Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-736/2023 25.08.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Əliyev Adəm Qurban oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Şərur Rayon Şöbəsinə qarşı "ona "Müharibə Veteranı" və "Çernobıl əlilliyi" imtiyazlarının verilməsi öhdəliyinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Şərur Rayon Şöbəsinə həvalə edilməsi tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona "Müharibə Veteranı" və "Çernobıl əlilliyi" imtiyazlarının verilməsi öhdəliyinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Şərur Rayon Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və iş üzrə şifahi icraat qaydasında mümkünlük iclası 25 avqust 2023-cü il tarixə təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. Həmçinin İddiaçı yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Şərur rayon şöbəsinin 02 iyun 2023-cü il tarixli, 3-43- 68/2-847/2023 nömrəli məktubunda tələbindən imtina edilmədiyi, müvafiq sənədləri təqdim etdiyi təqdirdə həmin sənədlərin "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsi üzrə komissiyaya göndərilməsinin təmin ediləcəyi qeyd edilərək, Çernobılda qəzanın aradan qaldırılmasında iştirakı ilə bağlı hərbi biletində qeydiyyat aparılmadığına görə ona köməklik etmələrinin imkanları xaricində olduğu bildirilmişdir. İddiaçıya hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh inzibati orqan tərəfindən hansı qaydada və hansı qanunsuz hərəkətlər nəticəsində pozulduğunu müəyyən etməyə imkan verən müvafiq sübutların məhkəməyə təqdim edilməsi üçün 10 (on) gün müddət təyin edilmiş, əks halda iddia tələbinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iş üzrə İddiaçı və cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Şərur Rayon Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdirlər. Odur ki, məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə, ilk öncə, mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır və bunu prosesin istənilən mərhələsində həyata keçirə bilər. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati-iqtisadi məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr, ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 8.6-cı maddəsinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüququ və azadlığının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün olsun. Başqa sözlə, iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmaqla bərabər, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını da əsaslandırmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Şərur Rayon Şöbəsinin 01 iyun 2023-cü il tarixli, 3-43-68/2-844/2023 nömrəli məktubdan görünür ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinet, ün 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 noyabr 2016-cı il tarixli, 438 nömrəli qərarına əsasən “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsi üzrə komissiyaya təqdim etmək üçün 3x4 sm ölçüdə qırmızı fonda, mat kağızda 4 ədəd rəngli fotoşəkil (başıaçıq, anfas), hərbi biletin təsdiq olunmuş surəti, şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surəti, arxiv arayışlar, əmrdən çıxarışlar, rayon icra hakimiyyəti başçısının təsdiq etdiyi arayış (rayon icra hakimiyyətləri tərəfindən Xidmətin Aparatına təqdim olunmuş siyahıda adı olduğu təqdirdə) olmalıdır. Yuxarıda göstərilən sənədləri təqdim etdiyi təqdirdə həmin sənədlərin “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsi üzrə komissiyaya göndərilməsi təmin olunacaqdır. Əlavə olaraq bildirilmişdir ki, Çernobılda qəzanın aradan qaldırılmasında iştirakı ilə bağlı hərbi biletində qeydiyyat aparılmadığına görə ona köməklik etmələri imkanları xaricindədir. İddiaçının tələbinin məzmunundan belə aydın olur ki, iddiaçı ona "Müharibə Veteranı" və "Çernobıl əlilliyi" imtiyazlarının verilməsi öhdəliyinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Şərur Rayon Şöbəsinə həvalə edilməsini tələb edir. İddiaçı bununla bağlı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Şərur Rayon Şöbəsinə müraciət etmiş, şöbə tərəfindən zəruri sənədlər tələb edildiyindən iddiaçının tələbi icra edilməmişdir. Həmçinin iş materiallarına baxış keçirərkən məlum olur ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbindən imtina edilməsini sübut edən sənədlər mövcud deyil. Bununla da cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının hansı formada və ya hansı qanunsuz hərəkətlər nəticəsində pozulduğunu müəyyən etmək mümkün olmamışdır. Həmçinin qanunvericiliyin tələbinə əsasən iş materiallarına sənədlərin əsli və ya təsdiq edilmiş surəti əlavə edilməli olduğu halda iddiaçı tərəfindən bu tələbə əməl edilməmiş, iş materiallarına hərbi biletinin təsdiq edilməmiş surəti əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Şərur Rayon Şöbəsinin Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2-1(122)-736/2023 nömrəli məktubuna dair etirazından görünür ki, İddiaçı daimi qeydiyyat ünvanı ünvan 1” ilə bağlı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Sədərək rayon bölməsinə müraciət etməlidir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddiaçı hazırkı iş üzrə hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh inzibati orqan tərəfindən hansı qaydada və hansı qanunsuz hərəkətlər nəticəsində pozulduğunu əsaslandıra bilmədiyindən, həmçinin iddiaçının hazırkı tələbinin icrası cavabdeh inzibati orqanın səlahiyyətinə aid olmadığından iddia tələbi mümkün sayılaraq mahiyyəti üzrə hüquqi dəyərləndirmə aparıla bilməz. Eyni zamanda, qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-nin 13 və 48-ci maddələrində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. İnzibati məhkəmə icraatında məhkəmənin əsas vəzifəsi iddiaçının tələbinin konkret olaraq nədən ibarət olduğunu, onun hüquqlarının cavabdeh tərəfindən hansı qaydada pozulduğunu müəyyənləşdirməkdən ibarətdir. Bununla bağlı iddiaçı X1 14 iyul 2023-cü il tarixli yardım məktubu göndərilmiş və müvafiq tədbirlər görülməsi məqsədilə müddət təyin edilmişdir. İddiaçı tərəfindən məktubda qeyd olunan çatışmazlıqların aradan qaldırılması üçün bugünədək hər hansı tədbir görülməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinin tələbinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İddiaçıya izah edilir ki, hazırkı tələb ilə bağlı qanunla müəyyən edilmiş səlahiyyətlərə malik müvafiq inzibati orqan tərəfindən tələbin icra edilməsindən imtina edildiyi halda yenidən məhkəmə iddia qaldırmaq hüququna malikdirlər. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Şərur Rayon Şöbəsinə qarşı "ona "Müharibə Veteranı" və "Çernobıl əlilliyi" imtiyazlarının verilməsi öhdəliyinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Şərur Rayon Şöbəsinə həvalə edilməsi tələbi”nə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və İPM-in 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Şərur Rayon Şöbəsinə qarşı "ona "Müharibə Veteranı" və "Çernobıl əlilliyi" imtiyazlarının verilməsi öhdəliyinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Şərur Rayon Şöbəsinə həvalə edilməsi tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-736/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-736/2023
25.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver