmasının cavabdehlərin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hərbi xidmət dövründə aldığı xəstəliyin xidmət dövründə diaqnozunun düzgün qoyulmadığı üçün xəstəliyinin kəskin formada hələdə davam etdiyini nəzərə alaraq hərbi xidmətdən xidməti uyğunsuzluğa görə deyil, hərbi xidmət dövründə aldığı xəstəliyə görə ehtiyyata buraxılması və hərbi-həkim komissiyasının xəstəliyinə arayış deyil qərar verməli olduğunu nəzərə alaraq, yararlıdır arayış deyil yararsızdır qərarı ilə əvəz olunması barədə dəyişikliklərin olunmasının cavabdehlər X2 və X4 Hərbi Həkim Komissiyasının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilərək şifahi icraat qaydasında mümkünlük iclası 16 yanvar 2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Həmçinin İddiaçı 28 dekabr 2022-ci il tarixli yardım məktubu göndərilərək iddia tələbi qeyri-müəyyən ifadə olunduğundan cavabdeh inzibati orqanlar tərəfindən hüquqlarının və qanunla qorunan maraqlarının hansı qaydada və hansı qanunsuz hərəkətlər nəticəsində pozulduğunu müəyyən etməyin mümkün olmadığı, iş materiallarına əsasən cavabdeh inzibati orqanlara müaciətinizi və bu müraciətdən imtina edilməsini sübut edən sənədlərin mövcud olmadığı, iddia tələbinin məzmununa əsasən müvafiq dəyişikliklərin edilməsi xahiş edilərək mübahisələndirmə haqqında iddia qaldırıldığı, lakin nə iddia tələbinin məzmununda, nə də iş materiallarında olan sənədlərdə cavabdeh inzibati orqanlar tərəfindən qəbul edilmiş hansı inzibati akt və ya qanunsuz hərəkətlər nəticəsində hüquqlarının pozulduğunun əsaslandırılmadığı bildirilərək, iddia tələbinin dəqiqləşdirilməsi, hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh inzibati orqanlar tərəfindən hansı qaydada və ya hansı qanunsuz hərəkətlər nəticəsində pozulduğunu müəyyən etməyə imkan verən müvafiq sübutların məhkəməyə təqdim edilməsi üçün 10 (on) gün müddət (məktubu aldıqdan sonra) təyin edilmiş, əks halda iddia tələbinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, cavabdeh inzibati orqanlar tərəfindən onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu, iddia tələbini dəqiqləşdirməsinə ehtiyac olmadığını, hazırkı iddia tələbi çərçivəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X2 nümayəndəsi X7 iddiaçının tələbinin onlar üçün aydın olmadığını, tələbin İ hissəsinin icrasının təmin olunması üçün iddiaçının ehtiyata buraxılması barədə əmrin mübahisələndirilməli olduğunu bildirərək, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X4 Hərbi Həkim Komissiyasının nümayəndəsi X3 məhkəməyə ünvanlanmış etirazda yazılanları müdafiə edərək, iddia tələbi ilə bağlı Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin icraatında iş olduğunu, həmin iş üzrə müvafiq arayışın mübahisələndirildiyini bildirərək, məhkəmədən iddia tələbi ilə bağlı qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək, iş materiallarını nəzərdə keçirərək, hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə, ilk öncə, mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır və bunu prosesin istənilən mərhələsində həyata keçirə bilər. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati-iqtisadi məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr, ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 8.6-cı maddəsinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüququ və azadlığının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün olsun. Başqa sözlə, iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmaqla bərabər, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını da əsaslandırmalıdır. İddiaçının məhkəmə iclasında verdiyi izahatdan və iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı tələbinin İ hissəsində onun ehtiyata buraxılması barədə əmri mübahisələndirərək, xidmətə uyğunsuzluğa görə deyil, hərbi xidmət dövründə aldığı xəstəliyə görə ehtiyata buraxılmasını tələb edir. Lakin iddiaçı tərəfindən qeyd olunan məsələ ilə bağlı cavabdeh inzibati orqana hər hansı müraciət edilmədiyi kimi, mübahisələndirilən qərar da iş materiallarına əlavə edilməmişdir. Həmçinin məhkəmə iclasında iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi, ehtiyata buraxılması barədə əmin mübahisələndirilməsi təklif edilsə də, iddiaçı tələbini dəqiqləşdirməmiş və qeyd olunan tələb çərçivəsində işə baxılmasını xahiş etmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının çatmaq istədiyi hüquqi məqsədin daha səmərəli yolu onun ehtiyata buraxılması barədə əmrin mübahisələndirilməsi olduğundan və bununla bağlı iddiaçıya edilmiş yardımlar hər hansı nəticə vermədiyindən iddia tələbi bu hissədə mümkün sayılmamalıdır. İddiaçının tələbinin ikinci hissəsinə münasibətdə isə qeyd edilməlidir ki, iddiaçı tələbin bu hissəsinin cavabdeh X4 Hərbi Həkim Komissiyası tərəfindən icra edilməsini tələb edir. Belə ki, tələbin bu hissəsi də mahiyyət etibarilə mübahisələndirmə haqqında iddia hesab edilir. Cavabdeh X4 Hərbi Həkim Komissiyasının nümayəndəsinin də qeyd etdiyi kimi, qeyd olunan məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin icraatında 2-1(122)-36/2023 nömrəli (hakim Elnur Hüseynov) inzibati iş vardır. Tələbin ikinci hissəsi ilə eyni məzmunlu inzibati iş hazırda məhkəmənin icraatında olduğundan hazırkı vəziyyətdə iddia ikinci hissəsinə münasibətdə də mümkün sayılaraq məhkəmə tərəfindən mahiyyəti üzrə hüquqi qiymətləndirmə aparıla bilməz. Eyni zamanda, qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-nin 13 və 48-ci maddələrində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. İnzibati məhkəmə icraatında məhkəmənin əsas vəzifəsi iddiaçının tələbinin konkret olaraq nədən ibarət olduğunu, onun hüquqlarının cavabdeh tərəfindən hansı qaydada pozulduğunu müəyyənləşdirməkdən ibarətdir. Bununla bağlı İddiaçı yardım məktubu ünvanlanmış və məhkəmə iclasında yardım edilərək iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. Lakin iddiaçı tərəfindən hazırda icraatda olan tələb çərçivəsində işə baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinin tələbinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İddiaçıya hazırkı tələb ilə bağlı mübahisələndirmə haqqında iddia qaldırmaq hüququ və iddia müddəti tələbinə əməl edilməsi vəzifəsi izah edilərək bildirilir ki, yenidən məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər X6 və X4 Hərbi Həkim Komissiyasına qarşı "hərbi xidmət dövründə aldığı xəstəliyin xidmət dövründə diaqnozunun düzgün qoyulmadığı üçün xəstəliyinin kəskin formada hələdə davam etdiyini nəzərə alaraq hərbi xidmətdən xidməti uyğunsuzluğa görə deyil, hərbi xidmət dövründə aldığı xəstəliyə görə ehtiyyata buraxılması və hərbi-həkim komissiyasının xəstəliyinə arayış deyil qərar verməli olduğunu nəzərə alaraq, yararlıdır arayış deyil yararsızdır qərarı ilə əvəz olunması barədə dəyişikliklərin olunmasının cavabdehlərin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və İPM-in 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: İddiaçı cavabdehlər X6 və X4 Hərbi Həkim Komissiyasına qarşı "hərbi xidmət dövründə aldığı xəstəliyin xidmət dövründə diaqnozunun düzgün qoyulmadığı üçün xəstəliyinin kəskin formada hələdə davam etdiyini nəzərə alaraq hərbi xidmətdən xidməti uyğunsuzluğa görə deyil, hərbi xidmət dövründə aldığı xəstəliyə görə ehtiyyata buraxılması və hərbi-həkim komissiyasının xəstəliyinə arayış deyil qərar verməli olduğunu nəzərə alaraq, yararlıdır arayış deyil yararsızdır qərarı ilə əvəz olunması barədə dəyişikliklərin olunmasının cavabdehlərin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar